Kontentə keç

Mündəricatı göstər

TERİ REYNALDZ | BİOQRAFİYA

Yehova Onun yolunda əlimdən gələnin ən yaxşısını etməyə kömək etdi

Yehova Onun yolunda əlimdən gələnin ən yaxşısını etməyə kömək etdi

 14 yaşım olanda məndən yaşca böyük olan ruhani qardaşım Sesil mənə öz Müqəddəs Kitabını verdi. O bu kitabdan mütaliə zamanı istifadə edirdi və kitabın səhifələrinin kənarlarında onun qeydləri var idi. Öz-özümə düşündüm: «Ay da, bu necə də qiymətli hədiyyədir!»

 Sesil çox təvazökar qardaş idi, həmişə başqalarının qayğısına qalırdı. Sesilin, anamın və yığıncaqdakı digər sadiq bacı-qardaşların nümunəsi məndə ən yaxşısını Yehovaya vermək arzusu oyatdı (Filippililərə 2:13). İcazənizlə sizə öz həyat hekayəmi danışmaq istəyirəm.

Anamın şövqü mənə sirayət etdi

 Mən 1943-cü ildə anadan olmuşam. Valideynlərim Avstraliyanın Kvinslend ştatının sahilyanı şəhəri olan Bandaberqdə fermada yaşayırdılar. Həmin ərazi şəkər qamışı yetişdirməklə məşhurdur. Yerli camaat hər həftənin şənbə günü ünsiyyət üçün bir yerə toplaşırdı. 1939-cu ildə belə günlərin birində valideynlərim iki öncüllə (Yehovanın Şahidi olan tamvaxtlı xidmətçilər) qarşılaşdı. Onlar Müqəddəs Kitab barədə danışdılar. Öyrəndikləri valideynlərimə güclü təsir bağışladı. Bir müddət sonra onlar Yehovanın Şahidi oldular. Ona görə də bacım Cen və mən məsihi ailəsində böyümüş olduq. Əfsuslar olsun ki, atam evdə pilləkənlərdən yıxılaraq öldü. Həmin vaxt mənim cəmi yeddi yaşım var idi. Atamın ölümü ürəyimə dərin yara saldı. Onun zəhmətkeş və gözəl yumor hissi olan biri olduğu hələ də yadımdadır. Atamın dirilməsini və onu daha yaxından tanımağı səbirsizliklə gözləyirəm (Həvarilərin işləri 24:15).

 Anam çox mehriban və hikmətli idi. O imkan verirdi ki, bacım və mən nəyi bəyənib-bəyənmədiyimizi açıq deyək. Amma Müqəddəs Kitab prinsipləri və ibadət məsələlərində o, qaya kimi möhkəm idi. Biz müntəzəm olaraq ibadət görüşlərinə gedirdik. Həmçinin anam bizi təşviq edirdi ki, Yehovanın Şahidi olmayan məktəb yoldaşlarımızla dərsdən kənar az ünsiyyət edək (1 Korinflilərə 15:33). Bu qədər möhkəm olduğuna görə anama çox minnətdaram.

14 yaşım olanda

 Anam Padşahlıq haqda xəbəri şövqlə bölüşürdü, tez-tez köməkçi öncül kimi xidmət edirdi. Yadımdadır ki, o hər ay 50-dən çox insana «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını çatdırırdı. O yaşlaşıb gücdən düşəndə belə Müqəddəs Kitaba maraq göstərənlərə kömək etmək eşqi ilə alışıb-yanırdı. Anamın insanlara, övladlarına olan məhəbbəti bizi ondan örnək götürməyə sövq edirdi. 1958-ci ildə 14 yaşım olanda həyatımı Yehovaya həsr edib vəftiz olundum.

Yaxşı ünsiyyətin təsiri

 Bir qədər sonra 20 yaşlarında olan Rudolf da vəftiz olundu. Biz onunla eyni yığıncaqda xidmət edirdik. O, Almaniyadan köçmüşdü. Biz şənbə günləri maşında oturub alış-veriş edən ailə üzvlərini gözləyən insanlara birlikdə təbliğ edirdik.

