Kontentə keç

Mündəricatı göstər

KAMİLA ROSAM | BİOQRAFİYA

Yehovaya itaət həyatımın amalı idi

Yehovaya itaət həyatımın amalı idi

 Babamla nənəm Yehovanın Padşahlığı haqda 1906-cı ildə oğulları difteriya xəstəliyindən öləndən sonra öyrəniblər. Onların həkimi Müqəddəs Kitab tədqiqatçısı idi (həmin vaxt Yehovanın Şahidləri belə adlanırdı). O, babamgilə Müqəddəs Kitabdakı təsəlliverici ümidi, eləcə də dirilmə ümidini çatdırdı. Nəticədə, babamgil, anam və xalam Müqəddəs Kitab tədqiqatçısı oldu.

 Uzun illər onlar Yehovaya şövqlə xidmət etdilər. Hətta nənəm, anam və xalam ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində «Yaradılış fotodramı» nümayiş etdiriləndə izləyicilərə yer tapmağa kömək etmişdilər. Amma təəssüf ki, onlar 1930-cu illərə qədər Yehovaya xidmət etdilər. Sonra yalnız anam Yehovaya xidməti davam etdirdi. Bu, anam üçün çətin idi, çünki o, ailəsinə çox bağlı idi. Anamın Yehovaya sədaqəti və itaətkarlığı mənə dərin təsir bağışlamışdı. Atam da mənim üçün örnək idi. O da sadiq Müqəddəs Kitab tədqiqatçısı idi.

Ailə şəkli (1948)

 Mən 1927-ci ildə doğulmuşam. Altı uşaqdan ən böyüyü olmuşam. Hamımız həqiqətdə olmuşuq. Atam dülgər idi. Bizim Çikaqoda şəhərdən kənarda rahat evimiz var idi. Böyük tərəvəz bağımız var idi. Toyuq və ördək saxlayırdıq.

 Boş oturmağı sevmirdim. Gördüyüm işlərdən biri evdəkilərin corablarını yamamaq idi. O vaxtı elə idi ki, corab deşiləndə onu atmazdıq, iynə sapla yamayardıq. Tikiş işlərini bilməyimin çox xeyri oldu, çünki sonralar dərziliklə məşğul oldum.

Valideynlərim mənə gözəl nümunə qoyub

 Atam çalışırdı ki, ailəmiz həmişə diqqətini Yehovaya xidmətə cəmləsin. Biz ibadət görüşlərindən qalmırdıq, müntəzəm təbliğ edirdik, hər gün günün ayəsini oxuyurduq. Hər şənbə günü axşamlar ailəvi ibadətdə «Gözətçi qülləsi»ni araşdırırdıq.

 Qonşularımıza yaxşı şahidlik vermək üçün atam qonaq otağımızın pəncərəsinə içəridən işıqlı lövhə qoymuşdu. Oraya qardaşlarımız tərəfindən hazırlanmış nitqlərin elanı və ya nəşrlərimiz qoyulurdu. Lövhənin üstündəki işıq yanıb-sönürdü, bu da yoldan keçən insanların diqqətini cəlb edirdi. Atam həmçinin maşınımıza da iki lövhə qoymuşdu.

Anam bizi fonoqrafla təbliğ etməyə aparmışdı

 Atam sözdə və əməldə Yehovaya itaət etməyin vacibliyini bizə öyrədirdi. Anam ona hər sahədə dəstək olurdu. Anam balaca bacımın beş yaşı olanda öncül kimi xidmət etməyə başladı və ömrünün sonuna qədər bu xidməti davam etdirdi. Mən sevinirəm ki, bu cür valideynlərim olub.

 O vaxtlar bugünkü kimi deyildi. Bizim televizorumuz yox idi. Bacı-qardaşlarımla birlikdə pilləkəndə oturub radiodan maraqlı proqramlara qulaq asırdıq. Ən əsası da ailəlikcə Yehovanın təşkilatının radio vasitəsi ilə yayımladığı ruhani proqramları dinləyirdik.

