Rut 2:1—23
2 Naimənin Buəz+ adında çox varlı-hallı bir qohumu var idi. O, Naimənin əri Əliməlikin qohumu idi.
2 Bir gün muabi Rut Naiməyə dedi: «İcazə ver, zəmiyə gedim. Kimin gözündə lütf taparamsa, onun ardınca gedib başaq yığaram».+ Naimə dedi: «Get, qızım».
3 Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. O, təsadüfən gəlib Əliməlikin+ qohumu Buəzin+ zəmisinə çıxmışdı.
4 Bu arada Buəz Beytləhmdən gəldi. O, biçinçilərə dedi: «Yehova qolunuza qüvvət versin*!» Onlar cavab verdilər: «Yehova səndən razı olsun!»
5 Sonra Buəz biçinçilərin üstündə duran cavandan soruşdu: «Bu qız kimlərdəndir?»
6 O cavab verdi: «Bu, Muab torpağından Naimə ilə buraya gəlmiş Muab qızıdır.+
7 O başaq etmək,+ biçinçilərdən düşmüş sünbüllərdən yığmaq* üçün icazə istədi. Səhər gələndən ayaq üstədir, elə indi dincini almaq üçün çardağın altına keçib oturub».
8 Buəz Ruta dedi: «Qızım, qulaq as gör nə deyirəm. Başaq yığmaq üçün o biri zəmilərə getmə, burada qal. Qarabaşlarıma da yaxın olarsan.+
9 Bax gör onlar hansı zəmini biçirlər, sən də dallarınca get. Cavanlara tapşırmışam sənə dəyməsinlər. Susayanda səhənglərin yanına gedib cavanların çəkdiyi sudan içərsən».
10 Rut diz üstə düşüb yerə qədər təzim etdi və dedi: «Mən nə etdim ki, sənin gözündə lütf tapdım, mənim qeydimə qalırsan? Mən ki bir yadelliyəm+».
11 Buəz ona cavab verdi: «Ərin öləndən sonra qayınanan üçün etdiyin hər şeydən, ata-ananı və doğma yurdunu qoyub tanımadığın bir xalqın yanına gəlməyindən xəbərim var.+
12 Qoy Yehova sənə bunun əvəzini versin!+ Qanadları altına sığındığın+ İsrailin Allahı Yehovadan bol-bol mükafat alasan!»
13 Rut dedi: «Qoy lütfün məndən əskik olmasın, ağam. Mən sənin qarabaşın da deyiləm, amma sən bu qarabaşına təsəlli, ürək-dirək verdin».
14 Nahar vaxtı gələndə Buəz Rutu çağırdı: «Yaxın gəl, bir az çörək ye, tikəni sirkəyə batır». Rut biçinçilərin yanında əyləşdi. Buəz ona qovurğa uzatdı. Rut yeyib doydu, yeməyindən artıq da qaldı.
15 Sonra o başaq yığmaq+ üçün ayağa qalxdı. Buəz cavanlara tapşırdı: «Qoy gedib biçilmiş sünbüllərin* arasından da başaq yığsın. Ona dəyməyin.+
16 Həm də dərzlərin arasından bir az sünbül çəkib qoyun ki, o yığsın. Ona heç nə deməyin».
17 Rut axşama qədər başaq yığdı.+ Sonra yığdığı başağı döydü və ondan bir efaya* yaxın arpa çıxdı.
18 O, arpanı götürüb şəhərə qayıtdı və qayınanasına göstərdi. Həmçinin yeyib doyduqdan sonra nahardan qalan yeməyi+ çıxarıb qayınanasına verdi.
19 Qayınanası ondan soruşdu: «Bu gün harada işləmisən, harada başaq yığmısan? Qoy sənə yaxşılıq edən adam xeyir-bərəkət tapsın!»+ Rut kimin zəmisində işlədiyini qayınanasına söylədi: «Bu gün Buəz adlı bir kişinin zəmisində işlədim».
20 Onda Naimə gəlininə dedi: «Dirilərdən və ölülərdən məhəbbətini əsirgəməyən Yehova+ ona xeyir-dua versin». Sonra dedi: «O, qohumumuzdur,+ üzərinə qohumluq borcu düşən adamdır*».+
21 Muabi Rut dedi: «Həm də o, mənə dedi ki, işçiləri bütün məhsulu yığana qədər onların yanında qalım».+
22 Naimə gəlini Ruta dedi: «Qızım, onun qarabaşları ilə işləməyin lap yaxşı oldu, yoxsa başqa zəmilərdə səni incidərdilər».
23 Beləcə, Rut arpa və buğda biçini başa çatana kimi+ Buəzin qarabaşlarının yanında başaq yığdı. Rut qayınanası ilə yaşayırdı.+
Haşiyələr
^ Hərfən: Yehova sizinlə olsun.
^ Digər variant: dərzlərin arasından sünbül yığmaq.
^ Digər variant: dərzlərin.
^ Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
^ Hərfən: geri satınalanımızdır. Lüğətdə «geri satınalan» ifadəsinə bax.