Kontentə keç

Mündəricatı göstər

Terrorizmin sonu olacaq?

Terrorizmin sonu olacaq?

 Terror aktı baş verəndə çoxları düşünür: «Görəsən, Allah bunları görür? Belə dəhşətli hadisələr niyə baş verir? Terrorizmin a sonu olacaq? Terror aktının qurbanı olmaq qorxusundan necə azad olum?» Müqəddəs Kitab bu suallara qaneedici cavablar verir.

Allah terrorizmə necə baxır?

 Allah zorakılığa və terrorizmə nifrət edir (Zəbur 11:5; Məsəllər 6:16, 17). Allahın nümayəndəsi olan İsa Məsihin şagirdləri zorakılığa əl atanda o onları buna görə mühakimə etdi (Mətta 26:50—52). Zorakı əməllər törədən bəzi insanlar iddia edir ki, bunu Allahın adı ilə edirlər. Lakin Allah onlara belə səlahiyyət verməyib. Əslində, Allah zorakı insanların dualarına belə qulaq asmır (Əşiya 1:15).

 Allah müxtəlif bəlalardan, o cümlədən terror aktlarından zərər çəkmiş insanların halına acıyır (Zəbur 31:7; 1 Butrus 5:7). Müqəddəs Kitabda deyilir ki, Allah zorakılığa son qoymaq üçün tezliklə hərəkətə keçəcək (Əşiya 60:18).

Terrorizmin əsas səbəbi

 Müqəddəs Kitabda terrorizmin əsl səbəbi göstərilib. Orada deyilir ki, «bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Keçmişdə olduğu kimi, bu gün də ixtiyar sahibləri başqalarına zülm etmək üçün terrora əl atırlar. Haqları tapdalananlar isə bəzən terrora terrorla cavab verirlər (Vaiz 7:7).

Terrorizmin sonu

 Allah vəd edir ki, zorakılığa son qoyacaq və yer üzündə sülhü bərqərar edəcək. İnsanları qorxudan daha heç nə olmayacaq (Əşiya 32:18; Mikə 4:3, 4). Müqəddəs Kitaba əsasən, Allah növbəti dəyişiklikləri edəcək:

  •   Terrorizmin əsas səbəbini aradan qaldıracaq. Allah insan hökumətlərini Öz hökuməti ilə əvəz edəcək və bütün dünyanı bu hökumət idarə edəcək. Bu hökumətin hökmdarı İsa Məsih hamı ilə ədalətlə rəftar edəcək, insanları zülmdən və zorakılıqdan qurtaracaq (Zəbur 72:2, 14). O vaxt daha heç kəs terrorizmə əl atmayacaq. İnsanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).

  •   Terrorizmin bütün nəticələrini yox edəcək. Terror aktlarının insanların ürəklərinə və bədənlərinə vurduğu yaraları sağaldacaq (Əşiya 65:17; Vəhy 21:3, 4). O hətta ölənləri dirildəcəyinə, onların bərpa edilmiş cənnətdə əmin-amanlıq içində yaşayacaqlarına söz verir (Yəhya 5:28, 29).

 Müqəddəs Kitabdakı tutarlı səbəblər bizi Allahın tezliklə hərəkətə keçəcəyinə əmin edir. Amma ola bilsin ki, sizi «nəyə görə Allah indiyə qədər terrorizmə son qoymayıb?» sualı narahat edir. Cavabı öyrənmək üçün «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxın.

a «Terrorizm» əsasən mülki əhaliyə qarşı yönəldilmiş zorakılıq aktı və ya zorakılıq aktı törətməklə hədələmədir. Onun məqsədi vahimə yaratmaq, eləcə də siyasi, dini və ya sosial hədəflərə nail olmaqdır. Hansı hərəkəti terror aktı sayıb-saymamağa dair ortaq fikir yoxdur.