Hakimlər 8:1—35
8 Əfraimlilər Cəduna dedilər: «Niyə belə etdin? Niyə Mədyənlə döyüşə gedəndə bizi çağırmadın?»+ Əfraimlilər onunla dalaşdılar.+
2 Cədun onlara dedi: «Sizin elədiyinizin yanında mənim elədiyim nədir ki? Məgər Əfraimin başaq etdiyi üzüm+ Əbusərin+ yığdığı məhsuldan yaxşı deyil?
3 Allah Mədyən hakimləri Örəblə Zəəbi sizə təslim etdi.+ Sizin etdiyinizin yanında mənim etdiyim nədir ki?» Cədunun bu sözlərindən sonra onlar sakitləşdilər.
4 Sonra Cədun İordan çayının yanına gəlib o taya keçdi. Cədun da, onunla olan 300 nəfər də çox yorulmuşdu. Buna baxmayaraq, onlar düşməni təqib edirdilər.
5 O, Suqqut sakinlərindən xahiş etdi: «Mən Mədyən padşahları Zəba ilə Salmunu təqib edirəm. Adamlarım gücdən düşüb, onlara çörək verin».
6 Suqqut əyanları cavab verdilər: «Məgər Zəba ilə Salmun sənin əlindədir ki, orduna çörək verək?»
7 Onda Cədun dedi: «İndi ki belə oldu, yaxşı. Qoy Yehova Zəba ilə Salmunu mənə təslim etsin, sizi çöl tikanıyla, kol-kosla döyəcəyəm».+
8 Cədun yoluna davam edib Fənuilə gəldi və onlardan da eyni xahişi elədi. Fənuil camaatı da suqqutlular kimi cavab verdi.
9 Cədun Fənuil camaatına dedi: «Sağ-salamat qayıdıb gələndə sizin qalanızı darmadağın edəcəyəm».+
10 Zəba və Salmun təxminən 15 000 nəfərlik qoşunla Kargarda idilər. Şərqlilərin ordusundan qalan elə onlar idi.+ Çünki 120 000 əli qılınclı məhv edilmişdi.
11 Cədun Nubadan və Yoqbəhədən+ şərqdə yerləşən köçərilərin yolu ilə getdi və gözləmədikləri halda, qəfildən düşmən düşərgəsinə hücum etdi.
12 Zəba və Salmun qaçdı. Cədun bu iki Mədyən padşahını təqib edib yaxaladı. Bütün düşərgənin canına vəlvələ düşdü.
13 Yuəş oğlu Cədun döyüşdən Harəsə qalxan yolla qayıtdı.
14 Yolda suqqutlu bir cavanı yaxalayıb sorğu-suala çəkdi. Cavan oğlan da Suqqutdakı yetmiş yeddi əyanın və ağsaqqalın adını yazıb ona verdi.
15 Cədun Suqqut əhalisinin yanına gedib dedi: «Bu da Zəba ilə Salmun. Bunlara görə siz məni ələ salıb deyirdiniz: “Məgər Zəba ilə Salmun sənin əlindədir ki, taqətdən düşmüş adamlarına çörək verək?”»+
16 Cədun Suqqutun ağsaqqallarını çöl tikanı və kol-kosla döyüb dərslərini verdi.+
17 Həmçinin Fənuil qalasını dağıtdı+ və şəhərin əhalisini qırdı.
18 Cədun Zəba ilə Salmundan soruşdu: «Taburda öldürdüyünüz adamlar necə adamlar idi? Onlar cavab verdilər: «Hamısı sənin kimi idi, şahzadəyə oxşayırdı».
19 Onda o dedi: «Onlar mənim anabir qardaşlarım idi. Yehovaya and olsun, əgər onların canına qıymasaydınız, sizi öldürməzdim».
20 Cədun ilki Yatirə dedi: «Qalx onları öldür». Ancaq oğlan hələ gənc idi, buna görə də qorxub qılıncını çəkmədi.
21 Zəba ilə Salmun dedi: «Kişisənsə, dur özün bizi öldür». Cədun da durub Zəba ilə Salmunu öldürdü+ və dəvələrin boynundakı ayparaları çıxarıb götürdü.
22 İsraillilər Cəduna dedilər: «Sən, oğlun, nəvən bizə hökmranlıq edin. Çünki sən bizi Mədyənin əlindən qurtardın».+
23 Amma Cədun onlara dedi: «Nə mən, nə də oğlum sizə hökmranlıq etməyəcəyik, sizə Yehova hökmranlıq edəcək».+
24 Sonra Cədun dedi: «Sizdən təkcə bir xahişim var. Qoy hər kəs payına düşən qənimətdən mənə bir burun sırğası versin. (Axı ismayıllılar+ qızıl burun sırğaları taxırdılar.)
25 Onlar: «Əlbəttə ki, verərik», — deyib yerə bir paltar sərdilər və hər kəs qənimətindən bir sırğa götürüb ora atdı.
26 Aypara, pilək, Mədyən padşahlarının geyindiyi bənövşəyi yun libaslar və dəvələrin boyun zəncirlərini+ çıxmaq şərti ilə, onun topladığı qızıl burun sırğalarının çəkisi 1700 şekel* oldu.
27 Cədun həmin qızıldan bir döşlük düzəltdi+ və onu öz şəhəri Öfrada+ qoydu. Bütün İsrail Allaha xəyanət edib Cədunun düzəltdiyi döşlüyə ibadət etməyə başladı.+ Bu, Cəduna və onun külfətinə tələ oldu.+
28 Beləliklə, Mədyən+ israillilərə boyun əydi, bir də onlara meydan oxumadı. Ölkə Cədunun dövründə qırx il dinc yaşadı.+
29 Yuəş oğlu Yərubbaal+ evinə qayıdıb orada qaldı.
30 Cədunun yetmiş oğlu var idi, çünki arvadları çox idi.
31 Onun Sihamdakı cariyəsindən də bir oğlu oldu və adını Əbuməlik+ qoydu.
32 Yuəş oğlu Cədun uzun ömür sürüb vəfat etdi. Onu əbusərlilərin Öfra ərazisində, atası Yuəşin qəbrində dəfn etdilər.+
33 Cədun vəfat edən kimi israillilər yenə də Allaha xəyanət edib Baallara sitayiş etməyə başladılar+ və Baal-Bəriti özlərinə allah etdilər.+
34 İsraillilər özlərinin Allahı Yehovanı, onları ətrafdakı xalqların əlindən xilas edən Allahı yada salmadılar.+
35 Onlar Yərubbaalın, yəni Cədunun İsrailə etdiyi yaxşılığın müqabilində onun külfətinə xeyirxahlıq göstərmədilər.+
Haşiyələr
^ Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.