 Rudolf təbliğdə çox şövqlü idi. O mənə təklif etdi ki, məktəb tətilləri zamanı onunla birgə köməkçi öncül kimi xidmət edim. Bir dəfə biz Bandaberqdən təxminən 190 kilometr aralıda yerləşən Qladston şəhərində altı həftə ərzində təbliğ etdik. Onun göstərdiyi qayğı və xidmətdən duyduğum sevinc məndə öncül xidmətinə başlamaq istəyi oyatdı. 16 yaşımda məqsədimə çatdım. Bütün həyatımı Yehovaya həsr etməyə qətiyyətli idim.

 Öncül kimi ilk təyinatım Bandaberqin şimalında Böyük Sədd rifi yaxınlığında yerləşən Makkay şəhərinə oldu. Bir il sonra 17 yaşım olanda Avstraliyanın tək-tük adam yaşadığı ucqar bir ərazisinə xüsusi öncül a kimi təyin olundum. Mənim xidmət əməkdaşım Benet Brikel b adında məsh olunmuş qardaş idi. O məndən 30 yaş böyük idi. Hamı onu səriştəli öncül kimi tanıyırdı. Bu cür təcrübəli qardaşla xidmət etmək əsl şərəf idi!

Aborigen qadına təbliğ edirəm (1963)

 Biz Kvinslendin Karpentariya körfəzi sahillərində xidmət edirdik. Həmin vaxt Ben və mən əhalinin seyrək yaşadığı o ərazilərdə yeganə Yehovanın Şahidləri idik. Bəzən bir evdən o biri evə getmək üçün maşınla saatlarla uzun yol qət edirdik. Yol boyu Ben mənə xidmətdə başına gələn hadisələrdən danışırdı. O, İkinci Dünya müharibəsi zamanı Yehovanın Şahidlərinin fəaliyyəti qadağa altında olduğu dövrlərdə səsgücləndirici quraşdırılan maşınlarla c xidmət etmişdi.

Qardaş və mən (ortada) Müqəddəs Kitab dərsi keçirik

 Xidməti bitirəndən sonra yol kənarında bir yer tapıb orada gecələyirdik d. Şam yeməyini hazırlamaq üçün biz odun yığıb tonqal qalayırdıq. Mənim yatağım yerə sərdiyim su keçirməyən örtükdən, adyallardan və yastıqdan ibarət idi. Şəhər işıqlarından uzaqda ulduzlarla dolu səmaya baxanda Yehovanın əl işlərinə heyran qalırdım.

 Həmin ərazilərdə maşının xarab olması təhlükəli idi. Bir dəfə maşınımızın oxu sındı. Həmin gün dəhşət isti var idi, suyumuz isə az idi. Təzə detal almaq üçün Ben başqa bir maşınla Klonkarri şəhərinə getdi. Mən üç gün xarab maşının yanında qaldım. Hər gün yanımdan cəmi bir neçə maşın keçirdi. Sürücülər dayanıb mənə bir az su verirdilər. Sürücülərdən biri mənə köhnə bir kitab verib dedi: «Dostum, bu kitabı oxu. Onun sənə xeyri dəyəcək». Maraqlısı odur ki, təşkilatımız tərəfindən buraxılmamış həmin kitabda nasist həbs düşərgələrində olan Yehovanın Şahidlərinin həyatından danışılırdı!

 Benlə birgə bir ilə yaxın öncüllük etdik. Getməzdən əvvəl onun son sözü belə oldu: «Sədaqət uğrunda savaşı davam etdir». Benin şövqü və Allaha sədaqəti tamvaxtlı xidmətdə qalmaq əzmimi daha da möhkəmləndirdi.

Giladdan Tayvana

 Ucqar ərazilərdə bir neçə il xidmət edəndən sonra rayon nəzarətçisi təyin olundum. Bu xidmətə təyin olunmuş rayonun tərkibindəki yığıncaqlarda və ucqar ərazidəki qruplarda xidmət edən bacı-qardaşları bir həftə ərzində ziyarət etmək daxildir. Xidmət etdiyim illər ərzində mən dörd rayona təyin olunmuşdum. Bu rayonlara Kvinslend və Yeni Cənubi Uelsdəki yığıncaqlar da daxil idi. 1971-ci ildə gözlənilmədən Gilad məktəbinin 51-ci sinfində oxumağa dəvət olundum. Nyu-Yorkda yerləşən bu məktəbdə Yehovanın Şahidləri xüsusi təyinatlı müjdəçi olmaq üçün təlim alırlar. Beş ay ərzində Müqəddəs Kitaba əsasən aldığım təlim, eləcə də digər tələbələr və müəllimlərlə ünsiyyət məni növbəti təyinatıma — Tayvana hazırladı.

