Kontentə keç

Mündəricatı göstər

ASTER PARKER | BİOQRAFİYA

Həyatımı bütünlüklə Yehovaya həsr etmək istəyirdim

Həyatımı bütünlüklə Yehovaya həsr etmək istəyirdim

 Həqiqəti mənə uşaqlıqdan öyrətdikləri üçün valideynlərimə çox minnətdaram. Onlar «İtirilmiş cənnətdən qaytarılmış cənnətə qədər» kitabındakı şəkillər və hekayələr vasitəsilə ürəyimdə Yehovaya məhəbbət oyatdılar. Öyrəndiklərimi qonşuluqdakı uşaqlar, eləcə də babam bizə gələndə onunla bölüşürdüm. Valideynlərim ruhani işlərdən qalmırdı. Bu bizə Əsmərədən (Eritreya) Əddis-Əbəbəyə (Efiopiya) köçəndə ora öyrəşməyə kömək etdi.

 Həqiqəti uşaqlıqdan sevirdim. Həyatımı Yehovaya həsr edib vəftiz olunmaq istəyirdim. 13 yaşım olanda bu məqsədimə çatdım. 14 yaşım olanda Helye Link a qardaş öncül olmağı istəyib-istəmədiyimi soruşdu. Həmin söhbət indiyə kimi gözümün qabağındadır. Atamla anam müvəqqəti öncül (indi köməkçi öncül adlanır) kimi xidmət etsələr də, mən öncül olmağın nə demək olduğunu bilmirdim. Helye qardaşın sualı ürəyimə toxum səpdi, Yehovaya daha çox xidmət etmək istəyi yaratdı.

Yeniyetmə yaşlarımda qardaşım Coşua ilə birgə

Təqiblərə hazıram

 1974-cü ildə Efiopiyada baş qaldıran siyasi iğtişaşlar həbslərə, ölümə və qarşıdurmalara səbəb oldu. Həmin vaxt ev-ev təbliğ edə bilmirdik və kiçik qruplar şəklində toplaşırdıq. Valideynlərimiz bizi təqiblərə hazırlamağa başladılar. Müqəddəs Kitab prinsipləri bizə məsihi bitərəfliyinin nə demək olduğunu başa düşməyə kömək etdi. Öyrəndik ki, sorğu-sual zamanı nə demək lazım olduğunu Yehova dilimizə qoyacaq, bəzən isə ən doğrusu susmaqdır (Mətta 10:19; 27:12, 14).

AFP PHOTO

Vətəndaş iğtişaşları dövrü (1974-cü il)

 Təhsilimi bitirdikdən sonra Efiopiya Hava Yollarında işləməyə başladım. Bir gün səhər işə gələndə iş yoldaşlarım məni təbrik etdilər, çünki hökumətin ildönümünə həsr olunmuş parada rəhbərlik etmək üçün seçilmişdim. Mən dərhal nəzarətçimə dedim ki, məsihi bitərəfliyimə görə tədbirdə iştirak etməyəcəyəm.

 Növbəti gün işdə olanda uzaqdan çiyinlərində tüfəng olan kişiləri gördüm. Onlar bilet kassasına doğru gəlirdilər. Düşündüm ki, ölkədən qaçmağa çalışan kimisə tutmağa gəliblər. Amma birdən onlar barmaqları ilə məni işarə etdilər. Bu əlisilahlılar məndən nə istəyirdilər?! Elə bilirdim, adi iş günü olacaq, amma düşündüyüm kimi olmadı.

Həbsxanada kömək alıram

 Əsgərlər məni bir idarəyə gətirdilər və orada bir neçə saat ərzində sorğu-sual olundum. Onlar soruşdular: «Yehovanın Şahidlərini kim maliyyələşdirir? Sən Eritreya Azadlıq Cəbhəsinə işləyirsən? Sən və ya atan ABŞ hökumətinə işləyirsiniz?». Bu cür gərgin vəziyyətdə Yehova mənə daxili sakitlik verdi (Filippililərə 4:6, 7).

 Sorğu-sualdan sonra əsgərlər məni həbsxanaya çevrilmiş bir evə apardılar və 28 kvadrat metrlik otağa saldılar. Otaqda siyasi məhbus olan 15 gənc qadın var idi.

Hava yollarında işləyərkən

 Həmin gecə iş paltarımda yerə uzandım. Ağlım valideynlərimin və bacı-qardaşlarımın yanında qalmışdı, məni fikir götürmüşdü ki, onlar mənə görə narahatdırlar. Onlar həbs olunduğumu bilirdilər, amma harada saxlanıldığımı yox. Yehovaya dua etdim ki, ailəm harada olduğumu öyrənsin.

