Korrupsiyanın kökü kəsiləcək?
Dövlət məmurları arasında korrupsiya ağır nəticələri olan qlobal problemdir a. Məsələn, COVID-19 pandemiyası zamanı bir sıra ölkələrin dövlət məmurları pandemiya ilə mübarizə üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham olunmuşdular. Bu cür korrupsiya halları ucbatından insanlar ehtiyac duyduqları tibbi yardımı ala bilmirdilər, bu isə saysız-hesabsız insanların ölümünə və əzabına səbəb oldu.
Hökumət dairələri arasında korrupsiyanın fəsadları böyük olur. Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron demişdi: «Korrupsiya böyük, dolaşıq bir tordur və bütün dövlətlər bu tora düşüb».
Bununla belə, biz əminik ki, tezliklə korrupsiyaya tamamilə son qoyulacaq. Bu əminlik bizdə haradandır? Görün bu barədə Müqəddəs Kitabda nə deyilir.
Nəyə görə əminik ki, Allah korrupsiyanın kökünü kəsəcək?
Müqəddəs Kitabda Allah belə sözlər deyib: «Mən Yehova ədaləti sevirəm, soyğunçuluğa, nadürüstlüyə nifrət edirəm» (Əşiya 61:8) b. İnsanlar korrupsiyaya görə əzab çəkəndə bu, Allahın gözündən yayınmır (Məsəllər 14:31). Yehova vəd edir ki, «ayağa [qalxacaq], çünki məzlumlar sıxışdırılır» (Zəbur 12:5).
Bəs Allah nə edəcək? Mövcud hökumətlərdə islahatlar aparmaqdansa, O onları «Allahın Padşahlığı» adlanan səmavi hökumətlə əvəz edəcək (Mark 1:14, 15; Mətta 6:10). Müqəddəs Kitabda deyilir: «Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq... bütün bu [qalan] padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq» (Dənyal 2:44). Bu gün dünyanı ağuşuna alan korrupsiyaya Allah məhz belə son qoyacaq.
Korrupsiyasız hökumət
Nəyə görə əminik ki, səmavi hökumətdə korrupsiya olmayacaq? Gəlin növbəti səbəblərə baxaq.
1. Hakimiyyət. Səmavi hökumətə hakimiyyəti Külli-İxtiyar Allah verib (Vəhy 11:15).
Nəyə görə bu, vacib amildir? Çünki bəşər hökumətləri vətəndaşlarından gələn pullar hesabına maliyyələşir. Bu isə çox vaxt rüşvətxorluğa, oğurluğa və fırıldağa yol açır. Amma səmavi hökumətə hər şeyi Külli-İxtiyar Yehova verir. Ona görə də bu hökumət təbəələrini hər şeylə özü təmin edəcək (Zəbur 145:16).
2. Hökumətin rəhbəri. Yehova Allah səmavi hökumətə rəhbər İsa Məsihi təyin edib (Dənyal 7:13, 14).
Nəyə görə bu, vacib amildir? Hətta ən yaxşı rəhbər belə pis təsirə məruz qalır (Vaiz 7:20). İsa sübut etmişdi ki, rüşvət almır (Mətta 4:8—11). Bundan əlavə, o öz təbəələrini bütün qəlbi ilə sevir və onların rifahı ilə yaxından maraqlanır (Zəbur 72:12—14).
3. Hökumətin qanunları. Səmavi hökumətin qanunları mükəmməldir və onlara əməl edənlərə sevinc bəxş edir (Zəbur 19:7, 8).
Nəyə görə bu, vacib amildir? İnsan qanunları çox vaxt mürəkkəb, ağır yük kimi olur və düzgün icra olunmur. Bütün bunlar korrupsiya üçün zəmin yaradır. Allahın qanunları isə praktiki və faydalıdır (Əşiya 48:17, 18). Bundan əlavə, bu qanunlar insanların təkcə əməllərini deyil, niyyətlərini də tənzimləyir (Mətta 22:37, 39). Ürəkləri görən Allah qanunlarına əməl olunmasına nəzarət edir və eyni zamanda insanlara anlayış göstərir (Ərəmya 17:10).
Sizi Müqəddəs Kitabdakı korrupsiyasız hökumət vədi barədə daha çox öyrənməyə dəvət edirik.
Allahın Padşahlığında korrupsiyanın heç vaxt olmayacağının digər üç səbəbini öyrənmək üçün «Allahın Padşahlığı. Korrupsiyasız hökumət» məqaləsini oxuyun.
Səmavi hökumət və onun yer üzündə nələr edəcəyi barədə daha çox öyrənmək üçün «Allahın Padşahlığı» videosuna baxın.
Pulsuz interaktiv Müqəddəs Kitab dərsləri üçün müraciət edin və görün Müqəddəs Kitab vədlərinin gerçəkləşməsi sizin həyatınızı yaxşılığa doğru necə dəyişə bilər.
a Korrupsiya sözünə verilən təriflərdən birinə görə, bu, vəzifəli şəxslərin öz mənfəətləri üçün səlahiyyətlərindən sui-istifadə etməsi deməkdir.
b «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.