Markın yazdığı müjdə 14:1—72
-
Kahinlər İsaya sui-qəsd hazırlayırlar (1, 2)
-
Qadın İsanın başına ətirli yağ tökür (3—9)
-
Yəhuda satqın çıxır (10, 11)
-
Sonuncu Pasxa (12—21)
-
Ağanın şam yeməyi (22—26)
-
Butrusun İsanı danacağı qabaqcadan deyilir (27—31)
-
İsa Getsemani bağında dua edir (32—42)
-
İsanı tuturlar (43—52)
-
İsa Sinedrion qarşısında (53—65)
-
Butrus İsanı danır (66—72)
14 Pasxa+ və Mayasız çörək bayramına+ iki gün qalırdı.+ Böyük kahinlər və mirzələr İsanı hiylə ilə tutub öldürmək üçün yol axtarırdılar.+
2 Amma deyirdilər: «Bayramda olmasın, yoxsa xalq ayağa qalxar».
3 İsa Beytaniyyədə, cüzamlı Şimonun evində süfrədə əyləşərkən bir qadın əlində qab* içəri girdi. Qabın içində bahalı ətirli yağ, xalis nard* var idi. Qadın qabın boğazını qırıb yağı İsanın başına tökməyə başladı.+
4 Bunu görənlərdən bəzilərinin qadına acığı tutdu, onlar bir-birilərinə dedilər: «Bu, ətirli yağı niyə zay edir?
5 Yağı üç yüz dinardan* baha qiymətə satıb pulu kasıblara paylamaq olardı!» Onlar qadının bu hərəkətindən çox narazı qaldılar.
6 Amma İsa onlara dedi: «Qızla işiniz olmasın. Ondan nə istəyirsiniz? O, mənim üçün savab iş gördü.+
7 Kasıblar həmişə yanınızdadır,+ nə vaxt istəsəniz onlara yaxşılıq edə bilərsiniz. Amma mən həmişə yanınızda olmayacağam.+
8 O, gücü çatanı etdi. Bədənimi ətirli yağla yağlayıb məni qabaqcadan dəfnə hazırladı.+
9 İnanın, müjdə dünyanın harasında təbliğ olunsa,+ bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər»+.
10 On iki həvaridən biri olan Yəhuda İskəryut İsanı ələ vermək üçün böyük kahinlərin yanına getdi.+
11 Kahinlər bunu eşidəndə sevindilər və ona gümüş pul verməyə boyun oldular.+ Bu vaxtdan etibarən, Yəhuda İsanı ələ vermək üçün fürsət axtarmağa başladı.
12 Mayasız çörək+ bayramının ilk günündə (həmin gün Pasxa qurbanı kəsirdilər)+ İsanın şagirdləri ona dedilər: «Sənin üçün Pasxa yeməyini gedib harada hazırlayaq?»+
13 Onda İsa iki şagirdini göndərib dedi: «Şəhərə gedin. Orada qabağınıza əlində saxsı səhəng aparan bir adam çıxacaq. Onun dalınca gedin.+
14 O, hansı evə girsə, o evin sahibinə deyin: “Ustad soruşur: “Şagirdlərimlə Pasxa yeməyini hansı otaqda yeyəcəyəm?”
15 O adam sizə yuxarı mərtəbədə böyük bir otaq göstərəcək. Otaqda hər nə lazımdırsa olacaq. Pasxa yeməyimizi orada hazırlayın».
16 Şagirdlər yola düşüb şəhərə gəldilər. Hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxa üçün hazırlıq gördülər.
17 Axşam düşəndə İsa on iki həvarisi ilə oraya gəldi.+
18 Onlar süfrə arxasında oturub yeyərkən İsa dedi: «Bunu bilin: hal-hazırda mənimlə süfrədə oturan sizlərdən biri məni satacaq».+
19 Şagirdləri qəm-qüssə bürüdü və onlar bir-bir ondan soruşmağa başladılar: «Bu mənəm?»
20 İsa onlara dedi: «O adam on iki həvaridən biridir, mənimlə bir qaba çörək batıran adamdır.+
21 Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına!+ O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı».+
22 Onlar yemək yedikləri zaman İsa çörək götürüb dua etdi, sonra çörəyi bölüb şagirdlərinə uzatdı və dedi: «Götürün, bu, mənim bədənimi təmsil edir».+
23 Sonra İsa bir cam götürdü, Allaha şükür edib camı onlara verdi. Hamı camdan içdi.+
24 İsa onlara dedi: «Bu, bir çoxları uğrunda+ axıdılacaq qanımı,+ “əhd+ qanını” təmsil edir.
25 Bunu bilin ki, Allahın Padşahlığında təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam».
26 Axırda onlar mədh nəğmələri* oxuyub Zeytun dağına yollandılar.+
27 İsa onlara dedi: «Hamınız məndən üz döndərəcəksiniz, çünki yazılıb: “Çobanı vuracağam,+ qoyunlar pərən-pərən olacaq”.+
28 Amma diriləndən sonra mən sizin qabağınızca Cəliləyə gedəcəyəm».+
29 Onda Butrus dedi: «Hamı səndən üz döndərsə də, mən üz döndərmərəm».+
30 İsa cavab verdi: «Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan».+
31 Butrus isə israrla deyirdi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram». Digərləri də eyni şeyi deyirdi.+
32 Onlar Getsemani deyilən yerə gəldilər. Orada İsa şagirdlərinə dedi: «Siz burada oturun, mən isə dua edim».+
33 İsa Butrusu, Yaqubu və Yəhyanı özü ilə götürdü.+ Sonra o, güclü təlaş və dərin iztirab keçirdi.
