Kontentə keç

Mündəricatı göstər

TAPANİ VİTALA | BİOQRAFİYA

Eşitmə məhdudiyyətli insanlara kömək etmək arzum yerinə yetir

Eşitmə məhdudiyyətli insanlara kömək etmək arzum yerinə yetir

 Yehovanın Şahidləri ilə ilk dəfə tanış olanda onlar mənə Əşiya 35:5 ayəsindəki vədi oxudular. Orada yazılıb: «Karların qulaqları eşidəcək». Anadangəlmə kar olduğum üçün eşitməyin nə demək olduğunu təsəvvür etmək mənə çətin idi. Ona görə də bu vəd mənə elə də güclü təsir bağışlamadı. Amma onlar mənə Müqəddəs Kitabdan göstərəndə ki Allah səmavi hökuməti vasitəsilə ədalətsizliyi, müharibələri, xəstəlikləri və hətta ölümü aradan qaldıracaq, bu mənə çox güclü təsir bağışladı. Vaxt keçdikcə məndə öyrəndiklərimi eşitmə məhdudiyyətli insanlarla bölüşmək istəyi yarandı.

 Mən 1941-ci ildə Finlandiyanın Virrat şəhərində dünyaya göz açmışam. Hər iki valideynim, bacı-qardaşım və bir çox qohumlarım eşitmə məhdudiyyətli idilər. Biz jest dilində danışırdıq.

Müqəddəs Kitabdan heyrətamiz şeylər öyrənirəm

 Oxuduğum internat məktəbi evimizdən 240 kilometr aralıda yerləşirdi. Orada jest dilindən istifadə etmək qəti qadağan idi. Həmin vaxtlar Finlandiyadakı eşitmə məhdudiyyətli insanlar üçün olan məktəblərdə şifahi danışıq üsulu tətbiq olunurdu, yəni şagirdlər sözləri tələffüz etməyi və dodaqdan oxumağı öyrənməyə məcbur edilirdi. Müəllimlər jest dilindən istifadə etdiyimizi görsəydilər, xətkeş və ya çubuqla əllərimizə elə bərk vurardılar ki, barmaqlarımız günlərlə şiş qalardı.

 Orta məktəbi bitirdikdən sonra mən kənd təsərrüfatı kollecinə getdim. Valideynlərimin ferması var idi. Ona görə də mən kənd təsərrüfatını öyrənməli idim. Evə gələndə stolun üstündə «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını gördüm. Atam mənə dedi ki, bu jurnallar Müqəddəs Kitabdakı gözəl vədləri izah edir və eşitmə qabiliyyəti olan bir ər-arvad onunla anama Müqəddəs Kitab dərsi keçir. Onlar valideynlərimlə kağız-qələm vasitəsilə ünsiyyət edirdilər.

 Atam Allahın Padşahlığı altında bütün yer üzünün gözəl cənnətə çevriləcəyini və ölülərin diriləcəyini dedi. Amma mənə öyrətmişdilər ki, insan öləndən sonra göyə qalxır. Düşündüm ki, onlar jest dilində danışmadıqlarına görə, görünür, atam Yehovanın Şahidlərini səhv başa düşüb.

 Həmin ər-arvad valideynlərimə yenidən baş çəkəndə mən onlardan atamın dedikləri barədə soruşdum. Onlar «atan düz deyir» dedilər. Sonra onlar İsanın Yəhya 5:28, 29 ayələrində dirilmə haqda dediyi sözlərini göstərdilər. İzah etdilər ki, Allah yer üzünü pislikdən təmizləyəcək və insanlar sağlam, əmin-amanlıq içində əbədi yaşayacaqlar (Zəbur 37:10, 11; Dənyal 2:44; Vəhy 21:1—4).

 Mən daha çox öyrənmək istədim. Buna görə də Antero adlı eşidə bilən bir Yehovanın Şahidi ilə Müqəddəs Kitabı öyrənməyə başladım. O, jest dilini bilmirdi. Mən kitabdakı sualların cavabını kağızda yazırdım. Antero onları oxuyurdu, sonra əlavə sual və ya hansısa fikri yazırdı. Beləcə, o, səbirlə hər həftə iki saat mənimlə məşğul olurdu.

