MAYLZ NORTOVER | BİOQRAFİYA
Yehova zəhmətimə bərəkət verdi
Valideynlərim həmişə Yehovanın təşkilatına dəstək olublar. Misal üçün, London filialındakı qardaşlar Beytel ailəsini südlə təmin etmək istəyəndə atam onlar üçün Cersi cinsindən olan yeganə inəyimizin buzovunu ianə etmişdi. Biz həmişə zarafat edirdik ki, «ailəmizdən» Beytelə gedən ilk o buzov oldu. Valideynlərimin gözəl nümunəsi məni həmişə təşviq edirdi ki, həyatımı Yehovaya xidmətə həsr edim və Ona xidmətdə əlim boş durmasın (Vaiz 11:6). Həqiqətən də, Yehova qarşımda elə bir qapı açdı ki, Onun işinə gözləmədiyim bir tərzdə töhfə verə bildim. O, əllərimin işinə bərəkət verdi. Gəlin həyatımdan sizə nəql edim.
Mən böyük bacım və qardaşımla Birləşmiş Krallığın Bister şəhərinin yaxınlığındakı kənddə böyümüşük. Valideynlərim kənd evi icarəyə götürmüşdülər. 19 yaşım olanda mən də bacımla qardaşım kimi öncül xidmətinə başladım. Sonralar mən Şotlandiyaya xüsusi öncül təyin olundum. Daha sonra 1970-ci ildə 23 yaşımda London Beytelinə dəvət olundum. Orada xidmət edəndə jest dili barədə eşitdim. Jest dili həyatımda sevinc və nemətlərlə dolu yeni səhifə açdı.
Jest dilini öyrənirəm
Beyteldə ikən mən Mil-Hil yığıncağına təyin olundum və orada eşitmə məhdudiyyətli bir neçə bacı-qardaşla tanış oldum. İstəmirdim ki, dilə görə aramızda sərhəd yaransın. Buna görə də ibadət görüşlərində onlarla birgə otururdum.
Həmin vaxt Britaniyada jestdilli yığıncaqlar yox idi. Eşitmə məhdudiyyətli bacı-qardaşlar ingilis dilində keçirilən yığıncaqlara gedirdilər. Orada yığıncağın proqramı ingilis dilindən jest dilinə ingilis qrammatikasına uyğun olaraq və sözbəsöz tərcümə olunurdu. Lakin eşitmə məhdudiyyətli dindaşlarım mənə jest dilini öyrətdikcə görürdüm ki, onların dilinin öz qrammatikası və söz sırası var. Əslində, ingilis dili onlar üçün xarici bir dil idi. Bunu başa düşəndə yığıncaqlarda iştirak edən bu sadiq dindaşlarıma məhəbbətim və rəğbətim birə-beş artdı. Bu dili tam mənimsəmək üçün var-gücümlə çalışırdım.
Britaniyada eşitmə məhdudiyyətli insanların rəsmi dili Britaniya jest dilidir (BJD). Yığıncağımızdakı tərcüməçilər artıq sözbəsöz tərcümə olunan ingilis jest dilindən a yox, tədricən Britaniya jest dilindən istifadə etməyi öyrəndilər. Nəticədə, eşitmə məhdudiyyətli dindaşlarımız görüşlərdən faydalanmağa başladılar və digər bacı-qardaşlarla aralarındakı münasibət möhkəmləndi. Dönüb əlli il geriyə baxanda görürəm ki, bu iş Yehovanın köməyi ilə ərsəyə gəlib. İstəyirəm sizə Yehovanın lütfü sayəsində gördüyüm bəzi maraqlı işlərdən danışım.
Jestdilli sahə bol bəhrə gətirir
1973-cü ildə mən ağsaqqal təyin olunduqdan bir il sonra, eşitmə məhdudiyyətli Maykl İqes qardaş təklif etdi ki, bəzi ibadət görüşləri Britaniya jest dilində keçirilsin. Filialın razılığı ilə mən və başqa bir ağsaqqal Londonun cənub-şərqində yerləşən Detfordda jest dilində aylıq görüşlər təşkil etdik.
