Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Pandemiya zamanı görülən qlobal yardım işləri

Pandemiya zamanı görülən qlobal yardım işləri

1 İYUL 2021

 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının başladığını elan etdi. Amma həmin vaxt heç kim təsəvvür belə edə bilməzdi ki, bu virus bir il sonra da bütün dünyanı öz cəngində saxlayacaq. Milyonlarla insan, o cümlədən Yehovanın Şahidləri pandemiyanın fiziki və emosional sağlamlığa, eləcə də maddi vəziyyətə təsirindən əziyyət çəkir. Yehovanın Şahidləri bu böhran zamanı yardım işlərini necə təşkil ediblər?

Ehtiyacı olanlara kömək

 Rəhbərlik Şurasının Koordinatorlar komitəsi COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada 950-dən çox Zərərçəkənlərə yardım komitəsi təyin edib. Bəzi hallarda bu komitələr yerli bacı-qardaşlar vasitəsilə ehtiyacı olanlara yardım göstərir, bəzi hallarda isə dövlət yardımını almalarına kömək edir. Komitələr həm də irimiqyaslı yardım işlərini təşkil edir.

 Məsələn, götürək Paraqvaydakı vəziyyəti. Bir qəzetdə verilən məlumata görə, pandemiya ucbatından ölkədə maddi vəziyyət o qədər çətindir ki, «bir çox paraqvaylılar gecə ac yatır». Amma Paraqvaydakı komitə orada yaşayan bacı-qardaşlarımızı dörd nəfərlik ailəyə iki həftə bəs edəcək ərzaq, təmizləyici vasitələr və şəxsi gigiyena vasitələrindən ibarət bağlamalarla təmin edib. Hər bağlama təxminən 30 ABŞ dollarına başa gəlib.

 Yardım işlərində iştirak edənlər özlərini və başqalarını virusdan necə qoruyurlar? Onlar maska taxır və məsafə saxlayırlar. Onlar həmçinin ərzaq çatdıran şirkətlərin sanitariya və gigiyena qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi əməl edib-etmədiyini yoxlayırlar. Məsələn, onlar nəzarət edirlər ki, bağlamaları çatdıranlar fərdi qoruyucu vasitələrdən istifadə etsinlər, maşınlarını təmizləyib dezinfeksiya etsinlər, eləcə də bağlamaları dezinfeksiya edilmiş yerlərdə saxlasınlar. Və nəhayət, bağlamaları bacı-qardaşlara çatdıranlar onlarla məsafə saxlayırlar.

İanələrdən düzgün istifadə

 Koordinatorlar komitəsi 2021-ci ilin yanvar ayına qədər COVID-19 pandemiyası ilə əlaqədar yardım işlərinə 25 milyon ABŞ dollarından çox vəsait ayırmışdı. Filiallar və komitələr ayrılmış vəsaitlərdən qənaətlə istifadə edərək lazım olan ərzaq və digər vasitələri ən münasib qiymətə almağa çalışır. Məsələn, Çilidə yardım işlərini təşkil edən qardaşlar 750 kiloqram mərci almaq istəyirdilər. Lakin bir ayın içində mərcinin qiyməti iki dəfə qalxdı. Qardaşlar mərcini daha baha qiymətə almağa razılaşmışdılar ki, satıcı başqa bir alıcının aldığı mərcini geri qaytardığını və qaytarılmış mərcini qardaşlara əvvəlki aydakı qiymətə satmağa razı olduğunu dedi.

 Amma qardaşlar mərcini götürməyə gedəndə satıcı qardaşlarımızı digər təşkilatların etdiyi kimi, ərzağı ədalətsiz şəkildə bölüşdürməkdə ittiham edərək razılaşmanı ləğv etməyə çalışdı. Qısa duadan sonra qardaşlardan biri satıcıya izah etdi ki, yığıncaqlarda aparılan sorğu vasitəsilə artıq kimlərin ərzağa ehtiyacı olduğu müəyyən edilib. Həmçinin qardaşlar izah etdilər ki, yardım bölüşdürülərkən hər ailənin konkret tələbatı nəzərə alınır. Və nəhayət, onlar satıcını əmin etdilər ki, Yehovanın Şahidlərinə edilən bütün ianələr və onların gördüyü işlər könüllüdür. O, buna çox təəccübləndi. Satıcı nəinki qiyməti aşağı saldı, həm də növbəti sifariş zamanı qardaşlara 400 kiloqram mərcini pulsuz verdi.

«Əsl məhəbbətin sübutu»

 Lusu adlı yaşlı dul bacı Liberiyada yaşayır. Onun ailəsi altı nəfərdən ibarətdir. Səhər yeməyi zamanı gündəlik ayəni müzakirə edərkən Lusunun yeddiyaşlı nəvəsi fikir verdi ki, evdə ərzaqları qurtarıb. O, nənəsindən soruşdu: «Biz nə yeyəcəyik?» Lusu onu əmin etdi ki, o artıq bu barədə dua edib və əmindir ki, Yehova onları ac qoymayacaq. Elə həmin gün günorta vaxtı yığıncağın ağsaqqalları ona zəng edib dedilər ki, gəlib ərzaq payını götürsün. Bacı deyir: «Bundan sonra nəvəm dedi ki, indi o, Yehovanın duaları eşitdiyinə və cavab verdiyinə əmindir, çünki mənim duama cavab verdi».

Ərzaq paylayan qardaşlara minnətdarlıqlarını bildirmək üçün uşaqların çəkdiyi şəkillər (Konqo Demokratik Respublikası)

 Konqo Demokratik Respublikasında bir qadın Yehovanın Şahidləri ilə qonşudur. Həmin ailənin dindaşlarından ərzaq aldığını görən qadın dedi: «Pandemiyadan sonra biz də Yehovanın Şahidləri olacağıq, çünki onlar bu çətin zamanda dindaşlarını darda qoymadılar». Əri ondan soruşdu: «Sən bir torba düyüyə görə Yehovanın Şahidi olmaq istəyirsən?» Qadın cavab verdi: «Əlbəttə ki yox, lakin həmin o bir torba düyü əsl məhəbbətin sübutudur».

 Sizin səxavətli ianələriniz sayəsində Yehovanın Şahidləri bu pandemiya zamanı bacı-qardaşların ehtiyaclarına tez bir zamanda hay verə bilir. donate.pr418.com saytında göstərilən üsullarla etdiyiniz ianələrə görə sizə təşəkkür edirik.