Kontentə keç

Mündəricatı göstər

İRMA BENTİVOLİ | BİOQRAFİYA

Hər bir gözəl payı verənə xidmət edirəm

Hər bir gözəl payı verənə xidmət edirəm

 Hava hücumu siqnalı eşidildi. Anam balaca qardaşımı qucağına aldı və mənim əlimdən tutub yaxınlıqdakı meyvə bağına qaçdı. Orada biz ağacların altında gizləndik. Həmin vaxt mənim cəmi altı yaşım var idi.

 Hava hücumu qurtarandan sonra anamla onun ən yaxın rəfiqəsini axtarmağa getdik. Onun hücum zamanı öldüyünü eşidəndə özümüzə gələ bilmədik. Bir neçə gündən sonra növbəti hava hücumu baş verəndə atam məni velosipedin qabağına oturtdu və var gücü ilə pedalları fırladaraq şəhərdən uzaqlaşdı.

 İkinci Dünya müharibəsi İtaliyanı darmadağın etmişdi. Həmin günləri indi də xatırlayıram. Amma yaxşı ki uşaqlıqdan Yehovanı tanıyan, Onu sevən insanların əhatəsində olmuşam.

Yehovanı tanıyırıq

 1936-cı ilin qışında mən doğulandan bir neçə ay əvvəl atam Vinçenzo Artusi adlı bir nəfərlə dəmir yollarında işləyirdi. Həmin vaxt Vinçenzo Yehovanın Şahidi kimi vəftiz olunmamışdı. Amma Müqəddəs Kitabı çox sevirdi. Onlar dəmir yollarını qardan təmizləyən vaxt Vinçenzo atama öyrəndikləri haqda danışırdı.

 Atam Müqəddəs Kitabda yazılanlara tez iman gətirdi. O və yaşadığımız Faenza şəhərindəki bir neçə nəfər də Müqəddəs Kitabı öyrənmək istədi. Həmin günlərdə faşist rejiminin təqibləri ucbatından Yehovanın Şahidləri canlı şəkildə görüş keçirə bilmirdi. Hətta kimdəsə Müqəddəs Kitaba əsaslanan nəşr tapılsaydı, o, həbs oluna bilərdi. Bəzi Yehovanın Şahidləri həbsdə idi. Ona görə atam dostları ilə birgə Müqəddəs Kitabı və əllərində olan nəşrləri oxumaq üçün şəhərdən kənar evlərdə görüşürdülər. Bundan başqa, atam həftədə bir dəfə ailəlikcə Müqəddəs Kitabı müzakirə etmək üçün bizi bir yerə yığırdı.

Gözəl örnəklər

 Əqidələrinə görə həbs olunmuş Yehovanın Şahidlərinin çoxu 1943-cü ildə azadlığa buraxıldılar. Azadlığa çıxanların arasında Mariya Pizzato adlı subay bir bacı da var idi. O, İtaliyanın şimalında yerləşən evlərinə qayıdarkən yolüstü bizdə gecələmişdi. Bacının nəşrləri daşımaqda və filial ilə əlaqə yaratmaqda təşkilata böyük köməyi dəymişdi. O zaman İtaliyadakı fəaliyyətimizə İsveçrə filialı nəzarət edirdi. Mariya görünüşcə zəif görünsə də, əslində, çox güclü, cəsarətli qadın idi. Müharibədən sonra o, vaxtaşırı Faenzaya gəlirdi. Onun gəlişini həmişə səbirsizliklə gözləyirdik.

 Yaddaşımda xoş izlər buraxan başqa bir bacı Albina Kuminettidir. Yeniyetmə olanda bu yaşlı dul bacının yaşadığı binada yığıncaq görüşlərimizi keçirirdik. O, 1920-ci illərin əvvəllərindən İtaliyada kitab paylayan (tamvaxtlı müjdəçi) kimi xidmət edirdi. Albina mənə həmin illərdə xidmətdə baş vermiş çoxlu maraqlı hadisələr danışırdı!

 Albinada nəşrlərimizdən və başqa tarixi əşyalardan ibarət kolleksiya var idi. Bir dəfə onun kolleksiyasında üzərində xaç və tac olan sinə sancağı gördüm. Vaxtilə Müqəddəs Kitab tədqiqatçıları (Yehovanın Şahidlərinin əvvəlki adı) bu sancaqları taxırdılar. Xaç bütpərəst mənşəli olduğu üçün təəccübdən güldüm. Bunu görən Albina mənə elə bir şey dedi ki, onu həyatım boyu unutmadım. O, Zəkəriyyə 4:10 ayəsini bir qədər dəyişərək dedi: «Kiçik şeylərlə başlamış günlərə həqarət etmə!»

