Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Müqəddəs Kitab həqiqətlərini öyrədən ictimai-mədəni təşkilat

Müqəddəs Kitab həqiqətlərini öyrədən ictimai-mədəni təşkilat

 Sonradan Yehovanın Şahidləri kimi tanınan Müqəddəs Kitab Tədqiqatçıları Meksikadakı qonaqpərvər xalqa həqiqəti çatdırmaq üçün 1917-ci ildə təbliğ işini təşkil etməyə başladı. Növbəti onilliklər ərzində yüzlərlə səmimi-qəlbli insan həqiqi ibadətə axışdı. İkinci Dünya müharibəsi zamanı Meksika hökuməti təbliğ etdiyimiz və ibadət görüşlərimizi keçirdiyimiz yerlərlə bağlı problemlər yaratmağa başladı.

 Həmin ərəfələrdə Meksikanın qanununa görə tələb olunurdu ki, bütün növ ibadətlər hökumətə məxsus məkanlarda keçirilsin. Bu qanun bizə çətinlik yaradırdı, çünki regional toplantılarımız ictimai məkanlarda, həftə ərzində olan görüşlərimiz isə çox vaxt Yehovanın Şahidlərinin evlərində keçirilirdi. Üstəlik, biz ictimai yerlərdə və ev-ev təbliğ edirdik.

 Qanuna uyğun davranmaq üçün 1943-cü ildə biz ictimaiyyətin mənafeyinə xidmət edən maarifləndirmə işi ilə məşğul olan qeyri-kommersiya ictimai-mədəni cəmiyyəti kimi qeydiyyatdan keçdik. Bu qeydiyyat bizə dini təşkilatın yox, ictimai-mədəni təşkilatın sahib olduğu hüquqları verdi. Bunun sayəsində bizdən yalnız hökumətə məxsus məkanlarda toplaşmaq və təbliğ etmək tələb olunmurdu.

 Fəaliyyətimizə mədəni maarifləndirmə proqramları da daxil idi. Beləcə, biz dövlətin ictimai-mədəni təşkilatlar üçün qoyduğu tələblərə tam cavab vermiş olurduq (Romalılara 13:1). Əlbəttə ki, bizim hələ də əsas məqsədimiz insanlara Müqəddəs Kitab vasitəsilə kömək etmək idi (Əşiya 48:17, 18). Tezliklə gördük ki, Yehova bütün işlərimizi avand edir. Dövrümüzdə yaşayan məsihilər xatırlayır ki, həmin vaxt vəziyyətə uyğunlaşmaq üçün etdiyimiz dəyişikliklər böyük artıma səbəb oldu.

Təbliğ üsulumuzu dəyişirik

 Meksikada əsas işimiz həmişə Allahın Padşahlığı haqda müjdəni təbliğ etmək olub. Amma biz də vəziyyətə uyğunlaşmaq üçün Bulus kimi təbliğ üsulumuzu dəyişməli olduq (1 Korinflilərə 9:20—23). Məsələn, Bulus Areopaqda afinalılar qarşısında danışanda Müqəddəs Kitabdan birbaşa sitat gətirmirdi (Həvarilərin işləri 17:22—31). Eynilə, biz də təbliğ edərkən özümüzlə Müqəddəs Kitabı götürmürdük və söhbətə Müqəddəs Kitabdan başlamırdıq.

Yehovanın Şahidləri Müqəddəs Kitabı istifadə etmədən ictimai şahidlik verirlər (1945-ci il)

 İzabel adlı bacı deyir: «Biz özümüzü mədəni-maarifləndirici cəmiyyətin nümayəndələri kimi təqdim edirdik. Çox vaxt diqqəti “Oyanın!” jurnalından Müqəddəs Kitab mövzularına birbaşa toxunulmayan məqalələrə cəmləyirdim». Bəs əgər ev sahibi Allah haqqında daha çox öyrənmək istəyirdisə, onda necə? Onda biz Müqəddəs Kitabdakı müjdəni onunla bölüşürdük. Avrora adlı bacı deyir: «Özümüzlə Müqəddəs Kitab götürmədiyimiz üçün çoxlu sayda ayəni əzbərdən yadda saxlamalı idik». Biz fikirləri ev sahiblərinin öz Müqəddəs Kitablarından göstərəndə bu onlara yaxşı təsir edirdi.

Ev-ev təbliğ işimizi müdafiə edirik

 Təbliğ işimizin qanuni olub-olmadığını soruşanlara necə cavab verəcəyimizi bilirdik (Filippililərə 1:7). Hökumətin verdiyi vəsiqələrin bizə böyük köməyi dəyirdi a. Mariya adlı bacı deyir: «Xarici işlər nazirinin imzaladığı vəsiqələri həmişə üstümüzdə gəzdirirdik». Samuel adlı qardaş deyir: «Bizi saxlayıb nə işlə məşğul olduğumuzu soruşanda onlara vəsiqəmizi göstərirdik».