Toplantılar, fonoqraflar və plakatlar

 Biz Yehovanın Şahidlərinin toplantılarında iştirak etməyi xoşlayırdıq. 1935-ci ildə keçirilən toplantıda öyrəndik ki, Vəhy 7:9, 14 ayələrində haqqında bəhs olunan «böyük müsibətdən [çıxan]» böyük izdiham yerüzü cənnətdə əbədi yaşamaq ümidinə sahibdir. 1935-ci ilə qədər valideynlərimin ikisi də anma mərasimindəki simvollardan qəbul edirdi, amma həmin toplantıdan sonra yalnız atam onlardan qəbul etdi. Anam başa düşdü ki, onun ümidi Məsihlə birgə göydə hakimiyyət sürmək yox, yer üzündə əbədi yaşamaqdır.

 1941-ci ildə Missuri ştatının Sent-Luis şəhərində keçirilən toplantıda həmin vaxt təşkilatdakı işlərə nəzarət edən Cozef Ruterford qardaş «Uşaqlar» adlı kitabın çıxdığını elan etdi. Hamı bu xəbəri bir xeyli alqışladı! Həmin vaxt 14 yaşım var idi. Bir il qabaq vəftiz olunmuşdum. Yaxşı yadımdadır, mən də digər uşaqlarla birlikdə kitab götürmək üçün sıraya durmuşdum.

Loreynlə birlikdə (1944)

 O vaxtlar təbliğ də indiki kimi deyildi. 1930-cu illərdə portativ fonoqrafdan istifadə edərək Müqəddəs Kitaba əsaslanan nitqləri ev sakinlərinə qulaq asdırırdıq. Qapını döyməzdən əvvəl, fonoqrafı açırdıq və iynənin düzgün yerdə olduğunu yoxlayırdıq. Ev sakini çölə çıxanda qısa giriş sözləri deyirdik, sonra dörd dəqiqəyarımlıq nitqi qoşurduq və sonda nəşr təklif edirdik. Ərazimizdəki insanlar hörmətcil şəkildə qulaq asırdılar. Yadıma gəlmir, kimsə bizə qarşı kobud davransın. 16 yaşım olanda öncül xidmətinə başladım. Atam mənə fonoqraf hədiyyə etdi. Onu sevə-sevə xidmətdə istifadə edirdim. Mən Loreyn adlı mehriban bir bacı ilə birgə öncüllük edirdim.

 Biz həmçinin məlumat yürüşləri vasitəsi ilə şahidlik edirdik. Biz onu plakat təbliği adlandırırdıq, çünki boynumuza plakatlar keçirirdik. Bir plakat qabağımızda olurdu, bir plakat arxamızda. Onların üzərində «Din tələ və yalandır», «Allaha və Padşah Məsihə xidmət edin» kimi şüarlar yazılırdı.

Plakat təbliği zamanı çəkilən şəkil

 İbadət görüşlərində bizi təqiblərə hazırlayırdılar, həqiqəti müdafiə etmək üçün nə deyəcəyimizi öyrədirdilər. Biz təqiblərlə üzləşdik. Misal üçün, ilk dəfə idi ki, nəşrlərimizi insanların çox olduğu alış-veriş ərazisində təklif edirdik. Birdən polis gəlib bizi bölməyə apardı. Bir neçə saat sonra bizi buraxdılar. Təqiblər qarşısında Yehovaya sadiq qala bildiyim üçün çox sevinirdim.

Evlilik, Gilad və hərbi xidmətə çağırış

Yucinlə toyumuzda

 Bir müddət sonra Loreyn məni Yucin Rosam adlı bir qardaşla tanış etdi. Onlar Minnesota ştatının Minneapolis şəhərindəki toplantıda tanış olmuşdular. Yucin Florida ştatının Ki-Vest adasında böyümüşdü. Onuncu sinifdə oxuyanda vətənpərvərliklə bağlı tədbirdə iştirak etmədiyi üçün məktəbdən qovulmuşdu. O, dərhal öncül xidmətinə başlamışdı. Bir gün o, keçmiş sinif yoldaşı olan bir qızla rastlaşmışdı. Yucin yaxşı şagird olduğu üçün həmin qıza onun nəyə görə qovulduğu maraqlı idi. Onun Müqəddəs Kitaba əsaslanan cavabları sayəsində həmin qız da Müqəddəs Kitabı araşdırmağa başlamışdı. Həqiqət onu ürəyinə təsir etmişdi və o bizim sadiq bacımız olmuşdu.

