Kontentə keç

Mündəricatı göstər

Həddən artıq narahatçılıqdan necə azad olmaq olar?

Həddən artıq narahatçılıqdan necə azad olmaq olar?

 Həddən artıq narahatçılıq sizin fiziki və emosional sağlamlığınıza ziyan vura, hətta indi üzləşdiyiniz problemlərdən də böyük problemlərə səbəb ola bilər.

Həddən artıq narahat olmamaq üçün məsləhətlər

  •  Pis xəbərlərə az baxın. Hər hansı pis hadisənin bütün təfsilatlarını bilməyə dəyməz. Pis xəbərlərə çox baxsanız, qorxu və ümidsizlik hissiniz artacaq.

     Müqəddəs Kitab prinsipi. «Şad ürək cana məlhəmdir, sınıq qəlb canı üzər» (Məsəllər 17:22).

     «Xəbərlərə, xüsusilə də tükürpədici xəbərlərə baxmaq insanda vərdiş halını ala bilər, amma bu, yaxşı vərdiş deyil. Xəbərlərə daha az baxmağa başlayandan narahatçılıq hissim azalıb» (Con).

     Düşünün. Hansısa hadisə barədə son məlumatları bilməyiniz mütləqdir?

  •  Gündəlik rejimə əməl edin. Çalışın eyni vaxtda oyanasınız, yemək yeyəsiniz, ev işlərini görəsiniz və yatmağa gedəsiniz. Rejim sayəsində həyatda sabitlik hiss edəcəksiniz və narahatçılığınızı azaldacaqsınız.

     Müqəddəs Kitab prinsipi: «Çalışqanın niyyəti uğur gətirər, tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5).

     «COVID-19 pandemiyası başlayandan rejimim tamamilə pozulmuşdu və bir də gördüm ki, istirahət və əyləncəyə həddən artıq çox vaxt sərf edirəm. Vaxtımdan düzgün istifadə etmək istəyirdim, ona görə gündəlik işlərin qrafikini tutdum» (Cozef).

     Düşünün. Hər günün sonunda sizə gününüzün hədər getmədiyini hiss etməyə kömək edən qrafikiniz var?

  •  Fikrinizi müsbət şeylərə cəmləyin. «Birdən başıma filan iş gəldi, birdən filan şey baş verdi» kimi şeylər barədə düşünmək narahatçılığınızı daha da artıracaq. Bunun əvəzinə, minnətdar olduğunuz iki—üç şey barədə düşünün.

     Müqəddəs Kitab prinsipi: «Şükür edənlərdən olun» (Koloslulara 3:15).

     «Müqəddəs Kitabı oxumaq sayəsində bədbin fikirlərdən azad oluram və fikrim müsbət şeylərə cəmlənir. Bu, adi səslənə bilər, amma Müqəddəs Kitabı oxumaq həqiqətən də kömək edir» (Liza).

     Düşünün. Siz həyatınızdakı müsbət şeyləri nəzərə almadan yalnız mənfi məqamlara diqqət yetirməyə meyillisiniz?

  •  Başqalarını düşünün. Narahatçılıq keçirən insanlar adətən özlərinə qapanır. Amma bunu etməyə dəyməz. Ondansa, köməyə ehtiyacı olanlara necə kömək edə biləcəyiniz barədə düşünün.

     Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

     «Başqaları üçün nəsə edəndə özümü çox xoşbəxt hiss edirəm. Həm onlara sevinc yaşadıram, həm də öz narahatçılıqlarımdan azad oluram, çünki narahatçılıq üçün vaxtım qalmır» (Mariya).

     Düşünün. Ətrafınızdakı insanlardan kimin daha çox köməyə ehtiyacı var və siz ona necə kömək edə bilərsiniz?

  •  Sağlamlığınızın qeydinə qalın. İdmana və istirahətə kifayət qədər vaxt ayırın. Sağlam qidalanın. Fiziki sağlamlığınızın qeydinə qalsanız, həyata baxışınız daha nikbin olacaq və narahatçılığınız azalacaq.

     Müqəddəs Kitab prinsipi: «Fiziki məşq bədən üçün faydalıdır» (1 Timutiyə 4:8, «Contemporary English Version»).

     «İndi oğlumla çöldə istədiyimiz qədər vaxt keçirə bilmirik, ona görə də evdə müntəzəm olaraq idmanla məşğul oluruq. Bunun sayəsində əhval-ruhiyyəmiz yaxşılaşıb və bir-birimizlə daha yaxşı yola gedirik» (Ketrin).

     Düşünün. Sağlamlığınızı yaxşılaşdırmaq üçün, bəlkə, sizə sağlam qidalanmaya keçmək və daha çox idman etmək lazımdır?

 Çoxları görmüşlər ki, narahatçılığın öhdəsindən gəlməyə təkcə bu məsləhətlər yox, həm də Müqəddəs Kitabda gözəl gələcəyə dair verilən vədlər də kömək edir. «Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?» adlı məqaləyə baxın.