Kontentə keç

Mündəricatı göstər

Yaponiya filialının (solda) təmir-bərpası və Anqola filialının (sağda) genişləndirilməsi üçün çoxlu iş görülməlidir

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Təbliğ işimizə dəstək olan tikililər

Təbliğ işimizə dəstək olan tikililər

20 OKTYABR 2023

 Rəhbərlik Şurası ianə edilən pulları Padşahlıq haqda xoş xəbərin təbliğinə dəstək olan binaların tikintisinə və təmirinə səxavətlə xərcləyir. Məsələn, 2023-cü xidmət ili ərzində Yehovanın Şahidlərinin filialları ibadət evləri və toplantı zalları almaq üçün, eləcə də onların tikintisinə və təmirinə 500 milyon dollardan çox pul xərcləyib a. Bu məbləğə bütün dünyada yığıncaqların ibadət evlərinin qulluğuna xərclədiyi pullar daxil deyil.

 Bundan əlavə, ianə edilmiş vəsaitlərdən ümumdünya təbliğ işinin təşkilinə və fəaliyyətinə nəzarət edən filial binalarının tikintisi və qulluğu üçün istifadə olunur. Vəsaitlərin daha böyük hissəsini ibadət evləri və toplantı zallarının təmir-bərpa işlərinə yönəltmək üçün filialların xərclərini azaltmışıq. Bununla belə, filial binalarının təmiri, yenidən qurulması və başqa yerə köçürülməsi üçün çoxlu vəsait lazımdır. Nəyə görə bu layihələr vacibdir? Filiallar fəaliyyətimiz üçün vacib olan işləri necə dəstəkləyir? Gəlin baxaq.

Binalara yeni nəfəs verən təmir işləri

 Bəzi filial binaları 30—40 ildir ki istifadə olunur. Ümumdünya layihə-inşaat şöbəsində çalışan Nikolas qardaş deyir: «Hətta yaxşı qulluq olunan binalar belə zamanla köhnəlir və yararsız hala düşür. Görülən təmir işləri binalara sanki yeni nəfəs verir və binaların istismar müddətini uzadır».

 Təşkilatdakı dəyişikliklərlə ayaqlaşmaq üçün Beytel binalarında görülən işlər də tələbata uyğun tənzimlənir. Dünyanın bir çox yerlərində filial binaları tikiləndən bəri təbliğçilərin sayında böyük artım olub. Bu təbliğçilərə dəstək olmaq üçün həmin filiallarda daha çox sayda könüllülərə ehtiyac yaranıb. Nəticədə, vaxtilə böyük görünən binalar artan tələbatı artıq qarşılaya bilmir.

 Digər vacib faktor təhlükəsizlikdir. Axırzamanda yaşadığımız üçün get-gedə daha dağıdıcı təbii fəlakətlərlə üzləşirik (Luka 21:11). Təmir zamanı yeni texnologiyaları tətbiq etmək həmin binaları orada işləyənlərin həyatı üçün daha təhlükəsiz edir. Bu cür tikilmiş binalar möhkəm olduğu üçün təbii fəlakətlər qarşısında daha dözümlü olurlar. Bu da öz növbəsində həmin binalarda yardım işlərinin və sahədəki fəaliyyətimizin təşkilini mümkün edir.

«Yehova bu qərarımıza bol bərəkət verdi»

 Rəhbərlik Şurasının nəzarəti altında 2023-cü xidmət ili ərzində 43 filial binasında köklü təmir-bərpa işləri aparılıb. Bu o deməkdir ki, bütün dünyada Beytel binalarının təxminən yarısında bu və ya digər növ təmir işləri görülüb. Gəlin görülən işlərin vacibliyini göstərən bir neçə nümunəyə baxaq.

 Anqola. Anqola filial komitəsinin üzvü olan Met qardaş deyir: «Biz Həqqay 2:7 ayəsində yazılan peyğəmbərliyin xüsusi şəkildə yerinə yetdiyinin şahidiyik. Cəmi on ilə təbliğçilərin sayında 60 faiz artım olub. Bu artımın ehtiyaclarını qarşılamaq üçün Beytel ailəsinin üzvlərinin sayını üç dəfə artırmaq lazım idi. Amma binaların ölçüsünə görə biz bu qədər bacı-qardaşı dəvət edə bilmirdik. Bu səbəbdən beytellilərin əksəriyyəti işdən sonra da qalaraq çox işləməli olurdu».

Yeni ofis otaqlarında (sağda) daha səmərəli işləmək olur

 Qardaşlar filialı genişləndirmək üçün nə edə biləcəklərini araşdırmağa başladılar. Əvvəlcə düşündülər ki, ən tez həll yolu mövcud binanı təmir etməkdir. Amma vəziyyəti daha yaxşı götür-qoy edəndən sonra belə qənaətə gəldilər ki, sadəcə binanı təmir etsələr, ianə olunan vəsaitlərdən düzgün istifadə etmiş olmayacaqlar. Ona görə də qardaşlar məsləhət gördülər ki, yaxınlıqdakı bina alınıb təmir edilsin. Met qardaş deyir: «Yaxınlıqdakı binanın alınıb təmir edilməsi filial komitəsinə ilk dəfə təklif olunanda düşünürdük ki, bu özümüzün sıfırdan tikdiyi binalar qədər yaxşı olmayacaq. Amma indi görürük ki, yeni bina bütün ehtiyaclarımızı tam qarşılayır. Yehova bu qərarımıza bol bərəkət verdi».

Filialın ərazisində yerləşən modul tipli evlər sayəsində sahədəki işi dəstəkləmək üçün daha çox könüllünü dəvət etmək mümkün olur

 Çox yəqin ki, Anqola filialına gələcəkdə əlavə yer lazım olacaq. Bununla belə, yeni bina, Beytel ərazisində yerləşən modul tipli evlər və Beytelə yaxın ərazilərdə kirayə götürülən mənzillər sahədəki böyük artımı qarşılamaq üçün lazımi işlərin görülməsinə bəs edir.