34 O, şagirdlərə dedi: «Kədərim hədsizdir,+ dözülməzdir. Siz burada durun, oyaq qalın».+
35 İsa bir az irəli gedib yerə qapandı və: «Əgər mümkünsə, qoy bu sınaq* məndən yan keçsin», — deyə dua etməyə başladı.
36 Sonra əlavə etdi: «Atacan*, Ata,+ Sənin üçün hər şey mümkündür. Bu camı* məndən uzaqlaşdır. Fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun».+
37 İsa qayıdanda gördü ki, onlar yatırlar və Butrusa dedi: «Şimon, sən yatırsan? Bircə saat da oyaq qalmağa gücün çatmadı?+
38 Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz.+ Bəli, ruh* şövqlü, cisim* isə zəifdir».+
39 Bundan sonra İsa yenidən uzaqlaşıb eyni sözlərlə dua etdi.+
40 Şagirdlərin isə yuxudan gözləri bağlanırdı. İsa təkrarən qayıdanda gördü ki, onlar yenə yatıblar. Onlar bilmədilər İsaya nə cavab versinlər.
41 İsa üçüncü dəfə qayıdanda onlara dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi!+ İnsan Oğlu günahlıların əlinə verilir.
42 Durun gedək. Xain yaxınlaşır».+
43 İsa hələ danışarkən on iki həvaridən biri olan Yəhuda xeyli adamla ora gəldi. Bu adamlar qılınc və dəyənəklə silahlanmışdılar; onları böyük kahinlər, mirzələr və ağsaqqallar göndərmişdi.+
44 Xain onlara işarə vermişdi: «Kimi öpsəm, İsa odur. Onu tutun və nəzarət altında aparın».
45 Yəhuda düz İsanın qabağına gəlib: «Rabbi!»* — dedi və onu nəvazişlə öpdü.
46 Onda İsanı tutdular.
47 Bu vaxt İsanın yanında duranlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi.+
48 İsa o adamlara dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz?+
49 Hər gün məbəddə vəz edəndə sizin yanınızda idim,+ heç onda məni həbs etmirdiniz?! Lakin bunlar Müqəddəs Yazılarda yazılanlar yerinə yetsin deyə, baş verir».+
50 Şagirdlər onu qoyub qaçdılar.+
51 Əynində zərif kətan bürüncəkdən başqa heç nə olmayan bir cavan bir az aralıdan İsanın dalınca gedirdi. Onu da tutmaq istədilər,
52 amma o, kətan paltarını qoyub yarıçılpaq qaçdı.
53 İsanı baş kahinin yanına gətirdilər.+ Bütün böyük kahinlər, ağsaqqallar və mirzələr ora toplaşdı.+
54 Butrus uzaqdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə girib qulluqçularla oturdu və tonqalın qırağında isinməyə başladı.+
55 Bu vaxt böyük kahinlər və bütün Sinedrion İsanı öldürmək üçün onun əleyhinə şəhadət axtarırdı, amma tapa bilmirdi.+
56 Halbuki bir çoxları İsanın əleyhinə yalandan şəhadət verirdilər,+ lakin sözləri bir-biri ilə düz gəlmirdi.
57 Bəziləri durub ona qarşı yalandan şahidlik edir və deyirdi:
58 «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”».+
59 Ancaq bu məsələdə də onların ifadələri bir-birinə uyğun gəlmirdi.
60 Onda baş kahin ayağa qalxdı və İsadan soruşdu: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?»+
61 İsa susub cavab vermədi.+ Baş kahin yenidən soruşdu: «Mübarək Allahın Oğlu Məsih sənsən?»
62 İsa dedi: «Bəli, mənəm. Siz insan Oğlunun+ Qüdrətlinin sağında oturduğunu+ və göyün buludları üzərində gəldiyini görəcəksiniz».+
63 Baş kahin bunu eşidəndə yaxasını cırıb dedi: «Daha şahidlər nəyimizə gərəkdir?+
64 Siz öz qulağınızla onun ağzından küfr eşitdiniz. İndi nə deyirsiniz?» Onlar yekdilliklə İsaya ölüm hökmü çıxartdılar.+
65 Sonra bəziləri İsaya tüpürdülər,+ üzünü örtüb onu yumruqlamağa başladılar. Onlar deyirdilər: «Peyğəmbərsənsə, de görək səni kim vurdu?» Məhkəmə icraçıları İsanı şillələyib apardılar.+
66 Bu vaxt Butrus həyətdə, tonqalın qırağında isinirdi. Baş kahinin qarabaşı gəlib+
67 onu gördü və düz gözlərinin içinə baxıb dedi: «Sən də bu nəsrani İsanın adamlarındansan».
68 Butrus inkar etdi: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm». Sonra darvazaya tərəf getdi.
69 Qarabaş onu orada görüb yan-yörəsindəkilərə dedi: «Bu da onlardandır».
70 Butrus yenə də inkar etdi. Bir qədər sonra orada duranlar Butrusa dedilər: «Hə, doğrudan da, sən onlardansan, cəliləlisən».
71 Butrus özünə lənət yağdırıb and-aman etdi: «Dediyiniz adamı tanımıram!»
72 Elə bu vaxt xoruz ikinci dəfə banladı+ və İsanın «xoruz iki dəfə banlamamış sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü. Onda Butrus özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.
Haşiyələr
^ B14 əlavəsinə bax.
^ Yaxud məzmurlar.
^ Hərfən: saat.
^ Hərfən: Abba. İbrani və arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması.
^ Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
^ İnsanın günahlı, qeyri-kamil vəziyyəti.
^ İnsanın mənəvi qüvvəsi.
^ Yəhudi ruhanilərinə verilən şərəfli ad.