Yəhyanın yazdığı müjdə 4:1—54

  • İsa və səməriyyəli qadın (1—38)

    • Ruha və həqiqətə uyğun ibadət (23, 24)

  • Xeyli səməriyyəli İsaya iman gətirir (39—42)

  • İsa naibin oğlunu sağaldır (43—54)

4  Ağa eşitdi ki, fərisilər onun Yəhyadan daha çox şagird hazırladığını və daha çox adam vəftiz etdiyini bilirlər.+  (Əslində, İsa özü yox, şagirdləri vəftiz edirdilər.)  Onda Yəhudiyyədən çıxıb yenidən Cəliləyə yollandı.  İsa Səməriyyədən keçib getməli idi.  O, Səməriyyənin Sixar şəhərinə gəldi. Bu şəhər Yaqubun öz oğlu Yusifə verdiyi tarlanın yaxınlığında yerləşirdi.+  Orada Yaqubun quyusu vardı.+ Uzun yoldan yorulmuş İsa quyunun yanında oturmuşdu. Günorta saat on iki* olardı.  Bu zaman oraya su dalınca bir səməriyyəli qadın gəldi. İsa ona dedi: «Mənə içməyə su ver».  (Şagirdləri şəhərə yemək almağa getmişdilər.)  Səməriyyəli qadın İsaya dedi: «Necə olur ki, sən yəhudi ola-ola məndən — səməriyyəli bir qadından su istəyirsən?» (İş orasındadır ki, yəhudilərlə səməriyyəlilər arasında heç bir münasibət yoxdur.)+ 10  İsa qadına cavab verdi: «Əgər sən Allahın ənamından+ xəbərdar olsaydın və səndən su istəyən adamın kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə dirilik suyu verərdi».+ 11  Qadın dedi: «Ağa, quyu dərindir, sənin isə su çəkməyə heç çəlləyin də yoxdur. Səndə dirilik suyu haradandır? 12  Məgər sən bu quyunu bizə vermiş, özü də, oğulları da, mal-qarası da buradan su içmiş atamız Yaqubdan da böyüksən?» 13  İsa qadına cavab verdi: «Bu suyu içən hər bir adam yenə də susayacaq. 14  Ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq.+ Bu su onun içində qaynayıb əbədi həyat verən bir çeşmə olacaq».+ 15  Qadın ona dedi: «Ağa, mənə də bu sudan ver ki, bir də susamayım və bura su dalınca gəlməyim». 16  İsa ona dedi: «Get, ərini də çağır, bura gəl». 17  Qadın cavab verdi: «Mənim ərim yoxdur». İsa dedi: «Düz dedin, ərin yoxdur. 18  Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil. Burasını düz dedin». 19  Qadın dedi: «Ağa, görürəm sən peyğəmbərsən.+ 20  Bizim əcdadlarımız Allaha bu dağda ibadət ediblər, siz isə deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır».+ 21  İsa dedi: «İnan mənə, elə bir vaxt gələcək ki, siz Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22  Siz kor-koranə ibadət edirsiniz,+ biz isə bilik əsasında ibadət edirik, çünki xilas yəhudilərdən başlayır.+ 23  Amma elə bir vaxt gələcək ki və artıq gəlib də, Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır.+ 24  Allah ruhdur*+, Ona ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər».+ 25  Qadın ona dedi: «Mən bilirəm ki, Məsih adlanan biri gələcək. O gələndə hər şeyi bizə açıq-aydın bildirəcək». 26  İsa ona dedi: «O, mənəm».+ 27  Bu vaxt onun şagirdləri gəlib çıxdılar. Onlar İsanın qadınla söhbət etdiyini görəndə təəccübləndilər. Amma heç kəs soruşmadı: «Ondan nə istəyirsən?», «Niyə onunla danışırsan?» 