Gilad sinfim

 Bizim sinifdə oxuyan doqquz tələbə Tayvana təyin olundu. Onların arasında Yeni Zelandiyadan olan Yan Braun qardaş da var idi. O mənim xidmət əməkdaşım oldu. Biz Tayvan haqqında demək olar ki, heç nə bilmirdik. Atlasa baxmazdan əvvəl heç harada yerləşdiyinə də əmin deyildik.

 Kvinslendlə Tayvan qədər bir-birindən fərqlənən ikinci bir yer tanımıram. İlk çətinliyimiz orada danışılan çin dili oldu. Yığıncaqlar imanımızı möhkəm saxlamağa kömək edir, mən isə uzun müddət yığıncaqlarda deyilənləri başa düşmürdüm. Bacı-qardaşlarla da normal ünsiyyət edə bilmirdim. Bu vəziyyətdə Yan və mən Giladda aldığımız təlimin və topladığımız biliyin vacibliyini xüsusilə dəyərləndirdik. Bu təlim, eləcə də müntəzəm Müqəddəs Kitab mütaliəsi və ürəkdən edilən dualar bizə möhkəm qalmağa kömək etdi. Yerli bacı-qardaşlarla istədiyimiz kimi ünsiyyət edə bilməsək də, onların Yehovaya və bizə olan məhəbbətləri ürəyimizi riqqətə gətirirdi.

Çin dilini öyrənirik

 Tayvana gəldikdən sonra bütün xüsusi təyinatlı müjdəçilər Çin dilini tez bir zamanda öyrənmək üçün kursa yazıldılar. Müəllimimiz Avstraliyadan olan Ketlin Louqan e bacı idi. O, Gilad məktəbinin 25-ci sinfinin məzunu idi. Biz bütün diqqətimizi bu dili öyrənməyə cəmləmişdik. Çalışırdıq öyrəndiklərimizi mümkün qədər tez tətbiq edək. Xidmətimizin ilk günü Yan və mən qısa bir təqdimə əzbərlədik. Yolda gedəndə ilk qapını kimin döyəcəyini müzakirə etdik. Mən yaşca Yandan böyük olduğum üçün ərk edib birinci onun döyməsini xahiş etdim. Ev sakini alicənab bir çinli kişi idi. O, Yanın yarı Çin, yarı ingilis dilində dediklərinə səbirlə qulaq asdı. Sonra o, səlis ingilis dilində nə istədiyimizi soruşdu. Biz bir qədər söhbət etdik və söhbətimizin sonunda o bizi təşviq etdi ki, çin dilini öyrənməyə davam edək. Onun xoş sözləri Benin dediyi kimi bizə «savaşı davam etdirməyə» kömək etdi.

 Bizim xidmət etdiyimiz ərazi paytaxt Taybey şəhərinin böyük bir hissəsini təşkil edirdi. Burada Yehovanın Şahidləri az olduğu üçün insanların çoxu xoş xəbəri eşitməmişdi. Bu, Yanla mənim əlimizi təbliğ işindən soyutmadı. Həmin günlərdə biz ay ərzində yüzlərlə jurnal paylayırdıq. Bəzi insanlar sadəcə bizi tanımaq üçün jurnallarımızı götürsələr də, biz onlarla danışmağa çalışırdıq. Padşahlıq haqqında həqiqət toxumunu səpmək üçün əlimizdən gələnin ən yaxşısını edirdik. Əmin idik ki, bu toxum kimlərinsə ürəyində kök atacaq.

Yeni köməkçim və ömürlük əməkdaşım

Ven-kva və mən xidmətdə (1974)

 Tayvanda xidmət etdiyim zaman mən Ven-kva adlı tayvanlı bir bacı ilə dostluq edirdim. O, Allahı çox sevirdi və yerli camaata Allahı tanımağa kömək etmək üçün əlindən gələni edirdi. Bundan əlavə, o mən də daxil olmaqla bir çox xüsusi təyinatlı müjdəçilər dil bacarıqlarını yaxşılaşdırmağa kömək edib. Bu bacarıqlı bacıya sevgim günü-gündən artırdı və biz 1974-cü ildə ailə qurduq.

