Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

İqtisadi çətinliklərə baxmayaraq, Yehovaya xidmət etməyə davam edin

İqtisadi çətinliklərə baxmayaraq, Yehovaya xidmət etməyə davam edin

 Bir çox ölkələrdə hər şeyin bahalaşması insanları çətin vəziyyətə salıb. Bu çətinliklər Yehovanın Şahidlərindən də yan keçmir. Amma onlar buna görə həddən artıq narahat olmurlar, çünki bilirlər ki, Yehova xalqını heç vaxt tərk etməz (İbranilərə 13:5). Zaman keçdikcə biz bu vədin yerinə yetdiyini öz gözlərimizlə görürük. Əhalisinin çoxunun yoxsul olduğu Filippində Yehovanın bu vədini necə həyata keçirdiyini görmək olar. 1970—1980-ci illərdə ölkədəki vəziyyət xüsusilə çətin idi.

 Viki a adlı bir bacı həmin günləri xatırlayaraq deyir: «Bəzən qida sarıdan korluq çəkdiyim üçün ağlayırdım. Hətta elə vaxtlar olurdu ki, düyü, duz və sudan başqa heç nəyimiz olmurdu». Florensio adlı qardaş iş tapmaqda çətinlik çəkirdi. O deyir: «Üç köynək və üç şalvarım var idi. Onları növbə ilə ibadət görüşlərinə və toplantılara geyinirdim». Yehovanın xalqı bu çətinliklərin öhdəsindən necə gəldi? Ruhani cəhətdən möhkəm qalmağa onlara nə kömək etdi? Bu bacı-qardaşların nümunəsi çətinliklər zamanı bizə necə kömək edə bilər?

Onlar Yehovaya etibar etdi

 Filippindəki dindaşlarımız əmin idilər ki, bu çətin vəziyyətlərində Yehova onların qayğısına qalacaq (İbranilərə 13:6). Yehova onların qayğısına qaldı, özü də bunu gözləmədikləri yolla etdi. Sesil adlı bacı deyir: «Bir fincan düyümüz qalmışdı. Onunla da səhər yeməyi hazırladıq. Dörd nəfərdən ibarət ailəmizin artıq yeməyə heç nəyi qalmamışdı. Buna görə də zəruri ehtiyaclarımıza görə Yehovaya dua etdik. Yeməyimizi hələ bitirməmiş bir qardaş əlində beş kiloqram düyü ilə bizə gəldi. Biz Yehovadan gələn bu bəxşişə görə sevincdən və minnətdarlıqdan göz yaşlarımızı saxlaya bilmədik».

 Həmçinin Allahın xalqı Müqəddəs Kitabdakı hikmətli məsləhətlərə əməl edirdi (Məsəllər 2:6, 7). Məsələn, o vaxtlar yeni vəftiz olunmuş subay bacımız Arselitanın dolanışığı çətin idi və o, duada ürəyini Yehovaya boşaltdı. Sonra o, Məsəllər 10:4 ayəsi üzərində düşündü. Orada yazılıb: «Tənbəl əllər sahibini yoxsulluğa salar, çalışqan əllərsə sərvət gətirər». Bu məsləhətə uyğun davranaraq o, bağçasında məhsul becərməyə qərar verdi. O deyir: «Yehova mənim zəhmətimə xeyir-bərəkət verdi. Mən həm ac qalmadım, həm də yol xərcimi çıxara bildim».

Onlar ibadət görüşlərindən qalmırdılar

 Qardaşların torpaq sahəsi alıb ibadət evləri tikməsi üçün kifayət qədər maddi vəsaitləri yox idi. Amma bu vəziyyət onları bir-birilərini ruhlandırmaq üçün birgə toplaşmaq əmrinə itaət etməkdən saxlamadı (İbranilərə 10:24, 25). Onlar sadəcə vəziyyətə uyğunlaşmağı öyrəndilər. Misal üçün, Debora adlı bacımız deyir: «Öncül əməkdaşımla tikdiyimiz komada ibadət görüşünə altı nəfər yığışırdıq. Komanın damını və divarlarını palma yarpaqları ilə örtmüşdük, oturacaqlarını isə palma ağacının gövdəsindən düzəltmişdik».