Nəticəsi çox gözəl oldu! Londondan və İngiltərənin cənub-şərqindən olan eşitmə məhdudiyyətli dindaşlar BJ dilində keçirilən ilk ibadət görüşünə gəldilər. Nəhayət, eşitmə məhdudiyyətli bacı-qardaşlar və görüşə gələn maraqlananlar öz dillərində verilən ruhani bilikdən faydalana bilirdilər. Çox vaxt görüşdən sonra bir süfrə arxasında əyləşib təəssüratlarımızı bölüşürdük. Mən həmçinin dəstəyə ehtiyacı olan eşitmə məhdudiyyətli məsihilərə ağsaqqal ziyarətləri edirdim.
Sonralar Birminhem və Şeffild şəhərlərində də jest dilində yığıncaq görüşləri təşkil olunmağa başladı. Eşitmə məhdudiyyəti olmayan, lakin BJ dilini öyrənmək istəyən bəzi bacı-qardaşlar da bu ibadət görüşlərində iştirak edirdilər. Həmin könüllülərdən çoxu İngiltərədəki jestdilli sahənin genişləndirilməsində kömək etmişdilər.
Özümə ömür-gün yoldaşı tapdım
1974-cü ildə Beytelin yaxınlığındakı yığıncaqda xüsusi öncül kimi xidmət edən Stella Barker adlı gözəl bir bacı ilə tanış oldum. Biz aşiq olduq və 1976-cı ildə ailə qurduq. Evlənəndən sonra Stella ilə birlikdə xüsusi öncül kimi xidmətimizə davam etdik. Yığıncağımız Londonun şimalındakı Hakni ərazisində yerləşirdi. Stella da mənimlə birlikdə jestdilli yığıncaqda xidmət etməyə başladı. Arxaya boylananda deyə bilərəm ki, birgə öncüllük etməyimiz ailə həyatımız üçün gözəl başlanğıc oldu.
Çox keçməmiş bizi Beytelə dəvət etdilər. İşimiz başımızdan aşırdı. Mən həmçinin rayon nəzarətçisinin köməkçisi kimi xidmət edir, ağsaqqallar üçün olan məktəblərdə dərs keçir, ingilis dilində keçirilən regional toplantıların jest dilinə tərcümə olunması işi ilə məşğul olurdum. Bəzi günlər çox yorulsaq da, sevinc və təravət tapırdıq (Mətta 11:28—30).
1979-cu ildə Simon, 1982-ci ildə isə Mark adlı oğlumuz dünyaya gəldi. Bu bizim həm sevincimizi artırdı, həm də məsuliyyətlərimizi. Bəs bu məsuliyyətlərin öhdəsindən necə gəldik? Stella ilə mən qərara gəldik ki, məni hansısa teokratik təyinatla bağlı evdən uzaq bir yerə təyin etsələr, biz ailəlikcə gedəcəyik və birlikdə xoş vaxt keçirmək üçün də nələrsə edəcəyik. İstəyirdik ki, övladlarımız Yehovaya xidmətdən zövq aldığımızı görsünlər. Bəs bu işə yaradı? Onlar böyüdükcə nəinki jest dilini öyrəndilər, həm də öncül xidmətinə başladılar. Valideynlərimin inəyi «Beytel xidmətinə» başladıqdan 40 il sonra Simon və Mark da orada xidmətə başladı. Biz çox xoşbəxt idik.
