Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Fəaliyyəti milyonlarla insana fayda gətirən tərcümə ofisləri

Fəaliyyəti milyonlarla insana fayda gətirən tərcümə ofisləri

1 MART 2021

 Tamvaxtlı tərcümə qruplarının 60 faizindən çoxu filiallarda yox, tərcümə ofislərində işləyir. Nəyə görə bu, yaxşı nəticə verir? Tərcümə ofislərində səmərəli fəaliyyətləri üçün tərcüməçilərə hansı avadanlıqlar lazımdır? Və nəyə görə demək olar ki, tərcümə qruplarının harada işləmələri tərcümənin keyfiyyətinə təsir edir?

 Tərcümə ofislərində çalışan tərcüməçilər onların dilində danışan insanların arasında yaşayır. Aşağı alman dilinə tərcümə edən Karin deyir: «Meksikanın Çiuaua ştatında yerləşən Kuautemok şəhərinə köçəndən aşağı alman dilində danışırıq: istər öz aramızda, istər xidmətdə, istərsə də alış-veriş edəndə. Biz daima bu dildə danışan insanların əhatəsindəyik. Uzun müddət eşitmədiyimiz frazeoloji birləşmələri eşidir və dilimizdə baş verən dəyişikliklərdən agah oluruq».

 Qanada frafra dilinə tərcümə edən qrupla işləyən Ceyms etiraf edir ki, bəzən Beytel ailəsi ilə ünsiyyət üçün darıxır. Ancaq o deyir: «Tərcümə ofisində işləmək xoşuma gəlir. Yerli dildə təbliğ etmək və insanların xoş xəbərə necə hay verdiklərini görmək məni laqeyd qoymur».

 Bəs tərcümə ofisi üçün yer seçərkən qardaşlar nələri nəzərə alır? Vorvikdəki (ABŞ, Nyu-York ştatı) Ümumdünya layihə-inşaat şöbəsinin üzvü Cosef deyir: «Çətinliklərdən biri odur ki, bəzi yerlərdə elektrik enerjisi və su fasilələrlə verilir və internet bağlantısı çox zəifdir, bu isə tərcümə materiallarının alınmasını çətinləşdirir. Ona görə tərcümə ofisinin harada yerləşəcəyinə qərar verərkən həmin dildə danışan insanların yaşadığı bir neçə yer nəzərdən keçirilir».

 Ümumilikdə, ən tez və ən ucuz variant tərcümə ofisinin işini Toplantı zalı, ibadət evi və xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə təşkil etməkdir. Tərcüməçilər öz evlərində yaşaya-yaşaya ora rahat gəlib işləyə bilər. Əgər bu, mümkün deyilsə, qardaşlar icazə istəyib tərcüməçilər üçün ofis və mənzillər ala bilər. Vəziyyət dəyişdikdə, onları asanlıqla satıb vəsaitləri digər tələbatlar üçün istifadə etmək olar.

İş üçün avadanlıqlar

 2020-ci xidmət ili ərzində tərcümə ofislərinin işinin təminatı üçün 13 milyon ABŞ dolları xərclənib. Tərcümə qruplarına kompüterlər, xüsusi proqramlar, audioyazı avadanlığı, internet və kommunal xidmətlər lazımdır. Məsələn, bir nəfər üçün kompüter və onun ləvazimatları 750 ABŞ dollarına başa gələ bilər. Kompüter lisenziyalı proqram təminatları, eləcə də «Watchtower Translation System» («Gözətçi Qülləsi tərcümə sistemi») proqramı ilə təchiz olunur. Tərcüməçilər bu proqramın köməyilə tərcümə etdikləri materialları alır və işlərini təşkil edirlər.

 Tərcüməçilər həm də ofisin içində audioyazı aparmaq üçün avadanlıqla təmin olunur. Bu avadanlıqlar COVID-19 pandemiyası başlayandan tərcüməçilərin işini xeyli asanlaşdırdı, çünki onlar həmin avadanlıqları özləri ilə aparıb məqalə və videoların audioyazısını evlərində davam etdirə bildilər.

 Yerli bacı-qardaşlar tərcümə edilmiş materialların keyfiyyətini yoxlamağa və tərcümə ofisinə qulluq etməyə kömək edirlər. Afrikaans tərcümə ofisində (Cənubi Afrika, Keyptaun) xidmət edən Kirstin deyir: «Bir çox təbliğçilər və öncüllər öz bacarıqlarından Yehovanın işində istifadə edirlər».

 Könüllülər üçün burada xidmət etmək böyük şərəfdir. Tərcümə ofisində kömək edən bir bacının dediyi kimi, onun üçün burada işləmək sanki «təmiz hava qurtumudur». Bəzi yerli bacı-qardaşlar audioyazıda da iştirak edirlər. Meksikanın Verakrus ştatında totonak dilinə tərcümə edən Xuana deyir: «İndi ki qrupumuz bizim dildə danışan insanların yaşadığı şəhərlərə yaxındır, audio- və videonəşrlərimizin səsləndirilməsində daha çox bacı-qardaşın iştirak etmək imkanı var».

 Tərcüməçilər tərcümə ofislərində işləyəndən tərcümələrin keyfiyyəti artıb? Milyonlarla oxucularımız hesab edir ki, artıb. Konqo Demokratik Respublikasında Konqo dilinə tərcümə edən Sedrik deyir: «Bəzi bacı-qardaşlar əvvəllər tərcümələrimizin dilini “Gözətçi qülləsi nəşrlərinin Konqo dili” adlandırırdı, çünki insanların adi danışıq dilindən fərqlənirdi. Lakin indi onlar deyir ki, nəşrlərimiz müasir Konqo dilində, yəni insanların gündəlik danışdıqları dildədir».

 Kosa dilinə (Cənubi Afrika) tərcümə edən Andile də oxuculardan eyni fikirləri eşidib. O deyir: «Çoxları fikir verib ki, tərcümələrimiz dəyişib. “Gözətçi qülləsi”ni əvvəllər ingilis dilində oxuyan uşaqlar da indi onu kosa dilində oxuyurlar. Onlar xüsusilə yenidən baxılmış “Yeni Dünya Tərcüməsi”nin təbiiliyini sevirlər».

 Tərcümə ofislərinin təşkil edilməsi, onlara xidmət göstərilməsi, kadrlarla təmin edilməsi ümumdünya təbliğ işinə edilən könüllü ianələr, o cümlədən donate.pr418.com vasitəsilə edilən ianələr hesabına maliyyələşdirilir.