Hizqiyal 40:1—49

  • Ruh Hizqiyalı İsrailə aparır (1, 2)

  • Hizqiyal məbədi görür (3, 4)

  • Həyətlər və darvazalar (5—47)

    • Şərqə baxan darvaza (6—16)

    • Bayır həyəti; digər darvazalar (17—26)

    • İçəri həyət və darvazalar (27—37)

    • Məbəd xidməti üçün otaqlar 38—46)

    • Qurbangah (47)

  • Məbəd eyvanı (48, 49)

40  Yerusəlimin işğalının on dördüncü ilində,+ sürgünün iyirmi beşinci ilinin əvvəlində,+ birinci ayın onuncu günündə — həmin o gün Yehovanın ruhu* üzərimə endi və məni şəhərə apardı.+  Allahdan nazil olan görüntülərdə məni İsrail ölkəsinə aparıb çox hündür bir dağın başına qoydu.+ Dağın başında cənuba doğru şəhəri xatırladan bir tikili var idi.  O, məni ora aparanda orada bir adam gördüm. Görkəmi misə bənzəyirdi,+ əlində kətan ip və ölçü çubuğu* var idi.+ O, darvazanın ağzında durmuşdu.  O adam mənə dedi: «Ey bəni-adəm, yaxşı-yaxşı bax, diqqətlə qulaq as, göstərdiyim hər şeyə fikir ver. Çünki sən bura buna görə gəlmisən. Gördüyün hər şeyi İsrail evinə danış».+  Baxıb gördüm ki, məbədin ətrafına divar çəkilib. O adamın əlində 6 qulac uzunluğunda ölçü çubuğu var idi (hər qulac dörd barmaq artıq idi)*. O, divarı ölçməyə başladı. Divarın qalınlığı və hündürlüyü bir çubuq idi.  Sonra o, şərqə baxan darvazaya gəlib+ pilləkənlə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü. Onun eni bir çubuq idi. O biri kandarın da eni bir çubuq idi.  Hər keşikçi otağının uzunluğu və eni bir çubuq idi. Keşikçi+ otaqları arasında 5 qulac ara var idi. İçəriyə baxan darvaza eyvanı yanındakı darvaza kandarı bir çubuq idi.  O, içəriyə baxan darvaza eyvanını ölçdü, bir çubuq idi.  Sonra darvaza eyvanını ölçdü, 8 qulac idi. Onun yan sütunlarını ölçdü, onlar 2 qulac idi. Darvaza eyvanı içəriyə baxan tərəfdə idi. 10  Şərq darvazasının hər iki tərəfində üç keşikçi otağı var idi. Otaqların üçü də eyni ölçüdə idi. Hər iki tərəfdəki yan sütunlar da eyni ölçüdə idi. 11  Sonra darvaza girişinin enini ölçdü, 10 qulac idi. Darvazanın eni 13 qulac idi. 12  Keşikçi otaqlarının önündəki artırma hər iki tərəfdə 1 qulac idi. Hər iki tərəfdə olan keşikçi otaqlarının hər biri 6 qulac idi. 13  Bir keşikçi otağının damından* o birisinin damına qədər darvazanın enini ölçdü, 25 qulac idi. Bir giriş o biri girişlə üzbəüz idi.+ 14  Sonra yan sütunları ölçdü, hündürlüyü 60 qulac idi. Eləcə də həyətin ətrafındakı darvazaların yan sütunlarını ölçdü. 15  Darvazanın girişindən darvazanın içindəki eyvanının qabağına kimi 50 qulac idi. 16  Darvazanın içində hər iki tərəfdə keşikçi otaqlarında və yan sütunlarında divarın içinə doğru daralan pəncərələr+ var idi. Eyvanların içərisində də hər iki tərəfdə pəncərələr var idi. Yan sütunlarda xurma ağacları+ təsvir olunmuşdu. 17  Sonra o, məni bayır həyətə apardı. Həyətin ətrafına səki çəkilmişdi, orada yemək otaqları*+ var idi. Sayı otuz olan yemək otaqları səkinin üstündə yerləşirdi. 18  Darvazaların yan tərəfində olan səkinin eni darvazanın uzunluğuna bərabər idi, bu, aşağı səki idi. 19  Aşağı darvazanın qarşısından içəri həyətin qabağına qədər məsafəni ölçdü, 100 qulac idi. Şərq darvazasından da, şimal darvazasından da məsafə eyni idi. 20  Bayır həyətin bir darvazası şimala baxırdı. O, onun uzunluğunu və enini ölçdü. 21  Darvazanın hər iki tərəfində üç keşikçi otağı var idi. Onun yan sütunlarının və eyvanının ölçüsü birinci darvazadakı kimi idi: uzunluğu 50 qulac, eni 25 qulac. 22  Pəncərələrinin, eyvanının, xurma ağacı təsvirlərinin+ ölçüsü şərq darvazasındakı kimi idi. Ora çıxmaq üçün 7 pillə var idi. Eyvan onların qarşısında idi. 23  İçəri həyətdə şimal darvazası ilə üzbəüz bir darvaza, şərq darvazası ilə üzbəüz bir darvaza var idi. O, darvazalar arasındakı məsafəni ölçdü, 100 qulac idi. 24  Sonra məni cənub tərəfə apardı, cənubda darvaza gördüm.