İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
Pandemiyadan əvvəl uğurla başa çatmış tikinti layihələri
1 NOYABR 2020
Hər il yüz minlərlə insan vəftiz olunur. Bu səbəbdən bizə daha çox teokratik binalar lazımdır. Bu tələbi qarşılamaq üçün Yerli layihə-inşaat şöbələri 2020-ci xidmət ili ərzində bütün dünyada 2700-dən çox ibadət evini tikməyi və ya təmir etməyi planlaşdırmışdı. a
Əfsuslar olsun ki, COVID-19 pandemiyası bu planları pozdu. Bacı-qardaşlarımızın sağlamlığını qorumaq üçün və hökumətin göstərişlərinə tabe olaraq Rəhbərlik Şurasının Nəşriyyat komitəsi bütün dünyadakı tikinti layihələrinin çoxunu müvəqqəti dayandırdı. Bununla belə, 2020-ci xidmət ili ərzində pandemiyadan əvvəl 1700-dən çox ibadət evi tikilmiş və ya təmir edilmişdi. Üstəlik, 100-dən çox əsas filial layihələri bitirilmişdi. Gəlin onlardan ikisinə nəzər salaq və görək bu layihələr bacı-qardaşların xidmətinə necə təsir edib.
Kamerun filialı. Köhnə filial Dualada yerləşirdi. O çox kiçik idi və əsaslı təmirə ehtiyacı var idi. Nəşriyyat komitəsi filialın təmirini götür-qoy edəndə məlum oldu ki, təmir xərcləri binaların maya dəyərindən yuxarı olacaq. Qardaşlar həmçinin yeni filial tikməyi, yaxud mövcud tikilini alıb onu təmir etməyi də nəzərdən keçirirdi. Lakin hər iki variant işə yaramadı.
Bu arada qardaşlar xəbər tutdular ki, dövlət Dualanın şimalına yol salmağı planlaşdırır və bu yol Toplantı zallarımızdan birinin yanından keçəcək. Yol gediş-gəlişi asanlaşdıracaq və ora bütün kommunal xətlər çəkiləcək. Filial üçün də elə bu lazım idi. Bu səbəbdən Rəhbərlik Şurası Toplantı zalının ərazisinin bir hissəsində yeni filialın tikintisinə icazə verdi.
Filialı bacı-qardaşlar və muzdlu işçilər tikirdi. Bunun sayəsində xeyli pula və vaxta qənaət edildi. Layihə planlaşdırıldığından iki milyon ABŞ dolları ucuz başa gəldi! Beytel ailəsi COVID-19 pandemiyası başlamamışdan bir az əvvəl yeni filiala köçdü.
İndi Kamerunda xidmət edən bacı-qardaşların yaşayış və iş şəraiti əvvəlkindən yaxşıdır. Onlar yeni filiala Yehovadan bir pay kimi baxırlar. Bir cütlük deyir: «İndi biz Yehovanın yolunda daha çox iş görmək və bu hədiyyənin bizim üçün nə qədər dəyərli olduğunu göstərmək istəyirik».
Toxolabal tərcümə ofisi (Meksika). Uzun illər toxolabal tərcümə qrupu Mexiko şəhərində yerləşən Mərkəzi Amerika filialında işləyirdi. Lakin toxolabal dilində danışan xalq əsasən Mexikodan təxminən 1000 kilometr aralıda yerləşən Altamirano və Las-Marqaritasda yaşayır. Buna görə tərcüməçilər dildə baş verən dəyişiklikləri duya bilmirdilər. Üstəlik, filial tərcümə işində və audioyazıda iştirak etmək üçün yerli bacı-qardaşlar arasında münasib namizədlər tapmaqda çətinlik çəkirdi.
Bu səbəbdən Rəhbərlik Şurasının Yazı komitəsi tərcümə qrupunu bu dildə danışılan əraziyə köçürmək qərarına gəldi. Bunun üçün filial hazır tikili alıb onu təmir etdi. Bu, yeni ofis binası tikmək və ya binanı icarəyə götürməkdən xeyli ucuz başa gəldi.
Bir tərcüməçi toxolabaldilli insanların sıx yaşadığı əraziyə köçməyin müsbət cəhətləri barədə deyir: «Mən filialda on il tərcüməçi işləmişəm, amma bu müddət ərzində yaxınlıqda mənim dilimdə danışan bir ailəyə belə rast gəlməmişəm. Yeni ofisimiz isə toxolabal dilində danışılan ərazinin düz mərkəzində yerləşir. Mən bu dildə danışanlarla hər gün təmasda oluram. Bu, mənim söz ehtiyatımı zənginləşdirib və işimin keyfiyyətini artırıb».
2021-ci xidmət ilinin layihələri
Vəziyyət imkan verərsə, 2021-ci xidmət ilində 75 tərcümə ofisi və Müqəddəs Kitab məktəbləri üçün komplekslər tikməyi və təmir etməyi planlaşdırırıq. Həmçinin səkkiz əsas filial layihəsi üzərində iş davam edəcək. Onların arasında baş idarənin Ramapodakı (Nyu-York ştatı) yeni layihəsi, eləcə də Argentina və İtaliya filiallarının köçürülməsi layihələri var. Bundan başqa, 1000-dən çox yeni ibadət evinə ehtiyac var. 6000-dən çox ibadət yeri yararsız haldadır və yeniləri ilə əvəz edilməlidir. 4000 ibadət evi isə təmir olunmalıdır.
Bütün bu tikinti və təmir işləri necə maliyyələşdirilir? Mərkəzi Amerika filialının komitə üzvü Lazaro Qonsales toxolabal tərcümə ofisi barədə müzakirələr zamanı bu suala cavab verib. O deyib: «Bizim filialın ərazisində vəsaitlərimiz məhduddur. Bu səbəbdən bütün dünyadakı qardaşların dəstəyi olmasaydı, yerli bacı-qardaşlar üçün tərcümə ofisini tikmək mümkün olmazdı. Bütün dünyadakı bacı-qardaşların təqdim etdikləri vəsaitlər sayəsində tərcüməçiləri onların dilində danışılan əraziyə köçürmək mümkün oldu. Səxavətlə bizə dəstək olduqlarına görə bütün bacı-qardaşlara minnətdarıq». Bəli, bütün bu layihələr sizin ümumdünya işinə etdiyiniz ianələr sayəsində mümkün olub. İanələrin çoxu donate.pr418.com saytı vasitəsilə edilir.
a Yerli layihə-inşaat şöbələri filial ərazisindəki ibadət evlərinin layihəsini hazırlayır və tikintisini aparır. Baş idarədə yerləşən Ümumdünya layihə-inşaat şöbəsi bütün dünyada hansı tikinti layihələrinin həyata keçiriləcəyini müəyyən edir və tikintilərə nəzarət edir.