Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Ovcunuzun içinə sığan kitabxana

Ovcunuzun içinə sığan kitabxana

1 SENTYABR 2021

 «Bir müddət əvvəl heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa ruhani qidanı elektron formatda alacağıq». Bu sözlərlə razısınız? Bu sözləri Cefri Cekson «Rəhbərlik Şurasının müraciəti 6 (2020)» proqramında demişdi. Qardaş davam edir: «Amma indi, yəqin, düşünürük ki, “JW Library” kimi vəsaitlər olmasaydı, pandemiyaya necə dözə bilərdik. Sən demə, Yehova Allah uzun illər ərzində bizi bu kimi hallara hazırlayıb».

 Yehova bizi buna necə hazırlayırdı? «JW Library» tətbiqi necə ərsəyə gəldi? Bu tətbiqin işini təmin etmək və kitabxananı zənginləşdirmək üçün nə lazımdır?

Yenilik

 2013-cü ilin may ayında Rəhbərlik Şurası MEPS Proqramlaşdırma şöbəsindən xahiş etdi ki, içində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri olan bir tətbiq hazırlasın. MEPS Proqramlaşdırma şöbəsində xidmət edən Pol Vilis deyir: «O vaxtadək biz tətbiq hazırlayıb tətbiq mağazalarında yerləşdirməmişdik. Amma biz komanda yığdıq, bəzi layihələrimizi təxirə saldıq və tətbiqin dizayn və məzmununu hazırlamaq üçün digər şöbələrlə əməkdaşlıq etməyə başladıq. Biz çoxlu dua edirdik və Yehovanın köməyilə bundan cəmi beş ay sonra illik görüşdə həmin tətbiqin buraxılışı barədə elan olundu».

 Növbəti addım tətbiqi içində müxtəlif dillərdə nəşrlər olan əsl kitabxanaya çevirmək idi. 2015-ci ilin yanvar ayında ingilis dilində olan cari nəşrlərimizin çoxu artıq tətbiqdə yerləşdirilmişdi və bundan cəmi altı ay sonra istifadəçilər bu nəşrləri yüzlərlə başqa dillərdə də yükləyə bilirdilər.

 O vaxtdan qardaşlarımız tətbiqi xeyli zənginləşdiriblər, məsələn, yığıncaq görüşləri üçün lazım olan bütün nəşrləri və videoları bir yerə yığıblar, eləcə də «Axtarış» vəsaitinə birbaşa Müqəddəs Kitab ayələrindən daxil olmaq funksiyasını əlavə ediblər.

İşinin təmin edilməsi

 «JW Library» tətbiqini hər ay 15 milyondan çox elektron cihazda açırlar. 8 milyon cihazda bu tətbiq hər gün açılır. Bu qədər cihazda tətbiqin problemsiz işləməsi üçün nə lazımdır? Pol qardaş deyir: «Mobil tətbiqlərin üzərində daima iş gedir. Tətbiqimizə yeni funksiyalar əlavə etmək və işini asanlaşdırmaq üçün biz durmadan çalışırıq. Rəqəmsal elektron cihazların kommersiya əməliyyat sistemləri tez-tez yenilənir. Bu səbəbdən biz tətbiqi həmin sistemlərə uyğunlaşdırmalı oluruq. “JW Library” tətbiqinə müntəzəm olaraq yeni nəşrlər, audio- və videomateriallar əlavə olunduğu üçün biz həm də öz proqram təminatımızı işlək vəziyyətdə saxlamalı və yeniləməliyik». Hal-hazırda «JW Library» tətbiqində ümumilikdə bütün dillərdə təxminən 200 000 nəşr və 600 000-dən çox audio- və videomaterial var.

 Tətbiqin fasiləsiz işini təmin etmək üçün təkcə kompüter avadanlığı kifayət etmir. Həmçinin bir neçə proqram təminatı üçün lisenziya lazımdır. Təkcə bir lisenziyanın illik qiyməti 1500 ABŞ dollarıdır. Bundan əlavə, MEPS Proqramlaşdırma şöbəsi tətbiqin yeni çıxan kompüter, planşet və telefonlarda problemsiz işləyəcəyinə əmin olmaq üçün müxtəlif istehsalçılardan bu cihazların alınmasına hər il təxminən 10 000 ABŞ dolları xərcləyir.

İanələrə qənaət edən tətbiq

 «JW Library» tətbiqi çıxandan nəşrlərin çap edilməsinə, cildlənməsinə və göndərilməsinə sərf olunan vəsaitlər xeyli azalıb. Götürək «Müqəddəs Yazıları hər gün araşdırın» broşürünü. «Müqəddəs Yazıları hər gün araşdırın — 2013» broşürünün təxminən 12 milyon nüsxəsi çap edilmişdi. Amma bu broşürün 2020-ci il nəşri beş milyon tirajla çap edilmişdi, halbuki həmin il təbliğçilərin sayı 2013-cü illə müqayisədə 700 000 nəfər çox idi. Niyə? Çünki indi bacı-qardaşlarımızın çoxu günün ayəsini «JW Library» tətbiqində a oxuyur.