28  Qadın isə səhəngini orada qoyub şəhərə getdi və camaata dedi: 29  «Ay camaat, gedin, gördüyüm bütün işləri mənə danışan adama baxın. Bəlkə, Məsih elə odur?» 30  Onlar şəhərdən çıxıb İsanın yanına yollandılar. 31  Bu vaxt şagirdlər onu dilə tuturdular: «Rabbi+, bir az yemək ye». 32  Ancaq İsa onlara dedi: «Mənim öz yeməyim var. Sizin ondan xəbəriniz yoxdur». 33  Şagirdlər bir-birindən soruşdular: «Məgər ona kimsə yemək gətirib?» 34  İsa onlara dedi: «Mənim yeməyim məni Göndərənin iradəsini yerinə yetirmək+ və Onun buyurduğu işi tamamlamaqdır.+ 35  Məgər özünüz demirsiniz ki, biçinə hələ dörd ay var? Mən isə sizə deyirəm: başınızı qaldırın və tarlalara baxın,+ məhsul yetişib, biçinə hazırdır. 36  Biçinçi artıq əməkhaqqını alır və əbədi həyat üçün məhsul yığır ki, əkən də, biçən də qoşa sevinsin.+ 37  Doğrudan da, yaxşı deyiblər: “Biri əkir, o biri biçir”. 38  Mən sizi zəhmətini çəkmədiyiniz məhsulu biçməyə göndərdim. Zəhməti başqaları çəkdi, siz isə onların zəhmətindən bəhrələndiniz». 39  O şəhərdən olan xeyli səməriyyəli həmin qadının: «O, gördüyüm bütün işləri mənə danışdı», — sözlərini eşidib İsaya inandılar.+ 40  Buna görə də onlar İsanın yanına gəlib xahiş etdilər ki, yanlarında qalsın. İsa orada iki gün qaldı. 41  İsanı dinləyən xeyli adam da ona iman etdi. 42  Onlar qadına dedilər: «Biz indi yalnız sənin dediklərinə görə ona inanmırıq. Çünki onun sözlərini öz qulaqlarımızla eşitdik və bilirik ki, o, doğrudan da, dünyanın xilaskarıdır».+ 43  İki gündən sonra İsa Cəliləyə yollandı. 44  (Lakin İsa özü deyirdi ki, peyğəmbər öz el-obasında hörmət görmür.)+ 45  O, Cəliləyə gələndə oranın sakinləri onu xoşüzlə qarşıladılar, çünki onlar İsanın bayram vaxtı Yerusəlimdə etdiyi işləri görmüşdülər,+ belə ki, özləri də bayrama getmişdilər.+ 46  İsa yenidən Cəlilənin Qanə şəhərinə, suyu şəraba çevirdiyi yerə gəldi.+ Kəfərnahumda padşahın bir naibi var idi. Onun oğlu xəstə yatırdı. 47  Bu adam İsanın Yəhudiyyədən Cəliləyə gəldiyini eşidəndə onun yanına getdi və İsadan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlan ölüm ayağında idi. 48  Amma İsa ona dedi: «Siz əlamət və möcüzə görməsəniz, ömründə inanmazsınız».+ 49  Padşahın naibi dedi: «Ağa, nə olar, gəl gedək, qoyma oğlum ölsün». 50  İsa dedi: «Get, oğlun sağaldı».+ O, İsanın sözünə inanıb getdi və 51  hələ yolda ikən nökərləri qarşısına çıxıb xəbər verdilər ki, oğlu sağalıb. 52  O, nökərlərdən uşağın nə vaxt sağaldığını xəbər aldı. Onlar cavab verdilər: «Dünən günorta saat bir* olardı, uşağın qızdırması keçdi». 53  Onda naib başa düşdü ki, uşaq İsanın: «Oğlun sağaldı»,+ — dediyi vaxt sağalıb. Beləcə, özü və bütün ev əhli İsaya iman gətirdi. 54  Bu, İsanın Yəhudiyyədən Cəliləyə gələrkən göstərdiyi ikinci möcüzə+ idi.

Haşiyələr

Hərfən: altıncı saat.
Yəni ruhani varlıqdır.
Hərfən: yeddinci saat.