Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Bizi Yehovaya yaxınlaşdıran mahnılar

Bizi Yehovaya yaxınlaşdıran mahnılar

1 NOYABR 2021

 Musiqi Yehovadan olan gözəl ənamdır. O, düşüncəmizə təsir edə, əhvalımızı dəyişə və ilham verə bilər. Bizim mahnılarımız barədə bunu əminliklə deyə bilərik. Əslində, mahnılarımız daha vacib bir məqsədə xidmət edir — bizi Yehovaya yaxınlaşdırır.

 2014-cü ildən bəri təşkilatımız 70-dən çox mahnı buraxıb. Hal-hazırda onlardan ən azı biri 500-dən çox dilə tərcümə olunub! Amma sizdə sual yarana bilər: «Bu mahnıların üzərində kimlər işləyir və onlar necə ərsəyə gəlir?»

Səhnə arxasında görülən işlər

 Mahnılarımızı Rəhbərlik Şurasının Təlim komitəsinin nəzdində fəaliyyət göstərən Audio/Video Xidmətləri şöbəsində xidmət edən musiqi qrupu ərsəyə gətirir. Musiqi qrupu 13 bacı-qardaşdan ibarətdir. Onlar musiqi bəstələyir, yazıya alır və digər işləri görür. Bundan əlavə, qrupa bütün dünyadan bəstəkarlar, musiqiçilər, ifaçılar və digər könüllülər kömək edir. Şöhrətə can atmayan bu təvazökar bacı-qardaşlar öz istedadlarından Yehovanın yolunda istifadə edirlər.

 Mahnılarımız necə ərsəyə gəlir? Əvvəlcə Təlim komitəsi mahnının əsaslanacağı Müqəddəs Kitab ayəsini seçir və onun insanda hansı hisslər doğurmalı olduğunu müəyyən edir. Sonra musiqi qrupu mahnının sözlərini və musiqisini yazacaq insanları təyin edir. Mahnının qaralama versiyası hazırlanır. Təlim komitəsi qaralama versiyasına qulaq asır və əlavə göstərişlər verir. Dəyişikliklər edəndən sonra musiqi qrupu mahnının son versiyasını yazıya alır. Mahnının yazıya alınması müxtəlif yerlərdə, məsələn, filiallarda və evlərdə quraşdırılmış studiyalarda həyata keçirilir.

 Mahnını bəstələmək və onu yazıya almaq üçün qardaşlar rəqəmsal audio iş stansiyasından, notları yazmaq üçün proqramdan, səs effektləri toplusundan və sairə şeylərdən istifadə edirlər. Bundan əlavə, iş üçün musiqi alətləri, mikşerlər, səsgücləndiricilər, dinamiklər və mikrofonlar lazımdır. Mikrofonların qiyməti 100 ABŞ dollarından başlayaraq 1000 ABŞ dollarından çox ola bilər. 2020-ci ildə mahnıları yazmaq üçün lazım olan avadanlıqlara biz 116 000 ABŞ dolları xərcləmişik.

 Vəsaitlərə qənaət etmək üçün nə edilir? Beyteldə musiqi qrupunu genişləndirmək əvəzinə, biz uzaqdan işləyən çoxlu sayda könüllülərlə əməkdaşlıq edirik. Bundan əlavə, çox vaxt musiqini yazıya almaq üçün canlı orkestr deyil, müxtəlif musiqi alətlərinin səslərini yaradan kompüter proqramlarından istifadə olunur.

Cana məlhəm

 Bacı-qardaşlar mahnılarımıza qulaq asmağı çox sevirlər. Almaniyada yaşayan Tara deyir: «Özümü narahat hiss edəndə mahnılarımıza qulaq asıb sakitləşirəm. Onlara doğma dilimdə qulaq asanda isə elə hiss yaranır ki, sanki Yehova məni qucaqlayır». Qazaxıstanda yaşayan Dmitri isə deyir: «Bu mahnılara qulaq asanda onların Müqəddəs Kitab prinsiplərinə uyğun olub-olmadığına görə narahat olmuram. Həmçinin onlar mənə diqqətimi Yehova ilə münasibətlərimə cəmləməyə kömək edir».

 Cənubi Afrikadan olan Delia mahnılarımızın ona necə təsir etdiyini belə təsvir edir: «Onlar canıma məlhəmdir. Özümü pis hiss edəndə və ya hansısa çətinliklə üzləşəndə həmişə vəziyyətimə uyğun mahnı olur. Çox vaxt mahnının sədası belə kifayət edir ki, özümü daha yaxşı hiss edim».

 Mahnılarımızın bəziləri xüsusilə sevilir. Cənubi Afrikadan olan Lirato adında digər dindaşımız deyir: “Yeni dünya yaxındır”“Yeni dünya yaxın” mahnıları anamı yenidən görəcəyim vaxtı təsəvvür etməyə kömək edir. Hər dəfə bu mahnılara qulaq asanda elə bil onun qucaqlamaq üçün mənə tərəf qaçdığını görürəm».

 Mahnılarımızdan biri Şri-Lankada yaşayan yeniyetmə bacımıza çox kömək edib. O deyir: «Yehovanın Şahidi olduğuma görə müəllimim bütün sinif qarşısında məni bərk danladı. Mən qorxdum və bilmədim nə deyim. Evə qayıdanda anam məsləhət gördü ki, “Mütaliə səni möhkəm edir” [rus] mahnısına qulaq asım. Mahnıya qulaq asandan sonra başa düşdüm ki, axtarış aparmaq və cavabı əvvəlcədən hazırlamaq çox vacibdir. Növbəti gün müəllimim ilə danışdım. Müəllim mənə diqqətlə qulaq asdı və dedi ki, indi Yehovanın Şahidlərinin etiqadlarını daha yaxşı başa düşür. Bu cür gözəl mahnılara görə Yehovanın təşkilatına minnətdaram».

 Bu mahnıların ərsəyə gəlməsi üçün aparılan xərclər nəyin hesabına ödənilir? donate.pr418.com saytı vasitəsilə və digər üsullarla ümumdünya işinə etdiyiniz ianələriniz hesabına. Səxavətli ianələrinizə görə sizə minnətdarıq.