Lavililər 13:1—59
13 Bundan sonra Yehova Musa ilə Haruna dedi:
2 «Kiminsə dərisində şiş, qaysaq, yaxud ləkə əmələ gələrsə və onun cüzama* çevrilmə qorxusu yaranarsa,+ həmin adamı kahinə — Haruna, yaxud oğullarından birinə göstərmək lazımdır.+
3 Kahin onun dərisindəki azarlı yerə baxmalıdır. Əgər oradakı tüklər ağarıb və azar dəriyə işləyibsə, bu, cüzamdır. Kahin azarlı yerə baxıb xəstəni murdar elan etməlidir.
4 Amma ləkə ağdırsa, dəriyə işləməyib və üstündəki tükləri ağarmayıbsa, kahin xəstəni yeddi günlüyə təcrid etməlidir.+
5 Yeddinci gün kahin yenidən azarlıya baxmalıdır. Görsə ki, ləkə olduğu kimi qalıb və dəriyə yayılmayıb, onda onu daha yeddi günə təcrid etməlidir.
6 Yeddinci gün kahin ona bir də baxsın. Görsə ki, azarlı yerin rəngi solub və azar dəriyə yayılmayıb, onu pak elan etsin.+ Bu, adi qaysaqdır. Həmin adam paltarlarını yumalıdır. Bundan sonra o pak olacaq.
7 Lakin pak elan edilmək üçün özünü kahinə göstərəndən sonra qaysaq* dəriyə yayılsa, o, yenə kahinin yanına getməlidir.
8 Kahin ona baxmalıdır. Qaysaq dəriyə yayılıbsa, kahin onu murdar elan etməlidir. Bu, cüzamdır.+
9 Əgər kimdəsə cüzam xəstəliyi əmələ gələrsə, onu kahinə göstərmək lazımdır.
10 Kahin ona baxanda+ görsə ki, dəridə ağ şiş var, üstündəki tüklər ağarıb və şişin üstündə açıq yara+ var,
11 deməli, dərisindəki kök salmış cüzamdır. Kahin azarlını murdar elan etməlidir. Onu təcrid etməyə lüzum yoxdur,+ çünki o, murdardır.
12 Əgər cüzam bədənin hər yerində əmələ gəlib, kahinin gördüyü qədər, təpədən dırnağadək bütün bədəni bürüyübsə
13 və kahin ona baxıb görürsə ki, bütün bədəni cüzam içindədir, onda azarlını pak elan etməlidir*. Bütün dərisi ağardığı üçün o, pakdır.
14 Lakin dəridə açıq yara peyda olanda o, murdar sayılacaq.
15 Kahin açıq yaranı görəndə onu murdar elan edəcək.+ Açıq yara murdardır. Bu, cüzamdır.+
16 Lakin yara yenidən ağararsa, azarlı kahinin yanına gəlməlidir.
17 Kahin ona baxıb+ görəndə ki, yara ağarıb, onu pak elan etməlidir. Bu adam pakdır.
18 Kiminsə bədənində çiban çıxarsa, amma sağalandan sonra
19 yerində ağ şiş və ya qırmızımtıl ləkə əmələ gələrsə, həmin adam özünü kahinə göstərməlidir.
20 Kahin baxıb+ görsə ki, azar dəriyə işləyib və üstündəki tüklər ağarıb, azarlını murdar elan etməlidir. Bu, çibanın yerində əmələ gələn cüzam xəstəliyidir.
21 Lakin kahin baxıb görsə ki, onun üstündəki tüklər ağarmayıb, özü də dəriyə işləməyib və rəngi solğundur, onda xəstəni yeddi günlük təcrid etsin.+
22 Əgər azarın yayıldığı aydın görünürsə, kahin xəstəni murdar elan etməlidir. Bu, cüzamdır.
23 Lakin ləkə olduğu kimi qalıb yayılmayıbsa, bu, sadəcə çibanın yerinin iltihabıdır; kahin xəstəni pak elan etməlidir.+
24 Əgər kimdəsə yanıq yarası varsa və həmin yerdə qırmızımtıl, yaxud ağ ləkə əmələ gəlibsə,
25 kahin ona baxmalıdır. Ləkənin üstündəki tüklər ağarıb və ləkə dəriyə işləyibsə, bu, yarada əmələ gələn cüzamdır. Kahin azarlını murdar elan etməlidir. Bu, cüzam xəstəliyidir.
26 Lakin kahin baxıb görsə ki, ləkənin üstündə ağ tük yoxdur, ləkə dəriyə işləməyib və rəngi solğundur, həmin adamı yeddi günlük təcrid etməlidir.+
27 Yeddinci gün ona baxmalıdır. Əgər ləkənin yayıldığı aydın görünürsə, kahin onu murdar elan etməlidir. Bu, cüzam xəstəliyidir.
28 Amma ləkə olduğu kimi qalıb yayılmayıbsa və rəngi solğundursa, demək, yara sadəcə şişib. Kahin azarlını pak elan etməlidir, çünki bu, yaranın iltihabıdır.
29 Hansısa kişinin və ya qadının başına, yaxud çənəsinə azar düşərsə,
30 kahin ona baxmalıdır.+ Əgər görünürsə ki, o, dəriyə işləyib, üstündəki tüklər saralıb və nazilib, kahin azarlını murdar elan etməlidir. Bu, başın dərisinə və saqqala düşən azardır — baş və ya çənə cüzamıdır.