 Problem yarananda vəsiqələrimiz dadımıza çatırdı. Məsələn, o vaxtlar Xalisko ştatında xidmət etmiş Xesus qardaş deyir: «1974-cü ildə keşişin başçılıq etdiyi izdiham işimizə mane olmaq üçün Yehovanın Şahidi olan bir ər-arvadı və məni yerli bələdiyyəyə apardı. Biz hökumət nümayəndələrinə vəsiqəmizi göstərdik və bu hamını sakitləşdirdi. Hüquqi kömək alandan sonra biz həmin şəhərdə Allah haqda öyrənmək istəyənlərə kömək etməyə davam etdik. İndi həmin şəhərdə bir neçə yığıncaq var».

Müqəddəs Kitabı və oxuyub-yazmağı öyrədirik

 Maarifləndirmə işi ilə məşğul olan ictimai cəmiyyət kimi, biz insanlara pulsuz olaraq oxuyub-yazmağı öyrənməyi təklif edirdik b. Ariel qardaş deyir: «Bu cür kurslar təşkil etməyimiz lap yerinə düşmüşdü. O vaxtlar insanların əksəriyyəti məktəbdə təhsil almamışdı. Amma onlar Müqəddəs Kitabı oxumağı ürəkdən arzulayırdılar. Biz onlara oxuyub-yazmağı öyrədirdik və qısa müddət sonra onlar Müqəddəs Kitabı öyrənməyə başlayırdılar».

 Rut adlı bacı deyir: «Hərfləri ki öyrəndilər, daha heç nə onları Müqəddəs Kitabı öyrənməkdən saxlaya bilməzdi. Oxuyub-yazmağı öyrənmək onlara məmnunluq gətirirdi, xoşbəxt edirdi. Onların ruhani inkişafının öz gözümüzlə şahidi olurduq».

 1943—1993-cü illərdə Yehovanın Şahidləri ictimai-mədəni cəmiyyət kimi qeydiyyata alınmışdılar. Həmin müddət ərzində biz 127 000-dən çox insana sıfırdan oxuyub-yazmağı, 37 000-dən çox insana isə daha yaxşı oxuyub-yazmağı öyrənməyə kömək etdik. Hökumət nümayəndələri gördüyümüz bu işə görə bizi tərifləmişdilər (Romalılara 13:3). Məsələn, onilliklər ərzində insanların savadlanmasına verdiyimiz töhfəyə, eləcə də Mexiko ştatında və bütün ölkədə minlərlə meksikalının həyatını yaxşılaşdırmağa kömək etdiyimizə görə 2010-cu ildə bizə xüsusi mükafat verildi.

Birgə toplaşırıq

 Qeydiyyatımızdan irəli gələrək ibadət yerlərimiz sinif otaqları şəklində qurulmuşdu və tədris zalları adlanırdı. Orada həm ibadət görüşlərimizi, həm də oxuma-yazma kurslarını keçirirdik.

 Anxel qardaş deyir: «Çox vaxt bu cür zallar bacı-qardaşların evlərində olurdu. Həmin bacı-qardaşların çoxu elə də imkanlı deyildi. Onlara heyran idim. Yığıncaqlarımız onlarda keçirilsin deyə, bu dindaşlarımız evlərinin kiçik bir hissəsində darısqallıqda yaşamağa hazır idilər».

 Bu cür qurbanlara həqiqətən ehtiyac var idi. İbadət görüşlərimiz barədə Anxel qardaş deyir: «Bəzən adamların sayı o qədər çox olurdu ki, çoxumuz çöldə durmalı olurduq. Şərh vermək üçün pəncərədən içəri boylanırdıq. Bunlara baxmayaraq, ibadət görüşlərimizi çox sevirdik».

 Problem yaranmasın deyə, biz ibadət görüşlərində nə nəğmə oxuyurduq, nə də ucadan dua edirdik. Edmundo qardaş deyir: «Açıq nitqlə çıxış edən natiqlər Müqəddəs Kitabda yazılan məsləhətlərin praktiki faydasını göstərməyə çalışırdılar və iştirakçılara bu məsləhətləri tətbiq edərək həyatlarını yaxşılaşdırmağa kömək edirdilər». Zamanla biz hətta Müqəddəs Kitab bölmələrinin adlarını da çəkməməyə başladıq. Bəs yığıncağa gələnlər hansı ayəni oxuduğumuzu necə bilirdilər? Manuel qardaş bu barədə deyir: «Vəhy 21-ci fəsil 3 və 4-cü ayələr demək əvəzinə, biz belə deyirdik: 66-cı kitab, 21, 3 və 4». Mozes adlı başqa bir qardaş isə deyir: «Bu o deməkdir ki, Müqəddəs Kitabdakı bütün bölmələrin nömrəsini əzbər bilməli idik».