14 yaşım olanda

 Bu sözlərdən özümə vacib dərs götürdüm. Erkən Müqəddəs Kitab tədqiqatçıları Allahın Kəlamında yazılanları tam şəkildə başa düşməsələr də, mən onlara hörmət etməliyəm. Həmçinin italyan dilində bütün nəşrlərimiz yox idi. Buna görə də qardaşlar təlimlərə edilən bəzi düzəlişləri gec öyrənirdilər. Bununla belə, Yehova onların gördüyü işləri qiymətləndirir. Mən də qiymətləndirməliyəm.

 Böyük yaş fərqimizə baxmayaraq, Albina ilə söhbət etməyi xoşlayırdım. Çətinliklərə rəğmən, Yehovaya sədaqətlə xidmət edən Albina, Mariya və digər bacılar mənə örnək oldular. Sevinirəm ki, onları tanımışam.

Beytel xidməti

 1955-ci ilin yayında mən «Zəfər çalan Padşahlıq» adlı toplantıda iştirak etmək üçün Romaya gəldim. Həmin vaxt müxtəlif ölkələrdən gələn nümayəndələrlə birgə Beyteli ziyarət etdim. Sonra öz-özümə düşündüm: «Burada xidmət etsəydim, nə yaxşı olardı!»

 1955-ci il dekabrın 18-də vəftiz olundum. O vaxt hələ məktəbdə oxuyurdum, amma tamvaxtlı xidmətə başlamağa qətiyyətli idim. 1956-cı ildə Genuya şəhərində keçirilən toplantıda elan olundu ki, Beyteldə xidmət etmək üçün könüllülərə ehtiyac var. Amma filial nümayəndəsi bacılara tələbat olmadığını vurğuladı.

 Mən ruhani məqsədlərimlə bağlı rayon nəzarətçimiz Pyero Qatti a ilə danışdım. Bu şövqlü müjdəçi mənə dedi: «Sənə xüsusi öncül olmağı məsləhət görürəm».

 Müəyyən vaxt keçəndən sonra filialdan məktub aldım. Əmin idim ki, məktub öncül təyinatı ilə bağlı idi. Amma bu, Beytel xidmətinə dəvət idi!

Beyteldə tərcüməçi kimi xidmət edən İlari Kastiqlioni (ayaq üstə) ilə birgə (1959)

 1958-ci ilin yanvarında Beytelə gəldim. Həmin vaxt Beytel ailəsinin cəmi 10—12 üzvü var idi. Məni filialdakı iki tərcüməçiyə kömək etməyə təyin etdilər. Görüləsi çox iş var idi və tərcümə işində təcrübəsiz idim. Amma Yehovanın köməyi ilə təyinatımı sevməyə başladım.

 Təxminən iki il sonra tərcümə işinin təşkilində dəyişiklik oldu və mən sahəyə təyin olundum. Beytelə artıq öyrəşmişdim, ona görə də bu xəbər mənim üçün bir qədər gözlənilməz oldu. Amma sonra yeni təyinatıma Yehovanın mənə verdiyi növbəti ənam kimi baxdım.

Şövqlü təbliğçilərlə əməkdaşlıq

 1959-cu il sentyabrın 1-dən mən Kremona şəhərində xüsusi öncül xidmətinə başladım. Mənim əməkdaşım Danimarkadan gəlmiş Doris Meyer bacı idi. O məndən cəmi bir neçə yaş böyük idi, amma təcrübəli öncül idi və mən ondan çox şey öyrənirdim. Doris çox şövqlü və cəsarətli idi, onu qorxutmaq hələm-hələm asan deyildi. Xidmət etdiyimiz ərazidə bu xüsusiyyətlər hər ikimizə lazım idi. Çünki həmin şəhərdə yeganə Yehovanın Şahidləri biz idik.

Öncül əməkdaşlarım Doris (solda) və Brunildedən (sağda) çox şey öyrəndim

 Doris Kremonaya məndən əvvəl gəlmişdi və görüşlərin icarəyə götürülmüş mənzildə keçirilməsini təşkil etmişdi. Yerli katolik keşişlər fəaliyyətimiz barədə tez xəbər tutdular və bu onları çox əsəbiləşdirdi. Buna görə də öz moizələrində bizim əleyhimizə danışırdılar.

 Bir gün bizi yerli polis idarəsinə çağırdılar. Onlar bizi həbs etməsələr də, xəbərdarlıq etdilər ki, Doris əcnəbi olduğu üçün Kremon şəhərini tərk etməlidir. O, Danimarkaya qayıtmalı oldu və orada da Yehovaya sədaqətlə xidmətini davam etdirdi.