31 Ancaq kahin görürsə ki, azar dəriyə işləməyib və üstündə qara tüklər yoxdur, azarlını yeddi günlüyə təcrid etməlidir.+
32 Yeddinci gün kahin azarlı yerə baxmalıdır. Əgər azar yayılmayıb və üstündəki tüklər saralmayıbsa, dəriyə işlədiyi də görünmürsə,
33 həmin adam başını və çənəsini qırxmalıdır, azar düşən yerlərə isə dəyməməlidir. Sonra kahin onu yeddi günlüyə təcrid etməlidir.
34 Yeddinci gün kahin yenə də azar düşmüş yerə baxmalıdır. Azar yayılmayıbsa və dəriyə işlədiyi görünmürsə, kahin azarlını pak elan etməlidir. O, paltarlarını yumalıdır və bundan sonra pak olacaq.
35 Ancaq paklandıqdan sonra azar yayılarsa,
36 kahin azarlıya baxmalıdır. Azar yayılıbsa, onda sarı tükün olub-olmadığını yoxlamaq lazım deyil. Bu adam murdardır.
37 Lakin kahin baxıb görsə ki, azar yayılmayıb və üstündə qara tüklər çıxıb, deməli, azar sağalıb. Bu adam pakdır, kahin onu pak elan etməlidir.+
38 Əgər hansısa kişinin və ya qadının dərisində ağ ləkələr əmələ gələrsə,
39 kahin onlara baxmalıdır.+ Dəridəki ləkələr solğun ağ rəngdədirsə, deməli, bu, adi səpgidir. O adam pakdır.
40 Əgər kişinin başının tükü tökülüb daz olarsa, o, pakdır.
41 Başın ön tərəfinin tükü tökülüb dazlaşıbsa, o, pakdır.
42 Amma təpəsinin və ya alnının daz yerində qırmızımtıl yara əmələ gələrsə, deməli, bu, təpədə və ya alında əmələ gələn cüzamdır.
43 Kahin ona baxmalıdır. Görsə ki, onun təpəsindəki, yaxud alnındakı daz yerdə yaranan şiş qırmızımtıldır və cüzama oxşayır,
44 deməli, o, cüzamlıdır. Belə adam murdardır və cüzamlı olduğuna görə kahin onu murdar elan etməlidir.
45 Cüzamlı adamın əyin-başı cırıq-cırıq, saçları dağınıq olmalıdır. Ağzını* örtməli və “murdaram, murdaram” deyə qışqırmalıdır.
46 Xəstə olduğu bütün müddət ərzində o, murdar sayılacaq. Murdar olduğu üçün o, özünü hamıdan təcrid edib, düşərgədən kənarda yaşamalıdır.+
47 Əgər yun və ya kətan paltara,
48 kətan, yaxud yun parçanın ərişinə və ya arğacına, dəri və ya dəridən hazırlanan hər hansı bir şeyə cüzam ləkəsi düşər
49 və paltarda, dəridə, əriş və arğacda, yaxud dəri əşyada sarıya çalan yaşıl, yaxud qırmızımtıl ləkə əmələ gələrsə, bu, cüzamdır. Həmin şeyi kahinə göstərmək lazımdır.
50 Kahin ona baxmalı və yeddi gün ayrı bir yerdə saxlamalıdır.+
51 Yeddinci gün baxanda görsə ki, ləkə paltara, ərişə, arğaca, yaxud dəriyə (nə üçün işlədilməsindən asılı olmayaraq) yayılıb, deməli, bu, yayılan cüzamdır. Həmin şey murdardır.+
52 Cüzam istər paltara, istər yun və ya kətan parçanın ərişinə, yaxud arğacına, istərsə də dəridən hazırlanan hər hansı bir əşyaya düşübsə, kahin həmin şeyi yandırmalıdır, çünki bu, yayılan cüzamdır. Onu yandırmaq lazımdır.
53 Lakin kahin baxıb görsə ki, paltarda, ərişdə, arğacda, yaxud dəridən hazırlanan hər hansı bir əşyada olan cüzam yayılmayıb,
54 onda göstəriş verməlidir ki, ləkə düşən şeyi yusunlar, sonra onu daha yeddi gün ayrı bir yerdə saxlamalıdır.
55 Kahin yuyulmuş əşyaya baxıb görsə ki, ləkə yayılmasa da, görünüşü olduğu kimi qalıb, həmin şey murdardır. Onu yandırın, çünki o ya iç, ya da üst tərəfdən yeyilib.
56 Kahin əşyaya baxanda görsə ki, yuyulandan sonra da ləkə düşən yerin rəngi solub, onda paltardan, dəridən, əriş və ya arğacdan həmin hissəni cırıb atmalıdır.
57 Amma ləkə paltarın, ərişin, arğacın, yaxud dəridən hazırlanan şeyin başqa yerində peyda olarsa, deməli, o yayılır. Ləkə düşən əşyanı yandırmaq lazımdır.+
58 Lakin yuyulandan sonra ləkə paltardan, ərişdən, arğacdan, yaxud dəridən hazırlanan hər hansı bir şeydən gedərsə, əşyanı bir də yumaq lazımdır, sonra o pak olacaq.
59 Bu, cüzam düşən yun və kətan paltarın, ərişin və arğacın, yaxud dəridən hazırlanan hər hansı bir əşyanın pak, ya da murdar elan edilməsinə dair qanundur».
Haşiyələr
^ Cüzam kimi tərcümə olunan ibrani sözü geniş məna daşıyır və görünür, müxtəlif yoluxucu dəri xəstəliklərini, həmçinin paltarda və evdə olan infeksiyaları özünə daxil edir.
^ Yaxud infeksiya.
^ Yaxud xəstəliyin keçici olmadığını elan etməlidir.
^ Yaxud bığını.