Kontentə keç

Mündəricatı göstər

CEY KAMPBEL | BİOQRAFİYA

Süründüyüm yerdən təsəvvürümə belə gətirmədiyim yüksəkliklərə qaldırıldım

Süründüyüm yerdən təsəvvürümə belə gətirmədiyim yüksəkliklərə qaldırıldım

 Uşaq vaxtı çox utancaq qız idim. Evdən çıxmırdım, insanlardan qaçırdım və özümü dəyərsiz hiss edirdim. İnsanlarla nadir hallarda ünsiyyətdə olurdum. Onların mənə hörmətsizlik edəcəklərindən, ləyaqətimi alçaldacaqlarından qorxurdum. Gəlin sizə öz hekayəmi danışım.

 Mən bir yaş yarımıma qədər sağlam körpə idim. 1967-ci ilin avqust ayında adi günlərdən birində qızdırmam qalxdı. Növbəti gün yuxudan oyananda ayaqlarım məni saxlamadı. Yaşadığım Syerra-Leonenin Fritaun şəhərindəki bir xəstəxanada müayinə olundum. Nəticələr göstərdi ki, mən poliomielit xəstəliyinə tutulmuşam. Bu yoluxucu xəstəlik daha çox beş yaşdan aşağı uşaqlarda yaranır və iflicə gətirib çıxarır. Edilən fizioterapiyaların ayaqlarıma bir xeyri olmadı. Tədricən onlar fəaliyyətini itirdi. Mən artıq yeriyə və ayaq üstə dura bilmirdim. Əlilliyimə görə atam mənə «çolaq» deyirdi. Özümü ən aşağı səviyyəli insan kimi hiss edirdim. Çünki sürünə-sürünə hərəkət edirdim.

Yerdə sürünə-sürünə böyüdüm

 Mən və anam başqa yoxsul ailələrlə birgə yataqxanada qalırdıq. Qonşularımız məni sevsə də, mən ata sevgisinə həsrət idim. Bəziləri düşünürdü ki, xəstəliyim adi xəstəlik deyil, mənə cadu olunub. Digərləri isə anama təzyiq göstərirdi ki, məni əlil uşaqlara baxılan evin qapısına qoysun. Onlar anamı inandırmağa çalışırdılar ki, belə etsə, yükü azalacaq. Anam isə onlara qulaq asmadı, mənim qeydimə qalmaq üçün var gücü ilə çalışdı.

 Ayaq üstə dura və yeriyə bilmədiyim üçün sürünməli olurdum. Bu da mənə çoxlu xəsarət yetirirdi. Ona görə də qalın paltar geyinməyə başladım. Əllərimi qorumaq üçün əlcək əvəzi çəkələk geyinirdim. Sonra əllərimi daha yaxşı qorumaq üçün at nalı formasında olan taxtalardan istifadə etdim. Hərəkət etmək üçün əllərimi uzadıb taxtaları yerə qoyurdum, sonra isə qollarıma güc verərək kürəyimi və ayaqlarımı sürüyərək irəli çəkirdim. Bir «addım» irəlilədikdən sonra növbəti əziyyətli addımı atmaq üçün əllərimi yenidən uzadırdım. Qollarım və çiyinlərim gücdən düşürdü. Bu cür hərəkət etmək o qədər zəhmət tələb edirdi ki, yataqxananı nadir hallarda tərk edirdim. Məktəbə gedə bilmirdim, uşaqlarla oynaya bilmirdim. Canımda qorxu var idi ki, anama bir şey olsa, mənə kim baxacaq.

 Allaha dua edirdim ki, mənə kömək etsin, məni heç kimə möhtac qoymasın. Düşünürdüm ki, Allaha yaxınlaşsam, düzgün ibadət etsəm, O mənim qayğıma qalacaq. Ona görə də 1981-ci ildə günlərin bir günü çətinliklə də olsa, yataqxanadan çıxıb yaşadığımız küçədəki kilsəyə getdim. İnsanlar mənə elə baxırdı ki, çox sıxılırdım. Keşiş məni xoş qarşılamadı və başqasının ödəniş etdiyi yerdə oturduğum üçün anamı məzəmmət etdi. Özümə söz verdim ki, bir də ora getməyəcəyəm.

