Qalatiyalılara məktub 4:1—31

  • Nökər yox, oğullar (1—7)

  • Bulus qalatiyalılara görə narahatdır (8—20)

  • Həcər və Sara — iki əhd (21—31)

    • Səmavi Yerusəlim — azad anamız (26)

4  Varis hər şeyin ağası olsa da, nə qədər ki uşaqdır, nökərlə onun arasında heç bir fərq yoxdur.  O, atasının qabaqcadan təyin etdiyi günədək tərbiyəçilərin və nökərbaşıların nəzarəti altında qalır.  Eynilə biz də uşaq olanda bu dünyanın baxışlarına* uyğun yaşayaraq onların qulu idik.+  Ancaq vaxt tamam olanda Allah Oğlunu göndərdi. O, qadından doğuldu+ və qanunun tabeliyinə düşdü+ ki,  qanunun tabeliyində olanları satın alıb azad etsin+ və beləcə, biz oğulluğa götürülək.+  Madam ki siz Allahın oğullarısınız, Allah Öz Oğlunun ruhunu+ bizim ürəyimizə+ göndərib və bu ruh: «Atacan*, Ata!»+ — deyə səslənir.  Deməli, siz artıq nökər yox, oğulsunuz. Əgər oğulsunuzsa, onda Allahın sayəsində həm də varissiniz.+  Bununla belə, siz Allahı tanımayanda, əslində, allah olmayanların qulu idiniz.  İndi isə Allahı tanıyırsınız, daha doğrusu, Allah sizi tanıyır. Onda necə olur ki, qayıdıb yenidən bu dünyanın puç+ və dəyərsiz baxışlarına qul olmaq istəyirsiniz?+ 10  Siz günləri, ayları+, mövsümləri və illəri dəqiqliklə qeyd edirsiniz. 11  Qorxuram, sizin üçün boş yerə zəhmət çəkmişəm. 12  Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, axı mən də bir vaxtlar sizin kimi idim.+ Sizin mənə heç bir pisliyiniz dəyməyib. 13  Ancaq siz bilirsiniz ki, ilk dəfə müjdəni sizə çatdırmaq imkanını xəstə olanda tapmışdım. 14  Xəstəliyim sizin üçün bir sınaq olsa da, siz məndən iyrənmədiniz, ikrah etmədiniz. Siz məni Allahın mələyini ya da Məsih İsanı qəbul edən kimi qəbul etdiniz. 15  O xoşbəxtliyiniz indi haradadır? Mən əminəm, əgər o vaxt mümkün olsaydı, gözünüzü də çıxarıb mənə verərdiniz.+ 16  Bəs nə oldu? Həqiqəti söylədiyim üçün sizə düşmən oldum? 17  Onlar sizi öz tərəflərinə çəkmək üçün canfəşanlıq edirlər, amma niyyətləri pisdir. Məqsədləri sizi məndən ayırmaqdır. Onlar istəyirlər, siz onların ardınca gedəsiniz. 18  Balalarım+, kiminsə sizə təmiz niyyətlə can yandırması, əlbəttə, yaxşıdır. Ancaq kaş, bu, yalnız mən yanınızda olanda yox, həmişə olaydı. 19  Siz Məsihin şəxsiyyətini əks etdirənədək mən sizə görə yenidən doğuş sancıları çəkəcəyəm. 20  Kaş ki indi yanınızda olaydım və başqa cür danışaydım, çünki bu halınıza çaşıb-qalmışam. 21  Ay qanun tabeliyində olmaq istəyənlər, məgər Qanunun nə dediyini eşitmirsiniz? 22  Axı yazılıb ki, İbrahimin iki oğlu oldu: biri qulluqçudan,+ o birisi azad qadından.+ 23  Qulluqçunun oğlu adi şəkildə doğuldu,+ azad qadının oğlu isə vədə görə dünyaya gəldi.+ 24  Bütün bunlar rəmzi məna daşıyır, çünki bu qadınlar iki əhdi təmsil edir. Biri Sina dağında+ bağlanmış əhddir, onun uşaqları köləlik üçün doğulurlar. Bu, Həcərdir. 25  Həcər Ərəbistanda yerləşən bir dağı, Sina dağını+ bildirir və bugünkü Yerusəlimi təmsil edir, çünki o, öz uşaqları ilə köləlikdədir. 26  Ucalarda olan Yerusəlim isə azaddır və o, bizim anamızdır. 27  Müqəddəs Yazılarda belə deyilir: «Ey dünyaya övlad gətirməmiş sonsuz qadın, sevin. Ey doğuş ağrısı çəkməmiş qadın, sevincindən haray sal! Çünki atılmış qadının övladları ərli qadının övladlarından çoxdur».+ 28  Qardaşlar, İshaq kimi siz də vədə görə doğulan övladlarsınız.+ 29  Ancaq necə ki o vaxt adi şəkildə doğulmuş oğul ruh vasitəsilə doğulmuş oğulu+ təqib etdi, indi də belədir.+ 30  Bəs Müqəddəs Yazılar nə deyir? «Qulluqçunu oğlu ilə birgə buradan qov getsin, çünki qulluqçunun oğlu azad qadının oğlu ilə birlikdə əsla varis ola bilməz».+ 31  Buna görə də qardaşlar, biz qulluqçunun yox, azad qadının övladlarıyıq.

Haşiyələr

Hərfən: əsaslarına.
Hərfən: Abba. Arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması.