Kontentə keç

Mündəricatı göstər

DEYVİD MAZA | BİOQRAFİYA

Ailəmizi sarsıdan faciəyə ailəlikcə tab gətiririk

Ailəmizi sarsıdan faciəyə ailəlikcə tab gətiririk

Müqəddəs Kitabı öyrənməyin və oradakı prinsiplərə əməl etməyin sayəsində, nəhayət, xəyalını qurduğum xoşbəxt ailəyə sahib oldum. Yoldaşımla mən üç övladımızla birgə əl-ələ verib, Yehovaya can-dildən xidmət edirdik.

2004-cü il aprelin 24-ü qəfil baş verən faciə həyatımızı alt-üst etdi.

 İlk övladımız Loren dünyaya gələndə heç bilmirdim, yaxşı ata olmaq nə deməkdir. İkinci övladımız Maykl da doğulanda mən hələ də yaxşı ata olmaq üçün nə etməli olduğumu öyrənməmişdim. Çünki mən gözümü açandan valideynlərim elə hey dalaşırdılar, axırda da boşandılar. Əslində, mən yaxşı ailə başçısı olmaq istəyirdim, amma bunun yolunu-yöndəmini bilmirdim.

 Bu, azmış kimi, hələ yeniyetmə yaşlarımdan məndə içki və narkotik asılılığı var idi. Yetkin yaşa çatanda isə qumar kimi pis vərdişlərim ucbatından başıma çoxlu bəlalar açdım. Vəziyyət o həddə çatdı ki, həyat yoldaşım Kaye iki uşağımızı da götürüb evi tərk etdi və məni atıb getdi. Pərişan halda idim.

 Kayedən soruşdum ki, nə etsəm, evə qayıdar. Kaye Yehovanın Şahidlərindən biri olan Qloriya ilə Müqəddəs Kitabı araşdırırdı. Buna görə də mənə dedi: «Müqəddəs Kitabı öyrən». Düzü, bunda bir məna görməsəm də, Kayeni evə gətirməkdən ötrü Qloriya və onun həyat yoldaşı Billə görüşməyə razı oldum.

Həyatımı dəyişən söhbət

 Bill və Qloriya bizə gələndə onların arasındakı mehribanlığı gördüm. Bu mənə böyük təsir bağışladı. Öyrəndim ki, onların mən yaşlarında övladları var və onlar da həyatlarını çox mənalı bir işə həsr ediblər. Elə ilk dəfə onda düşündüm ki, bəlkə də, Müqəddəs Kitab ailəmizin xoşbəxt olmasına kömək edə bilər.

 Söhbət zamanı Bill və Qloriya mənimlə problemlərim barədə danışdı. Onlar mənə Müqəddəs Kitabdan Qalatiyalılara 6:7 ayəsini göstərdilər: «İnsan nə əkərsə, onu da biçəcək». Öz-özümə düşündüm: İndiyədək verdiyim qərarlarımda bu sözləri nəzərə alsaydım, başıma bu qədər problem açmazdım.

Kaye və Deyvid

 Müəyyən vaxtdan sonra fikir verdim ki, Müqəddəs Kitab prinsiplərinə əməl etməyin sayəsində həyatım əməlli-başlı qaydasına düşüb. Kaye də, mən də siqareti atdıq. Mən həmçinin başqa pis vərdişlərimdən də yaxa qurtardım. 1985-ci ildə üçüncü övladımız Deyvid dünyaya gəldi. Biz əzizləmək üçün öz aramızda ona Deyvi deyirdik. Artıq mən özümü ata olmağa hazır hiss edirdim.

Əl-ələ Yehovaya xidmət edirik

 Kaye ilə mən fikir verirdik ki, övladlarımıza Yehovanı sevməyi öyrətdikcə özümüz də Yehovaya yaxınlaşırıq. Biz «Böyük Müəllimi dinləyin», eləcə də başqa nəşrlərimizdən çox şey öyrəndik. Həmçinin yığıncaqdakı bacı-qardaşlarımız həm bizə, həm də övladlarımıza çox gözəl örnək idi.

Maykl və həyat yoldaşı Diana

 Həmin vaxt övladlarımız öncül kimi xidmət edirdi. Qızımız Loren artıq 2004-cü ilin əvvəlində ispandilli yığıncağa keçmişdi. Maykl təzəlikcə Beyteli tərk edib ailə həyatı qurmuşdu və yoldaşı Diana ilə birlikdə təbliğ işinə kömək etmək üçün Quama köçməyə hazırlaşırdılar. 19 yaşlı Deyvi isə yenicə Dominikan Respublikasına köçüb, orada xidmət etməyə başlamışdı.

