Kontentə keç

Mündəricatı göstər

DORİNA KAPARELLİ | BİOQRAFİYA

Utancaq olmağıma baxmayaraq, yenə də eyni seçimi edərdim

Utancaq olmağıma baxmayaraq, yenə də eyni seçimi edərdim

Ömür boyu çox utancaq olmuşam. Ona görə də Yehovaya xidmətdə başıma gələn bəzi macəraları yadıma salanda hələ də inana bilmirəm ki, bütün bunlar mənimlə baş vermişdi.

 Mən 1934-cü ildə İtaliyanın şərq sahillərinin tən ortasında, Adriatik dənizinin sahilində yerləşən Peskara şəhərində dünyaya göz açmışam. Ailədə dörd bacı idik. Mən ən kiçiyiyəm. Atam adlarımızı əlifba sırası ilə qoymuşdu, ona görə mənim adım «D» hərfi ilə başlayır.

 Atam həmişə Allahı sevib. Yehovanın Şahidləri ilə o, 1943-cü ilin iyul ayında tanış oldu: onlarla ünsiyyət edən Liberato Riççi adlı bir kişi atama Müqəddəs Kitab haqda danışdı və onda olan «Gözətçi qülləsi» jurnalını oxumağa verdi. Çox keçməmiş atam öyrəndiklərini böyük həvəslə başqalarına danışmağa başladı. Anam da həqiqəti qəbul etdi. O, oxumağı bacarmasa da, Müqəddəs Kitab ayələrini əzbər söyləyirdi və beləcə öyrəndiyi əsl ümid barədə başqalarına danışırdı.

 Evimiz, demək olar, qızğın fəaliyyət mərkəzinə çevrilmişdi. Burada yığıncaq görüşləri keçirdi. Cəmi iki yataq otağımız olsa da, evimizdə tez-tez səyyar nəzarətçilər və öncüllər qonaq qalırdı.

 İki böyük bacımın həqiqətə marağı yox idi. Onlar ailə qurub evdən köçdülər. Amma o biri bacım — Çezira və mən atam Müqəddəs Kitabı oxuyanda diqqətlə qulaq asırdıq. Kiçik qrupumuzu ziyarət edən qardaşların söylədiyi nitqlər də bizi çox ruhlandırırdı.

 Atamla və başqa təbliğçilərlə tez-tez xidmətə çıxırdım. Amma o qədər utancaq idim ki, sözü məndən kəlbətinlə çıxarırdılar. Cəsarətimi toplayıb qapı ağzında söz deməyə cürət edənə qədər aylar keçdi. Buna baxmayaraq, Yehovaya məhəbbətim artırdı və 1950-ci ilin iyul ayında vəftiz olundum. Vəftiz olunanlar üçün nitqi qardaş bizim evimizdə söylədi, vəftiz isə dənizdə keçirildi. Bir il sonra bizim əraziyə xüsusi öncül kimi xidmət edən ər-arvad təyin olundu. Onlarla tez-tez xidmətə çıxırdım. Daha çox təbliğ etdikcə insanlarla danışmaq da asanlaşırdı. Beləcə, mən təbliğ etməyi çox sevdim.

Həyatımı dəyişən qərar

 İlk rayon nəzarətçimiz Pyero Qati a adlı bir qardaş idi. O məni öncül olmaqla yanaşı, təbliğçilərə tələbat olan yerlərə də köçməyə təşviq edirdi. Düzü, mən bu haqda o vaxta qədər heç fikirləşməmişdim. Bizim tərəfdə qızlar ərə gedənə qədər ata evində yaşayırdılar. 1952-ci ilin mart ayında hələ ata evində ikən öncül oldum. O vaxtlar bu qərarın həyatımda dönüş nöqtəsi olacağını heç ağlıma belə gətirə bilməzdim.