 1960-cı ildə mən Yehovanın Şahidlərinin regional toplantısında iştirak etdim. Bu toplantının proqramı jest dilinə tərcümə olunurdu. Cümə günü günorta elan olundu ki, növbəti gün vəftiz mərasimi keçiriləcək. Odur ki, şənbə günü paltarımı və dəsmalımı özümlə götürdüm və vəftiz olundum a! Çox keçməmiş valideynlərim və balaca bacım da vəftiz olundu.

Zamanla ailəmin bütün üzvləri vəftiz olundu

Təbliğ edirəm

 Öyrəndiklərimi digər eşitmə məhdudiyyətli insanlarla bölüşmək istəyirdim və bunun ən yaxşı yolu jest dilində təbliğ etmək idi. Əvvəlcə mən öz doğma şəhərimdə eşitmə məhdudiyyətli insanlara şövqlə təbliğ etməyə başladım.

 Çox keçməmiş mən böyük sənaye şəhəri olan Tampereyə köçdüm. Orada mən ev-ev gəzərək eşitmə məhdudiyyətli insanları axtarırdım. Beləcə, Müqəddəs Kitab dərsləri keçməyə başladım və cəmi bir neçə ilə Tamperedə eşitmə məhdudiyyətli təbliğçilərin sayı ondan çox oldu.

 1965-ci ildə Mayre adlı gözəl bir bacı ilə tanış oldum. Növbəti il biz artıq evli idik. Mayre tez bir zamanda jest dilini öyrəndi və mənimlə birgə eşitmə məhdudiyyətli insanlara şövqlə təbliğ etməyə başladı. Biz əlli il ərzində birgə Yehovaya sədaqətlə xidmət etdik.

Toy günümüz (1966)

 Evliliyimizdən iki il sonra oğlumuz Marko dünyaya gəldi. O eşidə bilirdi. Marko fin və fin jest dilini öyrəndi. O, 13 yaşında vəftiz olundu.

 Zamanla Tamperedəki jest dili qrupumuzda təbliğçilər çoxaldı. Ona görə də 1974-cü ildə biz Turku şəhərinə köçdük. Orada eşitmə məhdudiyyətli Yehovanın Şahidi yox idi. Biz yenə də ev-ev təbliğ edərək eşitmə məhdudiyyətli insanları axtarırdıq. Turkuda yaşadığımız illərdə Müqəddəs Kitab dərsi keçdiyim 12 nəfər vəftiz olundu.

Baltikyanı ölkələrdə təbliğ

 1987-ci ildə Marko Beyteldə xidmət etməyə dəvət olundu. Turku şəhərindəki jest dili qrupumuz artıq möhkəmlənmişdi. Odur ki, biz başqa yerə köçmək barədə planlar qurmağa başladıq.

 Həmin vaxtlarda Şərqi Avropa ölkələri, nəhayət, sərbəst təbliğ etmək üçün öz qapılarını açmağa başladı. Bu səbəbdən 1992-ci ilin yanvar ayında mən eşitmə məhdudiyyətli bir qardaşla Tallinə (Estoniya) getdim.

 Biz bir bacı ilə tanış olduq. Onun qardaşı eşitmə məhdudiyyətli idi. Bacının qardaşı Padşahlıq xəbərinə hay verməsə də, bir çox eşitmə məhdudiyyətli estonlarla əlaqə yaratmağa kömək etdi. Orada olduğumuz son gecə o bizi Tallində Estoniyanın Karlar Cəmiyyətinin keçirdiyi görüşə apardı. Biz ora tez gəldik, bütün masaları eston və rus dillərində jurnal və kitablarla doldurduq. Biz 100 kitab və 200 jurnal payladıq və təxminən 70 nəfərin ünvanını aldıq. Həmin gecə Estoniyada jest dili sahəsində xidmətin əsası qoyuldu.

Baltikyanı ölkələrdən birinə təbliğ səyahəti

 Çox keçməmiş Mayre və mən mütəmadi olaraq Estoniyaya təbliğ üçün səyahət etməyə başladıq. Biz iş saatlarımızı azaltdıq və öncül olduq. 1995-ci ildə biz Helsinki yaxınlığına köçdük ki, gəmi ilə Tallinə gedə bilək. Estoniyadakı xidmətimiz gözlədiyimizdən də yaxşı oldu!