Anqola layihəsi üzərində işləmək bacılara böyük sevinc bəxş edir

 Yaponiya. İlk filial binaları 40 il əvvəl tikilib və binaların əksəriyyəti heç vaxt əsaslı təmir edilməyib. Binalara hərtərəfli qulluq edilsə də, onların istismar müddəti çoxdan bitib. Buna görə də hal-hazırda geniş təmir-bərpa işləri aparılır.

 Bu illər ərzində Beyteldə də dəyişikliklər olub. 2015-ci ilə qədər Beytel ailəsinin üzvləri üçün bütün yeməklər ümumi mətbəxdə hazırlanırdı. Ona görə də onların yaşayış otaqlarında çox balaca mətbəx olurdu. İndi isə yeməklərin çoxunu beytellilər özləri hazırlayır. Təmirdən sonra Beytel otaqlarındakı mətbəxin ölçüsü böyüdülüb. Bunun sayəsində beytellilər yeməklərini rahat şəkildə hazırlaya bilirlər. Yaponiya filialında xidmət edən Kumiko bacı deyir: «Yeni mətbəxdə özümü lap rahat hiss edirəm. Bu mənə Beyteldə yeni dəyişiklilərə tam şəkildə uyğunlaşmağa kömək edir».

Yeni mətbəx Beytel ailəsinin ehtiyaclarını daha yaxşı qarşılayır

 Yaponiya filialında görülən iş ümumdünya təbliğ fəaliyyətimiz üçün çox önəmlidir (Mətta 28:19, 20). Yaponiya filialı Müqəddəs Kitabı tam formatda çap edən iki filialdan biridir. Hal-hazırkı tikinti-bərpa layihəsinin əsas məqsədlərindən biri çapxanada işləyənlərin təhlükəsizliyini təmin etmək üçün kəsim və tozyığma sistemlərinin quraşdırılmasıdır. Bu sistemlərin alınması və quraşdırılması təxminən bir milyon dollara başa gələcək. Amma bunun sayəsində filialda ruhani qidanın çap olunması və daşınması işini davam etdirmək mümkün olacaq.

Yeni kəsim və tozyığma sistemləri çapxanada işləyənlərin təhlükəsizliyini daha yaxşı təmin edəcək

 Qardaşlar əllərindən gələni etdi ki, təmir-bərpa işləri zamanı Müqəddəs Kitabın çapı dayanmasın. Yaponiya filial komitəsinin üzvü Trey qardaş deyir: «Təşkilatımız bütün dünyada artan tələbatı qarşılamaq üçün, hətta təmir-bərpa işləri dövründə Müqəddəs Kitabı yeni dillərdə dərc edirdi. Yeni avadanlığın quraşdırılması və ədəbiyyatların çapını davam etdirmək üçün şöbələrlə podratçılar arasında yaxşı əməkdaşlıq olmalı idi». Bu çətinliklərə baxmayaraq, 2023-cü ilin mart—avqust aylarında hər ay çapxanada təxminən 220 000 Müqəddəs Kitab dərc olunurdu. Həmin vaxt çapxanada tikinti işinin ən qızğın vaxtı idi. Təmir-bərpa layihəsi nəzərdə tutulmuş xərcləri aşmadı.

 Layihədə nəzərdə tutulan vacib işlərdən biri enerjiyə qənaət etmək üçün yeni sistemlərin quraşdırılmasıdır. Yeniliklərdən biri günəş panelləridir. Bu panellər sayəsində hər il təxminən 120 000 dollara qənaət etmiş olacağıq. Enerji sərfiyyatını daha da azaltmaq üçün üçqat şüşəli pəncərələr quraşdırılacaq. Bu isə hər il haradasa əlavə 10 000 dollar qənaət etməyə imkan yaradacaq. Yeni avadanlıqların quraşdırılması xərcləri artırsa da, panellərin və pəncərələrin istismar müddəti ərzində 3,5 milyon dollardan çox pula qənaət etmək mümkün olacaq. Bu tədbirlər binaların ətraf mühitə mənfi təsirini də azaldacaq.

Üçqat şüşəli pəncərələr enerji sərfiyyatını azaldacaq

«Görüləsi iş hələ çoxdur»

 Bu iki layihə Beytel binalarının sahədəki ehtiyacları qarşılaması üçün hələ nə qədər işin görülməli olduğunu yaxşı göstərir. Amma iş hələ bitməyib. Ümumdünya layihə-inşaat şöbəsinin əməkdaşı Aaron qardaş deyir: «Layihələrin çoxu tamamlanıb, amma görüləsi iş hələ çoxdur». Bu işlər necə görüləcək? Qardaş deyir: «Bu vacib layihələrin həyata keçirilməsinə kömək edən səxavətlə etdiyiniz ianələrdən əlavə həm keçmiş, həm də gələcək layihələrimizdə iştirak etmək üçün həyatlarında dəyişikliklər edən könüllülərə ürəkdən minnətdarıq. Bacı-qardaşların göstərdiyi həm fiziki, həm də maddi dəstək Yehovanın bu layihələrə xeyir-bərəkət verdiyinin sübutudur» (Zəbur 110:3).

 Bütün tikinti və təmir-bərpa işlərimizi etdiyiniz ianələr sayəsində həyata keçiririk. Bu ianələrin çoxu donate.pr418.com saytı vasitəsilə edilir. Səxavətinizə görə sizə minnətdarıq.

a Bu məqalədə bütün məbləğlər ABŞ dolları ilə göstərilib.