Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Onlar çətin vaxtlarda Yehovaya bağlı qaldılar

Onlar çətin vaxtlarda Yehovaya bağlı qaldılar

 İkinci Dünya müharibəsindən sonra Avropanın böyük qismi viran qalmışdı. Amma həmin vaxt xoş bir şey də baş vermişdi ­— Yehovanın Şahidləri və başqa insanlar nasist həbs düşərgələrindən azad edilmişdi. Bununla belə, həyat onlar üçün asan deyildi. Əksər insanlar kimi Yehovanın xalqı da qida, geyim və digər təməl ehtiyaclar sarıdan korluq çəkirdi. Çoxları evsiz qalmışdı. Karin Hartunq bacı deyir: «Qalmağa kifayət qədər yer olmadığından insanlar qohumlarının evlərində qalırdılar, ya da onların evlərində otaq kirayə tuturdular». Yeddi il yarım nasist həbs düşərgəsində olmuş Gertrud Pötzinger a bacı bir müddət alətlərin saxlanıldığı balaca bir anbarda yaşamışdı. O, stulun üstündə yatırdı.

 Müharibənin viran qoyduğu ərazilərdə yaşayan dindaşlarımızın tələbatlarını təmin etmək üçün Yehovanın təşkilatı nələr etmişdi? Bəs biz İkinci Dünya müharibəsindən sonrakı çətin dövrdə yaşamış dindaşlarımızdan nə öyrənə bilərik?

Dindaşlarımızın ehtiyacları qarşılanır

 Yehovanın təşkilatı Avropadakı bacı-qardaşların ehtiyaclarını qarşılamaq üçün dərhal hərəkətə keçdi. Baş idarədə xidmət edən Neytan Norr və Milton Henşel qardaş dindaşlarımızın nəyə ehtiyac duyduqlarını öyrənmək üçün onlara baş çəkdi. 1945-ci ilin noyabr və dekabr ayları ərzində onlar İngiltərə, İsveçrə, Fransa, Belçika, Niderland, Danimarka, İsveç, Finlandiya və Norveçə səyahət etdilər. Neytan qardaş belə demişdi: «İlk dəfə idi ki, müharibənin fəsadlarını öz gözlərimizlə görürdük».

Neytan Norr Helsinkidəki (Finlandiya) Şahidlərlə söhbət edir, 21 dekabr 1945-ci il

 Həmin vaxt Neytan qardaşa Almaniyaya daxil olmağa icazə verilməmişdi. Bununla belə, oradakı filialın nəzarətçisi Erix Frost b özü ölkədən çıxaraq Neytan qardaşla görüşməyə gəlmişdi. O bildirmişdi: «Neytan qardaş bizə faydalı məsləhət verdi və söz verdi ki, qida və geyim sarıdan bizə kömək edəcək. Çox keçməmiş, Almaniyaya külli miqdarda un, yağ, yulaf yarması və digər ərzaqlar göndərildi. Həmçinin digər ölkələrdən də bacı-qardaşlar bizə üst və alt paltarları, ayaqqabılarla dolu bağlamalar göndərmişdilər». Bacı-qardaşlar bu yardımı alanda göz yaşlarını saxlaya bilməmişdilər. Qardaş deyir: «Dindaşlarımız bircə dəfə yardım göndərməklə kifayətlənmədilər. Onlar düz iki il yarım bizə bu cür kömək etdilər» c.

Birləşmiş Ştatlardakı bacı-qardaşlar Avropadakı dindaşlarımıza ianə olunan pal-paltarları çeşidlərinə görə ayırırlar

Onlar ruhani cəhətdən möhkəm qaldılar

 Yaşayış şəraiti günü-gündən yaxşılaşırdı, bacı-qardaşlar isə diqqətlərini yayınmadan ruhani işlərə cəmləyirdilər. Onlara bu sahədə nə kömək edirdi?

Yurqen Rundel (qabaqdan solda) Avstriyadakı Şpittal-an-der-Drau yığıncağından olan qardaşlarla, 1954-cü il

 Onlar ruhani işlərdən qalmırdılar (Efeslilərə 5:15, 16). Müharibə ucbatından dindaşlarımıza Müqəddəs Kitaba əsaslanan nəşrləri əldə etmək çox çətin idi, üstəlik ruhani işlərdə artıq əvvəlki kimi müntəzəm iştirak edə bilmirdilər. Müharibədən sonra isə yığıncaq görüşləri, eləcə də təbliğ işi öz qaydasına düşməyə başladı. Avstriyada yaşayan Yurqen Rundel deyir: «“İnformator” d nəşri və səyyar nəzarətçilər vasitəsilə biz ruhani işlərdə aktiv olmağa təşviq olunurduq. Bütün diqqətimizi Yehovaya, İsaya, fərdi mütaliəyə və xidmətə cəmləmişdik. Televizor kimi fikrimizi yayındıracaq şeylər yox idi».

 Ulrike Krolop deyir: «Yadımdadır, Müqəddəs Kitabdan hər hansısa mövzunu dərindən araşdıranda bu mənə məmnunluq gətirirdi. Yoldaşım “Gözətçi qülləsi” nəşrinin son sayını əldə edən kimi hər şeyi qırağa qoyub onu araşdırardı. Bu sahədə o mənim üçün çox gözəl örnək idi». Yuxarıda adı çəkilən Karin bacı xatırlayır: «Müharibə vaxtı mal-mülkün bir göz qırpımında yox olduğunun şahidi olduq. Amma ruhani qida məhdud olsa da, imanımızı möhkəm saxlamaq üçün lazımi qədər idi. Yehova sadiq bəndələrinə həmişə nemətlər verir».