 Biz bacardığımız qədər çox adama Müqəddəs Kitab dərsi keçirdik və onlardan 16-sı vəftiz olundu. Vəftiz olunanların ikisi həm görmə, həm də eşitmə məhdudiyyətli doğma bacılar idi. Mən onlarla taktil üsulu ilə dərs keçirdim.

 Eşitmə məhdudiyyətli insanlara Müqəddəs Kitab dərsi keçmək asan deyildi. O vaxt bizim jest dilimizdə nəşrlər yox idi. Buna görə də mən nəşrlərimizdəki şəkillərdən istifadə edirdim. Xüsusilə diqqət çəkənlərini ayırıb onlardan şəkilli kitab hazırlamışdım.

 Finlandiya filialı məndən xahiş etdi ki, Latviya və Litvaya səyahət edim və Baltikyanı ölkələrdə jest dili sahəsində fəaliyyətimizi genişləndirmək üçün nə etmək lazım olduğunu araşdırım. Biz bir neçə dəfə bu ölkələrə səyahət etdik və yerli bacı-qardaşlara eşitmə məhdudiyyətli insanları tapmağa kömək etdik. Demək olar ki, hər ölkənin öz jest dili var. Mən eston, Latviya və Litva jest dillərini dərindən, Baltikyanı ölkələrdə yaşayan rusların danışdığı rus jest dilini isə qismən öyrəndim.

 Estoniya və digər Baltikyanı ölkələrə 8 il səyahət edəndən sonra, əfsuslar olsun ki, Mayreyə Parkinson xəstəliyi diaqnozu qoyuldu və biz səyahətlərimizi dayandırmalı olduq.

Eşitmə məhdudiyyətli insanlara kömək edirik

 1997-ci ildə Finlandiya filialında jest dili tərcümə qrupu təşkil olundu. Yaxında yaşadığımız üçün Mayre və mən jest dilində nəşrlərin hazırlanmasına kömək edə bildik. Mən bu gün də vaxtaşırı kömək edirəm. Biz oğlumuz Marko ilə birgə xidmət edirdik. Sonradan Marko həyat yoldaşı Kirsi ilə digər ölkələrdə jest dili tərcümə qruplarına təlim keçirdi.

Fin jest dilində videonun hazırlanmasına kömək edirik

 Bundan əlavə, filial eşidə bilən bacı-qardaşların jest dilini öyrənməsi üçün kurslar təşkil etdi. Bu kurslar sayəsində çoxları jest dili qruplarına və yığıncaqlarına keçdi. Onlar təbliğ işinə və yığıncaqlara dəstək oldular.

Hələ də kömək etmək istəyi ilə alışıb-yanıram

 2004-cü ildə Mayre ilə birgə Helsinkidə fin dilində ilk jestdilli yığıncağın təşkil olunmasına kömək etdik. Üç ilə bu yığıncaq çoxlu sayda öncülləri olan möhkəm və şövqlü yığıncağa çevrildi.

 Biz yenə də təbliğçilərə ehtiyac olan başqa bir əraziyə köçmək barədə fikirləşməyə başladıq. 2008-ci ildə biz Tampere yaxınlığına köçdük və 34 il əvvəl tərk etdiyimiz jest dili qrupuna qayıtdıq. Bir il sonra bu qrup fin dilində ikinci jestdilli yığıncaq oldu.

 Mayrenin sağlamlığı get-gedə pisləşirdi. O, 2016-cı ildə vəfat edənədək mən ona gözüm kimi baxırdım. Mayre üçün burnumun ucu göynəyir və xəstəliklərin olmayacağı yeni dünyada onu görəcəyim vaxtı səbirsizliklə gözləyirəm (Əşiya 33:24; Vəhy 21:4).

 60 ildir həyatımın amalı olan istək, yəni eşitmə məhdudiyyətli insanlara xoş xəbəri çatdırmaq istəyim hələ də alışıb-yanır!

a Bu gün kimsə vəftiz olunmaq istəyəndə onunla əvvəlcə ağsaqqallar söhbət edirlər.