Ki-Vestdə (1951)

 Yucinlə mən 1948-ci ildə evləndik. Evlənən kimi Ki-Vest adasında öncüllük etməyə başladıq. Sonralar bizi Gilad Məktəbinin 1952-ci ildə keçirilən 18-ci sinfinə dəvət etdilər. Dərslərin birində ispan dili tədris olunurdu. Ona görə də gözləyirdik ki, bizi ispandilli əraziyə təyin edəcəklər. Amma gözlədiyimiz kimi olmadı. Biz Giladda olanda Koreya müharibəsi başladı. İkinci Dünya müharibəsi zamanı Yucin din xadimi kimi hərbi xidmətdən azad edilmişdi. Amma bu dəfə o, orduya çağrıldı. Bu bizim üçün gözlənilməz oldu. Bu səbəbdən bizə deyildi ki, Birləşmiş Ştatlarda qalaq. Mən çox pis olmuşdum. İki il sonra Yucin, nəhayət, din xadimi kimi orduda xidmətdən azad edildi. Bu hadisələr bizə vacib bir dərs öyrətdi; bir qapı bağlananda Yehova bizim üçün başqa bir qapı açır. Biz sadəcə səbirli olmalı idik.

Gilad Məktəbindəki sinfimiz

Səyyar xidmət və Kanadaya dönüş

 Bir müddət Arizonanın Tukson şəhərindəki ispandilli yığıncaqda öncül kimi xidmət edəndən sonra 1953-cü ildə bizi səyyar xidmətə təyin etdilər. Uzun müddət Ohayoda, Kaliforniyada və Nyu-York şəhərində səyyar xidmətdə olduq. Yucin 1958-ci ildə Kaliforniyada və Oreqonda vilayət nəzarətçisi a kimi xidmət etməyə başladı. Biz bacı-qardaşların evində qalırdıq. 1960-cı ildə Kanadaya getdik. Yucin orada Məsul Qardaşlar üçün Məktəbdə təlim verirdi. Biz 1988-ci ilə qədər Kanadada qaldıq.

 Kanada ilə bağlı çoxlu gözəl xatirələrim var. Məsələn, bir dəfə bacı ilə birlikdə ev-ev təbliğ edəndə bir ailə ilə qarşılaşdıq. Əvvəlcə qapıya Geyl adlı bir qadın çıxdı. Dedi ki, «babaları öldüyünə görə uşaqlarım çox kədərlidir». Onlar analarından soruşurdular ki, «Babamız nəyə görə ölüb? İndi o haradadır?» Geyl onların bu suallarını cavablandıra bilmirdi. Beləcə, biz ona bu suallara cavab verən təsəlliverici ayələr göstərdik.

 Həmin vaxt Yucin rayon nəzarətçisi idi, buna görə də yalnız ziyarət həftəsi həmin yığıncaqda ola bildik. Amma mənimlə əməkdaşlıq edən bacı Geylin yanına yenidən getdi. Bilirsiniz, nə oldu? Geyl, həyat yoldaşı Bil və üç oğlu, Kristofer, Stiv və Patrik həqiqəti qəbul etdi. Hal-hazırda Kris Kanadada ağsaqqal kimi xidmət edir, Stiv Floridanın Palm-Koust şəhərində teokratik məktəbdə təlim verirdi, Patrik isə Tailanddakı filialın komitə üzvüdür. Uzun illər Yucinlə mən bu ailə ilə yaxın dost olmuşuq. Onların Yehovanı tanımalarında kiçik bir payım olduğu üçün çox sevinirəm!

Xəstəxana ziyarətlərindən Xəstəxanalarla Əlaqə Komitələrinə

 Kanadada olanda Yehova Yucin üçün möhtəşəm bir qapı açdı. İstəyərdim, bu haqda bir az danışım.

 İllər əvvəl insanlar qanköçürmə ilə bağlı mövqeyimizi başa düşə bilmirdilər. Buna görə də çoxları bizə pis baxırdı. Kanada qəzetlərində dərc olunurdu ki, valideynləri qanköçürmədən imtina etdiyi üçün Yehovanın Şahidi olan uşaqlar ölürlər. Yoldaşım insanlara bu fikrin yanlış olduğunu anlamağa kömək etdi.

