İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
Pandemiya və təbii fəlakət qurbanlarına yardım
1 FEVRAL 2021
2020-ci ildə yer üzündə çoxlu sayda təbii fəlakət baş vermişdi. Ötən il həm də COVID-19 pandemiyasının başladığı il kimi tarixə düşüb. Yehovanın Şahidləri zərərçəkən dindaşlarına necə yardım göstərib?
2020-ci xidmət ili a ərzində Rəhbərlik Şurasının Koordinatorlar komitəsinin göstərişi ilə yardım işlərinə 28 milyon dollar b pul xərclənib. Bu vəsaitlərin hesabına 200-dən çox fəlakətin, o cümlədən COVID-19 pandemiyasının, çoxsaylı tropik siklonların, Afrika ölkələrindəki daşqınların, Venesueladakı ərzaq qıtlığının və Zimbabvedəki quraqlığın qurbanlarına yardım göstərilib. Ərzaq, içməli su, sığınacaq, paltar, dərman və tibb ləvazimatları, eləcə də təmizlik vasitələri, təmir və tikinti materialları ianə edilmiş bu vəsaitlərin hesabına alınıb. Gəlin bəzi nümunələrə nəzər salaq.
COVID-19. Pandemiya bütün bacı-qardaşlara fiziki, emosional və maddi cəhətdən təsir edib. Onlara yardım göstərmək üçün bütün dünyada 800-dən çox Zərərçəkənlərə yardım komitəsi təşkil edilib. Bu komitələr dindaşlarımızın tələbatları barədə məlumat toplayıb dərhal onu Koordinatorlar komitəsinə ötürür. Koordinatorlar komitəsi həmin məlumatlar əsasında yardım işlərini təşkil edir.
İl ərzində komitələr çoxlarına ərzaq, su, təmizlik vasitələri və əsas dərmanları, bəzi yerlərdə isə yerli ağsaqqallarla birgə bacı-qardaşlara dövlət yardımı almağa kömək edib.
Yardım işlərimiz Yehovanın Şahidi olmayan insanların gözündən yayınmayıb. Məsələn, Zambiyanın Nakonde şəhərində Fild Simvinqa adlı bir məmur qardaşlarımıza deyib: «Zərərçəkən ailələrə vaxtında ehtiyac duyduqları yardımı göstərdiyiniz üçün sizə borcluyuq».
Anqolada ərzaq qıtlığı. Pandemiya ucbatından Anqolada ərzaq qıtlığı yarandı və qiymətlər çox qalxdı. Bir çox bacı-qardaşlarımıza ərzaq almaq günü-gündən çətinləşirdi.
Qardaşlar Braziliya filialından Anqoladakı dindaşlarına ərzaq yardımı göstərməyi xahiş etdilər. Yardım üçün ayrılmış vəsaitlərdən ən səmərəli şəkildə istifadə etmək üçün qardaşlar hansı ərzaq məhsullarını alacaqlarını və onları necə çatdıracaqlarını yaxşıca götür-qoy etdilər və ərzaqları topdan aldılar. Beləcə, bir qutunun içindəki ərzaqları almaq və çatdırmaq 22 dollara başa gəldi. Qutunun çəkisi təxminən 20 kiloqram idi. İçində düyü, paxla və yağ kimi ərzaqlar var idi. Bu günə qədər ümumi çəkisi 654 ton olan 33 544 ədəd qutu göndərilib. Göndərilən bu ərzaqlar, eləcə də yerli ərzaq yardımı sayəsində 50 000-dən çox insan qida ilə təmin olundu.
Dindaşlarımıza göstərilən yardım onlara çox təsir etdi. Anqolanın ucqar ərazisində yaşayan Aleksandre qardaş deyir: «Bir daha əmin oldum ki, Yehova məni sevir və mən tək deyiləm. Mən Yehovanın təşkilatı üçün dəyərliyəm!» Uşağını tək böyüdən Mariza bacı deyir: «Yehova mənim fəryadımı eşitdi. Ona və təşkilatına ürəkdən minnətdaram!»
Zimbabvedə quraqlıq. 2020-ci xidmət ili ərzində Zimbabvedə şiddətli quraqlıq baş verdi. Milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzə qaldı. Minlərlə bacı-qardaşımızda ərzaq qıtlığı yarandı.
Dindaşlarımızı ərzaqla təmin etmək məqsədilə beş Zərərçəkənlərə yardım komitəsi təyin edilmişdi. Yüzlərlə təbliğçi ərzaqları qablaşdırmağa və yükləməyə kömək etmiş, bəziləri hətta öz nəqliyyat vasitələrini təqdim etmişdi c. 2020-ci xidmət ili ərzində 22 700-dən çox insanı ərzaqla təmin etmək üçün 691 561 dollar xərclənmişdi!
Bəzi bacı-qardaşlar yardımı alanda öz ərzaqları artıq tükənmişdi. Ərzaq gələndə onlar Yehovanı mədh etdilər. Bəziləri hətta nəğmələrimizi oxuyurdu.
Bir kənddə qeyri-hökumət təşkilatı (QHT) ərzaq yardımının paylanılmasını müzakirə etmək üçün yerli camaatın iştirakı ilə yığıncaq təşkil etmişdi. Həmin yığıncaqda iki dul bacımız da var idi. Lakin yığıncaq siyasi məclisə çevriləndə bacılar gördülər ki, ərzaq yardımı almaq üçün qoyulan şərtlərə əməl edə bilməzlər. Bacılar məclisi tərk edəndə camaat: «Sonra gəlib bizdən yemək istəməyin!» — deyə onlara lağ edirdi. Lakin bu hadisədən iki həftə sonra — QHT-nın ərzaq yardımından xeyli əvvəl qardaşların göndərdiyi ərzaq yardımı həmin əraziyə çatdı və bacılarımız ərzaqla təmin olundu!
Zimbabvedə görülən yardım işləri gözəl şahidlik üçün səbəb oldu. Götürək balaca kənddə yaşayan Priska bacımızın hadisəsini. Quraqlığın yaratdığı çətinliklərə baxmayaraq, Priska hətta şum vaxtı hər çərşənbə və cümə günləri təbliğ edirdi. Kəndin camaatı: «Təbliğ ucbatından ailən acından öləcək», — deyə ona lağ edirdi. Priska belə hallarda deyirdi: «Yehova heç vaxt Ona xidmət edənləri tərk etmir». Çox keçməmiş təşkilatdan yardım gəldi. Bacının bəzi qonşuları çox təəccübləndi. Onlar dedilər: «Allah səni heç vaxt atmır. Biz də Onun haqqında öyrənmək istəyirik». Yeddi qonşu indi radio vasitəsilə yayımlanan yığıncaq görüşlərinə qulaq asır.
Son getdikcə daha yaxındır. Ona görə təbii fəlakətlər davam edəcək (Mətta 24:3, 7). donate.pr418.com saytı vasitəsilə etdiyiniz ianələrə görə sizə ürəkdən minnətdarıq. Bu ianələr sayəsində fəlakət qurbanlarına vaxtında yardım göstərilir.
a 2020-ci xidmət ili 2019-cu ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək olan müddətdir.
b Məqalədəki məbləğlər ABŞ dollarında göstərilib.
c COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə görə qardaşlar ərzağı çatdırmaq üçün icazə almalı olurdular. Virusa yoluxmaq ehtimalını azaltmaq üçün onlar təhlükəsizlik tədbirlərinə əməl edirdilər.