Rut 3:1—18
3 Bir gün qayınanası Naimə Ruta dedi: «Qızım, gəl səni ərə verim, sənin də isti yuvan olsun,+ xoş gün görəsən.
2 Bax, qarabaşları ilə işlədiyin Buəz qohumumuzdur.+ O, bu axşam xırmanda arpa sovuracaq.
3 Dur yuyun, ətirlən və libasını geyinib xırmana en. Amma o yeyib-içməyi qurtarmayınca, elə elə ki, səni görməsin.
4 O yatmağa gedəndə bax gör harada uzanacaq, gedib ayaqlarının üstünü aç, orada uzan. Sonra nə etmək lazımdırsa, özü sənə deyəcək».
5 Rut dedi: «Necə demisən, elə də eləyərəm».
6 Sonra xırmana endi və qayınanasının dediyi kimi etdi.
7 Buəz yeyib-içməyini qurtardı. O, kefi kök halda durdu və yatmaq üçün taxıl tayasının o başına getdi. Rut sakitcə gəlib onun ayağının üstünü açdı və orada uzandı.
8 Gecə yarısı Buəz səksəndi. O dikəldi və gördü ki, ayaq ucunda bir qadın xeylağı uzanıb!
9 Buəz soruşdu: «Sən kimsən?» «Qarabaşın Rutam, — deyə o cavab verdi, — ətəyinlə qarabaşının üstünü ört, çünki üzərində qohumluq borcu* var».+
10 Onda Buəz dedi: «Qoy Yehova sənə yar olsun, qızım! İndi sən əvvəlkindən də böyük yaxşılıq etdin.+ Çünki nə kasıb, nə də varlı cavanın ardınca düşmədin.
11 Qızım, qorxma. Nə istəsən, sənin üçün edəcəyəm,+ çünki bu şəhərdə hər kəs sənin ləyaqətli qadın olduğunu bilir.
12 Düzdür, üzərimdə qohumluq borcu var,+ ancaq məndən də yaxın kişi qohumun var.+
13 Bu gecəni burada qal, sabah o adam qohumluq borcunu icra edərsə,+ lap yaxşı. Əgər etməzsə, Yehovaya and olsun ki, özüm bu borcu üzərimə götürəcəyəm. Hələlik səhərə kimi burada qal».
14 Rut sübhədək onun ayaq ucunda yatdı. O, alaqaranlıqda qalxdı ki, heç kim onu görməsin. Buəz dedi: «Heç kim bilməsin ki, xırmana qadın gəlib».
15 Sonra dedi: «Əynindəki bürüncəyi aç bura tut». Rut bürüncəyi açdı. Buəz bürüncəyin içinə altı ölçü* arpa tökdü və qaldırıb onun başına qoydu. Sonra durub şəhərə getdi.
16 Rut qayıdanda qayınanası soruşdu: «Qızım, necə oldu?» Rut o kişinin onun üçün etdiyi hər şeyi qayınanasına danışdı.
17 Sonra dedi: «O, mənə altı ölçü arpa verib dedi: “Qayınananın yanına əliboş qayıtma”».
18 Onda Naimə dedi: «Qızım, otur gözlə, gör bu iş nə ilə qurtarır. O adam bu işi günü bu gün həll etməyincə rahatlaşan deyil».
Haşiyələr
^ 2:20 haşiyəsinə bax.
^ Ehtimal ki, altı sea (təx. 44 litrlik qabın tutduğu qədər). 1 sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.