Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Yehova eşitmə qüsurlu insanları unutmur

Yehova eşitmə qüsurlu insanları unutmur

1 İYUL 2022

 Yehova istəyir ki, hər cür insan Onun və səmavi Padşahlığı haqqında öyrənsin (1 Timutiyə 2:3, 4). Bu səbəbdən Yehovanın Şahidləri müxtəlif cür insanlar, o cümlədən eşitmə qüsurlu insanlar üçün Müqəddəs Kitab və ona əsaslanan nəşrlər buraxırlar. Təşkilat yüzdən çox jest dilində video formatında a minlərlə cürbəcür nəşrlər buraxır. Bu nəşrlər necə ərsəyə gəlir və çatdırılır? Son illərdə bu sahədə hansı irəliləyişlər olub?

Jest dilində videolar necə ərsəyə gəlir?

 Jest dilində videolar bütün dünyada tərcümə qrupları tərəfindən hazırlanır. Qrupun üzvləri tərcümə edəcəkləri nəşrləri diqqətlə təhlil edirlər. Sonra onlar məlumatı jest dilində necə verəcəklərini qərarlaşdırırlar. Bundan sonra isə onlar nəşri videoformatda yazırlar. Hal-hazırda 60 tərcümə qrupu Müqəddəs Kitaba əsaslanan nəşrləri müntəzəm, 40 qrup isə vaxtaşırı olaraq jest dilinə tərcümə edir.

 Keçmişdə jest dilində videoların istehsalı çox baha başa gəlirdi. Videokameralar və digər avadanlıqlar bugünkü ilə müqayisədə daha baha idi. Bundan əlavə, videolar xüsusi studiyalarda hazırlanırdı. Həmin studiyaları ya sıfırdan tikməli olurduq, ya da köhnə binalarda yenidənqurma işləri aparırdıq. Jest dilinə tərcümə qrupunu lazım olan hər şeylə təmin etmək üçün 30 000 dollardan b çox vəsait tələb olunurdu.

 İanələrdən daha səmərəli istifadə etmək məqsədilə təşkilat tərcümə prosesini təkmilləşdirməyin və eyni zamanda sadələşdirməyin üsullarını axtarırdı. Ona görə də biz tələbatlarımıza cavab verən və əvvəlki ilə müqayisədə daha ucuz olan müasir avadanlıqlardan istifadə etməyə başladıq. İndi tərcümə qrupları öz ofislərində yaşıl ekran adlanan fon qura və videoları çəkə bilirlər. Eyni layihə üçün çoxlu sayda insan lazımdırsa, bacı-qardaşlar öz hissələrini ofisdə və ya evlərində yaza bilirlər. Artıq bunun üçün studiyaya getmək mütləq deyil.

 Biz tərcümə qruplarının işinə kömək edən proqram təminatı da yaratmışıq. Bu proqramın sayəsində indi tərcümə qrupları jest dilində materialların hazırlanmasına iki dəfə az vaxt sərf edirlər. Bu dəyişikliklərin müsbət nəticələri barədə Aleksandr adında bir qardaş deyir: «İndi jest dilində daha çox video buraxılır. Bu məni çox sevindirir. Elə gün yoxdur ki, bu videolara baxmayım».

 İndi bir tərcümə qrupunu lazım olan hər şeylə təmin etmək üçün 5000 dollardan az pul lazımdır. Bunun sayəsində biz daha çox jest dilində video buraxa bilirik.

Videolar istifadəçilərə necə çatdırılır?

 Videolar hazır olandan sonra onlar istifadəçilərə çatdırılmalıdır. Necə? Əvvəllər biz jest dilində olan nəşrləri videokaset və DVD disklərdə buraxırdıq. Amma bu, çoxlu pul, vaxt və güc tələb edirdi. Tərcümə olunmuş material videokaset və DVD disklərə yazılması üçün başqa bir şirkətə göndərilirdi. Sonra onlar yığıncaqlara çatdırılırdı. Təkcə 2013-cü ildə jest dilində DVD-lərin istehsalına 2 000 000 dollardan çox pul xərcləmişdik.