 Növbəti gün səhər yuxudan duranda bir gənc nəzarətçini tanıdım. O məni görəndə gözlərinə inanmadı və dedi: «Aster, burada nə gəzirsən?» Ona yalvardım ki, yaşadığım evə gedib harada olduğumu ailəmə desin. Elə həmin gün valideynlərimin göndərdiyi ərzaq və pal-paltarı mənə çatdırdılar. Yehova duama cavab verdi! Nəzarətçi harada olduğumu ailəmə çatdırmışdı. Bu hadisə məni əmin etdi ki, mən tək deyiləm.

 Müqəddəs Kitabım və başqa nəşrlərim yox idi. Ailəmə və dostlarıma məni ziyarət etməyə icazə vermirdilər. Amma Yehova mənimlə birgə həbsdə olanlar vasitəsilə məni ruhlandırırdı. Mən hər gün onlara təbliğ edirdim. Allahın Padşahlığı haqda öyrəndikləri məhbusları heyrətə gətirmişdi. Onlar tez-tez mənə deyirdilər: «Biz insan hökuməti uğrunda vuruşuruq, sən isə Allahın hökuməti. Səni ölümlə hədələsələr belə təslim olma!»

 Bəzən nəzarətçilər məhbusları sorğu-sual edir və döyürdülər. Bir dəfə axşam saat 11-də mənim dalımca gəldilər. Sorğu-sual otağında onlar mənə qarşı çoxlu ittihamlar irəli sürdülər, dedilər ki, hökuməti dəstəkləmirəm. Dedikləri siyasi şüarı təkrarlamaqdan imtina edəndə iki kişi nəzarətçi məni döydü. Orada olduğum müddətdə məni bir neçə dəfə bu cür sorğu-suala apardılar. Hər dəfə Yehovaya qaynar dualar edirdim və Onun mənə dayaq olduğunu hiss edirdim.

 Üç ay sonra nəzarətçilərdən biri gəlib dedi ki, mən azadam. Buna çox təəccübləndim və sevindim, amma eyni zamanda bir az pis oldum. Çünki həbsxanadakı gənc qadınlara Padşahlıq haqda müjdəni danışmağı xoşlayırdım.

 Azadlığa çıxandan bir neçə ay sonra mən evdə olmayanda əsgərlər gəlib ailəmizdəki bütün yeniyetmələri həbs etdilər. Onların arasında mənim iki bacım və bir qardaşım da var idi. Həmin vaxt başa düşdüm ki, mənim üçün ən yaxşısı ölkəni tərk etməkdir. Ailəmdən uzaq qalmaq fikri belə mənim üçün ağır idi, amma anam məni möhkəm olmağa və Yehovaya etibar etməyə təşviq etdi. Bundan bir qədər sonra mən artıq Birləşmiş Ştatlara uçan təyyarədə idim. Elə həmin axşam məni yenidən həbs etmək üçün əsgərlər evimizə gəldilər. Evdə olmadığımı öyrənəndə dərhal hava limanına yollandılar, amma onlar ora çatanda təyyarəm artıq havada idi.

 Merilendə çatdım. Orada məni valideynlərimlə dərs keçən xüsusi təyinatlı müjdəçilər Heyvud və Coan Vord qarşıladı. Beş aydan sonra məqsədimə çatdım, öncül oldum. Mən Heyvud və Coanın qızı Sindi ilə birlikdə öncüllük edirdim. Xidmətlə bağlı çoxlu xoş xatirələrimiz var.

Öncül əməkdaşım Sindi Vord ilə

Özümü Beytel xidmətinə həsr edirəm

Həyat yoldaşımla Volkil (Nyu-York) Beytelində xidmət edərkən

 1979-cu ilin yayında Nyu-Yorkdakı Beyteli ziyarət etdim və orada Vesli Parker adlı bir qardaşla tanış oldum. Onun gözəl keyfiyyətləri və ruhani məqsədləri xoşuma gəlirdi. 1981-ci ildə biz ailə qurduq və mən Vesli ilə birgə Volkildəki (Nyu-York) Beyteldə xidmət etməyə başladım. Orada mən Təmizlik və Quru Təmizləmə şöbələrində, sonra isə Kompüter şöbəsində MEPS qrupunda xidmət etmişəm. Beytel xidməti mənə bütün vaxtımı Yehovaya xidmətə həsr etməyə və eyni zamanda ömürlük dostlar qazanmağa kömək etdi.

 Amma Efiopiyada ailəm hələ də güclü təqib olunurdu və bu mənə ağrı-acı yaşadırdı. Tutulmuş bacı-qardaşlarım hələ də həbsdə idi b. Anam hər gün onlara yemək hazırlayıb aparırdı, çünki həbsxanada onlara yemək verilmirdi.

