Həyat necə əmələ gəlib?
Növbəti cümləni necə tamamlayardınız?
HƏYAT...
NƏTİCƏSİNDƏ ƏMƏLƏ GƏLİB.
TƏKAMÜL
YARADILIŞ
Düşünə bilərsiniz ki, elmə üstünlük verən adam A variantını, dinə üstünlük verən isə B variantını seçəcək.
Amma həmişə belə olmur.
Əslində, alimlər də daxil olmaqla, bir çox ali təhsilli insanlar təkamül nəzəriyyəsinin doğruluğuna şübhə ilə yanaşırlar.
Entomologiya üzrə professor Jerard Hertelin nümunəsinə nəzər salaq. Onun oxuduğu kollecdə təkamül nəzəriyyəsi keçirilirdi. O bölüşür: «İmtahanlar zamanı professorları qane edəcək cavablar verirdim, amma əslində dediklərimə inanmırdım».
Nəyə görə elmə üstünlük verən insanlar belə, həyatın təkamül nəticəsində əmələ gəldiyini qəbul etmirlər? Bu suala cavab vermək üçün gəlin ilk öncə tədqiqatçıları çıxılmaz vəziyyətdə qoyan iki sualı nəzərdən keçirək: 1) Həyat necə əmələ gəlməyə başlayıb? 2) Canlılar necə inkişaf edib?
Həyat necə əmələ gəlməyə başlayıb?
BƏZİLƏRİNİN FİKRİNCƏ: həyat təsadüf nəticəsində cansız maddədən əmələ gəlib.
NƏYƏ GÖRƏ BU FİKİR ÇOXLARINI QANE ETMİR? İndiki zəmanədə alimlərin kimya sahəsində və həyatın molekulyar quruluşu barədə biliyi daha çoxdur. Amma onlar hələ də həyatın tərifini verə bilmirlər. Çünki cansız maddə ilə ən sadə canlı hüceyrə arasında böyük bir uçurum var.
Alimlər milyard illər bundan əvvəl yer üzündəki şəraitin necə olduğunu yalnız ehtimal edə bilərlər. Onlar həyatın harada əmələ gəlməsi ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər. Məsələn, bəziləri düşünür ki, həyat vulkanda və ya okeanda əmələ gəlib. Digərləri isə hesab edir ki, həyatı əmələ gətirən ilk elementlər kosmosda formalaşıb və meteoritlə daşınaraq yer üzünə çatıb. Amma bütün bunlar həyatın necə yox, harada yarandığı sualına cavab verir.
Alimlərin irəli sürdüyü tezisə görə, bu gün elmə məlum olan genetik materiala çevrilən hansısa molekullar əzəldən mövcud olub. Həmin molekullar təsadüf nəticəsində cansız maddədən öz-özünə yaranıb və özünü təkrarlama qabiliyyətinə malik olub. Amma belə bir molekulların nə vaxtsa mövcud olduğuna dair onların əlində heç bir sübut yoxdur. Üstəlik, alimlər laborator şəraitdə bir dənə də olsun, bu cür molekul yarada bilməyiblər.
Yalnız canlı orqanizmlər məlumatı saxlaya və onu sintez edə bilir. Hüceyrə genetik kodundakı göstərişləri daşıyır, oradakı məlumatı şərh edir və realizə edir. Bəzi alimlər genetik kodu kompüterin proqram təminatına, hüceyrənin kimyəvi tərkibini isə aparat təminatına bənzədirlər. Lakin təkamül genetik koddakı məlumatın haradan qaynaqlandığını izah edə bilmir.
Hüceyrənin fəaliyyəti üçün zülal molekullarının olması mütləqdir. Sadə zülal molekulunun tərkibində bir-birinə müəyyən ardıcıllıqla birləşən yüzlərlə amin turşuları var. Bundan əlavə, zülal molekulunun fəaliyyəti üçün o, üçölçülü forma şəklində bükülməlidir. Bəzi alimlər qənaətinə gəlmişlər ki, hətta bir zülal molekulunun belə öz-özünə yaranma ehtimalı demək olar ki, mümkün deyil. Fizik Pol Deviz yazır: «Nəzərə alsaq ki, bir hüceyrənin fəaliyyəti üçün minlərlə müxtəlif zülal tələb olunur, zülalların təsadüf nəticəsində əmələ gəlməsi ağlabatan deyil».
NƏTİCƏ. Elmin demək olar ki, bütün sahələrində uzun illər ərzində aparılan tədqiqatlar sübut edir ki, həyat yalnız həyatdan əmələ gələ bilər.
Canlı varlıqlar necə inkişaf edib?
BƏZİLƏRİNİN FİKRİNCƏ: ilk canlı orqanizm mutasiyalar və təbii seçmə nəticəsində tədricən müxtəlif canlı varlıqlara, habelə insanlara çevrilib.
