FİLİS LİANQ | BİOQRAFİYA
İstənilən xidmətə hazır olmağım mənə bol nemətlər gətirdi
«Gedirəm». Yehovanın niyyətini yerinə yetirmək üçün həyatında köklü dəyişiklik etməyə hazırlaşan Rəfəqə ona verilən suala bu cavabı vermişdi (Yaradılış 24:50, 58). Düşünmürəm ki, xüsusi bir insanam, sadəcə həmişə çalışmışam, Yehovaya xidmətdə hər bir işi görməyə hazır olum. Çoxlu çətinliklər olsa da, Yehova hər dəfə, bəzən hətta gözləmədiyim şəkildə mənə dəstək olub və nemətlər bəxş edib.
Yaşlı bir kişinin gətirdiyi xəzinə
Ailəmlə birgə Cənubi Afrikanın Rudepurt şəhərinə köçəndən bir neçə il sonra atam vəfat etdi. 1947-ci ildə 16 yaşında mən ailəmə dolanmağa kömək etmək üçün dövlət telefon xidmətində tam iş günü işləyirdim. Bir gün yaşlı bir kişi qapımızı döydü və bizə «Gözətçi qülləsi» jurnalına abunə olmağı təklif etdi. Biz sadəcə həmin adamın xətrinə dəyməmək üçün abunə olduq.
Amma tezliklə bizdə Müqəddəs Kitab təlimlərinə maraq yarandı. Anam cavanlığında Niderland Reformasiya kilsəsinin üzvü olub. Ona görə də o, Müqəddəs Kitabda yazılanlarla kilsə təlimləri arasındakı fərqi görə bilirdi. Biz Müqəddəs Kitabı araşdırmağa və ibadət görüşlərində iştirak etməyə başladıq. 1949-cu ildə ailəmizdə ilk olaraq mən vəftiz olundum. Bir neçə il əvvəlki kimi işləməyə davam etsəm də, Yehovaya daha çox xidmət etmək istəyirdim.
Tələbat olan ərazidə xidmət etməyə hazıram
1954-cü ildə öncül xidmətinə başladım və Cənubi Afrika filialı ilə əlaqə saxlayıb bildirdim ki, tələbat olan ərazidə xidmət etməyə hazıram. Filial Pretoriya şəhərinə köçməyi məsləhət gördü. Orada mən bir öncül bacı ilə birgə xidmət etməyə başladım. Yaşadığımız ev çox rahat idi. Evimizin yaxınlığında yağda qızardılıb şərbətə batırılmış «koeksisters» adlanan bir şirniyyat satılırdı. Onun dadı hələ də damağımdadır.
Əməkdaşım olan öncül bacı ərə gedəndən sonra filialda xidmət edən Corc Filips qardaş mənə xüsusi öncül kimi xidmət etməyi təklif etdi. Bu təklifi böyük məmnuniyyətlə qəbul etdim.
1955-ci ildə Harrismit şəhərində xüsusi öncül kimi xidmət etməyə başladım. Yeni xidmət əməkdaşım və mən qalmağa münasib yer tapa bilmirdik. Səbəblərdən biri o idi ki, yerli kilsə bizi evdən çıxarması üçün ev sahibinə təzyiq göstərirdi.
Mən Yohannesburq şəhərində yerləşən Parkhorsta təyin olundum. Orada iki xüsusi təyinatlı müjdəçi bacı ilə xidmət etməyə başladım. Sonradan onlardan biri ailə qurdu, digəri isə başqa əraziyə təyin olundu. İlın Porter adlı bir bacı evində qalmağa əlavə yer olmasa da, məni ailəsi ilə birgə yaşamağa dəvət etdi. Mən evin bir küncündə yatırdım. Yatdığım yer pərdə ilə ayrılmışdı. İlın çox mehriban idi, özümü onun yanında çox rahat hiss edirdim. Ailə məsuliyyətləri çox olsa da, bacı xidmətdə çox şövqlü idi. Bu mənə güclü təsir bağışlayırdı.
Sonradan mən Şərqi Kap əyalətində yerləşən Alival-Norta təyin olundum. Oradakı xidmət əməkdaşımın adı Merlin (Merl) Lorens idi. Həmin vaxt biz 20 yaşlarında idik. Doroti adlı yaşlı bir bacımız var idi. O bizim üçün gözəl nümunə idi. Biz onu Dot xala çağırırdıq. Cavan olanda xidmət zamanı itlər ona hücum etmişdi, amma bu hadisə onun şövqünü azaltmadı.
1956-cı ildə Merl Gilad məktəbinin 28-ci sinfinə dəvət aldı. Elə istəyirdim, mən də onunla bir yerdə oxuyum! Merl gedəndən sonra mən orada tək qaldım. Amma Dot xala mənim qayğıma yaxşı qalırdı və yaş fərqimizə baxmayaraq, biz yaxın dost olduq.