Eşitmə məhdudiyyətli insanlara kömək
1990-cı illərdə Britaniyada jest dilini bilən ağsaqqallar yox idi, amma eşitmə məhdudiyyətli bir neçə yığıncaq xidmətçisi var idi. Buna görə də eşitmə məhdudiyyəti olmayan və jest dilini bilməyən ağsaqqallar həmin yığıncaq xidmətçilərinin arasından kimin «təlim verməkdə səriştəli» nəzarətçi kimi xidmət edə biləcəyinə qərar verməli idilər (1 Timutiyə 3:2). Bernard Ostin adlı eşitmə məhdudiyyətli qardaşlardan biri yerli ingilisdilli yığıncaqda xidmət edirdi. Bacı-qardaşlar onu canla-başla Yehovanın quzularının qeydinə qalan bir qardaş kimi tanıyırdılar. Bernardın ağsaqqal təyin olunduğunu eşidəndə sevincim hədsiz idi. O, Britaniyada ilk eşitmə məhdudiyyətli ağsaqqal oldu.
1996-cı ildə tarixi bir hadisə baş verdi. Filial Britaniyada ilk jestdilli yığıncağın yarandığını təsdiqlədi. Bu yığıncaq Londonun qərbində İlinq şəhərində idi. O inkişaf edirdi.
Bütün məsihilərin birgə toplaşmasının faydası
1980—1990-cı illərdə mən Beyteldə xidmət şöbəsinə məsafədən könüllü kimi kömək edirdim. İşim jestdilli sahənin yığıncaq və xidməti ilə bağlı yaranan suallara cavab verməkdən ibarət idi. Bəzən qardaşlar sual verirdilər ki, eşitmə məhdudiyyətli insanların ingilisdilli yığıncaqlarda və toplantılarda edilən nitqləri başa düşmələri üçün nə edə bilərlər? Həmin vaxtlar toplantı və yığıncaqlar rəsmi olaraq jest dilinə tərcümə edilmirdi və eşitmə məhdudiyyətli insanlar üçün heç bir ədəbiyyat da yox idi. Buna görə də mən həmişə eşitmə məhdudiyyəti olan və olmayan bacı-qardaşları səbirli olub Yehovanı gözləməyə təşviq edirdim.
Səbirlə gözlədiyimiz an gəlib çatdı! Tezliklə filial ingilis dilində keçirilən yığıncaq və toplantıların jest dilinə tərcümə edilməsi üçün tədbirlər görməyə başladı. Ən yaxşı dəyişiklik o idi ki, eşitmə məhdudiyyətli dindaşlarımız ön sıralarda əyləşib, həm nitq söyləyən qardaşı, həm də tərcüməçini rahat görə bilərdilər. Bu, eşitmə məhdudiyyətli bacı-qardaşlarımızı Yehovanın məhəbbətinə əmin etdi və onlar özlərini Onun ailəsinin bir üzvü kimi hiss edirdilər.
1 aprel 1995-ci ildə Dadlidəki (Qərbi Midlendsdə) toplantı zalında jest dilində ilk toplantı baş tutdu. Mən toplantı işləri ilə bağlı keçmiş rayon nəzarətçisi Deyvid Meri qardaşa kömək edirdim. Bəzi bacı-qardaşlar toplantıda iştirak etmək üçün yüzlərlə kilometr yol qət edərək Şotlandiya və cənub-qərbdə yerləşən Kornvol şəhərlərindən gəlmişdilər. 1000-dən çox insanın iştirak etdiyi bu tarixi toplantıdakı ab-havanı heç vaxt unutmaram.
2001-ci ildə filial növbəti il üçün BJ dilində regional toplantının təşkilini Deyvid qardaşa və mənə həvalə etdi. Görüləsi işlər çox idi. Lakin Yehova könüllülərin zəhmətini bəhrəsiz qoymadı, toplantı çox uğurlu və yaddaqalan keçdi. Yehova bu işdə səriştəli gənc qardaşlar yetişdirənədək mənə bir neçə il jestdilli toplantılarda nəzarətçi kimi xidmət etmək şərəfini nəsib etdi.
Eşitmə məhdudiyyətli insanlar üçün videolar
1998-ci ildə ilk dəfə BJ dilində «Allah bizdən nə tələb edir?» broşürünün videokaset şəklində işıq üzü görməsi bizi çox sevindirdi. Sonralar digər nəşrlər də bu formatda çıxdı. Bacı-qardaşlar onun vasitəsilə çoxlu Müqəddəs Kitab dərsləri keçməyə başladılar.
