Yəhyanın yazdığı müjdə 9:1—41
9 İsa yolla gedərkən anadangəlmə bir kor gördü.
2 Şagirdlər ondan soruşdular: «Rabbi*+, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?»
3 İsa cavab verdi: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar.+
4 Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik.+ Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz.
5 Nə qədər ki dünyadayam, mən dünya üçün nuram».+
6 Sonra o, yerə tüpürdü, tüpürcəyi ilə torpağı qarışdırıb palçıq düzəltdi və kor adamın gözlərinə yaxdı.+
7 Sonra ona dedi: «Get Şilam hovuzunda üzünü yu». (Şilam «axar su» deməkdir.) O gedib üz-gözünü yuyan kimi gözləri açıldı və geri qayıtdı.+
8 Onda qonşular və onun bu vaxta qədər dilənçi olduğunu görənlər dedilər: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?»
9 Bəziləri deyirdi: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirdilər. O isə deyirdi: «Bu mənəm».
10 Ondan soruşdular: «Bəs gözlərin necə açıldı?»
11 O cavab verdi: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Şilamda üz-gözümü yuyum.+ Mən gedib orada üzümü yudum və gözlərim açıldı».
12 Onlar soruşdular: «O dediyin adam haradadır?» O cavab verdi: «Nə bilim».
13 Onlar əvvəllər kor olmuş adamı fərisilərin yanına gətirdilər.
14 İş orasında idi ki, İsanın palçıq düzəldib bu adamın gözlərini açdığı+ gün şənbə günü idi.+
15 İndi də fərisilər ondan gözlərinin necə açıldığını soruşmağa başladılar. O cavab verdi: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım».
16 Fərisilərdən bəziləri dedilər: «O adam Allahdan deyil, çünki o, şənbəni+ pozur». Digərləri isə dedilər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?»+ Bu səbəbdən onların arasında fikirayrılığı yarandı.+
17 Onlar yenə də kordan soruşdular: «İndi ki o, sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O cavab verdi: «O adam peyğəmbərdir».
18 Yəhudilər bu adamın valideynlərini çağırtdırmayınca onun əvvəllər kor olduğuna və sonradan sağaldığına inanmadılar.
19 Onlar onun ata-anasından soruşdular: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs necə oldu ki, indi görür?»
20 Onun valideynləri dedilər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub.
21 Amma gözləri necə açılıb, bunu kim edib, xəbərimiz yoxdur. Özündən soruşun, yekə kişidir. Qoy özü desin».
22 Onun ata-anası yəhudilərdən qorxduqları üçün+ belə dedilər. Çünki yəhudilər söz qoymuşdular ki, İsanı Məsih kimi qəbul edənləri sinaqoqdan qovsunlar.+
23 Valideynləri buna görə dedilər: «Yekə kişidir, özündən soruşun».
24 Belə olduqda onlar əvvəllər kor olmuş adamı təkrarən çağırıb dedilər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir».
25 O cavab verdi: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm».
26 Onlar soruşdular: «O, sənə nə etdi? Gözlərini necə açdı?»
27 O adam cavab verdi: «Mən sizə dedim, sizsə heç qulaq asmadınız. Niyə yenə soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?»
28 Onlar kinayə ilə dedilər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdiyik.
29 Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik».
30 O dedi: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb.
31 Biz bilirik ki, Allah günahlı adamları dinləmir,+ lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir.+
32 Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın.
33 Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi».+
34 Onlar: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» — deyib onu bayıra atdılar.+
35 İsa yəhudilərin onu bayıra atdığını eşidəndə onu tapıb dedi: «İnsan Oğluna iman edirsən?»
36 O cavab verdi: «O kimdir, ağa? Söylə, ona iman edim».
37 İsa dedi: «Sən onu görmüsən və o, indi səninlə danışır».
38 Onda həmin adam: «Ağa, inanıram», — deyib ona təzim etdi.
39 İsa dedi: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər,+ görənlər isə kor olsunlar».+
40 Orada duran fərisilər bunu eşidəndə dedilər: «Yəni biz koruq?»
41 İsa onlara dedi: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır».+
Haşiyələr
^ Yəhudi ruhanilərinə verilən şərəfli ad.