 Təxminən o vaxtlarda Anna adlı gənc bacı da öncül olmaq istədi. O bizim evə köçdü ki, birgə təbliğ edək. 1954-cü ildə ikimizi də Peruca şəhərinə xüsusi öncül təyin etdilər. Bu şəhər doğma şəhərimizdən 250 kilometr aralıda yerləşir və o vaxt orada bir nəfər də olsun Yehovanın Şahidi yox idi.

Anna, atam və mən Perucaya yola düşməzdən bir az əvvəl

 Macəralarla dolu həyat başladı! 20 yaşında cavan qız idim. Bu vaxta qədər doğma şəhərimi ancaq valideynlərimlə birgə regional toplantılara getmək üçün tərk etmişdim. Məndə elə hiss var idi ki, sanki dünyanın o biri başına gedirəm. Atam mənə və Annaya görə narahat idi, ona görə də bizə ev tapmağa kömək etmək üçün bizimlə Perucaya getdi. Biz bir otaq kirayələdik və onu ibadət evi kimi də istifadə edirdik. Əvvəl-əvvəl yığıncaq görüşlərində yalnız ikimiz idik. Perucanın özündə, ətraf kənd və şəhərlərində təbliğ etmək çox xoş idi. Zəhmətimiz bəhrə gətirməyə başladı. Təxminən bir ildən sonra Perucaya bir qardaş köçdü və bundan sonra yığıncaq görüşlərini o apardı. 1957-ci ildə təyinatımız dəyişəndə orada artıq kiçik bir yığıncaq yaranmışdı.

Rayon nəzarətçisinin həyat yoldaşı və Anna ilə orta əsrlərdə inşa edilmiş Macore fontanının yanında (Peruca, 1954-cü il)

 Növbəti təyinatımız İtaliyanın mərkəzində yerləşən balaca Terni şəhəri oldu. Orada xidmət etmək çox gözəl idi, çünki həqiqətə maraq göstərən adamlar çox idi. Amma çətinliksiz də ötüşmədi. Faşist rejiminə 1943-cü ildə rəsmən son qoyulsa da, bəzi hakimiyyət nümayəndələri Yehovanın Şahidlərinə mane olmağa çalışırdılar və tələb edirdilər ki, ev-ev təbliğ etməzdən əvvəl lisenziya əldə edək.

 O illərdə polislərin Yehovanın Şahidlərini güdmələri adi hal idi. Hərdən izdihamın içinə girməklə onların gözündən itə bilirdik. Amma bu, həmişə alınmırdı. Məni düz iki dəfə tutmuşdular. Birinci dəfə rayon nəzarətçisi ilə təbliğ edəndə. Polis bizi şöbəyə apardı. Bizi lisenziyasız təbliğ etməkdə ittiham etdilər və cərimələdilər. Cəriməni ödəməkdən imtina etdik, çünki heç bir qanunu pozmamışdıq. O qədər həyəcanlı idim ki, ürək döyüntülərimin səsini belə eşidirdim. Tək olmadığıma görə Yehovaya ürəyimdə şükr edirdim. Birdən Əşiya 41:13 ayəsi yadıma düşdü: «Qorxma! Sənə kömək edəcəyəm». Bizi buraxdılar. İş məhkəməyə çatanda hakim ona xitam verdi. İkinci dəfə polisə bu hadisədən təxminən altı ay sonra düşdüm. Bu dəfə mən tək idim, amma hakim məni yenə də təqsirsiz bildi.

Yehovaya xidmət etmək üçün daha çox imkan

 1954-cü ildə İtaliyanın cənubunda yerləşən Neapol şəhərində keçirilən regional toplantı mənim üçün xüsusi oldu. Ora gələndə toplantı məkanının təmizlik işlərinə könüllü kimi qatıldım. Səhnənin yanını təmizləyərkən birdən gözümə yaraşıqlı bir qardaş dəydi. Onun adı Antonio Kaparelli idi. Antonio öncül idi və Liviyadan gəlmişdi. Ailəsi İtaliyadan ora 1930-cu illərin sonunda köçmüşdü.

