Qalatiyalılara məktub 2:1—21
2 Bundan on dörd il sonra mən Titusu da özümlə götürüb,+ Barnəba+ ilə birlikdə yenidən Yerusəlimə getdim.
2 Mən vəhy aldığıma görə ora getmişdim. O vaxta qədər və həmin vaxt etdiyim xidmətin* əbəs olmadığına əmin olmaq üçün digər xalqlar arasında təbliğ etdiyim müjdəni təklikdə hörmətli qardaşlara danışdım.
3 Bununla belə, yanımda olan Titusu+, yunan ola-ola, heç kim sünnət olunmağa məcbur etmədi.+
4 O məsələ bizi tamamilə köləliyə salmaq üçün+ xəlvətcə aramıza girmiş,+ Məsih İsa sayəsində sahib olduğumuz azadlığa xələl yetirmək üçün+ casus kimi yığıncağa soxulmuş o yalançı qardaşların ucbatından baş qaldırmışdı.
5 Siz müjdənin həqiqətindən ayrılmayasınız deyə, biz onlara təslim olmadıq, bir an belə, boyun əymədik.+
6 Böyük adam sayılanlara+ gəldikdə isə (onların keçmişdə kim olması mənim üçün fərq etmir, çünki Allah insanlar arasında fərq qoymur) hörmət sahibi olan bu adamlar mənə təzə bir şey söyləmədilər.
7 Əksinə, Butrusa sünnət edilmişlərə təbliğ etmək işi tapşırıldığı kimi, mənə də sünnət edilməmişlərə müjdəni çatdırmaq işinin həvalə edildiyini görəndə+
8 (axı Butrusa sünnət edilmişlərə həvarilik etmək üçün lazımi qüvvəni verən mənə də digər xalqlara həvarilik etmək üçün qüvvə vermişdir),+
9 mənə lütf göstərildiyini+ anlayanda yığıncağın sütunları hesab olunan Yaqub+, Kifa və Yəhya razılıq əlaməti olaraq sağ əllərini mənə və Barnəbaya+ uzatdılar ki, biz digər xalqların, onlar isə sünnət edilmişlərin yanına getsinlər.
10 Bizə bircə bunu dedilər ki, kasıb qardaşları unutmayaq. Mən bu işi də canla-başla yerinə yetirməyə çalışmışam.+
11 Amma Kifa+ Antakyaya+ gələndə mən onun təqsirini üzünə dedim, çünki o, açıq-aşkar səhv edirdi.
12 Belə ki, Yaqubun+ yanından bəzi adamlar gələnə qədər Kifa qeyri-yəhudilərlə çörək yeyirdi,+ lakin onlar gələndə o, sünnət tərəfdarlarından qorxaraq qeyri-yəhudilərdən uzaq gəzməyə başladı.+
13 O biri yəhudilər də bu cür riyakarlıq etdilər, hətta Barnəbanı da bu riyakarlığa qoşdular.
14 Mən onların müjdə həqiqətinə uyğun hərəkət etmədiyini görəndə+ hamının qarşısında Kifaya dedim: «Necə olur ki, sən yəhudi ola-ola yəhudi kimi yox, başqa xalqlar kimi yaşayırsan, digər xalqların adamlarını isə yəhudi adətləri üzrə yaşamağa vadar edirsən?»+
15 Biz anadangəlmə yəhudiyik, qeyri-yəhudilərdən olan günah sahibləri deyilik.
16 Biz bilirik ki, insan qanunun tələblərini icra etməklə yox, yalnız Məsih İsaya+ olan iman sayəsində+ saleh sayılır. Bu səbəbdən biz Məsih İsaya iman etdik ki, Məsihə olan imana görə saleh sayılaq, qanunun icrasına görə yox. Çünki heç bir insan qanunun tələblərini icra etməklə saleh sayılmayacaq.+
17 Əgər Məsih vasitəsilə saleh sayılmağa can atarkən biz də günahkar sayılırıqsa, belə çıxır ki, Məsih günahın xidmətçisidir? Əsla!
18 Əgər mən vaxtilə dağıtdığımı yenidən tikirəmsə, qanunu pozduğumu göstərirəm.
19 Lakin mən qanunun vasitəsilə qanun üçün öldüm+ ki, Allah üçün yaşaya bilim.
20 Mən Məsihlə bir yerdə dirəyə mıxlanmışam.+ Artıq yaşayan mən deyiləm,+ məndə yaşayan Məsihdir. Doğrudan da, indi mən bu bədəndə yaşadığım həyatı məni sevən və canını uğrumda fəda edən+ Allahın Oğluna imanla yaşayıram.+
21 Mən Allahın lütfündən+ imtina etmirəm, çünki əgər salehliyə qanun vasitəsilə yetişmək olursa, deməli, Məsih əbəs yerə ölüb.+
Haşiyələr
^ Hərfən: o vaxta qədər və həmin vaxt qaçmağımın.