Meksikadakı tariximizdən öyrəndiklərimiz

 Ümumilikdə Meksikadakı təşkilatımızın fəaliyyəti dünyanın digər ölkələrindəki fəaliyyətimizdən heç nə ilə fərqlənmirdi. İbadətimizə məhdudiyyətlər qoyulsa da, Yehova işimizi avand edirdi. 1943-cü ildə ictimai təşkilat kimi qeydiyyatdan keçəndə Meksikada 1565 təbliğçi var idi. Biz dini təşkilat kimi 1993-cü ildə tanındıq. Həmin il təbliğçilərin orta sayı 366 177 nəfər idi. Bu təbliğçilərin gördüyü iş sayəsində isə artım daha da böyük oldu. 2021-ci ildə Meksikada təbliğçilərin orta sayı 864 633 nəfərə çatdı. Bu tarixi hadisədən nə öyrənirik?

 Çətinliklər zamanı vəziyyətə uyğunlaşın. Meksikada vəziyyətə uyğunlaşmağımız sayəsində 50 il ərzində qanuni fəaliyyət göstərə bildik. Mario qardaş deyir: «Bəzən düşünürdüm ki, niyə biz də başqa ölkələrdəki kimi Yehovaya ibadət edə bilmirik. Amma bir dəfə də olsun kiminsə təşkilatdan aldığımız göstərişləri sual altına qoyduğunu eşitmədim. Biz əmin idik ki, Yehova Öz xalqına rəhbərlik edir. Ona görə də itaətkarlıq göstərirdik».

 Diqqətinizi Yehovanın işinə cəmləyin. Qvadelupe bacı deyir: «Şagird hazırlamaq işinə başımız elə qarışmışdı ki, başqa heç nəyə görə narahat olmurduq. Yehovaya xidmət bizə sevinc bəxş edirdi, elə ən vacibi də bu idi».

 Bacı-qardaşlara yaxın olun. Anita bacı deyir: «Tədris zallarında bəzi şeyləri edə bilmirdik, məsələn, nəğmə oxumurduq. Amma öz evlərimizdə həmin şeyləri edə bilirdik. Bizim aramızda sıx münasibət var idi, tez-tez dostluq görüşləri keçirirdik. Bu görüşlərdə ruhani mövzulara üstünlük verirdik».

 Florentino qardaş həmin dövr barədə deyir: «Geriyə baxanda başa düşürəm ki, baş verənlərin hamısı müəyyən məqsədə xidmət edirdi və biz bunlardan özümüzə vacib dərs götürdük. İndi mən daha da əminəm ki, bütün maneələrə rəğmən, vəziyyət Yehovanın nəzarəti altında idi».

a Bu vəsiqələr sadəcə kimliyimizi göstərmək üçün əldə olunurdu. Müqəddəs Kitaba əsasən məsihilərə başqaları ilə Allah haqqında danışmaq üçün hər hansı hüquqi icazə almaq tələb olunmur. Son illərdə məsihilər bu cür vəsiqələr və ya qeydiyyat kağızları almağa çalışmırlar.

b Rəsmi hesablamalara əsasən 1940—1950-ci illərdə Meksika əhalisinin təxminən yarısı oxumağı və yazmağı bilmirdi.

Meksikanın Çiuaua ştatında yaşayan məsihi ailələr ibadət görüşlərinin keçirildiyi yerin qarşısında. Yuxarıda ispan dilində yazılıb: «Tədris zalı» (1952-ci il)

Bir qrup Yehovanın Şahidi Mexiko şəhərindəki filial binasının qarşısında. Yuxarıda ispan dilində yazılıb: «Gözətçi qülləsi, İctimai Cəmiyyət» (1947-ci il)

İki Şahid İdalqonun kəndlərində «Gözətçi qülləsi» jurnalının ispan dilində olan nüsxəsini təklif edir (Meksika, 1959-cu il)

Yehovanın Şahidlərinə dövlət tərəfindən verilmiş vəsiqələr. Təbliğ zamanı onlar lazım gəldikdə bu vəsiqələri göstərirdilər

2010-cu ildə Meksikanın təhsil naziri Yehovanın Şahidlərinə insanlara oxuyub-yazmağı öyrətdikləri üçün mükafat vermişdi

Yehovanın Şahidlərinin ictimai-mədəni təşkilat kimi qeydiyyata alınması onlara böyük toplantılar keçirməyə imkan verirdi. Bu toplantılardan biri 1969-cu ildə keçirilmişdi