Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Doğru və imanı möhkəmləndirən xəbərlər

Doğru və imanı möhkəmləndirən xəbərlər

1 DEKABR 2021

 Yehovanın Şahidləri iman bacı-qardaşları ilə yaxından maraqlanırlar (1 Butrus 2:17). Çoxlarımız Keniyadan olan Tanis bacımızın sözlərinə şərikik. O deyir: «Bütün dünyada bacı-qardaşlarımla baş verən hadisələr barədə xəbərləri oxumağı sevirəm». Bəs Tanis və milyonlara digər Yehovanın Şahidləri dindaşları haqda xəbərləri haradan öyrənirlər? 2013-cü ildən saytımızda çıxan «Xəbərlər» bölməsindən.

 «Xəbərlər» bölməsində Yehovanın Şahidləri haqda müxtəlif mövzularda etibarlı və doğru xəbərlər dərc edilir. Bu məqalələrdə Müqəddəs Kitab tərcümələrinin buraxılışı, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, tikinti layihələrimiz, imanlarına görə həbsdə olan bacı-qardaşlarımız, təbliğ kampaniyaları, İsa Məsihin ölümünü anma mərasimi və digər mühüm hadisələr barədə məlumat verilir. Xəbərləri kimlər və necə hazırlayır?

Xəbər üçün mövzunun seçilməsi və xəbərin hazırlanması

 «Xəbərlər» bölməsinə Məlumat xidməti şöbəsi cavabdehdir. Bu şöbə baş idarədə yerləşir və Rəhbərlik Şurasının Koordinatorlar komitəsinin nəzdində fəaliyyət göstərir. Məlumat xidməti şöbəsində 100-dən çox bacı-qardaş xidmət edir. Onların çoxu beyteldənkənar könüllülərdir. Aralarında yazıçılar, tədqiqatçılar, rəssamlar və tərcüməçilər var. Başqaları isə hakimiyyət nümayəndələri, alimlər və media işçiləri ilə əlaqə saxlayır. Məlumat xidməti şöbəsinə müxtəlif filiallarda yerləşən 80-dən çox Məlumat xidməti masası kömək edir.

 Xəbər hazırlayarkən Məlumat xidməti şöbəsi Məlumat xidməti masaları ilə əməkdaşlıq edir. Xəbər üçün mövzu müəyyən edildikdən sonra tədqiqatçılar mövzunu araşdırır və doğru məlumat toplayır. Bunun üçün müsahibələr götürmək və mütəxəssislərlə məsləhətləşmək tələb oluna bilər. Faktlar toplandıqdan sonra məqalə yazılır, redaktə edilir, ona şəkillər əlavə edilir və təsdiq üçün Koordinatorlar komitəsinə göndərilir.

Minnətdarlıq sözləri

 Bacı-qardaşlar «Xəbərlər» bölməsi haqda nə fikirləşir? Filippində yaşayan Şeril adlı bir bacı deyir: «Günümə Yehovanın təşkilatı və Onun xalqı haqqında xəbərləri oxumaqla başlamağı sevirəm».

 Bir çox oxucular qeyd edir ki, saytımızın «Xəbərlər» bölməsi digər xəbər saytlarından fərqlənir. Qazaxıstanda yaşayan Tatyana deyir: «Saytımızda çıxan xəbərlərə etibar edirəm. Onlar doğru və obyektivdir». Meksikadan olan Alma bacı deyir: «Bizim xəbərləri oxuyanda mən çox ruhlanıram, digər xəbərlər isə adamı lap ruhdan salır».

 Saytımızda dərc edilən xəbərlər doğru olmaları ilə yanaşı, həm də imanımızı möhkəmləndirir. Keniyadan olan Bernard deyir: «Saytımızdakı xəbərlər sayəsində, harada yaşamalarından asılı olmayaraq, bütün dünyadakı bacı-qardaşlar mənim üçün çox doğma olub. Dua edəndə onların adlarını çəkirəm və üzləşdikləri vəziyyət barədə danışıram». Keniyada yaşayan digər dindaşımız Baybron bacı deyir: «Yeni dildə Müqəddəs Kitabın buraxılışı barədə xəbərləri çox sevirəm. Bu məqalələr mənə bir daha xatırladır ki, Yehova üzgörənlik etmir».

Xəbərlər bölməsi bizə bütün dünyada sınaqlarla üzləşən bacı-qardaşlarımız barədə konkret dualar etməyə kömək edir

 Hətta təqiblərlə üzləşən bacı-qardaşlar barədə xəbərlər də ruhlandıra bilər. Keniyadan olan Jaklin bacı deyir: «Onların göstərdikləri cəsarət barədə düşünmək imanımı möhkəmləndirir. Həmişə çalışıram onların nəyin sayəsində dözüm göstərə bildiyini görüm. Öyrəndim ki, insanların adi bir şey kimi baxdığı dua, Müqəddəs Kitabın mütaliəsi və hətta nəğmələrimiz bacı-qardaşlarımıza sarsılmaz qalmağa kömək edir».

 Kosta-Rikadan olan Beatriz bacı təbii fəlakətlər barədə xəbərlərə görə minnətdardır. O deyir: «Xəbərlər sayəsində təşkilatın bacı-qardaşların ehtiyaclarını tez, səmərəli və məhəbbətlə necə təmin etdiyini görə bilirəm. Bu məni əmin edir ki, məhz bu, Yehovanın təşkilatıdır».

 Ümumdünya qardaşlığımız barədə vaxtında aldığımız xəbərlərə görə çox minnətdarıq. Çox hissəsi donate.pr418.com saytı vasitəsilə edilən ianələriniz olmasaydı, bu mümkün olmazdı. Səxavətli ianələrinizə görə sizə minnətdarıq.