İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
Regional toplantının televiziya və radio vasitəsilə yayımı
1 AVQUST 2021
2020-ci ilin regional toplantısı tarixə düşdü. Bu toplantı əvvəlcədən videoyazıya alınaraq internet səhifəmizdə yerləşdirilmişdi. Amma Malavi və Mozambikdə yaşayan bacı-qardaşlarımızın çoxunun internetə çıxışı yoxdur. Bəs onlar üçün nə edildi?
İstisna hal kimi, Rəhbərlik Şurasının Koordinatorlar və Təlim komitələri Malavi və Mozambikdə toplantının televiziya və radio vasitəsilə yayımına icazə verdi. Nəyə görə buna ehtiyac var idi? Malavidə internet çox baha olduğundan tək-tük bacı-qardaşda internet var. Malavi filial komitəsinin üzvü Vilyam Çambi deyir: «Ruhani qidanı bacı-qardaşlara çatdırmağın yeganə yolu radio və televiziya idi». Malavi filial komitəsinin digər üzvü Luka Sibeko əlavə edir: «Toplantının proqramı televiziya və radio vasitəsilə yayımlanmasaydı, filialımızın ərazisində yalnız bir neçə nəfər proqrama baxa biləcəkdi». Mozambikə gəldikdə isə, çoxlarının heç münasib elektron cihaz belə almağa imkanı yoxdur, o ki qaldı internetə qoşulmaq.
Görülən işlər
COVID-19 pandemiyası başlayandan ibadət görüşlərimiz televiziya və radio vasitəsilə yayımlanır a. Qardaşlarımız həmin televiziya kanalları və radiostansiyalardan xahiş etdilər ki, regional toplantının yayımlanması üçün əlavə vaxt ayırsın.
Malavidəki qardaşlarımız çətinliklə üzləşdilər. Adətən, yayım şirkətləri müştərilərinə yalnız bir saat yayım vaxtı ayırır, çünki qorxurlar ki, daha uzun verilişlər auditoriya üçün maraqlı olmayacaq. Lakin qardaşlar izah etdilər ki, bizim fəaliyyətimiz cəmiyyətin rifahına xidmət edir; hətta təcridolunma zamanı biz insanlara Müqəddəs Kitabdan təsəlliverici xoş xəbəri çatdırırıq; bu xəbər insanlara yaxşı vətəndaş olmağa və ailə səadətinə nail olmağa kömək edir. Bundan sonra yayım şirkətləri qardaşların xahişini təmin etdi.
Malavidə toplantı proqramı ölkədaxili bütün ərazilərdə milyonlarla insanın baxdığı və dinlədiyi bir televiziya və bir radiostansiya vasitəsilə yayımlandı. Mozambikdə isə toplantı proqramı bir televiziya və 85 radiostansiya vasitəsilə yayımlandı.
Hər iki ölkədə toplantı proqramının televiziya vasitəsilə yayımına 28 227 ABŞ dolları, radio vasitəsilə yayımına isə 20 000 ABŞ dolları xərcləndi. Radio vasitəsilə yayımın qiyməti radiostansiyanın əhatə dairəsindən asılı idi. Əhatə dairəsi kiçik olan radiostansiyalarda qiymət 15 ABŞ dollarından başlayırdı, bütün ölkə ərazisinə yayımlanan radiostansiyalarda isə qiymət 2777 ABŞ dollarına çatırdı.
Qardaşlarımız ianələrdən səmərəli istifadə etmək üçün əllərindən gələni etdilər. Məsələn, Malavidə qardaşlar danışıqlar sayəsində endirim əldə etdilər. Bir stansiya hətta 30 faiz endirim etmişdi. Bunun sayəsində 1711 ABŞ dolları məbləğində pula qənaət edildi. Mozambikdə bəzi radiostansiyalar bizim dürüst olduğumuza və ödənişləri vaxtlı-vaxtında etdiyimizə görə icarə haqqını azaltdı.
Minnətdarlıq
Toplantıya televiziya vasitəsilə baxmaq və radio vasitəsilə dinləmək imkanına görə bacı-qardaşlar çox minnətdardırlar. Malavidən olan Patrik adlı ağsaqqal deyir: «Pandemiya zamanı göstərdikləri xüsusi qayğıya görə Rəhbərlik Şurasındakı qardaşlara çox minnətdarıq». Malavidən olan İsaak adlı başqa bir qardaş deyir: «Bizim başqa bir elektron cihazımız yoxdur. Ona görə də toplantıya radio vasitəsilə qulaq asmaq imkanı yaratdığına görə Yehovanın təşkilatına minnətdarıq. Bunun sayəsində bütün ailəm toplantıya qulaq asa bildi. Yehova həqiqətən də Öz xalqını sevir».
2020-ci ilin regional toplantısı Mozambikdə yaşayan bir təbliğçinin ilk toplantısı idi. O deyir: «Toplantıya televizorda baxanda bir daha əmin oldum ki, Yehova hər şeyə qadirdir. Yehova bizi ruhani qida ilə təmin etdi və pandemiya Onun üçün maneə olmadı. Mən elə öz evimdə ona ibadət edə bildim. Yehovanın xalqı arasında məhəbbətin hökm sürdüyünü öz gözümlə gördüm. Əminəm ki, bu, həqiqi dindir».
Vayson adlı bir ağsaqqal deyir: «Bu pandemiya zamanı qayğımıza qaldığına görə sadiq nökərə çox sağ ol demək istəyirəm. Toplantı proqramının televiziya və radio vasitəsilə yayımlanması sayəsində dünyanın kasıb ölkələrində yaşayan və maddi cəhətdən əziyyət çəkən bizlər proqramdan faydalana bildik».
Koordinatorlar və Təlim komitələri 2021-ci ilin regional toplantısının da müəyyən ölkələrdə istisna hal kimi radio və televiziya vasitəsilə yayımlanmasına icazə verdi. Bu cür keçirilən toplantıların xərcləri nəyin hesabına ödənilir? donate.pr418.com saytında müxtəlif üsullarla etdiyiniz ianələrin hesabına. Səxavətli ianələrinizə gözə sizə təşəkkür edirik.
a 2020-ci ilin əvvəlində Koordinatorlar komitəsi COVID-19 pandemiyası davam etdiyi müddətdə yığıncaq görüşlərinin televiziya və radio vasitəsilə yayımlanmasına icazə verdi. Belə ki, internetin və ya mobil xidmətlərin olmadığı və ya baha olduğu ərazilərdə yaşayan və bu səbəbdən öz yığıncaqlarına və ya JW Stream-ə qoşulmaq imkanı olmayan bacı-qardaşlar da görüşlərə baxa və ya qulaq asa bilir. Bu tədbir öz yığıncağına qoşula bilənlər üçün nəzərdə tutulmayıb.