 Uşaqlarımızın verdiyi qərarlara görə Kaye də, mən də onlarla fəxr edirdik. Bizim ürəyimizdən keçən sözlər 3 Yəhya 4-cü ayəsində yazılıb: «Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz». Amma nə bilərdik ki, bir telefon zəngi ilə həyatımız dəyişəcək.

Ürəyimizi dağlayan faciə

 Aprelin 24-ü 2004-cü il Kaye, mən və başqa iki cütlük nahar etmək istəyirdik. Restoran təxminən 100 kilometr uzaqda olduğu üçün hamımız mənim maşınıma oturub getdik. Sonra desert üçün başqa bir kafeyə getdik. Mən hamını kafenin yanında düşürdüm və maşını saxlamaq üçün yer axtarmağa başladım. Birdən telefonuma zəng gəldi. Zəng edən dostum idi.

 O, təlaş içində belə dedi: «Dəhşətli bir hadisə baş verib, Deyvi qəzaya düşüb».

 Ürəyim əsə-əsə ondan soruşdum: «Salamatlıqdır?»

 Əvvəlcə o susdu. Sonra güc-bəla ilə ağzını açıb dedi ki, Deyvi həyatını itirib.

 Danışıb qurtarandan sonra Yehovaya dua edib güc istədim. İçəri girib Kayegilə dedim ki, özümü pis hiss edirəm, evə getsək yaxşı olar. İstəyirdim ki, Deyvinin öldüyünü Kayeyə təklikdə deyim.

 Evə qədər 90 dəqiqə maşın sürmək mənə bir ömür kimi gəldi. Bütün yolboyu Kaye oğlumuz Deyvidən danışırdı. Onun gəlişini necə həsrətlə gözlədiyini deyirdi. Hələ heç Kaye oğlumuzun öldüyünü bilmirdi, amma telefonuma çoxlu sayda başsağlığı mesajları gəlirdi.

 Bacı-qardaşları evlərinə qoyandan sonra evimizə gəldik. Kaye hiss etmişdi ki, nəsə baş verib. O, gözlərimin içinə baxıb soruşdu: «Nəsə olub?». Bilirdim ki, deyəcəyim sözlər Kayenin ürəyini parça-parça edəcək, iki saat əvvəl gələn telefon zənginin mənim ürəyimi dağladığı kimi.

Ağır dərdə tab gətiririk

 Kaye ilə mən çoxlu çətinliklərlə üzləşmişdik. Bilirdik ki, Yehova Öz xidmətçilərinə dəstək olur (Əşiya 41:10, 13). Amma bu, başqa dərd idi. Beynimdə ancaq belə suallar fırlanırdı: «Axı Deyvi necə ölə bilər? O, Yehovanın yolunda nə qədər iş görmüşdü. Niyə Yehova onu qorumadı?».

 O biri uşaqlarımız da bu xəbəri eşidəndə çox sarsıldılar. Loren Deyvinin ikinci anası kimi idi. Deyvinin ölümü onun üçün çox ağır zərbə olmuşdu. Eləcə də Maykl üçün. Maykl haradasa beş il bizdən uzaqda yaşamışdı. O, qardaşının böyüyüb necə yetkin bir insan olduğunu təzə-təzə görürdü, bundan fərəh duyurdu.

 Bu xəbəri eşidən kimi yığıncaqdakı bacı-qardaşlar dərhal özlərini yetirdilər. Hələ Kaye oğlumuzun ölüm xəbərinin şokundan çıxmamışdı, bacı-qardaşlar təsəlli vermək üçün, dəstək olmaq üçün artıq evimizdə idilər (Məsəllər 17:17). Onların göstərdiyi məhəbbəti heç vaxt unutmaram.

 Bu dərdə dözmək üçün Kaye ilə müntəzəm olaraq dua edirdik, Müqəddəs Kitabı oxuyurduq və yığıncaqlardan qalmırdıq. Düzdür, bütün bunlar ağrı-acımızı tamamilə silib aparmırdı. Amma bilirdik ki, bunları etmək ruhani cəhətdən möhkəm qalmaq üçün çox vacibdir (Filippililərə 3:16).