 Həmin çətin vaxtda Yehova pənahım oldu. Beytel ailəsi də mənə təsəlli verir, dəstək olurdu (Mark 10:29, 30). Bir gün Con But qardaş mənə dedi: «Sənin burada Beyteldə xidmət etdiyinə çox sevinirik. Bu, Yehovanın sənə hədiyyəsidir» c. Bu xoş sözlər məni əmin etdi ki, Yehova Efiopiyanı tərk etmək qərarımı dəstəkləyir və O, ailəmin qayğısına qalacaq.

Ailəlikcə Yehovaya xidmət edirik

 1989-cu ilin yanvar ayında öyrəndik ki, uşağımız olacaq. Bu bizim üçün gözlənilməz oldu. Təzə-təzə narahat idik, amma sonra narahatlıq hissini sevinc hissi əvəz etdi. Amma yenə də fikirləşirdik ki, görəsən, necə valideyn olacağıq, harada yaşayacağıq, Beyteldən ayrılandan sonra özümüzü necə dolandıracağıq.

 15 aprel 1989-cu ildə nəyimiz var idisə, maşına yığıb Oreqona yola düşdük. Orada biz öncül kimi xidmət etməyi planlaşdırırdıq. Ora çatandan qısa müddət sonra dostlarımız yaxşı niyyətdən irəli gələrək bizə məsləhət gördülər ki, hələ bu xidmətə başlamayaq. Çünki dolanışığımız zəif idi və tezliklə uşağımız olacaqdı. Elə həmin vaxtlarda rayon nəzarətçisi Qay Pirs d qardaş həyat yoldaşı Penni ilə bizi ziyarət etdi. Onlar bizi təşviq etdilər ki, məqsədimizə doğru gedək. Odur ki, biz Yehovaya etibar edib öncül xidmətinə başladıq (Məlaki 3:10). Həm ilk oğlumuz Lemuel, həm də ikinci oğlumuz Ceydon dünyaya gələndən sonra da biz öncül kimi xidmət etməyə davam etdik.

 Uşaqlarımızla xidmət etdiyimiz vaxtlar bizim üçün çox əzizdir. Öncül xidməti bizə təkcə başqa insanlara deyil, övladlarımıza da ruhani həqiqətləri çatdırmaq imkanı verdi (Qanunun təkrarı 11:19). Amma üçüncü oğlumuz Yafəs dünyaya gələndən sonra öncül xidmətini dayandırmalı olduq (Mikə 6:8).

Övladlarımıza Yehovaya xidmət etməyi öyrədirik

 Başa düşdük ki, bir valideyn kimi ən ümdə borcumuz övladlarımızın hər birinə Yehovanın real Allah olduğunu hiss etməyə və Ona yaxınlaşmağa kömək etməkdir. Bunun üçün çalışdıq elə edək ki, onlar ailəvi ibadəti səbirsizliklə gözləsinlər. Onlar balaca olanda biz birlikdə «Böyük Müəllimi dinləyin» və «Müqəddəs Kitab hekayələri» kitablarını oxuyurduq. Bəzən bəzi hadisələri səhnələşdirirdik. Evdə yeganə qadın mən idim, ona görə də İzəbilin hadisəsində İzəbil rolunu mən oynamışdım. Məni divandan itələmək və hadisədəki itlər kimi guya məni yemək oğlanlarımın çox xoşuna gəlmişdi. Ailəvi ibadətdən əlavə, Vesli oğlanların hər biri ilə ayrılıqda da Müqəddəs Kitab dərsi keçirdi.

 Övladlarımızı sevirdik və onların qayğısına qalırdıq. Dua edirdik ki, möhkəm ailə bağlarımız olsun. Uşaqlar böyüdükcə onlara həyatda lazım olacaq başqa bacarıqlara da yiyələnməyi öyrədirdik. Onlar qabları və paltarlarını yuyur, otaqlarını təmizləyirdilər. Hətta yemək bişirməyi də öyrənmişdilər.

 Təkcə övladlarımız deyil, biz də çox şey öyrənirdik. Elə vaxtlar olurdu ki, pis reaksiya göstərirdik və ya bir-birimizə xoşagəlməz sözlər deyirdik. Belə vəziyyətlərdə təvazökarlıq göstərib bir-birimizdən üzr istəyirdik.

 Biz yığıncağımızdakı bacı-qardaşları, eləcə də yığıncağımızı ziyarət edən beytelliləri, xüsusi təyinatlı müjdəçiləri, səyyar nəzarətçiləri və tələbat olan ərazidə xidmət edən təbliğçiləri mütəmadi olaraq evimizə qonaq dəvət edirdik (Romalılara 12:13). Qonaqlarla vaxt keçirəndə heç vaxt uşaqları başqa otağa oynamağa göndərmirdik. Onlar bizimlə qalır, qonaqların söhbətlərinə qulaq asır, təcrübələrindən öyrənirdilər. Çox vaxt uşaqlarımız edilən söhbətləri Vesli və məndən daha yaxşı xatırlayırdılar.