 Eşitmə qüsurlu insanlar bu videolara sevə-sevə baxırdılar. Amma videokaset və DVD-lərin sayı artdıqca onlardan istifadə etmək çətinləşirdi. Məsələn, Müqəddəs Kitabın cəmi bir bölməsi bir neçə DVD disk tuturdu. Braziliyadan olan Jilney adlı qardaş o günləri belə xatırlayır: «Müqəddəs Kitabdan hansısa ayəni göstərmək istəyəndə əvvəlcə lazımi kaseti, sonra isə kasetdə ayənin özünü tapmalı idik. Bu, çox çətin idi». Jest dilində DVD-lərdən istifadə edən Rafayeni adlı bacı deyir: «Şəxsi mütaliə keçirmək çox yorucu idi. Ayəni, istinadları tapmaq xeyli vaxt aparırdı». Təbliğçilər DVD diskləri və videokasetləri özləri ilə xidmətə də aparırdılar və həqiqətə maraq göstərən insanın televizorunda ona göstərirdilər. Bəzi təbliğçilər xidmətə öz DVD-pleyerlərini də aparırdılar. Amma sonra ekranı olan portativ DVD-pleyerlər çıxdı və bir çox təbliğçilər onlardan istifadə etməyə başladılar. ABŞ-da yaşayan Bobbi adlı qardaş deyir: «Xidmətdə bir ayəni göstərəndən sonra başqa hansısa ayəni göstərmək üçün çox vaxt diski dəyişməli olurdun. Buna vaxt gedirdi və bu səbəbdən Müqəddəs Kitabdan ürəyimiz istədiyi kimi istifadə edə bilmirdik».

 2013-cü ildə Yehovanın Şahidləri «JW Library Sign Language» tətbiqini buraxdılar. Bu tətbiq bacı-qardaşlara jest dilində olan videoları yükləyib öz smartfonlarında baxmaq imkanı yaratdı. Əvvəlcə tətbiqdə yalnız Amerika jest dili var idi. Amma 2017-ci ildə tətbiq yeniləndi və ona digər jest dilləri də əlavə olundu. Bütün dünyadakı bacı-qardaşlar bu yeniliyə çox sevindilər. Braziliyadan olan Jüselino qardaş deyir: «İnana bilmirdim! Rəhbərlik Şurasının mənim kimi eşitmə qüsurlu insanlara göstərdiyi məhəbbət və bizim ruhani inkişafımız üçün çəkdiyi zəhmət məni valeh edir. Bu tətbiq çıxandan Müqəddəs Kitabı daha çox mütaliə edirəm».

Bacı «JW Library Sign Language» tətbiqində videoya baxır

 Bu gün jest dilində bütün videolar elektron formatda çıxır. Bu videolar veb-saytımızda və «JW Library Sign Language» tətbiqində yerləşdirilir. Bunun sayəsində indi jest dilində videoların hazırlanması aylar və illər yox, cəmi bir neçə gün çəkir. Bir çox jest dillərində nəşrlər adi dillərlə eyni vaxtda çıxır.

 Görün bacı-qardaşlarımız bu barədə nə deyir. Klizia adlı bacı deyir: «Başqa hansı təşkilat eşitmə qüsurlu insanlara bu qədər qayğı göstərir, əlçatan formatda ruhani qida ilə təmin edir?! Dünyada heç bir təşkilat Yehovanın təşkilatı ilə müqayisəyə gəlməz!» Vladimir adlı qardaş isə deyir: «Jest dilində bu qədər videoların olması göstərir ki, Yehova eşitmə qabiliyyəti olan və olmayan insanları eyni dərəcə sevir».

 Jest dilində çıxan videolarda çox vaxt belə sözlər yazılır: «Könüllü ianələr hesabına hazırlanan bu nəşr Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işinə xidmət edir». donate.pr418.com saytı vasitəsilə və digər üsullarla ümumdünya işinə etdiyiniz ianələrinizə görə sizə çox minnətdarıq. Etdiyiniz ianələr sayəsində biz həm jest dilində, həm də digər dillərdə Müqəddəs Kitab və ona əsaslanan nəşrlər buraxırıq.

a Jest dilində fikirlər jestlər və üz ifadələri ilə çatdırıldığı üçün nəşrlər çap yox, video formatında çıxır.

b Bu məqalədə məbləğlər ABŞ dolları ilə göstərilib.