 1969-cu ildə Nyu-Yorkun Buffalo şəhərindəki beynəlxalq toplantıdan bir qədər əvvəl Yucin və bir neçə qardaş həmin ərazidəki bir çox xəstəxanaları ziyarət edərək bildirdilər ki, bu toplantıda Kanadadan və Birləşmiş Ştatlardan təxminən 50 000 Yehovanın Şahidi iştirak edəcək. Qardaşlar istəyirdilər ki, toplantıda kiminsə vəziyyəti ağırlaşarsa, həkimlər qanköçürmə ilə bağlı mövqeyimizi bilsinlər və səbəbini başa düşsünlər. Onlar həkimlərə qan köçürmədən tibbi yardım göstərməklə bağlı həkimlər üçün mötəbər sayılan nəşrlər təqdim etdilər. Həkimlərin müsbət münasibəti Yucin və digər qardaşları ürəkləndirdi ki, Kanadadakı xəstəxanaları ziyarət etsinlər. Onlar həmçinin yığıncaqlardakı ağsaqqalların tibbi məsələlərdə daha təcrübəli olmalarına kömək etdilər.

 Bu, yavaş-yavaş öz bəhrəsini verdi. Nəticə gözlədiyimizdən də artıq oldu! Necə?

Tikiş otağında xidmət edirəm

 1980-ci illərin ortalarında Nyu-Yorkdan, Bruklindəki baş idarədən Milton Henşel qardaş Yucinə zəng etdi. Rəhbərlik Şurası istəyirdi ki, artıq Birləşmiş Ştatlarda fəaliyyət göstərən bu proqram daha da genişləndirilsin, daha çox həkimə məlumat verilsin. Beləcə, Yucinlə mən Bruklinə köçdük və 1988-ci ilin yanvar ayında Rəhbərlik Şurası baş idarədə Xəstəxana məlumat xidməti şöbəsini təsis etdi. Daha sonra yoldaşımı və digər iki qardaşı əvvəlcə Birləşmiş Ştatlarda, sonra isə digər ölkələrdə seminarlar keçirməyə təyin etdilər. Çox keçməmiş filiallarda Xəstəxana məlumat xidməti şöbəsi təsis edildi, eləcə də müxtəlif şəhərlərdə Xəstəxanalarla Əlaqə Komitəsi yaradıldı. Təsəvvür edə bilməzdim ki, Yehovanın məhəbbətdən irəli gələrək gördüyü bu tədbirin nə qədər Yehovanın Şahidinə və uşaqlarına faydası olar. Yucin seminarlar keçirəndə, xəstəxanaları ziyarət edəndə mən də həmin ölkələrdəki filiallarda, əsasən, tikiş otaqlarında və mətbəxdə xidmət edirdim.

Xəstəxanalarla Əlaqə Komitəsi sinfi (Yaponiya)

Ən böyük çətinliyim

 2006-cı ildə həyatımdakı ən böyük çətinliklə üzləşdim, Yucin vəfat etdi. Onun sevgisi və yoldaşlığı üçün çox darıxıram! Mənə bu ağrıya tab gətirməyə bir çox şey kömək etdi. Misal üçün, duanın və hər gün Müqəddəs Kitabı mütaliə etməyin sayəsində Yehova ilə münasibətim möhkəm qalır. Beytel ailəsi ilə birgə hər gün səhər ibadətlərinə qulaq asıram. Günün ayəsinin götürüldüyü Müqəddəs Kitab fəslini oxuyuram. Həmçinin fikrimi Beyteldəki Tikiş şöbəsindəki xidmətimə cəmləmişəm. Bu xidməti icra etməkdən şərəf duyuram. Hətta əvvəllər Nyu-Cersi və Nyu-York ştatlarındakı toplantı zallarının pərdələrini hazırlamağa kömək etmişəm. İndi Fişkildəki Beyteldə xidmət edirəm. Orada mən alterasiya və digər kiçik işlərlə məşğul oluram b.

 Mənim üçün həyatda ən vacib şey Yehovanı sevmək, Ona və təşkilatına itaət etməkdir (İbranilərə 13:17; 1 Yəhya 5:3). Çox sevinirəm ki, Yucinlə birgə bunu həyatımızda rəhbər tutmuşuq. Mən tam əminəm ki, Yehova bizi yerüzü cənnətdə əbədi həyatla mükafatlandıracaq və bir-birimizə yenidən qovuşmağın sevincini yaşadacaq (Yəhya 5:28, 29).

a Rayon nəzarətçisi yığıncaqları ziyarət edir, vilayət nəzarətçisi isə teokratik rayonları ziyarət edirdi və rayon toplantılarında nitqlər söyləyirdi.

b Kamila Rosam bacı 2022-ci ilin mart ayında, bu məqalə hazırlanan vaxt vəfat etdi. Onun 94 yaşı var idi.