ARXİVİMİZDƏN
Ümumdünya savadlandırma işi
«Mən kənd yerində böyümüşəm. Çox kasıb idik. İşləyib evə kömək etmək üçün məktəbi atdım», — deyə Braziliyada yaşayan Aqostino nəql edir. Aqostino 33 yaşına kimi yazıb-oxumağı bacarmırdı. O deyir: «Yazıb-oxumağı öyrənəndə özümə hörmətim, əminliyim artdı».
Aqostino Yehovanın Şahidlərinin son 70 il ərzində yazıb-oxumağı öyrətdiyi 250 000-dən çox insandan biridir. Bəs nəyə görə Yehovanın Şahidləri belə kurslar təşkil edir? Bunun insanlara hansı faydası var?
Savadsızlıq əngəldir
1930-cu ilin ortalarında Yehovanın Şahidləri artıq 115 ölkədə təbliğ edirdi. Başqa dillərdə danışan insanlara müjdəni çatdırmaq üçün xüsusi təyinatlı müjdəçilər Müqəddəs Kitaba əsaslanan məruzələrin tərcüməsinin audioyazılarını səsləndirir, bəzən isə yerli dillərdə nəşrlər paylayırdılar. Çoxları böyük maraq göstərirdi, amma savadsızlıq Müqəddəs Kitabı öyrənməyə əngəl törədirdi.
Müqəddəs Kitabı özləri oxuya bilməyən insanlar oradakı məsləhətləri də öyrənib əməl edə bilmirdilər (Yuşə 1:8; Zəbur 1:2, 3). Həmçinin məsihi məsuliyyətlərini də icra etməyə çətinlik çəkirdilər. Məsələn, oxuya bilməyən valideynlər övladlarına Müqəddəs Kitabda yazılanları öyrədəndə əziyyət çəkirdi (Qanunun təkrarı 6:6, 7). Oxuya bilməyən yeni Şahidlər başqalarına dərs keçərkən Müqəddəs Kitabdan istifadə edə bilmirdi.
Savadlandırma kursları
1940—1950-ci illərdə Yehovanın Şahidlərinə rəhbərlik edənlərdən Neytan Norr və Milton Henşel təbliğ işinin təşkilinə kömək etmək üçün müxtəlif ölkələrə səfərlər edirdi. Savadsızlığın geniş yayıldığı ölkələrdə filialları təşviq edirdilər ki, yığıncaqlarda savadlandırma kursları açsınlar.
Filiallar kursların keçirilməsi ilə bağlı yığıncaqlara göstərişlər göndərirdi. Bəzi ölkələrdə Şahidlər dövlətin tərtib etdiyi proqramlardan istifadə edirdi. Məsələn, Braziliyada hökumət filiala vəsaitlər və dərsliklər vermişdi, filial da onları yığıncaqlara göndərmişdi. Digər ölkələrdə isə Şahidlərin özləri proqram tərtib edirdi.
Savadlandırma kurslarına hər kəs — kişi, qadın, gənc, yaşlı gələ bilərdi. Məqsəd insanlara öz ana dilində oxumağı öyrətmək idi. Hətta bəzən bir yığıncağın içində bir neçə dildə dərs keçilirdi.
İnsanlara xeyri
Savadlandırma kurslarının insanlara hansı xeyri olub? Meksikada yaşayan bir Yehovanın Şahidi deyir: «İndi mən Müqəddəs Kitabı başa düşürəm, oxuduqlarım ürəyimə təsir edir. Oxumağı bacardığım üçün insanlarla rahat söhbət edirəm və Müqəddəs Kitabdakı xəbəri daha çox insana çatdırıram».
Savadlandırma kurslarının faydası təkcə Müqəddəs Kitabı başa düşməkdən ibarət olmayıb. Burundidə yaşayan İsaq deyir: «Yazıb-oxumağın sayəsində tikinti işini də öyrəndim. İndi tikintidə, böyük layihələrdə supervayzer işləyirəm».
Peruda yaşayan Hesusa savadlandırma kursuna gələndə 49 yaşında idi. O deyir: «Mən evdar qadınam. Əvvəllər marketdə ərzaqların adını, qiymətini oxuya bilmirdim. Amma bu kursun sayəsində indi ailəm üçün rahat alış-veriş edirəm».
İllər ərzində bir çox ölkələrdə dövlət məmurları savadlandırma sahəsində gördükləri işlərə görə Yehovanın Şahidlərini tərifləyiblər. Yehovanın Şahidləri günü bu gün də ildən-ilə təkmilləşmiş proqram və vəsaitlərdən istifadə edərək savadlandırma kursları keçirir. Onlar həmçinin oxumağı öyrətmək, eləcə də az savadlı insanlara kömək etmək üçün 720 dildə broşür tərtib etmiş və təxminən 224 milyon nüsxə çap etmişlər a.
a Misal üçün, «Oxumaqla və yazmaqla məşğul ol» broşürü 123 dildə, «Allahın sözünə qulaq as» broşürü isə 610 dildə mövcuddur.