 Əksər hallarda ibadət görüşləri dindaşlarımızın evində keçirilirdi. Virciniya adlı bacı deyir: «Bizim balaca daxmamız ot-ələfdən və bambukdan düzəldilmişdi. Hər şənbə mebelimizin yerini dəyişirdik ki, səhərisi gün ibadət görüşündə hamıya yer çatsın». Başqa bir evin isə damı axıdırdı. Noel adında qardaş xatırlayaraq deyir: «Yağış yağanda damdakı deşiklərin altına vedrə qoyurduq. Amma bacı-qardaşlarımızla bir ailə kimi yığışanda bütün bu çətinliklər gözümüzə görünmürdü».

Onlar xidmətdəki şövqlərini qoruyub-saxladılar

 Maddi imkanlarının zəif olmasına baxmayaraq, bacı-qardaşların xidmətə olan şövqləri sönmədi. Neqros adasında yaşayan Lindina adlı bacı danışır: «Ailəmiz böyük idi və ailədə yalnız atam işləyirdi. Nəqliyyat üçün həmişə pulumuz olmurdu. Ona görə də təbliğ sahəsinə piyada gedirdik. Amma ailəlikcə gedirdik deyə bunun öz marağı var idi. Üstəlik, biz bilirdik ki, Yehovanı sevindiririk».

Çətinliklər Yehovanın Şahidlərinin təbliğ etmək əzmini sındırmadı

 Ən böyük çətinliklərdən biri ictimai nəqliyyatın çox az olduğu və ya ümumiyyətlə olmadığı ucqar ərazilərdə, dağlıq yerlərdə yaşayan insanlara təbliğ etmək idi. Luson adasında yaşayan Ester adlı bacı deyir: «6—12 Yehovanın Şahidindən ibarət qrupumuzla kilometrlərlə yol qət edəcəyimiz üçün sübh tezdən evdən çıxırdıq. Bütün günümüzü təbliğ işinə sərf edirdik. Ağacın kölgəsində oturub özümüzlə gətirdiyimiz yeməkləri yeyirdik. Bəzilərinin yeməyə heç nəyi olmurdu. Buna baxmayaraq, təbliğdən qalmırdılar, bizimlə gəlirdilər. Onlara deyirdik: “Narahat olmayın, bizdə hamımıza yetəcək qədər yemək var”».

 Yehova bizim göstərdiyimiz bu fədakarlığa bol-bol nemətlər bəxş etdi. Misal üçün, 1970-ci ildə Filippində 54 789 təbliğçi var idi. 1989-cu ildə isə bu say təqribən iki dəfə artaraq 102 487 nəfər oldu. 2023-cü ildə təbliğçilərin sayı 253 876 nəfərə qədər artdı.

«Yoxsulluq Yehovanı sevməyimizə əngəl olmadı»

 İqtisadi çətinliklərə baxmayaraq, Yehovanın Şahidləri ruhani cəhətdən inkişaf etməyə davam etdi. Antonio qardaş deyir: «Yoxsulluq Yehovanı sevməyimizə əngəl olmadı». Fe Abad adlı bacımız bölüşür: «Maddi çətinliklər zamanı biz Yehovaya daha da yaxın olduq və sadə yaşamağın gətirdiyi sevinci duyduq. Bunun sayəsində uşaqlarımız da Yehovaya etibar etməyi öyrəndi».

 Samar adasında yaşayan Lusila bacı deyir: «Kasıb olmağımız Yehovaya xidmət etməyimizə əngəl deyil. Allahın işini birinci yerə qoyanda həyatdan məmnunluq duyur və müsbət əhval-ruhiyyəni qoruyub saxlayırsan. Müqəddəs Kitab dərsi keçdiyim şagirdlərimin Yehova haqqında öyrəndiyini və sonradan mənimlə birgə öncül kimi xidmət etdiyini görmək mənə sevinc bəxş etdi».

 Biz bilirik ki, gələcəkdə daha çətin vəziyyətlərlə qarşılaşacağıq. Buna görə də Rodolfo adlı ağsaqqalın dediyi sözləri unutmamalıyıq. O demişdi: «1970—80-ci illərdəki çətin dövrlərdə Yehovanın məhəbbətini və dəstəyini hiss etdim. Çox az pulum olsa da, özümü yazıqlamırdım. Yehova qayğıma qalırdı. Mən ən yaxşı həyatı yaşayıram və gözlərimi Cənnətdə yaşayacağım əsl həyata dikmişəm» (1 Timutiyə 6:19).

a Bəzi adlar şərtidir.