Antonio Liviyada sürdüyü motosikletinin üstündə

Toy günümüz

 Antonio xidmətə can yandıran cəsarətli təbliğçi idi. O, italyanlara təbliğ etmək üçün motosikleti ilə Liviya səhrasının ən ucqar ərazilərinə qədər gedib çıxmışdı. Biz vaxtaşırı yazışırdıq. 1959-cu ilin əvvəlində Antonio İtaliyaya qayıtdı. Roma filialında bir neçə ay xidmət edəndən sonra onu İtaliyanın mərkəzində yerləşən Viterbo şəhərinə xüsusi öncül təyin etdilər. Bir-birimizə məhəbbətimiz artırdı və 1959-cu il sentyabrın 29-u biz evləndik və Viterboda birgə xidmət etməyə başladıq.

 Bizə qalmağa və yığıncaq görüşlərini keçirməyə yer lazım idi. Biz birinci mərtəbədə yerləşən kiçik bir otaq kirayələdik. Daha çox xudmani dükana oxşayan otağın arxa hissəsində balaca hamam var idi. Çarpayını bir küncə qoyub qabağına arakəsmə qoyduq. Bu bizim yataq otağımız oldu. Otağın qalan sahəsini isə qonaq otağı və ibadət evi kimi istifadə edirdik. Otaq o qədər də ürəyimcə deyildi və tək olsaydım, orada yaşamazdım. Ancaq Antonio yanımda olduğu üçün xoşbəxt idim.

«Yataq otağımızı» ayıran arakəsmənin qarşısında

 1961-ci ildə Antonionu rayon nəzarətçisi təyin etdilər. Amma əvvəlcə o, yığıncaq nəzarətçiləri üçün biraylıq məktəb keçməli idi. Mən isə bu vaxt ərzində o balaca otaqda tək qalmalıydım. Etiraf etməliyəm ki, əvvəl-əvvəl özümü yazıqlayırdım, xüsusilə axşamlar. Ancaq yenə də xoşbəxt idim ki, Yehova Antoniodan Öz işində istifadə edir. Çalışırdım mən də xidmətdə fəal olum, ona görə də vaxt tez uçdu.

 Səyyar xidmət elədir ki, həmişə yollardasan. Biz şimalda yerləşən Venesiya vilayətindən düz cənuba — Siciliyaya qədər gedib çıxmışdıq. O vaxt maşınımız olmadığı üçün ictimai nəqliyyatdan istifadə edirdik. Bir dəfə Siciliyanın çala-çuxurlu kənd yolları ilə avtobusla gedirdik. Avtobus dayanacağında bizi qardaşlar qarşıladılar. Yükümüzü daşımaq üçün onlar özləri ilə ulaq gətirmişdilər. İndi bu səhnəni təsəvvür edin: kostyum və qalstukda olan kişi, gözəl don geyinmiş qadın, fermerlər və belində çamadanlar və yazı maşını aparan ulaq birgə yol gedirlər. Yəqin, kənardan baxanlar üçün bu, gülməli mənzərə idi!

 Bacı-qardaşlar bizə qarşı çox səxavətli idilər və nələri var idisə bizimlə bölüşürdülər. Bəzi evlərdə nə hamam-tualet, nə də su var idi. Bir dəfə illərlə heç kimin yaşamadığı bir otaqda qalmalı olduq. Gecə yuxuda ora-bura o qədər fırlanırdım ki, Antonio məni oyatmalı oldu. Mələfəni qaldıranda dəhşətə gəldik: döşəkdə həşəratlar qaynaşırdı! Gecənin ortasında əlimizdən nə gəlirdi ki?! Ona görə də şotkanı götürüb döşəyi həşəratlardan bacardığımız qədər təmizlədik və çalışdıq yuxuya gedək.