 Vesli və mən əlimizdən gələni edirdik ki, Yehovaya xidmətdə keçirdiyimiz həyat bizə zövq versin. Məsələn, biz əvvəlcədən yaxşı plan qururduq, pula və məzuniyyət günlərimizə qənaət edirdik ki, başqa ölkələrə səyahət edə bilək. Səyahət zamanı biz filialları ziyarət edirdik, yığıncaq görüşlərinə gedirdik və xidmətdə iştirak edirdik. Bu səyahətlər sayəsində Yehovanın ümumdünya təşkilatını daha çox sevdik və bir ailə kimi daha da yaxın olduq.

Ailəmlə birlikdə Bruklindəki (Nyu-York) baş idarəni ziyarət edərkən (2013-cü il)

Xidmətdə var-gücümüzlə çalışırıq

 Biz gördük ki, yaşadığımız ərazidə çoxlu ispandilli insanlar yaşayır. Amma onlara mütəmadi olaraq təbliğ olunmurdu. Həmin vaxt uşaqlarımız hələ balaca idi. Biz Qay Pirs qardaşa yaxınlaşıb ailəlikcə ispandilli yığıncağa keçmək barədə düşündüyümüzü dedik. Qardaş gülümsəyərək cavab verdi: «Əgər balıqçısansa, balıq bol olan yerdə olmalısan». Bu ruhlandırıcı sözlərdən sonra Vudberndəki (Oreqon ştatı) ispandilli yığıncağa keçdik. Biz bir neçə nəfərlə Müqəddəs Kitab dərsi keçirdik, onlardan bəziləri vəftiz olundu. Biz balaca ispandilli qrupun yığıncağa necə çevrildiyini öz gözlərimizlə gördük.

 Amma Vesli işini itirəndə onun yeni işinə görə Kaliforniyaya köçməli olduq. Köçəndən iki il sonra Lemuel, Ceydon və mən öncüllüyə başladıq. 2007-ci ildə biz birgə öncül məktəbi keçdik. Məktəbdən bir qədər sonra fikir verdik ki, ərazimizdə çoxlu ərəbdilli insanlar yaşayır. Bu səbəbdən 13 il ispandilli yığıncaqda olandan sonra qərara gəldik ki, ailəlikcə ərəbdilli yığıncağa keçək. Biz çoxlu ərəbdilli mühacirlərə təbliğ etməkdən, həmçinin başqa ölkələrdə keçirilən xüsusi kampaniyalarda iştirak etməkdən böyük zövq duyurduq. Biz hələ də San-Diyeqoda (Kaliforniya) ərəbdilli ərazidə öncül kimi xidmət edirik.

 Vesli çox gözəl həyat yoldaşı və ailə başçısıdır. O, Yehovanın təşkilatına dərin hörmət bəsləyir. O, Beytel və ya yığıncaqda görülən tədbirlər barədə heç vaxt mənfi fikirlər söyləməyib, əksinə, həmişə çalışır yaxşı şeylər görsün. Vesli mənimlə birgə və mənim üçün dua edir. Çətin vəziyyətlərlə üzləşəndə onun duaları mənə təskinlik və sakitlik verir.

 Geriyə boylanıb baxanda görürəm ki, biz dolğun, gözəl həyat yaşamışıq, tamvaxtlı xidmətdə olmuşuq, övladlarımızı böyütmüşük və tələbat olan ərazilərdəki yığıncaqlarda xidmət etmişik. Öz təcrübəmizdən görmüşük ki, Yehova Ona xidməti birinci yerə qoyanların başından bol nemətlər tökür. Biz heç vaxt heç nədən korluq çəkməmişik (Zəbur 37:25). Mən əminəm ki, həyatımı tamamilə Yehovaya həsr etmək verdiyim ən düzgün qərar idi (Zəbur 84:10).

Mən, Yafəs, Lemuel, Ceydon və Vesli

a Helye Link qardaş Keniyadakı filialda xidmət edirdi. Efiopiyadakı fəaliyyətimizə Keniya filialı nəzarət edirdi.

b Dörd ildən sonra bacı-qardaşlarım azadlığa buraxıldı.

c Con But qardaş 1996-cı ildə yer üzündəki həyatını başa vuranadək Rəhbərlik Şurasının üzvü olub.

d Qay Pirs qardaş 2014-cü ildə yer üzündəki həyatını başa vuranadək Rəhbərlik Şurasının üzvü olub.