Kontentə keç

Mündəricatı göstər

Mont Eyboda yerləşən studiyaya filmin çəkilişləri üçün 27,5 tondan çox əzilmiş daş gətirilmişdi

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısı üçün video istehsalı

2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantısı üçün video istehsalı

10 AVQUST 2020

 Regional toplantılarda baxdığımız videolar ürəyimizə təsir edir və Müqəddəs Kitab təlimlərini daha dərindən başa düşməyə kömək edir. 2020-ci ilin «Həmişə sevinin!» adlı regional toplantı proqramı, Rəhbərlik Şurasının və köməkçilərinin çıxış etdiyi 43 məruzə də daxil olmaqla, 114 videodan ibarətdir. Sizə maraqlıdır, bu videoların istehsalına nə qədər zəhmət və xərc çəkilib?

 Bu proqram dünyanın müxtəlif ölkələrindən olan təxminən 900 bacı-qardaşımızın vaxtı və bacarığı sayəsində ərsəyə gəlib. Onlar ümumilikdə bu layihəyə 2 ildən çox vaxt ərzində təxminən 100 000 saat sərf ediblər. Bu layihəyə Müqəddəs Kitaba əsaslanan «Nəhəmya. “Yehovanın bəxş etdiyi sevinc sizə qaladır”» adlı 76 dəqiqəlik film də daxildir. Bu filmi tamamlamaq üçün 70 000 saat sərf olunmuşdu.

 Yəqin siz də başa düşürsünüz ki, bu fədakar könüllüləri yaşayış yeri ilə təmin etmək, gündəlik tələbatlarını ödəmək, eləcə də işi başa çatdırmaq üçün texniki infrastruktur, avadanlıqlar və məkanlar təşkil etmək üçün külli miqdarda pul sərf olunub.

 «Rəhbərlik Şurasının Təlim komitəsi videolarımızda fərqli mədəniyyətlərin və ərazilərin yer almasına çalışır. Bunun sayəsində videolarımızda təşkilatımızın beynəlxalq qardaşlıq olduğu əks olunur. Bu məqsədə nail olmaq üçün bu layihənin üzərində 11 ölkədən olan 24 komanda işləyib. Belə bir işi görmək üçün isə çox böyük miqyasda vəsait, işi hərtərəfli planlaşdırmaq və gözəl təşkilatçılıq tələb olunur», — deyə Audio/Video Xidmətləri şöbəsinin əməkdaşı Ceyrid Qosman bildirir.

 Həmçinin videolarımızın çoxunu çəkmək üçün xüsusi avadanlıqlar və dekorasiyalar lazım gəlir. Məsələn, «Nəhəmya. “Yehovanın bəxş etdiyi sevinc sizə qaladır”» filminin dekorasiyaları Paterson (Nyu-York, ABŞ) yaxınlığında yerləşən Mont Eyboda quraşdırılmışdı. İanələrdən səmərəli şəkildə istifadə etmək, eyni zamanda filmdə tarixi dəqiqliyi əks etdirmək üçün qardaşlar qədim Yerusəlimin divarlarına bənzər yüngül dekorasiyalar düzəltdilər. Bu dekorativ divarların hər biri altı metr hündürlüyündə taxta çərçivədən ibarətdir. Daş effekti yaratmaq üçün bu çərçivələr xüsusi köpüklə örtülüb və rənglənib. Asanlıqla daşınan bu «divarlardan» müxtəlif səhnələr quraşdırmaq üçün istifadə olunurdu. Bunun sayəsində, yeni dekorasiyalara ehtiyac azaldı. Bununla belə, təkcə filmin çəkilişi üçün dekorasiyaların hazırlanmasına təxminən 100 000 ABŞ dolları xərclənib a.

 Bu məqamları bilmək bu ilki regional toplantı proqramına görə minnətdarlığımızı daha da artırır. İnanırıq ki, proqramın ərsəyə gəlməsi üçün çəkilən zəhmətlər bütün dünyada Yehovanın adına həmdlər oxunmasına səbəb olacaq. donate.pr418.com saytı və digər vasitələrlə ümumdünya işinə etdiyiniz səxavətli ianələrə görə sizə ürəkdən minnətdarıq.

a «Nəhəmya. “Yehovanın bəxş etdiyi sevinc sizə qaladır”» filminin dekorasiyaları COVID-19 pandemiyasından əvvəl düzəldilmişdi. Həmin vaxt sosial məsafə saxlamaq tələb olunmurdu.