 Ven-kva xüsusi təyinatlı müjdəçilərə xidmətdə daha səriştəli olmaları üçün kömək edirdi. Məsələn, o bizə kömək edirdi ki, yerli adət-ənənələri, tayvanlıların düşüncələrini başa düşək. Həmçinin təqdiməmizi yerli əraziyə uyğunlaşdırmağa da kömək edirdi. O həmçinin təqdimatımızı həmin ərazidə geniş yayılmış buddistlərə və daoistlərə uyğunlaşdırmağa da kömək edirdi. Orada əcdadlara ibadət geniş yayılmışdı və demək olar ki, insanların çoxu heç vaxt Müqəddəs Kitabı görməmişdilər. Buna görə də biz təqdimatlarımızı Yaradana, Onun adının Yehova olduğuna və Onun var olduğuna nəyə görə əmin ola biləcəyimizə yönəltmişdik. Məsələn, biz fermerə və ya balıqçıya təbliğ edəndə onlar belə deyirdilər: «Biz qida üçün göylərdən asılıyıq». O zaman biz soruşurduq: «Qidanı verən kimdir? Məgər onu verən hər şeyə qadir, hər şeyi yaradan və ibadət etməli olduğumuz Allah deyil?»

Ven-kva ilə (1975)

 Vaxt keçdikcə bizim zəhmətimiz bəhrə verdi, Padşahlıq toxumu bir çox insanın ürəyində cücərməyə başladı. Müqəddəs Kitabı öyrənənlərdən bəziləri yalan təlimlərə və Müqəddəs Kitaba əsaslanmayan adətlərə son qoydular. Üstəlik, xüsusi tamvaxtlı müjdəçilərin və yerli təbliğçilərin köməyi sayəsində həyat tərzlərini daha da yaxşılaşdırdılar və ruhani cəhətdən inkişaf etdilər (Yəhya 8:32). Sonralar bir çox qardaşlar yığıncaqlarında məsuliyyətlər aldılar. Çoxlu sayda təbliğçi tamvaxtlı xidmətə, həmçinin Beytel xidmətinə başladı.

 1976-cı ildən mən sahədə xüsusi təyinatlı müjdəçi ola-ola Tayvan filialının komitə üzvü kimi xidmət etməyə başladım. 1981-ci ildə Ven-kva və mən Beytelə dəvət olunduq. Mən uzun illər filial komitəsində xidmət etdim. Altmış ildən çoxdur ki, tamvaxtlı xidmətdəyəm, bunun əlli ildən çoxunu Tayvanda olmuşam. Təxminən 50 il yoldaşımla birgə xidmət etmişik. Mənim keçmiş xüsusi təyinatlı müjdəçi əməkdaşım və dostum Ben Braun 2013-cü ildə vəfat edənə qədər Tayvanda tamvaxtlı xidmətdə oldu.

Tayvanda ofisimdə işləyirəm (1997)

 Ven-kva və mən Beyteldə, çindilli yığıncaqda və təbliğ işində şövqlə xidmət edirik. Bu şərəfli məsuliyyətə görə Yehovaya minnətdarıq. Yehova Ona xidmət etmək üçün uşaqlıqdan ürəyimdə arzu oyatmışdı və mənə güc vermişdi. O, indi də Ven-kvayla mənə bu gücü və arzunu verməyə davam edir.

a Xüsusi öncül xidməti tamvaxtlı xidmətin bir növüdür. Xüsusi öncül kimi xidmət edənləri Yehovanın Şahidlərinin filialları Müqəddəs Kitab müəllimlərinə tələbat olan ərazilərə göndərir.

c Maşınlara quraşdırılmış səsgücləndiricilər vasitəsilə Padşahlıq haqqındakı xəbəri daha uzaq məsafələrə çatdırmaq mümkün idi.

d Bacı-qardaşların körfəz sahili ərazilərdə necə təbliğ etdiyini görmək üçün «Ucqar ərazidə təbliğ — Avstraliya» adlı videoya baxın.

e Harvi və Ketlin Louqanların bioqrafiyası «Gözətçi qülləsi»nin 2021-ci il yanvar sayında dərc olunub.