Yəhyanın yazdığı müjdə 13:1—38
13 İsa hələ Pasxa bayramından əvvəl bilirdi ki, bu dünyadan Atasının yanına köçmək vaxtı yaxınlaşır.+ O, dünyada olan davamçılarını sevirdi və onları axıradək sevdi.+
2 Axşam yeməyi başlamışdı. İblis İsanı satmaq fikrini artıq Şimon oğlu Yəhuda İskəryutun+ ürəyinə qoymuşdu.+
3 İsa Atasının hər şeyi ona verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bildiyi üçün+
4 süfrədən qalxdı, üst paltarını çıxarıb kənara qoydu və bir dəsmal götürüb belinə bağladı.+
5 Sonra bir ləyənə su tökdü və şagirdlərinin ayaqlarını yuyub belindəki dəsmalla qurulamağa başladı.
6 Növbə Şimon Butrusa çatanda Butrus dedi: «Ağa, sən mənim ayaqlarımı yuyacaqsan?»
7 İsa cavab verdi: «Mənim nə etdiyimi indi başa düşmürsən, sonra başa düşəcəksən».
8 Butrus dedi: «Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan». İsa ona dedi: «Yumasam,+ yanımda sənə yer yoxdur».
9 Belə olduqda Şimon Butrus dedi: «Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu».
10 İsa ona dedi: «Çimmiş adam tərtəmizdir, təkcə ayaqları yuyulsa bəsdir. Siz də təmizsiniz, amma hamınız yox».
11 İsa bilirdi, kim onu satacaq,+ ona görə də: «Hamınız təmiz deyilsiniz», — dedi.
12 İsa onların ayaqlarını yuyub qurtarandan sonra paltarını geyindi, süfrəyə əyləşib dedi: «Sizin üçün nə etdiyimi başa düşürsünüz?
13 Siz mənə “Ustad”, “Ağa” deyirsiniz, düz də edirsiniz, bu, elədir ki var.+
14 Əgər mən, Ağa və Ustad ola-ola, sizin ayaqlarınızı yudumsa,+ siz də bir-birinizin ayaqlarını yumalısınız.+
15 Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın.+
16 Bunu bilin, nökər ağasından üstün deyil, göndərilən də onu göndərəndən üstün deyil.
17 Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız.+
18 Hamınızı nəzərdə tutmuram, mən seçdiyim adamları tanıyıram. Lakin bu, ona görə oldu ki,+ “çörək kəsdiyim adam mənə xəyanət etdi*”+ sözləri yerinə yetsin.
19 İndi bunları sizə qabaqcadan deyirəm ki, bunlar baş verəndə mənim o şəxs olduğuma inanasınız.+
20 Bunu bilin, göndərdiyim adamı qəbul edən məni qəbul edir.+ Məni qəbul edənsə məni göndərəni qəbul edir».+
21 İsa bu sözlərdən sonra bərk həyəcanlandı və bəyan etdi: «Bilin və agah olun, sizlərdən biri məni satacaq».+
22 Şagirdlər İsanın kimi nəzərdə tutduğunu anlamayıb mat-mat bir-birinin üzünə baxırdılar.+
23 İsanın yanında* onun sevimli şagirdi əyləşmişdi.+
24 Şimon Butrus həmin şagirdə him-cim etdi: «Soruş gör kimi deyir?»
25 O da İsaya tərəf əyilib soruşdu: «Ağa, o adam kimdir?»+
26 İsa cavab verdi: «Çörəyi kasanın içinə batırıb kimə versəm, odur».+ Sonra çörəyi kasaya batırıb Şimon İskəryutun oğlu Yəhudaya verdi.
27 Yəhuda çörəyi alan kimi Şeytan onun qəlbinə girdi.+ İsa Yəhudaya dedi: «Nə edəcəksənsə, tez elə».
28 Ancaq süfrədə əyləşənlərdən heç kəs İsanın nə üçün belə dediyini başa düşmədi.
29 Pul qutusu+ Yəhudada olduğu üçün bəziləri elə bildi ki, İsa ona: «Bayram üçün lazım olan şeyləri al», — dedi, ya da ona kasıblara bir şey paylamağı tapşırdı.
30 Yəhuda tikəni alıb dərhal çıxdı. Artıq gecə idi.+
31 O çıxıb gedəndən sonra İsa dedi: «İndi insan Oğlu şərəflənir,+ Allah da onun vasitəsilə şərəflənir.
32 Allah Özü onu ucaldacaq+ və bunu dərhal edəcək.
33 Balalarım, artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm:+ siz getdiyim yerə gələ bilməyəcəksiniz.
34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin.+ Bir-birinizi mən sizi sevdiyim kimi sevin.+
35 Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz».+
36 Şimon Butrus soruşdu: «Ağa, sən hara gedirsən?» İsa dedi: «Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən».+
37 Butrus ona dedi: «Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm».+
38 İsa dedi: «Mənim yolumda canını verərsən? Bunu bil, xoruz banlamamış sən düz üç dəfə məni danacaqsan.+