Bir müddət sonra mən də Gilad məktəbində oxumağa dəvət aldım. Sevincimin həddi-hüdudu yox idi! Yola düşməzdən əvvəl mən Nigel şəhərində Gilad məzunu olan Kati Kuk adlı bir bacı ilə səkkiz ay əməkdaşlıq etdim. Kati Gilad haqqında o qədər ağızdolusu danışırdı ki, ora getməyi səbirsizliklə gözləyirdim. Beləcə, 1958-ci ilin yanvar ayında mən Nyu-Yorka yola düşdüm.
Təlim almağa hazıram
Gilad məktəbində mən Tia Aluni və İvi Kave ilə qalırdım. Tia samoalı, İvi isə maori idi. Cənubi Afrikada yaşayanda apartheyd hökuməti ağdərili insanları başqa irqlərdən olan insanlardan uzaq tuturdu. Ona görə də burada bu bacılarla bir otaqda qalmaq mənim üçün möcüzə idi. Bu bacıları çox sevdim. Müxtəlif millətlərdən olan bacı-qardaşlarla bir sinifdə oxumaq çox xoşuma gəlirdi.
Giladda müəllimlərimizdən biri Maksvel Frend idi. O, dərslərdə bəzən həddən artıq tələbkar olurdu. Onun sinif otağında üç lampa var idi. Lampaların üzərində «Ton», «Temp» və «Güc» yazılmışdı. Tələbə təqdimat və ya səhnəciklə çıxış edən zaman Maksvel qardaş nəyi isə bəyənməyəndə lampalardan birini yandırırdı. Mən çıxış edəndə o, tez-tez lampalardan birini yandırırdı, çünki utancaq olduğum üçün çıxışlarımdan razı qalmırdı. Buna görə hətta ağladığım vaxtlar da olub. Amma yenə də Maksvel qardaşı çox istəyirdim. Bəzən dərslər arasında mənə tapşırılmış təmizlik işini görəndə o mənə kofe gətirirdi.
Aylar keçdikcə öz-özümə düşünürdüm: «Görəsən, məni hara təyin edəcəklər?» Əvvəllər birgə xidmət etdiyim Merl artıq Gilad məktəbindən məzun olmuş və Peruya təyin olunmuşdu. Onunla birgə xidmət edən bacı tezliklə ailə həyatı quracaqdı. O mənə təklif elədi ki, həmin vaxt işimizə nəzarət edən Neytan Norr qardaşla danışım və xahiş edim ki, məni həmin bacının yerinə Peruya təyin etsinlər. Neytan qardaş bir neçə həftədən bir bizə baş çəkirdi. Odur ki, onunla bu barədə danışmaq üçün fürsət tapmaq çətin deyildi. Məzun olandan sonra bilirsiniz, mən hara təyin olundum? Peruya!
Dağlarda xidmət
Perunun paytaxtı Limada Merlə qovuşanda sevincim yerə-göyə sığmırdı! Ora gələndən qısa müddət sonra ispan dilində hələ tam danışmasam da, artıq ruhani cəhətdən tez inkişaf edən şagirdlərim var idi. Daha sonra Merl və mən dağların başında yerləşən Ayakuçoya təyin olunduq. Etiraf etməliyəm ki, bu, çox çətin təyinat idi. İspan dilində az-maz danışırdım, amma orada yaşayan insanlar yalnız keçua dilində danışırdılar. Həmçinin yüksəkliyə və seyrək havaya öyrəşməyə vaxt lazım idi.
Mənə elə gəlirdi ki, Ayakuçoda xidmət sahəsində elə də çox şey edə bilməmişdim. Öz-özümə düşünürdüm: «Görəsən, nə vaxtsa bu ərazidə insanlar həqiqəti qəbul edəcək?» Bu gün Ayakuçoda 700-dən çox təbliğçi və keçua (ayakuço) tərcümə ofisi var.
Müəyyən vaxt keçəndən sonra Merl Ramon Kastilyo adlı rayon nəzarətçisi ilə ailə həyatı qurdu. 1964-cü ildə Ramon Giladda keçirilən 10 aylıq kursa getdi. Həmin kursu mənimlə Giladda oxumuş Fu-Lon Lianq adlı qardaş da keçirdi. O, Honkonqda xidmət edirdi. Filialdakı təyinatı ilə əlaqədar əlavə təlim keçmək üçün onu yenidən Gilada dəvət etmişdilər a. Fu-Lon Ramondan mənim barəmdə maraqlandı, hal-əhvalımı soruşdu. Sonradan biz Fu-Lonla məktublaşmağa başladıq.
Lap əvvəldən Fu-Lon açıq-aydın bildirdi ki, bizim yazışmağımız o deməkdir ki, biz görüşürük. Honkonqda onunla birgə xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Harold Kinq qardaş mütəmadi olaraq poçt məntəqəsinə gedirdi. O, Fu-Lonun məktublarını da göndərirdi. Harold qardaş zərfin üzərində kiçik şəkillər çəkir və qısa, gülməli nə isə yazırdı. Məsələn, bir zərfin üzərində o yazmışdı: «Əlimdən gələni edəcəyəm ki, sənə daha tez-tez yazsın».
Bir il yarım yazışandan sonra biz evlənmək qərarına gəldik. Mən təxminən yeddi il xidmət etdiyim Perudan getdim.