«Onun misli-bərabəri yoxdur!»

 «JW Library» tətbiqinin faydası saymaqla bitməz. Kanadada yaşayan Jenevyeva deyir ki, bu tətbiq sayəsində onun şəxsi mütaliəsi daha müntəzəm olub. O əlavə edir: «Düzünü desəm, əgər hər dəfə mütaliə üçün bir yığım kitabı rəfdən götürmək lazım olsaydı, inanmıram ki, mən hər səhər mütaliə edərdim. Amma bu tətbiq sayəsində indi mənə lazım olan hər şey planşetdədir, sadəcə onu əlimə almaq lazımdır. Müntəzəm mütaliə imanımı möhkəmləndirdi və ruhaniliyimi artırdı».

Jenevyeva

 COVID-19 pandemiyası zamanı bu tətbiq lap yerinə düşdü. ABŞ-dan olan Şarlin deyir: «COVID-19 pandemiyası başlayandan, bir ildən çoxdur ki, yeni nəşrlərimizi çap formatında görmürəm. Amma “JW Library” tətbiqi bizi ruhən tox saxlayır və bu gözəl tətbiq üçün Yehovaya ürəkdən minnətdaram».

 Çoxları Filippində yaşayan Fey bacımızın fikri ilə razıdır. O deyir: «İndi bütün ruhani həyatım və fəaliyyətim bir tətbiqdə cəmlənib. Səhər tezdən oyanan kimi tətbiqi açıram. Ev işləri ilə məşğul olarkən tətbiqdəki audiolara qulaq asıram. Yığıncaq görüşlərinə hazırlaşarkən, mütaliə edərkən ondan istifadə edirəm. Boş vaxtlarımda oradakı videolara baxıram. Növbədə gözləyərkən oradakı məqalələri və Müqəddəs Kitabı oxuyuram. Onun misli-bərabəri yoxdur!»

 Bu tətbiq xidmətdə də bacı-qardaşların işinə yarayır. Kamerunda bacı xidmətdə bir ayədən istifadə etmişdi. Onunla həmin vaxt xidmətdə olan digər bacı bir neçə həftə sonra həmin ayəni oxumaq istəyirdi, amma onun yerini yadına sala bilmirdi. Bacı deyir: «Nə yaxşı ki, o ayədən bir-iki söz yadımda idi. Tətbiqdə Müqəddəs Kitabı açdım və həmin sözləri axtarış xanasına yazdım. Həmin ayə dərhal çıxdı. Bu tətbiqin köməyilə mən unutduğum ayələri asanlıqla tapıram».

 Sizin donate.pr418.com saytı vasitəsilə müxtəlif üsullarla etdiyiniz səxavətli ianələriniz sayəsində biz «JW Library» tətbiqini yarada bildik. Eləcə də onun işini təmin edirik və kitabxananı zənginləşdiririk. Buna görə sizə çox sağ ol deyirik.

«JW Library» tətbiqinin keçdiyi mərhələlər

  1. 2013-cü ilin oktyabr ayı: içində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri olan tətbiq buraxıldı.

  2. 2015-ci ilin yanvar ayı: tətbiqə ingilis dilində digər nəşrlər əlavə olundu. Bir müddət sonra isə yüzlərlə digər dillərdə də nəşrlər əlavə olundu.

  3. 2015-ci ilin noyabr ayı: rənglərlə işarələmə funksiyası əlavə olundu.

  4. 2016-cı ilin may ayı: «İbadət görüşləri» bölməsi əlavə olundu.

  5. 2017-ci ilin may ayı: qeydlər əlavə etmək funksiyası əlavə olundu.

  6. 2017-ci ilin dekabr ayı: «Müqəddəs Kitabın təlim nəşri» üçün yeni funksiyalar əlavə olundu.

  7. 2019-cu ilin mart ayı: audiofaylları yükləmək, videolara yükləmədən baxmaq və «Axtarış» vəsaitindəki nəşrlərə birbaşa link vasitəsilə daxil olmaq funksiyası əlavə olundu.

  8. 2021-ci ilin yanvar ayı: «Əbədi xoşbəxt həyat!» dərsliyi üçün yeni funksiyalar əlavə olundu.

a «JW Library» tətbiqi vasitəsilə edilən hər yükləməyə görə kiçik məbləğdə pul ödənilir. Məsələn, keçən il biz jw.org saytı və «JW Library» tətbiqi vasitəsilə edilən yükləmələrə, onlayn baxılan videolara, qulaq asılan audiolara görə 1,5 milyon ABŞ dolları məbləğində pul ödəmişik. Bununla belə, bu, CD və DVD diskləri, eləcə də çap nəşrləri istehsal edib göndərməkdən xeyli ucuz başa gəlir.