Ulrike Krolop

 Onlar təbliğ etməyə davam edirlər (Mətta 28:19, 20). Müharibə dövründə Yehovanın xidmətçiləri sərbəst şəkildə təbliğ edə bilmirdilər. Fridhelm adlı bir qardaş bölüşür: «Hamı tez bir zamanda təbliğ etməyə başladı». Ulrike bacı deyir: «Yoldaşımın ailəsinə təbliğ edən ilk Şahid hələ də düşərgə geyimində idi. Aydın idi ki, o ordan çıxan kimi təbliğə başlamışdı!». Yurqen xatırlayır: «Müharibədən sonra hamı şövqlə təbliğ edirdi. Bir çox gənc bacı-qardaşımız tamvaxtlı xidmətə başlamışdı».

 Ulrike əlavə edir: «Bombalanmış ərazilərdə həyat şəraiti bərbad vəziyyətdə idi». Çox insan uçuq-sökük binalarda yaşayırdı. Bəs Yehovanın Şahidləri onlara necə təbliğ edirdi? Ailəsi müharibədən sonra həqiqətə gəlmiş Ulrike qeyd edir: «Biz harada lampa işığı, ya da soba tüstüsü görürdüksə ora gedirdik».

 Onlar bir-birilərinə dayaq olurdular (1 Salonikililərə 5:11). Müharibə illərində Yehovanın Şahidləri ilə amansızcasına rəftar edirdilər. Lakin müharibə bitdikdən sonra onlar diqqətlərini çəkdikləri əzab-əziyyətə yox, bir-birilərinə dayaq olmağa cəmləmişdilər. Beləcə, sınanmış imanları onların sevincinə səbəb oldu (Yaqub 1:2, 3). Hal-hazırda Birləşmiş Ştatlarda yaşayan Yohanes bölüşür: «Həbs düşərgələrində olan səyyar nəzarətçimiz Yehovanın Öz xidmətçilərinə necə kömək etdiyi haqda çoxlu ruhlandırıcı hadisələr danışırdı. Onun danışdıqları imanımızı möhkəmləndirirdi».

 Müharibə sona çatanda bacı-qardaşlar Yehova ilə sıx münasibəti qoruyub saxlamışdılar. Yohanesin sözlərinə əsasən Şahidlər düşərgədə olduqları zaman Yehovanın onlara necə kömək etdiyini və onların dualarına necə cavab verdiyini daima xatırlayırdılar. Artıq qeyd edildiyi kimi, azadlığa çıxmış Şahidlər müntəzəm olaraq Müqəddəs Kitabı mütaliə edir, ibadət görüşlərində və təbliğ işində iştirak edirdilər. 1946-cı ildə Nürnberqdə keçirilən toplantıda iştirak etmiş Elizabet bacı deyir ki, həbsdən azad olunmuş bacı-qardaşlarımız hələ də arıq və zəif görünürdülər, buna baxmayaraq, onlar öz hadisələrini bizə nəql edəndə ruhla coşurdular (Romalılara 12:11).

Karin Hartunq

 Onlar dindaşlarına bağlı idilər (Romalılara 1:11, 12). Müharibə zamanı Şahidlər amansız təqiblərə görə bir-biri ilə sərbəst şəkildə ünsiyyət edə bilmirdilər. Karin bölüşür: «Diqqət çəkməmək və bacı-qardaşları təhlükəyə atmamaq üçün onlar bir-biriləri ilə nadir hallarda görüşürdülər». Sözsüz ki, müharibə bitən kimi vəziyyət tamamilə dəyişdi. Fridhelm qardaş deyir: «Onlar hər işi birgə görürdülər. İbadət görüşləri və xidmət həyatlarının başlıca amalı idi».

 Almaniyada ağsaqqal kimi xidmət edən Ditrix qardaş bölüşür: «Müharibədən sonra çox az sayda məsihinin maşını var idi. Buna görə də ibadət görüşlərinə piyada gedirdik. Amma bunu tək-tək yox, qruplar şəklində edirdik. Müntəzəm şəkildə birgə yol getmək bizi bir-birimizə yaxınlaşdırdı və biz bir ailə kimi olduq».

Bizim üçün örnək

 Bu gün Yehovanın bir çox xidmətçisi təbii fəlakətlərin, xəstəliyin, müharibənin, təqiblərin və maddi çətinliklərin səbəb olduğu problemlərdən əziyyət çəkir (2 Timutiyə 3:1). Lakin həddindən artıq narahat olmamalıyıq. Nasist rejimi dövründə Almaniyada yaşamış sadiq bacı-qardaşlarımızın nümunəsi bizi əmin edir ki, Allahımız bu son və ağır günlərdə bizə də dayaq olacaq. Buna görə də gəlin həvari Bulusun əhval-ruhiyyəsini əks etdirək. O yazmışdı: «Biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbranilərə 13:6).

a Gertrud Pötzinqer bacının bioqrafiyasını «Almaniyada müharibədən sonra Padşahlığı birinci yerə qoymuşduq» adlı məqalədən (ing.) oxuya bilərsiniz.

b Erix Frost qardaşın bioqrafiyasını «Allaha iman sayəsində totalitar inkvizisiyadan qurtuluş» adlı məqalədən (ing.) oxuya bilərsiniz.

c İkinci Dünya müharibəsindən sonra yardım işləri haqda daha ətraflı məlumat almaq üçün «Onlar ən yaxşısını verdilər» adlı məqaləyə, həmçinin «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 211, 218 və 219-cu səhifələrindəki çərçivələrə baxın.

d İndi yığıncaqda «Məsihi həyatı və ibadəti. İş dəftəri» istifadə olunur.