Loren və həyat yoldaşı Castin

 Həmin vaxtlarda Maykl ilə Diana bizə yaxın yerə köçdülər. Loren də bizim ingilisdilli yığıncağımıza geri qayıtdı. Növbəti bir neçə ili bir yerdə olmaq Deyvinin itkisinə dözməyə bizə kömək etdi. Sonradan Loren ailə quranda onun həyat yoldaşı Castin də bizə çox böyük dəstək oldu.

Ağır səfər

 Deyvinin ölümündən qısa müddət sonra, biz bir az da olsa, toxtamaq üçün növbəti bir addımı atdıq. Bunu etmək bizə çox çətin idi, amma sonradan xeyrini gördük. Hadisənin davamını Kaye danışacaq.

 «Yoldaşım Deyvinin ölüm xəbərini deyəndə qanım damarımda dondu, yerimdən tərpənə bilmirdim, sanki daşa dönmüşdüm. O qədər pərişan idim ki, əlim heç bir işə getmirdi. Elə hey ağlayırdım. Açığını desəm, bəzən Yehovaya qəzəblənirdim. Camaata baxanda acığım tuturdu ki, Deyvi ölüb, bunlar sağdır. Özümdə deyildim, nə danışdığımı, nə fikirləşdiyimi bilmirdim.

 Deyvinin son aylarda yaşadığı yeri, Yehovaya harada xidmət etdiyini görmək üçün istəyirdim ki, Dominikan Respublikasına gedim. Amma hələ də özümə gəlməmişdim, yola çıxmağa taqətim yox idi.

 Yaxın rəfiqəm mənə dedi ki, Deyvinin Dominikan Respublikasında olan dostları da pərişandır, çox istəyərdilər, Deyvinin ailəsi ilə görüşsünlər. Onun dəstəyi sayəsində özümdə təyyarə ilə yola çıxmağa güc tapdım.

 Etdiyimiz bu səfər elə məhz ailəmizə lazım olan şey idi. Biz ora gedəndə hamı Deyvinin ruhən necə yetkin bir insan olduğundan danışırdı. Deyvinin xidmət etdiyi yığıncağın yeganə ağsaqqalı onun haqqında demişdi ki, o, Deyviyə istənilən işi rahatlıqla həvalə edə bilirdi. Deyvi bütün işləri canla-başla görürdü.

 Deyvinin yaşadığı küçə ilə gedəndə camaat bizə yaxınlaşırdı, onlar üçün gördüyü yaxşı işlərdən danışırdı. Bilirdim ki, oğlumun gözəl xüsusiyyətləri var. Amma burda eşitdiklərimdən xüsusilə təsirləndim. Gördüm ki, oğlum Məsihin izləri ilə getmək üçün necə var gücü ilə çalışırmış.

Deyvinin Dominikan Respublikasında xidmət etdiyi vaxtlar

 Biz həmçinin Deyvinin Müqəddəs Kitab dərsi keçdiyi bir kişi ilə tanış olduq. O, çox balaca bir evdə yaşayırdı və yataq xəstəsi idi. Həm də çox kasıb idi. Yığıncaqdakı bacı-qardaşlar bizə dedilər ki, Deyvi bu insana qarşı çox ləyaqətlə davranırdı, ona çox hörmət göstərirdi. Bunları eşidəndə oğlumla qürur duydum.

 Bu səyahət qədər heç nə mənə ağır gəlməmişdi. Amma Deyvini tanıyan insanlarla birgə ağlamağın, gələcək ümidimizdən birgə təsəlli tapmağın bizə köməyi dəydi, qəlbimizdəki ağrı bir az da olsa dindi».

Deyvinin nümunəsi başqalarını təşviq edir

 «Oyanın!» jurnalının 2005-ci il 8 yanvar sayında Deyvinin Dominikan Respublikasında xidməti və vəfatı haqqında məqalə dərc olundu. Həmin vaxt heç bilməzdik ki, bu məqalənin kimlərəsə köməyi dəyə bilər. Amma 2019-cu ilin may ayında Nik adlı qardaş bizimlə əlaqə saxlayaraq növbəti sözləri demişdi:

 «2004-cü ilin sonları idi. Mən kollecdə oxuyurdum və heç bir ruhani məqsədim yox idi. Özümü xoşbəxt hiss etmirdim. Yehovaya dua etdim ki, gəncliyimdən ən yaxşı şəkildə istifadə edə bilməyim üçün mənə yol göstərsin. Üstündən çox keçməmiş Deyvi haqqında «Oyanın!» jurnalında çıxan məqaləni oxudum. Bu mənim duamın cavabı idi.