Honkonqda yeni həyat
17 noyabr 1965-ci ildə biz evləndik. Honqkonqda yaşamaq xoşuma gəlirdi. Biz filialda digər iki ər-arvadla birgə yaşayırdıq. Fu-Lon filialda tərcümə işi ilə məşğul olduğu zaman mən təbliğ edirdim. Kanton dialektində danışmağı öyrənmək asan deyildi, amma xüsusi təyinatlı müjdəçi kimi xidmət edən digər bacılar və sevimli həyat yoldaşım səbirlə mənə kömək edirdilər. Uşaqlara Müqəddəs Kitab dərsi keçməyin də bu dili öyrənməyimə böyük köməyi dəydi, onlarla daha rahat danışırdım.
Bir neçə ildən sonra biz Kvun-Tonqa köçdük. Orada Fu-Lon yeni gələn xüsusi təyinatlı müjdəçilərə kanton dialektini öyrədirdi b. Burada xidmət etməkdən çox zövq alırdım, hətta elə günlər olurdu ki, evə qayıtmaq istəmirdim.
1968-ci ildə «Əbədi həyata aparan həqiqət» adlı yeni təlim vəsaitini əldə etdiyim üçün sevincimin həddi-hüdudu yox idi. «Allah haqdır» adlı kitabı əvəz edən bu vəsaitin dili daha asan idi, xüsusilə də Müqəddəs Kitab və məsihilikdən məlumatı olmayanlar yazılanları asanlıqla başa düşə bilirdilər.
Mən səhvən elə düşünürdüm ki, əgər şagird abzaslara gətirilən suallara yaxşı cavab verirsə, o, mütləq həqiqəti qəbul edəcək. Dərs keçdiyim bir qadın bütün kitabı qurtarmışdı, amma hələ də Allaha inanmırdı! Mən isə bunu vaxtında görə bilməmişdim. Başa düşdüm ki, şagirdin öyrəndikləri barədə fikirlərini üzə çıxarmaq üçün onunla yaxşı ünsiyyət qurmalıyam.
Bir neçə il Kvun-Tonqda xidmət edəndən sonra biz yenidən filiala qayıtdıq. Fu-Lonu Honqkonq filial komitəsinin üzvü təyin etdilər. Uzun illər mən Təmizlik və Qonaqların qəbulu şöbələrində xidmət etmişəm. Vaxtaşırı Fu-Lon təyinatı ilə bağlı səyahət etməli olurdu, amma məxfilik səbəbindən mən onunla gedə bilməzdim. Bununla belə, təyinatında ona dəstək olmaqdan məmnunluq duyurdum.
Gözlənilməz dəyişiklik
Əfsuslar olsun ki, həyatım bir gecənin içində alt-üst oldu. Əziz həyat yoldaşım Fu-Lon səyahətdə ikən gözlənilmədən vəfat etdi. Bu, anma mərasimi ərəfəsində baş verdi. Çox sarsılmışdım. Bacı-qardaşlar mənə dəstək olurdular. Anma mərasimi zamanı göz yaşlarımı saxlamaq üçün Müqəddəs Kitaba maraq göstərən bir nəfərə ayələri tapmağa kömək edirdim. Fu-Lonun sevdiyi bir ayə mənə güc verirdi. Ayədə deyilir: «Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam... Sənə kömək edəcəyəm» (Əşiya 41:13).
Fu-Lonun ölümündən yeddi il sonra qardaşlar mənə məsləhət gördülər ki, daha böyük filiala köçüm, çünki orada sağlamlığımın qeydinə daha yaxşı qala bilərdilər. Bu səbəbdən 2015-ci ildə Cənubi Afrika filialına köçdüm. Bu filial 1947-ci ildə həqiqəti ilk dəfə eşitdiyim yerə yaxın yerləşir.
Yehovaya uzun illər sevinclə xidmət etmişəm və istənilən xidmətə hazır olduğum üçün Yehova mənə bol nemətlər bəxş edib. Yehovaya sədaqətlə xidmət edən şagirdlərim ilə hələ də əlaqə saxlayıram. Yehovanın gördüyümüz kiçik bir işi necə bərəkətli etdiyini öz gözlərimlə görmüşəm. Məsələn, 1958-ci ildə Peruda 760 təbliğçi var idi, 2021-ci ildə isə təbliğçilərin sayı 133 000-ə çatmışdı. 1965-ci ildə Honqkonqda 230 təbliğçi var idi, 2021-ci ildə bu rəqəm 5565-ə çatmışdı.
Artıq yaşım o yaş deyil, ona görə də Yehovaya əvvəlki qədər xidmət edə bilmirəm. Amma mən yenə də əlimdən gələni etməyə hazıram. Yeni dünyada isə görüləcək iş çox olacaq və həmin vaxt mən şövqlə yenə deyəcəyəm: «Mən getməyə hazıram».
a Fu-Lon Lianqın həqiqətə necə gəldiyini öyrənmək üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti 1974» (ing.) kitabının 51-ci səhifəsinə baxın.
b Fu-Lonun Kvun-Tonq şəhərində xidməti haqda oxumaq üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti 1974» (ing.) kitabının 63-cü səhifəsinə baxın.