İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
COVID-19 pandemiyası zamanı ibadət evlərində görülən təhlükəsizlik tədbirləri
1 OKTYABR 2022
«Rəhbərlik Şurasının növbəti qərarını bildirmək istəyirik: yerli hakimiyyət orqanları tərəfindən məhdudiyyət yoxdursa, bütün yığıncaqları təşviq edirik ki, 1 aprel tarixindən etibarən görüşləri ibadət evlərində keçirsinlər». 2022-ci ilin mart ayının əvvəlində jw.org saytında çıxan bu elan bütün dünyadakı Yehovanın Şahidlərinə böyük sevinc bəxş etmişdi. Amma COVID-19 pandemiyası hələ davam edirdi a. Görüşə gələnlərin virusa yoluxmasının qarşısını almaq üçün hansı tədbirlər görülməli, nə kimi ləvazimatlar alınmalı idi? İkiillik fasilədən sonra ibadət evləri görüşlərin keçirilməsi üçün yararlı idi?
Əslində qardaşlar ibadət evlərində görüşlərin keçirilməsi üçün bir neçə ay əvvəldən hazırlıq görməyə başlamışdılar.
Fərqli tələbatlar və fərqli həll yolları
2020-ci ildə ibadət görüşlərinin canlı şəkildə keçirilməsi təxirə salınandan cəmi bir ay sonra Ümumdünya layihə-inşaat şöbəsi (Nyu-York ştatı, Vorvik) COVID-19 pandemiyasının ibadət evlərindən istifadəyə necə təsir edəcəyini və orada təhlükəsiz şəraitin yaradılması üçün hansı tədbirlərin görülməli olduğunu nəzərdən keçirdi.
Tələbat ərazidən-əraziyə dəyişirdi. Ümumdünya layihə-inşaat şöbəsində xidmət edən Metyu De Sanktis deyir: «Bəzi ərazilərdə əl yumaq üçün münasib şərait yoxdur. Mərkəzləşdirilmiş su sistemi olmayan ərazilərdə yerləşən ibadət evləri üçün suyu ya almaq, ya da yaxınlıqdakı çaydan və ya quyudan gətirmək lazımdır. Bəzi ölkələrdə isə hökumət kondisioner və havalandırma sistemi, həmçinin sağlamlıq və gigiyena qaydaları nişanları ilə bağlı tələblərinə müəyyən dəyişikliklər edib».
Qardaşlar bu kimi məsələləri necə həll etdilər? Metyu deyir: «Biz işə yarayan sadə və ucuz üsullar tapdıq. Məsələn, Papua-Yeni Qvineyada ibadət evlərinə əl yumaq üçün üzərində su kranı olan 20 litr həcmində plastik çənlər qoyuldu. Kənd ərazilərində yerləşən ibadət evlərini bu cür avadanlıqlarla təmin etmək qardaşlara cəmi 40 ABŞ dollarına başa gəldi. Afrikadakı ibadət evləri əl yumaq üçün 6000-dən çox yüksək keyfiyyətli avadanlıqla təmin olundu. Bu avadanlıqlar Asiyadakı təchizatçıdan alınmışdı.
Həmçinin ibadət evlərində havalandırmanı yaxşılaşdırmaq üçün ventilyatorlar və hava təmizləyici qurğular quraşdırıldı. Əldən-ələ ötürülməsin deyə bir çox yığıncaqlar mikrofonlar üçün tutacaqlar aldı. Virusun yayılmasının qarşısını almaq üçün tez-tez toxunulan səthlər, məsələn, qapı tutacaqları və su kranları mütəmadi dezinfeksiya olunurdu. Bəzi yığıncaqlar ayaqyolunda sensorlu kranlar quraşdırdı. Çilidə zəruri dəyişikliklərin həyata keçirilməsi hər ibadət evinə orta hesabla 1400 ABŞ dollarına başa gəldi.
Qardaşlar ibadət evlərində mümkün qədər təhlükəsiz şəraitin yaradılması üçün əllərindən gələni edirdilər. Bununla belə onlar ianələrə də qənaət etməyə çalışırdılar. Məsələn, bəzi ərazilərdə qardaşlar əlüzyuyan və mikrofonlar üçün tutacaqlar alanda dövlətin təklif etdiyi vergidən azadolma fürsətindən istifadə etdilər. Pula qənaət etmək üçün filiallar birləşib topdan alış edirdilər. Filiallar və Ümumdünya Təchizat şöbəsi çox vaxt çalışırdı ki, lazım olan şeyləri birbaşa istehsalçıdan alsın. Beləcə, onlar həm pula qənaət edirdilər, həm də sifarişlər daha tez çatdırılırdı.
«Özümü tamamilə təhlükəsizlikdə hiss etdim»
İbadət evlərində təhlükəsiz şəraitin yaradılması üçün görülən bütün tədbirlər ora gələnləri arxayın etdi ki, onlar təhlükəsizlikdədirlər. Peruda yaşayan Dulsina bacı deyir ki, görüşlərin yenidən ibadət evində keçiriləcəyini eşidəndə bir az qorxmuşdu. O deyir: «Pandemiya başlayandan qısa müddət sonra mən COVID-19 virusuna yoluxdum. Bu səbəbdən ibadət evinə getməyə qorxurdum. Düşünürdüm ki, yenidən virusa yoluxa bilərəm. Amma ibadət evinə gələndə gördüm ki, qardaşlar çoxlu təhlükəsizlik tədbirləri görüblər. Məsələn, əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılmışdı, mikrofonlara toxunmamaq üçün tutacaqlardan istifadə olunurdu və hər ibadət görüşündən əvvəl və sonra təmizlik işləri görülürdü. Bütün bunların sayəsində özümü tamamilə təhlükəsizlikdə hiss etdim» b.
Zambiyada yaşayan Sara adlı bacı başqa bir çətinliklə üzləşmişdi. O deyir: «Bir neçə ay əvvəl ərim COVID-19 virusundan vəfat etmişdi. İbadət evində keçirilən canlı görüşdə ilk dəfə onsuz necə iştirak edəcəyimə görə çox narahat idim». Bəs bacı indi özünü necə hiss edir? O bölüşür: «Canlı şəkildə keçirilən ibadət görüşlərində əmin oldum ki, yaşadığımız bu son günlərdə Yehova bizimlədir. İndi ağsaqqalların və yığıncaqdakı digər bacı-qardaşların məni sevdiyini, mənə dəstək olduğunu əvvəlkindən də çox hiss edirəm».
Bütün dünyadakı bacı-qardaşlarımız görüşlərin yenidən ibadət evində keçirilməsinə çox sevinir. donate.pr418.com saytı vasitəsilə və digər üsullarla etdiyiniz ianələrinizə görə sizə çox minnətdarıq. Bu ianələr sayəsində ibadət evlərimizdə həm rahat, həm də təhlükəsiz şəraitdə görüşə bilirik.