+ Onun yan sütunlarını və eyvanını ölçdü, ölçüləri o birilərinki kimi idi. 25  Darvazanın və eyvanın hər iki tərəfində pəncərələr var idi, bu pəncərələr o birilər kimi idi. Darvazanın uzunluğu 50 qulac, eni 25 qulac idi. 26  Ora çıxmaq üçün 7 pillə var idi.+ Eyvan onların qarşısında idi. Yan sütunların hər iki tərəfində bir xurma ağacı təsviri var idi. 27  İçəri həyətdə cənuba baxan bir darvaza var idi. O, cənub tərəfdəki iki darvaza arasındakı məsafəni ölçdü, 100 qulac idi. 28  Sonra məni cənub darvazasından içəri həyətə gətirdi. Cənub darvazasını ölçdü, ölçüsü o birilərinki kimi idi. 29  Darvazanın keşikçi otaqlarının, yan sütunlarının, eyvanının ölçüsü o birilərinki kimi idi. Darvazanın və eyvanın hər iki tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu 50 qulac, eni 25 qulac idi.+ 30  İçəri həyətin darvazalarında uzunluğu 25 qulac, eni 5 qulac olan eyvanlar var idi. 31  Darvazanın eyvanı bayır həyətə baxırdı, yan sütunlarında xurma ağacları təsvir olunmuşdu.+ Ora çıxmaq üçün 8 pillə var idi.+ 32  O, məni şərq tərəfdən içəri həyətə gətirdi. Sonra darvazanı ölçdü, ölçüsü o birilərinki kimi idi. 33  Darvazanın keşikçi otaqlarının, yan sütunlarının, eyvanının ölçüsü o birilərinki kimi idi. Darvazanın və eyvanın hər iki tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu 50 qulac, eni 25 qulac idi. 34  Darvazanın eyvanı bayır həyətə baxırdı, hər iki yan sütununda xurma ağacları təsvir olunmuşdu. Ora çıxmaq üçün 8 pillə var idi. 35  Sonra məni şimal darvazasına+ gətirdi. Darvazanı ölçdü, ölçüsü o birilərinki kimi idi. 36  Darvazanın keşikçi otaqlarının, yan sütunlarının, eyvanının ölçüsü o birilərinki kimi idi. Darvazanın hər iki tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu 50 qulac, eni 25 qulac idi. 37  Darvazanın yan sütunları bayır həyətə baxırdı, hər iki yan sütunun üstündə xurma ağacları təsvir olunmuşdu. Ora çıxmaq üçün 8 pillə var idi. 38  Darvazaların yan sütunlarının yanında girişi olan yemək otağı var idi. Yandırma qurbanları orada yuyulurdu.+ 39  Şimal darvazasının eyvanının hər iki tərəfində 2 masa qoyulmuşdu. Bu masalar üstündə yandırma qurbanı,+ günah qurbanı+ və təqsir qurbanı+ olaraq gətirilən heyvanları kəsmək üçün idi. 40  Şimal darvazasına gedən yolda, girişin bayırında 2 masa var idi. İçəridə, darvaza eyvanında da 2 masa var idi. 41  Darvazanın hər iki tərəfində 4 masa var idi, cəmi 8 masa edirdi. Onların üstündə qurbanlıq heyvanlar kəsilirdi. 42  Yandırma qurbanları üçün olan dörd masa yonulmuş daşdan düzəldilmişdi. Onların uzunluğu və eni bir qulac yarım, hündürlüyü bir qulac idi. Masaların üstünə yandırma qurbanı və digər qurbanları kəsmək üçün alətlər qoyulurdu. 43  İç divarların hər tərəfinə dörd barmaq enində ləmələr bərkidilmişdi. Qurban əti masaların üstünə qoyulurdu. 44  İçəri darvazanın bayırında məzmur oxuyanlar+ üçün yemək otaqları var idi. Otaqlar içəri həyətdə, şimal darvazasının yanında, üzü cənuba baxırdı. Şərq darvazasının da yanında üzü şimala baxan bir yemək otağı var idi. 45  O, mənə dedi: «Üzü cənuba olan bu yemək otağı məbəddəki işlərə baxan kahinlər üçündür.+ 46  Üzü şimala olan yemək otağı qurbangahla bağlı işlərə baxan kahinlər üçündür.+ Onlar Sadığın nəslindəndirlər,+ Yehovanın hüzurunda xidmət etmək üçün təyin olunan lavililərdir».+ 47  Sonra o, içəri həyəti ölçdü, həyət dördbucaqlı idi, uzunluğu və eni 100 qulac idi. Qurbangah məbədin qarşısında idi. 48  Sonra o, məni məbədin eyvanına gətirdi.+ Eyvanın girişinin iki tərəfindəki yan divarları ölçdü. Hər iki divarın qalınlığı 5 qulac, eni 3 qulac idi. 49  Eyvanın uzunluğu 20 qulac, eni 11* qulac idi. Ora çıxmaq üçün pilləkən var idi. Yan divarların yanında, hər iki tərəfdə bir sütun var idi.+

Haşiyələr

Hərfən: əli.
Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.
Ehtimal ki, söhbət otağın divarının başından gedir.
Yaxud otaqlar.
Digər variant: 12.