 Tezliklə Brunilde Marçi adlı subay bir bacı Kremona təyin olundu. Brunilde mülayim, xoşxasiyyət insan idi və təbliğ etməyi çox sevirdi. Biz çoxlu Müqəddəs Kitab dərslərinə başladıq. Dərs keçənlərdən bir çoxu ruhani cəhətdən inkişaf etdi.

 Yehovaya minnətdaram ki, Kremonda kiçik şeylərlə başlamış təbliğ işində mənim də payım oldu. Hal-hazırda həmin şəhərdə beş yığıncaq var.

Xoş sürpriz

 Kremonda təxminən iki il xidmət edirdim ki, mənə filialdan zəng gəldi. 1961-ci ilin iyul ayında keçiriləcək altıgünlük «Vəhdət içində Allaha ibadət edənlər» adlı toplantını təşkil etmək üçün çoxlu tərcümə işi görülməli idi. Buna görə də məni yenidən Beytelə dəvət etdilər. Sevincimdən atılıb-düşürdüm! Beytel təyinatıma 1961-ci il fevralın 1-də başladım.

 Hər gün iş saatımızdan artıq işləməli olsaq da, Müqəddəs Kitaba əsaslanan nəşrlərin tərcüməsi ilə məşğul olmaq böyük şərəf idi. Həmin ərəfələrdə aylar sürətlə keçib getdi və toplantı vaxtı gəlib çatdı.

 Toplantıda elan olundu ki, «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» italyan dilinə tərcümə olunacaq. Öz-özümə fikirləşdim: «Hələ görüləsi iş çoxdur». Mən yanılmadım. Qardaşlar dedilər ki, mən Beyteldə bir az da qalmalıyam. Həmin vaxtdan 60 ildən çox keçib, amma mən hələ də Beyteldəyəm!

Tərcümə şöbəsində (1965)

Yehovadan aldığım digər dəyərli ənamlar

 İllər boyu mənə sevinc verən başqa bir ənam isə subaylıq ənamıdır. Bu o demək deyil ki, heç vaxt ailə qurmaq istəməmişəm. Əslində, bəzən tək qalacağım fikri məni narahat edirdi. Belə anlarda Yehovaya dua edirdim. O məni hamıdan yaxşı tanıyır. Ondan xahiş edirdim ki, mənim vəziyyətimdə nəyin ən doğru qərar olduğunu anlamağa kömək etsin.

 Mətta 19:11, 12 və 1 Korinflilərə 7:8, 38 ayələri mənim üçün xüsusi məna kəsb etdi. Yehovaya bu sualıma cavab verdiyi və qəlb rahatlığı bəxş etdiyi üçün şükür elədim. Bu qərarıma görə heç vaxt peşman olmamışam. Sevinirəm ki, bu ənamdan Yehovaya xidmətdə ən yaxşı şəkildə istifadə etmişəm.

 Bu illər ərzində Tərcümə şöbəsində çoxlu dəyişikliklərin şahidi olmuşam. Çünki Yehovanın təşkilatı yeni texnologiyalardan və digər şeylərdən aktiv istifadə edir (Əşiya 60:5). Bu dəyişikliklər bütün dünyadakı bacı-qardaşlarımız arasındakı birliyi möhkəmləndirir. 1985-ci ildə italyan dilində «Gözətçi qülləsi» jurnalı ingilis dili ilə eyni vaxtda çıxmağa başladı. Hal-hazırda jw.org saytında çox dillərdə məqalələr və videolar var. Onların əksəriyyəti ingilis dili ilə eyni vaxtda çıxır. Aydındır ki, Yehova xalqı arasında birliyin olmasına və onların vaxtlı-vaxtında ruhani qida almasına çox diqqətlə yanaşır.

 Yehova həmişə mənə qarşı çox səxavətli olub. O mənə xüsusi öncül kimi xidmət etmək, insanlara Ona yaxınlaşmağa kömək etmək imkanı yaratdı. Həmçinin Beyteldə xidmət etmək arzumu yerinə yetirdi. Orada mən müxtəlif yaşlardan və mədəniyyətlərdən olan insanlarla dost ola bildim. Üstəlik, O mənə başqa hədiyyə də verdi. Anam 68 yaşında həyatını Yehovaya həsr edərək vəftiz olundu. Yehova ölüm yuxusuna gedənləri dirildəndə anamı və digər ailə üzvlərimi görəcəyim vaxtın həsrətindəyəm (Yəhya 5:28, 29).

 Gələcəkdə Yehova «hər şeyi təzə [edəndə]» xidmətçiləri üçün görəcəyi işləri səbirsizliklə gözləyirəm (Vəhy 21:5). Əminliklə deyə bilərəm ki, Yehova hər bir gözəl payı və hər bir kamil neməti daima bizə nazil edəcək (Yaqub 1:17).

Tərcümə şöbəsində hal-hazırkı iş yerimdə