Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

«Xalqların hamısına şəhadət» verməyə kömək edən ədəbiyyat arabaları

«Xalqların hamısına şəhadət» verməyə kömək edən ədəbiyyat arabaları

1 APREL 2023

 On ildən çoxdur ki, ədəbiyyat arabaları xidmətimizə rəng qatır. Bütün dünyada ədəbiyyat arabalarını görənlər bizi asanlıqla tanıyır. Onların dizaynı gözəl olmaqla yanaşı, həm də praktikidir. Polşada yaşayan Asenata bacı deyir: «Arabaların görünüşü sadə və xoş, istifadəsi isə çox rahatdır. Onları asanlıqla bir yerdən başqa yerə aparmaq olur».

 Gəlin görək bu arabalar necə ərsəyə gəlib.

Hərtərəfli düşünülmüş dizayn

 2001-ci ildə Rəhbərlik Şurasının qərarı ilə Fransadakı bacı-qardaşlarımız ictimai şahidliyin müxtəlif üsullarını sınaqdan keçirməyə başladılar. Bu üsullardan biri də ədəbiyyat arabaları ilə təbliğ etmək idi. Bunun üçün bacı-qardaşlar müxtəlif vasitələri sınaqdan keçirdilər. Məsələn, yük çamadanlarının və yaxud ərzaq arabalarının formasına düzəliş edərək onları elə qururdular ki, ədəbiyyatları saxlamaq və nümayiş etdirmək mümkün olsun. Sonda Fransa filialı təbliğçilərin uzun illər istifadə etdiyi bir dizayn seçdi.

İlk ədəbiyyat arabası, Fransa, 2005-ci il

 Fransadakı bacı-qardaşların sınaqdan keçirdiyi bu cür ictimai şahidlik yaxşı bəhrələr gətirdi. Buna görə də 2011-ci ildə Rəhbərlik Şurası Nyu-York şəhərində ictimai şahidlikdə arabalardan və masalardan istifadə etməklə bağlı sınaq layihə təşkil etdi. Arabalarla xidmət öncüllərin daha çox xoşuna gəldi. Onların bəyəndiyi üstünlüklərdən biri arabaların asanlıqla daşınması idi. Onlar həmçinin arabaların dizaynını təkmilləşdirmək üçün öz təkliflərini verdilər. Taxtadan hazırlanan arabalar ağır olduğu üçün onları yığıb-açmaq çətin idi. Ona görə də arabaların dizaynına yenidən baxıldı və yüngül materiallardan hazırlandı. Yüngül olmalarına baxmayaraq, onlar küləyə davamlı idi. Yeni dizaynda daha böyük və amartizatorlu təkərlərdən istifadə olundu. Bu təkərlər arabanın kələ-kötür yollarda daşınmasını asanlaşdırdı. Həmçinin əlavə nəşrləri saxlamaq üçün arabaya kiçik qutu yerləşdirildi.

 Sınaq layihə uğurlu oldu. 2012-ci ildə Rəhbərlik Şurası ədəbiyyat arabalarının bütün dünyada istifadəsi ilə bağlı qərar qəbul etdi. Qardaşlar yüngül, eyni zamanda davamlı arabaların kütləvi istehsalı üçün fabrik tapdılar.

 İllər ötdükcə arabalara kiçik dəyişikliklər edildi. Məsələn, 2015-ci ildə arabaya sukeçirməyən örtük əlavə olundu. Gürcüstanda yaşayan Dina adlı bacı bu barədə deyir: «Sanki nəşrləri qorumaq üçün arabanın “sukeçirməyən paltarı” var». 2017-ci ildə bəzi dillərdə maqnit posterlər hazırlandı. Polşada yaşayan Tomaş qardaş deyir: «Əvvəlki yapışqan posterləri dəyişdirmək çox vaxt aparırdı. Maqnit posterlər bu problemi kökündən həll etdi». 2019-cu ildə arabaların materiallarına və istehsalına dəyişikliklər edildi. Bunun sayəsində arabalar daha davamlı oldu.

Ədəbiyyat arabalarının istehsalı

 Ədəbiyyat arabaları bir fabrikdə istehsal edilir və sonra bütün dünyaya göndərilir. Hal-hazırda bir arabanın qiyməti 43 ABŞ dollarıdır. Bu qiymətə daşınma və digər xərclər daxil deyil. Bu günə qədər arabalara 16 milyon ABŞ dollarından çox pul xərclənib və 420 000-dən çox araba bütün dünyadakı yığıncaqlara göndərilib.

 İanələrə maksimum qənaət etmək üçün ədəbiyyat arabaları topdan sifariş olunur. Həmçinin indi yığıncaqlar ədəbiyyat arabalarını yenisi ilə əvəz etməyin yerinə arabanın ehtiyat hissələrini sifariş verib təmir edə bilərlər.

Ədəbiyyat arabaları ilə təbliğ

 Bütün dünyadakı bacı-qardaşlar ədəbiyyat arabaları ilə təbliğ etməyi çox xoşlayır. Qanadan olan Martina bacı deyir: «Çox vaxt xidmətdə biz insanlara yaxınlaşırıq. Ədəbiyyat arabası ilə təbliğ edəndə isə insanlar bizə yaxınlaşır. Bu, çox xoşuma gəlir. Hətta yoldan keçənlər üçün də şahidlik olur».

 Başqa bir Afrika ölkəsində bir nəfər arabaya yaxınlaşır və öz dilində ədəbiyyat götürür. Bir həftə sonra o, geri qayıdır və deyir: «Ədəbiyyatdakı bütün məlumatları oxudum. Bu məlumatlar çox vacibdir. Yaşadığım kəndə gedib oxuduqlarımı ailəmlə də bölüşmək istəyirəm». Onların kəndi 500 kilometr uzaqda yerləşirdi. İki ay sonra o, yenidən geri qayıdır və deyir: «Ədəbiyyatdakı məlumatları kənd camaatı da oxudu və çox xoşlarına gəldi. Onlar Yehovanın Şahidi olmaq istəyir, amma bəzi sualları var. Məsələn, onlar başa düşürlər ki, tamamilə suya batırılaraq vəftiz olunmalıdırlar. İş orasıdır ki, bizim kənddən çay keçmir. Vəftiz olunmaq üçün bura gəlməliyik?» Bu adamın əlaqə məlumatlarını onun dilində danışan bir öncülə ötürdülər. O gündən bəri onlar müntəzəm Müqəddəs Kitab dərsləri keçirlər.

 Ədəbiyyat arabaları bütün dünyada Padşahlığın təbliğ işinə böyük töhfə verir (Mətta 24:14). Bəs bu arabaların istehsal xərcləri necə qarşılanır? Ümumdünya işinə edilən ianələrin sayəsində. Bu ianələrin çoxu donate.pr418.com saytı vasitəsilə edilir. Səxavətlə verdiyiniz ianələrə görə sizə minnətdarıq.