İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
Böyük Nəsihətçimizin adına şərəf gətirən binalar
1 İYUL 2023
Yehova xalqına təlim verməyi sevir. Xidmətçiləri təyinatlarını yerinə yetirə bilsinlər deyə O, təşkilatı vasitəsilə bir neçə məktəb təsis edib. Bu məktəblərdən biri Padşahlıq Müjdəçiləri Məktəbidir. Son illərdə Allahın təşkilatı təkcə təlim proqramına deyil, məktəblərin keçirildiyi binalara da xüsusi önəm verir. Əsas məqsəd həm müəllimlər, həm də şagirdlər üçün rahat mühit yaratmaqdır. Bəs ianələriniz bu məqsədə çatmağa necə kömək edir?
Daha rahat şərait, daha çox şagird
Uzun illər teokratik məktəblər ibadət evlərində və toplantı zallarında keçirilirdi. Bəs nəyə görə son illərdə teokratik məktəblər üçün nəzərdə tutulmuş ayrıca binalar tikmişik və ya yenidən təmir etmişik? Bunun üç səbəbi var.
Böyük tələbat. Rəhbərlik Şurasının Xidmət komitəsinin köməkçisi Kristofer Meyvar belə demişdi: «Filiallardan təbliğçilərə ciddi tələbatın olduğu barədə məlumat alırıq. Məsələn, 2019-cu ildə Braziliya filialı hesablamışdı ki, nəzarət etdiyi ərazilərdə əlavə təxminən 7600 Müjdəçilər Məktəbinin məzununa ehtiyac var». Birləşmiş Ştatlar filialından məlumat verilmişdi ki, bacı-qardaşlara xüsusi ictimai şahidliyi, limanda və ya həbsxanalarda təbliğ etməyi öyrətmək üçün təcrübəli öncüllərə ehtiyac var. Üstəlik, Yerli layihə-inşaat şöbəsi və Xəstəxanalarla əlaqə komitələrində xidmət etmək üçün qardaşlara ehtiyac var. Müjdəçilər Məktəbinin məzunları bu tələbatı ödəyə bilər.
Şagirdlərin sayında artım. Bir çox filiallara məktəbdə oxumaq istəyən bacı-qardaşlardan çoxlu sayda müraciət gəlir. Məsələn, Braziliya filialına təkcə bir il ərzində məktəbdə oxumaq üçün 2500 ərizə daxil olub. Amma məktəb binaları az olduğu üçün cəmi 950 şagird məktəb keçə bilib.
Qalmaq üçün yer. Məktəb ibadət evində və ya toplantı zalında keçiriləndə şagirdlər, adətən, yerli bacı-qardaşların evlərində qalırlar. O ərazilərdə ki keçirilən məktəblərin sayı azdır, şagirdlərin bacı-qardaşların evlərində qalması problem yaratmır. Amma bir il ərzində keçirilən məktəblərin sayı çox olanda şagirdlərin aylarla yerli təbliğçilərin evlərində qalması mümkün olmur. Buna görə də həmin ərazilərdə şagirdlərin yaşaması üçün məktəbə yaxın xüsusi binalar ayrılıb.
Bir sinif otağından, müəllimlərin və təxminən 30 şagirdin yaşaması üçün otaqlardan, eləcə də onlara xidmət göstərən məkanlardan ibarət bir bina bir neçə milyon ABŞ dollarına başa gəlir. Bu rəqəm binanın yerindən və digər amillərdən asılı olaraq dəyişir.
Məktəb binasının strukturu
Məktəblər, adətən, böyük şəhərlərdən kənarda, amma yaxşı nəqliyyat qovşağı olan ərazilərdə tikilir. Əsas etibarilə, təbliğçilərin sayı çox olan ərazilərə üstünlük verilir. Çünki məktəbdə görülən işlərə kömək etmək, binalara və avadanlıqlara qulluq etmək üçün bacı-qardaşlara ehtiyac var.
Məktəb binaları kitabxanalar, mütaliə üçün yerlər, kompüterlər, printerlər və digər avadanlıqlarla təmin olunub. Çox vaxt binalarda yeməkxanalar da olur. Həmçinin idman və istirahət üçün də yerlər ayrılır.
Sinif otağına xüsusi diqqət göstərilir. Ümumdünya layihə-inşaat şöbəsində (Nyu-York, Vorvik) xidmət edən Troy deyir: «Sinif otaqlarını tərtib etmək üçün biz Teokratik məktəblər şöbəsi ilə məsləhətləşdik. Qardaşlar sinif otaqlarının ölçüsü, forması, işıqlandırılması, eləcə də audio-video avadanlıqları ilə bağlı göstərişlər verdilər». Macarıstanda Müjdəçilər Məktəbinin müəllimi olan Zoltan audio avadanlıqların quraşdırılması barədə deyir: «Əvvəllər mikrofonumuz yox idi. Ona görə də şagirdlərə tez-tez xatırladırdıq ki, hündürdən danışsınlar. Amma indi hər masanın üstündə mikrofon var və bu xatırlatmaya artıq ehtiyac yoxdur!»
«Yehovanın xüsusi qonaqlarıyıq»
Belə gözəl şərait müəllimlərə və şagirdlərə necə təsir bağışlayıb? Palm-Koustda (ABŞ, Florida) keçirilən Müjdəçilər Məktəbinin məzunu olmuş Ancela deyir: «Çox gözəl şərait var idi. Hər şey yaxşı təşkil olunmuşdu. Sinif otağı, qaldığımız otaqlar elə düzəlmişdi ki, fikrimizi tamamilə aldığımız təlimə cəmləyə bilirdik». Macarıstandan olan Çaba adlı bir müəllim şagirdlərlə birgə yemək yeməyi çox qiymətləndirir. O deyir: «Birgə yemək yeyərkən şagirdlər çox vaxt başlarına gələn hadisələr haqda danışırlar. Bu bizə onları daha yaxından tanımağa və təlim proqramını onların ehtiyaclarına uyğunlaşdırmağa kömək edir».
Şagirdlər və müəllimlər bu yeni məktəb binalarına «Böyük Nəsihətçi»miz Yehovanın hədiyyəsi kimi baxırlar (Əşiya 30:20, 21). Filippində keçirilən Müjdəçilər Məktəbinin məzunu olmuş bir bacı deyir: «Məktəb binasındakı şərait bizə xatırlatdı ki, biz sadəcə şagird deyilik, Yehovanın xüsusi qonaqlarıyıq. Yehova istəyir ki, biz Onun Kəlamını araşdırmaqdan hərtərəfli zövq alaq».
Məktəb binaları sizin ianələriniz sayəsində tikilir, təmir olunur və onlara qulluq göstərilir. Bu ianələrin çoxu donate.pr418.com saytı vasitəsilə edilir. Səxavətinizə görə sizə minnətdarıq.
Binanın girişi (ABŞ, Florida, Palm-Koust)
İsanın günlərindəki məbədin maketi, məktəbin foyesi (ABŞ, Florida, Palm-Koust)
Padşahlıq Müjdəçiləri Məktəbinə gələn şagirdlər (Braziliya)
Dərs zamanı (Braziliya)
Padşahlıq Müjdəçiləri Məktəbinə gələn şagirdlər (Filippin)
Məktəbin yeməkxanasında nahar (Filippin)