Səmavi Atamı tanıdım

 1984-cü ildə 18 yaşım olanda bir səhər pəncərənin ağzında, həmişəki yerimdə oturmaq üçün yuxarı qalxdım. Oradan çöldə baş verənləri izləyirdim. Sonra yataqxananın həyətinə düşmək qərarına gəldim. Ora çatanda ev-ev təbliğ edən iki kişi ilə rastlaşdım. Onlar mənə gözəl gələcək haqqında danışdılar və dedilər ki, orada vəziyyətim dəyişəcək. Müqəddəs Kitabdan Əşiya 33:24Vəhy 21:3, 4 ayələrini oxudular. Həmçinin mənə «Yer üzündəki həyata əbədiyyən sevin!» adlı rəngbərəng broşür verdilər. Onlar yenidən gələcəklərinə və daha çox şey öyrədəcəklərinə söz verdilər.

 İkinci dəfə gələndə dedilər ki, növbəti dəfə yenicə xüsusi təyinatlı müjdəçi təyin olunmuş Paulin adlı bacını da özləri ilə gətirəcəklər. Onlar belə də etdilər. Paulinlə aramızda ana-bala münasibəti var idi. Doğma anam məni təşviq edirdi ki, «yeni anam»la Müqəddəs Kitab dərsi keçim. Paulin mənə fədakar məhəbbət, səbir, xeyirxahlıq və maraq göstərirdi, həmişə rifahımı düşünürdü. O mənə oxumağı öyrətdi. Ən əsası, «Müqəddəs Kitab hekayələri» kitabı vasitəsilə həsrətində olduğum məhəbbət dolu Atamla tanış elədi.

Mənimlə Müqəddəs Kitab dərsini xüsusi təyinatlı müjdəçi olan Paulin keçib

 Müqəddəs Kitabdan öyrəndiklərim mənə sevinc bəxş elədi. Həmin vaxt bizə yaxın yerləşən binada bir Yehovanın Şahidinin evində yığıncağın kitaböyrənməsi a keçirilirdi. Bir gün Paulindən soruşdum ki, olar mən də həmin görüşdə iştirak edim. Paulin dedi: «Əlbəttə». Növbəti çərşənbə axşamı yığıncağa birlikdə getmək üçün o bizə gəldi və mənim çimib hazırlaşmağımı gözlədi. Bir nəfər dedi ki, Paulinə deyim, məni öz hesabına taksi ilə aparsın. Amma mən cavabında dedim: «Mən ora taxta alətlərimlə gedəcəyəm».

 Getmək vaxtı gələndə anam və qonşularımız mənə görə nigaran idilər. Həyətə düşəndə bəzi qonşular Paulinə qışqıraraq deyirdilər: «Sən onu məcbur edirsən!»

 Paulin nəzakətlə məndən soruşdu: «Cey, sən gəlmək istəyirsən?» Yehovaya etibarımı göstərməyin əsl vaxtı idi (Məsəllər 3:5, 6). Mən dedim: «Hə, bu mənim qərarımdır». Qonşular susub baxırdılar və mən darvazaya çatanda qətiyyətimi görüb fikirlərini dəyişdilər. Yataqxanadan çıxan kimi məni alqışladılar.

 Bu görüşdə çox ruhlandım. Hamı məni xoş qarşıladı. Heç kim mənə yuxarıdan aşağı baxmırdı. Özümü çox rahat hiss edirdim. Buna görə də görüşlərdə müntəzəm iştirak etməyə başladım. Çox keçməmiş Yehovanın Şahidlərinin ibadət evində keçirilən daha böyük görüşlərdə iştirak etmək istədim. Mən kasıb idim. Sadəcə iki dəyişək paltarım və bir cüt çəkələyim var idi. Amma yenə də əmin idim ki, Allahın xalqı məndən yan gəzməz. Əlbəttə ki, belə də oldu.

 İbadət evinə çatmaq üçün küçənin sonuna kimi sürünməli idim. Sonra isə taksiyə minib ibadət evinin yerləşdiyi təpənin ətəyinə getməli idim. Oradan da qardaşlar məni qucaqlarına alıb zala aparırdılar.

 Yehovanın necə gözəl Allah olduğunu dadandan sonra Ona sığınmaq istədim. Görüşləri buraxmamaq qərarına gəldim (Zəbur 34:8). Yağış mövsümündə ibadət evinə çatanda çox vaxt su və palçıq içində olurdum. Orada paltarımı dəyişirdim. Amma bu əziyyəti çəkməyə dəyərdi!