2002-ci ilin toplantısında həmd nəğmələri ilk dəfə BJ dilinə tərcümə olundu. Eşitmə məhdudiyyətli bacı-qardaşlar tərcüməçi ilə birlikdə nəğmənin gözəl sözlərini təkrarlayaraq onun ritmini duyurdular. Bir ağsaqqalın həmd nəğməsini jest dilində sevinc göz yaşları ilə oxuduğu səhnə hələ də gözümün qabağındadır.
2002-ci ildə keçirilən toplantıda daha bir tarixi hadisə baş vermişdi. Londondakı jest yığıncağına dram nümayişi hazırlamaq təklif olunmuşdu. Biz bilmirdik bunu necə edək. Axı təcrübəmiz yox idi! Yehova bu dəfə də köməyimizə çatdı. Bu işi görə bilən bacı-qardaşlar tapmağımıza kömək etdi. Səhnələşdirilmiş dram çox gözəl alındı! Bundan əlavə, qazandığımız təcrübə gələcəkdə də işimizə yaradı. Bu təcrübə mənə 2003 və 2008-ci illərdə Beyteldə BJ dilində toplantılar üçün videoların hazırlanması işinə nəzarətçi kimi xidmət etdiyim vaxtlarda çox kömək etdi.
Stella ilə mən övladlarımızla birlikdə Beyteldə xidmət etməkdən həzz alırdıq. Biz çox çalışırdıq. Bir neçə həftə davam edən məşq və çəkilişlərdən sonra çəkiliş komandamız həm fiziki, həm də emosional cəhətdən çox yorulmuşdu. Amma buna dəyərdi. Müqəddəs Kitabdan olan hadisələr canlandırılanda eşitmə məhdudiyyətli dindaşlarımızın sevinc göz yaşlarını görmək ürəyimizi riqqətə gətirirdi.
Ruhani nemətlərin ardı-arası kəsilmirdi. 2015-ci ildə biz BJ dilində videoformatda «Gözətçi qülləsi»nin təlim nəşrini əldə etdik. Sonra 2019-cu ildə eyni formatda «Mətta» kitabı işıq üzü gördü. Hazırda tam şəkildə tərcümə olunmuş «İncil» kitabımız var, həmçinin «İbranicə Müqəddəs Yazılar» da çıxmaq üzrədir. Eşitmə məhdudiyyətli bacı-qardaşlarımızın Yehovaya minnətdarlığı sonsuzdur!
Səmavi Atamız ayrı-seçkilik etməyən Allahdır (Həvarilərin işləri 10:34, 35). Onun xalqı olan bizlər bu cür məhəbbət təzahür etdirən bir ailəyə məxsusuq. Təşkilatımızın hər cür insan üçün, eləcə də eşitmə və görmə məhdudiyyətli insanlar üçün sərf etdiyi vaxt, güc və vəsait ailəmi və məni heyrətə gətirir b.
Çəkilən zəhmətə dəyərdi. Belə ki, hal-hazırda Britaniyada bir neçə BJ dilində yığıncaq var. «Kiçik işlərlə başlanmış» jestdilli yığıncağın bu cür inkişaf etdiyini görmək mənə hədsiz sevinc verir (Zəkəriyyə 4:10). Sözsüz ki, bunların hamısı Yehovanın sayəsində mümkün oldu. O Öz təşkilatına rəhbərlik edir. Fərq qoymadan bütün insanlara xoş xəbəri təbliğ etmək üçün Yehova Öz xidmətçilərini lazım olan hər bir şeylə təmin edir və Padşahlıq toxumunu səmimi insanların ürəyində cücərdir.
a Eşitmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulan bu ünsiyyət sistemi ingiliscə «Sign Supported English» adlanır və danışıq zamanı hər bir söz sinxron şəkildə müvafiq jestlərlə ifadə olunur.
b «İanələriniz hara xərclənir? — Həyatları dəyişən nöqtələr» adlı məqaləyə baxın.