Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

«İsa Məsihin xidməti» filmi. Səhnəarxası görülən işlər

«İsa Məsihin xidməti» filmi. Səhnəarxası görülən işlər

1 OKTYABR 2024

 Yehovanın Şahidləri üçün bu il ən əlamətdar hadisələrdən biri «İsa Məsihin xidməti» filminin birinci bölümünün işıq üzü görməsi oldu. Bu filmə milyonlarla insan baxıb. Bu, on səkkiz bölümdən yalnız birincisi idi! Görün bu filmi ərsəyə gətirmək üçün səhnə arxasında hansı işlər görülür və bu işin irəliləməsinə siz necə dəstək olursunuz.

Aktyorlara və çəkiliş heyətinə göstərilən qayğı

 Filmin çox hissəsinin çəkildiyi Avstralaziya filialında hər səhnənin çəkilişində təxminən 50—80 nəfər iştirak edir a. Aktyorlara və çəkiliş heyətinə nahar, şam yeməyi və qəlyanaltı verilir. Hansı yeməklərin hazırlanıb veriləcəyi əvvəlcədən planlaşdırılır. Ərzaq təchizatı şöbəsində xidmət edən Ester deyir: «Sərfəli qiymətə ən yaxşı ərzaqları almaq üçün biz müxtəlif təchizatçılarla işləyirik. Həmçinin israfçılıq olmasın deyə reseptlərdəki ərzaqların miqdarına daima dəyişiklik edirik». Hər gün biz adambaşı dörd ABŞ dolları xərcləyirik.

 Aktyorları və çəkiliş heyətini təkcə qida ilə təmin etmək kifayət deyil. Həmçinin onları bir təhlükədən qorumaq da lazım gəlir. Hansı təhlükədən? Avstraliyada isti və günəşli günlərin sayı çox olur. Bununla yanaşı, havada ultrabənövşəyi şüaların səviyyəsi də yüksək olur. Yaranan riskləri minimuma endirmək və isti ilə mübarizə aparmaq üçün zəhmətkeş bacı-qardaşlar çadırlar qurur və sərinləmək üçün xüsusi məntəqələr yaradırlar. Üstəlik, günəş əleyhinə kremlər, çətirlər və sular hazır vəziyyətdə saxlanılır. Audio/Video Xidmətləri şöbəsində çalışan Kevin deyir: «Kömək edən bacı-qardaşların çoxu könüllülərdir. Onlar tapşırılan hər işi təvazökarlıq və sevinclə görürlər. Onların köməyi olmadan bu layihəni həyata keçirə bilməzdik».

Filialdan kənarda aparılan çəkilişlər

 Bəzi səhnələr filialın çəkiliş üçün ayrılmış ərazisində və ya studiyada çəkilərsə, real görünməyəcək. Belə məqamlarda çəkilişlər studiyadan kənarda aparılır. Qədim dövrlərə aid səhnələri çəkmək üçün aktyorlar və çəkiliş heyəti elektrik xətlərinin, asfaltlı yolların və müasir tikililərin olmadığı uzaq ərazilərə tez-tez getməli olurlar. Onların kostyumlarını, rekvizitləri və digər əşyaları qablaşdırmaq və daşımaq, eləcə də çəkiliş məkanında təhlükəsiz saxlamaq üçün tədbirlər görülür. Çəkiliş başlamazdan əvvəl təyin olunmuş qardaşlar içməli suyun olduğunu, eləcə də generatorların və ayaqyollarının işlək vəziyyətdə olduğunu yoxlayırlar. Aktyorlar və çəkiliş heyəti yerli qonaqpərvər bacı-qardaşların evlərində, treylerlərdə, hotellərdə və mobil evlərdə qalırlar.

Uzaq ərazilərdə aparılan çəkilişlərin öz çətinliyi var

 Filialdan kənarda aparılan çəkilişlər bəzən baha başa gələ, vaxt apara və yorucu ola bilər. Buna görə də Rəhbərlik Şurası 2023-cü ildə dəyəri 2,5 milyon ABŞ dolları olan böyük videoekran aldı. Bu ekranda nümayiş etdirilən yüksək keyfiyyətli videolar və müvafiq işıqlandırma sayəsində elə təəssürat yaratmaq olur ki, sanki çəkilişlər açıq havada aparılıb. Nəticədə, biz filialdan kənarda tez-tez apardığımız çox xərc tələb edən çəkilişlərdən qaça bildik. Avstralaziya filial komitəsinin üzvü Deren qardaş deyir: «Bu yeni videoekran sayəsində aktyorlar həddən artıq yorulmur və eyni səhnəni təkrar-təkrar çəkmək olur. Məsələn, açıq havada çəkiliş aparsaydıq, günəşin batmasını çəkməyə bir neçə dəqiqəmiz olardı. Amma bu videoekran sayəsində istədiyimiz kadrı alanadək çəkiliş apara bilirik».

Çəkilişdən qabaq videoekran quraşdırılır və sınaqdan keçirilir

«Nəyisə qurban verdiyimi hiss etmirdim»

 «İsa Məsihin xidməti» filminin hər bölümünün ərsəyə gəlməsində yüzlərlə aktyor və çəkiliş heyəti iştirak edir. Onların qayğısına qalmaq üçün bacı-qardaşların gördüyü işlər barədə aktyor və çəkiliş heyəti nə düşünür?

 Layihədə iştirak etmək üçün yaşadığı Melburn şəhərindən 700 km yol qət etmiş Amber deyir: «Hava limanına çatandan Beyteldəki qardaşlar qayğıma qalmağa başladılar. Beyteldə xidmət edən bacı-qardaşlar məni yeməyə və çaya dəvət edirdilər. Çəkiliş meydanında sevildiyimi hiss edirdim, hər kəs mənim rahatlığım üçün çalışırdı. Bu səfər zamanı çoxlu nemətlər aldım. Nəyisə qurban verdiyimi hiss etmirdim!»

 Çəkiliş heyəti ilə əməkdaşlıq edən Derek deyir: «Layihəyə başlayandan bir çox şöbələr bizə dəstək olur. Bu layihəyə görə vaxtını, gücünü və vəsaitlərini qurban verən bacı-qardaşlara görə çox minnətdaram. Onlar kömək etməyə hazırdırlar və çox mehribandırlar. Yehova həm onlara, həm də bizə bol xeyir-bərəkət verir. Əminəm ki, Yehova təkcə gördüyümüz işin nəticəsinin yox, həmçinin bu işin necə görüldüyünün də qayğısına qalır».

 Bu filmin çəkilişləri həm donate.pr418.com, həm də digər yollarla etdiyiniz ianələr sayəsində mümkün olub. İanələrinizə görə sizə çox minnətdarıq.

a Avstralaziya filialı Avstraliya və Sakit okeanın cənubunda yerləşən ərazilər də daxil olmaqla, bir çox ölkələrə nəzarət edir. Filial Avstraliyanın Sidney şəhərində, şəhərdən kənarda yerləşir.