Hakimlər 2:1—23

  • Yehovanın mələyi xəbərdarlıq edir (1—5)

  • Yuşənin ölümü (6—10)

  • İsraili qurtarmaq üçün hakimlər göndərilir (11—23)

2  Yehovanın mələyi+ Gilqaldan+ Buhimə gəlib dedi: «Mən sizi Misirdən çıxartdım, ata-babalarınıza and içib söz verdiyim diyara gətirdim.+ Üstəlik, dedim: “Sizinlə kəsdiyim əhdi heç vaxt pozmayacağam.+  Siz də bu torpağın sakinləri ilə əhd bağlamayın,+ onların qurbangahlarını darmadağın edin”.+ Ancaq siz sözümü qulaqardına vurdunuz.+ Niyə belə etdiniz?  Buna görə də deyirəm: “Onları önünüzdən qovmayacağam,+ onlar sizin üçün tor,+ allahları isə tələ olacaq”».+  Yehovanın mələyi bu sözləri israillilərə deyəndə xalqın arasında şivən qopdu.  Buna görə də o yeri Buhim* adlandırdılar. Xalq orada Yehovaya qurban gətirdi.  Yuşə xalqı yola saldı. Hər kəs öz torpaq payını tutmaq üçün irsinə getdi.+  Xalq Yuşənin dövründə, eləcə də Yuşədən sonra qalan və Yehovanın İsrail üçün etdiyi möhtəşəm işləri görən ağsaqqalların dövründə Yehovaya ibadət etdi.+  Yehovanın qulu Nun oğlu Yuşə yüz on yaşında vəfat etdi.+  Onu irs aldığı torpaqda, Əfraim dağlıq bölgəsindəki Timnat-Harəsdə,+ Caaş dağından şimalda dəfn etdilər.+ 10  Bütün o nəsil ölüb əcdadlarına qovuşdu*. Onlardan sonra Yehovanı tanımayan, Onun İsrail üçün etdiyi işlərdən bixəbər olan yeni nəsil peyda oldu. 11  İsraillilər Yehovanın bəyənmədiyi pis işlər görməyə və Baallara sitayiş etməyə başladılar.+ 12  Bununla da Yehovanı, onları Misirdən çıxaran atalarının Allahını atıb+ başqa allahları, ətraf xalqların allahlarını tutdular,+ onlara səcdə edib Yehovanı təhqir etdilər.+ 13  Onlar Yehovanı atdılar, Baal və Əşturət bütlərinə sitayiş etdilər.+ 14  Onda Yehovanın israillilərə qəzəbi kükrədi, onları talançıların basqınına məruz qoydu.+ Onları ətrafdakı yağılara verdi*+ və xalq düşmənlərin qarşısında aciz qaldı.+ 15  Hara gedirdilərsə, Yehovanın əli onlara qarşı qalxırdı. Yehova necə demişdi və Yehova necə and içmişdi,+ elə də edirdi, onların başına bəlalar gətirirdi.+ Xalq zülm çəkirdi.+ 16  Buna görə Yehova hakimlər göndərirdi. Onlar da xalqı basqınçıların əlindən qurtarırdı.+ 17  Ancaq xalq hakimlərə də qulaq asmırdı. Başqa allahlara sitayiş edərək Allaha xəyanət edirdi. İsraillilər Yehovanın əmrlərinə tabe olan əcdadlarının+ yolundan tez sapdılar, ata-babalarına oxşamadılar. 18  Yehova onlara hakimlər göndərirdi.+ Yehova hakimlərin hər birinə dayaq olur, onların dövründə xalqı düşmənlərdən qurtarırdı. Çünki zülmkarların və zalım qaniçənlərin əlindən xalqın etdiyi fəryad+ ərşə qalxanda Yehovanın onlara yazığı gəlirdi*.+ 19  Amma elə ki hakim ölürdü, xalq başqa allahlara üz tutub onlara sitayiş edərək atalarından da beşbetər davranırdı.+ Onlar öz əməllərindən və inadlarından əl çəkmirdilər. 20  Axırda Yehovanın İsrailə qəzəbi alovlandı+ və O dedi: «Madam ki bu xalq ata-babaları ilə bağladığım əhdi pozdu,+ Mənim itaətimdən çıxdı,+ 21  Mən də Yuşənin ölümündən sonra qalan xalqların heç birini onların önündən qovmayacağam.+ 22  Bununla İsraili sınaqdan keçirəcəyəm, görüm onlar ataları kimi, Yehovanın yolu ilə gedəcəklər, ya yox».+ 23  Beləliklə, Yehova bu xalqları dərhal qovmayıb saxladı, onları Yuşəyə təslim etmədi.

Haşiyələr

Mənası: ağlaşanlar.
İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.
Hərfən: satdı.
Yaxud Yehova təəssüf edirdi.