NƏYƏ GÖRƏ BU FİKİR ÇOXLARINI QANE ETMİR? Bəzi hüceyrələr digərlərindən daha mürəkkəbdir. Bir elmi mənbəyə əsasən, sadə hüceyrənin mürəkkəb hüceyrəyə necə çevrilməsi «həyatın necə əmələ gəlməsindən sonra təkamülün izah edə bilmədiyi ikinci ən böyük sirdir».
Alimlər hər hüceyrənin daxilində mürəkkəb molekulyar mexanizmlər aşkar edib. Bu mexanizmlər zülal molekullarından ibarətdir və onlar birgə çalışaraq mürəkkəb işlər həyata keçirir: qida maddələrini daşıyıb enerjiyə çevirir, hüceyrə hissələrini bərpa edir və hüceyrə daxilində siqnallar ötürür. Bəs mutasiyalar və təbii seçmə nəticəsində bu cür mürəkkəb komponentlərin bir araya gəlib fəaliyyət göstərməsi mümkündürmü? Çoxları bunun mümkün olmadığını düşünür.
Heyvanlar da, insanlar da bir mayalanmış yumurtadan inkişaf edir. Rüşeymin içində hüceyrələr artır və müəyyən olunaraq fərqli quruluş və funksiyalar alıb bədənin hansısa hissəsini əmələ gətirir. Hüceyrə hansı funksiyanı yerinə yetirməli olduğunu və orqanizmdə hansı istiqamətdə hərəkət etməli olduğunu təkamül izah edə bilmir.
Alimlər qəbul edir ki, bir növ heyvanın başqa növ heyvana çevrilməsi üçün dəyişikliklər hüceyrənin tərkibində baş verməlidir, yəni molekulyar səviyyədə olmalıdır. Amma alimlərin «ən sadə» hüceyrənin necə təkamül etdiyini göstərə bilmədikləri halda, planetimizdə cürbəcür heyvanların təsadüfi mutasiyalar və təbii seçmə sayəsində yarandığını düşünmək nə dərəcədə məntiqə uyğundur?! Biologiya elmi üzrə professor Maykl Bihi deyir ki, heyvanların quruluşunu araşdırarkən alimlər düşünmədikləri dərəcədə, heyrətamiz kompleksin şahidi olublar. Amma onlar bunun şüursuz proseslər nəticəsində necə əmələ gəldiyini hələ də izah edə bilmirlər.
İnsanın şüuru və zehni olduğu üçün o düşünüb nəticə çıxara bilir. Ona səxavət və fədakarlıq kimi xüsusiyyətlər xasdır. Eləcə də onun yaxşını pisdən ayırmaq bacarığı var. Mutasiyalar və təbii seçmə isə insanda bu cür ülvi xüsusiyyətlərin haradan olduğunu açıqlamaq iqtidarında deyil.
NƏTİCƏ. Çoxları həyatın mənşəyinin təkamül olduğunu israr etsələr də, digərləri həyatın necə əmələ gəlməsi və inkişaf etməsinə dair təkamülün gətirdiyi əsasları tutarlı saymır.
Tutarlı cavab
Əksər insanlar yaradılış faktını götür-qoy etdikdən sonra həyatın Ali Zəkanın əl işi olduğu qənaətinə gəlirlər. Misal üçün, bir vaxtlar ateizmin qızğın müdafiəçisi olan professor-filosof Entoni Flünü götürək. O, Kainatın fiziki qanunlarını araşdırandan və canlıların nə dərəcədə mürəkkəb olduğunu öyrənəndən sonra öz fikrini dəyişdi. O, qədim filosofların təbirincə belə yazmışdı: «Biz faktların apardığı istiqamətdə getməliyik». Professor Flünün fikrincə, bütün faktlar Dahi Yaradanın varlığına işarə edir.
Yuxarıda adı çəkilən professor Jerard da bu nəticəyə gəlib. Ali təhsilinə və entomologiya sahəsində irəliləyişlərinə baxmayaraq, o deyir: «Həyatın təsadüflər nəticəsində cansız maddədən yaranması fikrinin lehinə heç bir sübut görmədim. Canlı orqanizmlərin nizamlılığı və kompleks quruluşu məni əmin etdi ki, bütün xilqətin Xaliqi var».
Necə deyərlər, rəssamı onun əsərlərindən tanımaq olar. Jerard da Yaradanı canlı aləmi tədqiq etməklə tanıdı. O həmçinin Yaradana məxsus olan kitabı — Müqəddəs Kitabı oxudu (2 Timutiyə 3:16). Professor oradan bəşəriyyətin keçmişi barədə öyrəndi və insanların üzləşdiyi problemlərin həll yolunu tapdı. Beləcə, o əmin oldu ki, Müqəddəs Kitabın müəllifi də Külli-İxtiyar Yaradandır.
Jerard öz təcrübəsindən gördü ki, Müqəddəs Kitabdakı cavablar etibara layiqdir. Məsləhət görürük ki, siz də bu kitabı oxuyasınız.