 Mən kolleci tərk edib, öncül xidmətinə başladım. Həmçinin qabağıma məqsəd qoydum ki, ispan dilini öyrənim və başqa ölkədə xidmət edim. Bir müddət sonra mənə Nikaraquada xidmət etmək və həyat yoldaşımla birlikdə Padşahlıq Müjdəçiləri Məktəbini oxumaq nəsib oldu. Məndən soruşanda ki, səni öncül xidmətinə nə təşviq edib, onlara Deyvinin hadisəsini danışıram».

 Digər bir sürprizlə isə 2019-cu ildə Argentinada keçirilən beynəlxalq toplantı zamanı qarşılaşdıq. Qaldığımız oteldə qonaqlara xidmət üçün təyin olunan Abi adlı bir bacı ilə tanış olduq. O bizə qarşı çox mehriban və qayğıkeş idi. Abi bizə Deyvini xatırladırdı.

Deyvinin hadisəsi Abini öncül olmağa və ucqar ərazidə xidmət etməyə təşviq edib

 Otağımıza qayıdandan sonra Abiyə Deyvinin hadisəsinin yazıldığı «Oyanın!» jurnalının linkini göndərdik. Bir neçə dəqiqə sonra o cavab verdi və mütləq bizimlə danışmaq istədiyini bildirdi. Biz otelin lobbisində görüşdük. Abi bizə göz yaşları içində dedi ki, 2011-ci ilin sentyabr ayında öncüllüyə başlamağa, sonra da ucqar ərazidə xidmət etməyə onu məhz Deyvinin hadisəsi təşviq edib. Həmçinin dedi ki, hər dəfə təyinatında çətinliklə üzləşəndə bu məqaləni açıb yenidən oxuyur. Hətta məqalənin bir nüsxəsi onun üstündə idi.

 Bütün bunlar onu göstərir ki, bizim ümumdünya böyük bir ailəmiz var və biz də bu ailənin içindəyik. Yehovanın Şahidlərinin arasında olan birliyin bu dünyada tayı-bərabəri yoxdur.

 Kaye ilə mən Deyvinin başqalarına necə gözəl təsir etdiyini görəndə təskinlik tapdıq. Əslində həyatlarını Yehovaya xidmətə həsr edən bütün gənclər haqqında belə demək olar. Bəlkə də, onların heç xəbəri yoxdur, amma onlar da öz nümunələri ilə, şövqlü olmaları ilə başqalarına təkan veriblər, onları Yehovanın yolunda əllərindən gələni etməyə təşviq ediblər.

«Onun üçün onların hamısı sağdır»

 Luka 20:37 ayəsində İsa Yehovanın Özü haqqında dediyi sözləri sitat gətirir. Yehova Özünü «İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı» adlandırmışdı. Yehova deməmişdi ki, onlar sağ olanda onların Allahı olub, O, hələ də onların Allahıdır. İsa 38-ci ayədə bunun səbəbini belə izah edir: «Onun üçün onların hamısı sağdır».

 Bəli, Yehovanın gözündə Onun bütün sadiq xidmətçiləri sağdır. Bu bizə onu göstərir ki, Yehova onları mütləq dirildəcək, O, bunun həsrətini çəkir (Əyyub 14:15; Yəhya 5:28, 29). Mən əminəm ki, Yehova Deyvi haqda da bu fikirdədir, eləcə də ölüm yuxusuna getmiş bütün sadiq xidmətçiləri haqda.

 Deyviyə qovuşacağım günü həsrətlə gözləyirəm. Amma bundan da çox həsrətində olduğum bir şey var — o da Kayenin Deyviyə yenidən qovuşacağı anı görməkdir. Mən hələ ömrümdə bu qədər güclü iztirab çəkən insan görməmişdim. Luka 7:15 ayəsində yazılan sözlər mənim üçün xüsusi məna daşıyır: «Ölən oğlan qalxıb oturdu və danışmağa başladı. İsa onu anasına verdi».

 2005-ci ilin sentyabr ayında mən də öncül xidmətində Kayeyə qoşuldum. Arvadım, uşaqlarım və onların həyat yoldaşları ilə birgə öncül kimi xidmət etmək böyük xoşbəxtlikdir. Biz bir-birimizə arxa-dayağıq və gələcəklə bağlı ümidimizə köklənmişik. Yeni dünyada Deyviyə qovuşacağımız günü həsrətlə gözləyirik.