 «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 1985-ci il buraxılışında mənim haqqımda yazılmışdı. İsveçrədə yaşayan Jozet adlı bir bacı hekayəmi oxuyandan sonra mənə əllə idarə olunan üçtəkərli əlil arabası göndərdi. Əlil arabasının gözəl arxa işıqları və palçığa qarşı xüsusi qoruyucuları var idi. Hərəkət edəndə artıq xəcalət çəkmirdim. Balaca uşaqlar heyrətə gəlirdilər və deyirdilər ki, arabanı idarə etməyimə baxmaq xoşlarına gəlir. Daha yerdə sürünmürdüm. Özümü kraliça kimi hiss edirdim, mənə hörmət edilirdi və heç kim məndən yan gəzmirdi.

Daha yüksəklərə qaldırılıram

 Mənə ruhani cəhətdən inkişaf etmək asan idi, çünki mən onsuz da sadə və əxlaqi cəhətdən təmiz həyat sürürdüm. Əlil arabam sayəsində artıq təbliğ edə bilirdim və 9 avqust 1986-cı ildə vəftiz olundum. Vəftiz həyatımı dəyişdi. Daxili sevinc, məmnunluq və əminlik hiss edirdim. Çünki indi məni sevən Atam var idi və həqiqətən qayğıma qalan insanların əhatəsində idim.

 Yehovanın mənim üçün etdiklərinin əvəzində mən də Onun üçün nəsə etmək istəyirdim. Öncül olmaq istəyirdim, amma bacaracağıma əmin deyildim (Zəbur 116:12). Bu haqda dua etdim və qərara gəldim ki, cəhd edim. 1 yanvar 1988-ci ildə öncül xidmətinə başladım və hələ də öncüləm. Bu xidmət sayəsində çoxlu nemətlər dadıram! Mənə aylıq normanı yerinə yetirməyə kömək edən gözəl bacı-qardaşlarım var. Həmçinin müqəddəs ruhu vasitəsilə Yehovanın mənə necə dəstək olduğunu hiss edirəm (Zəbur 89:21).

 Öncül olandan sonra daha çox hərəkət edirdim. Ayaqlarım hələ də zəif idi, amma hərəkət etmək onlara yaxşı təsir edirdi. Bir müddət sonra yeni açılmış klinikaya getdim. Ümid edirdim ki, orada xüsusi idman hərəkətləri və fizioterapiya ilə müalicə oluna bilərəm. Amma klinikadakı tibb bacısı dedi ki, gəlməyə dəyməz, çünki tezliklə öləcəyəm. Digər tibb bacısı da eyni fikri söyləyəndən sonra mən tamamilə ruhdan düşdüm. Evə gəlib Yehovaya dua etdim ki, mənə ruh düşkünlüyü ilə mübarizə aparmağa və müalicə olmağa kömək etsin.

 Təbliğ xidməti mənim üçün ən yaxşı müalicə oldu. Xidmət sayəsində çoxlu hərəkət edirdim. Bir neçə il sonra mənə öləcəyimi deyən tibb bacılarından biri ibadət evinin yanından keçəndə məni gördü. Hələ də sağ olduğumu görəndə çox təəccübləndi!

 Vəziyyətimə rəğmən, Yehovaya xidmətdə fəal qalmağa çalışıram. Qardaşlar məni şövqümə və yığıncaqlara tez gəldiyimə görə tərifləyirlər. Yığıncaqlara tez gəlirəm ki, gələnləri salamlayım və onlara səmimi maraq göstərim.

 Mən Yehovanın necə gözəl Allah olduğunu daddım. Həyatda çoxlu nemətlər almışam. Üç nəfərə vəftiz olunmağa kömək etmişəm. Onlardan biri, Ameliya Gilad məktəbinin 137-ci sinfində oxuyub. Bir neçə dəfə öncül məktəbi keçmişəm. Yehova əminliyimi, özümə dəyər hissimi artırıb. İndi insanlar mənə hörmət edirlər. Artıq özümdən utanmıram. Təkcə Fritaunda deyil, bütün dünyada çoxlu sayda gözəl dostlarım var.

 Heç kimin əlil olmayacağı gözəl gələcək barədə Allahın vədini öyrənməyimdən təxminən 40 il keçib. Bu vədin gerçəkliyinə əminlik mənə bu gün də güc verir və səbirlə gözləməyə kömək edir. Allahı səbirlə gözləyirəm, çünki əminəm ki, O gecikməyəcək (Mikə 7:7). Çətinliklərə baxmayaraq, ruhdan düşməməyim sayəsində bol nemətlər almışam. Yehova bütün sınaqların öhdəsindən gəlməyə mənə kömək edir. Mən çox xoşbəxtəm, çünki süründüyüm yerdən heç təsəvvür belə etmədiyim yüksəkliklərə qaldırılmışam.

a İndi Müqəddəs Kitab dərsi adlanır