Antonio ilə səyyar xidmətdə (1960-cı illər)

 Bununla belə, mənim üçün ən böyük çətinlik narahat şərait deyil, utancaqlığım idi. Təzə yığıncağa ilk dəfə gələndə kiminləsə dostlaşmağa çətinlik çəkirdim. Amma istəyirdim ki, məndən bacılara bir xeyir gəlsin, ona görə də var gücümlə çalışırdım. Yehovanın köməyi ilə ziyarətin sonunda yığıncaqlar mənim üçün doğmalaşırdı. Yehovanı sevən bu sadiq, səxavətli bacı-qardaşlarla çiyin-çiyinə xidmət etməyi özümə şərəf bilirdim.

 Bir neçə il Antonio rayon və vilayət nəzarətçisi b kimi xidmət etdi. 1977-ci ildə bizi Romadakı filiala dəvət etdilər. Biz 1978-ci ildə keçiriləcək «Qalib gələn iman» adlı beynəlxalq toplantıya hazırlıq işlərində kömək etməli idik. Bir neçə aydan sonra Beytel ailəsinin üzvü olduq. Çox keçməmiş Antonionu filial komitəsinə təyin etdilər.

 Beytel yeni yer olduğu üçün yenə də utancaqlığım ucbatından əvvəl-əvvəl özümü burada rahat hiss etmirdim. Amma Yehovanın və digər beytellilərin köməyi ilə çox keçməmiş özümü Beyteldə evdəki kimi hiss etdim.

Yeni çətinliklər

 Sonrakı illərdə səhhətimizlə bağlı sınaqlar başladı. 1984-cü ildə Antonio ürəyindən əməliyyat olundu. On ildən sonra səhhəti daha da pisləşdi. 1999-cu ildə onda bədxassəli şiş aşkar edildi. O, həmişə aktiv, enerji dolu insan olub, amma bu dəhşətli xəstəliklə mübarizəyə gücü çatmadı. Onun get-gedə solub getdiyini görmək mənə ürəkağrısı verirdi. Yehovaya hərarətlə dua edirdim, ərimə dayaq olmaq üçün Ondan güc diləyirdim. Tez-tez «Zəbur» kitabını oxuyurdum. Ürəyim narahat olanda ayələrdən özüm üçün müəyyən təsəlli tapırdım. Antonio 1999-cu il martın 18-i vəfat etdi. Biz 40 ilə yaxın birgə ömür sürdük.

 Sən demə, ətrafda adamlar çox olanda da adam özünü tənha hiss edə bilərmiş. Əlbəttə, Beyteldə birgə xidmət etdiyimiz və səyyar xidmətdə olarkən dostlaşdığımız bacı-qardaşlar mənə təsəlli verirdilər və sevdiklərini deyirdilər. Bununla belə, ürəyimdə böyük boşluq əmələ gəlmişdi. Axşamlar otağıma qayıdanda o boşluq mənə elə böyük əzab verirdi ki, onu ifadə etməyə söz tapmıram. Dua və mütaliə sayəsində ağlayan qəlbim şəfa tapdı. Bir müddət sonra isə Antonio ilə birgə yaşadığımız o günlərə xəyalən qayıtmaq mənə yenə də sevinc verməyə başladı. O vaxtları yadıma salmağı sevirəm, çünki bilirəm ki, Antonio Yehovanın yaddaşındadır və yeni dünyada diriləndə onu yenidən görəcəyəm.

 İndiyədək Beyteldə müxtəlif şöbələrdə xidmət etmişəm. Hal-hazırda tikiş atelyesində xidmət edirəm. Böyük Beytel ailəmizə fayda gətirən işlə məşğul olmaq mənə sevinc verir. Çalışıram xidmətdən də qalmayım. Cavanlıq illərimdən sevdiyim təbliğ işində indi əvvəlki qədər iştirak edə bilməsəm də, Padşahlıq haqqında müjdəni bölüşmək üçün gücüm çatanı edirəm. Ona görə də gəncləri öncül olmağa təşviq etməyi sevirəm. Bu xidmətin nə qədər maraqlı olduğunu öz təcrübəmdən bilirəm.

«Böyük Beytel ailəmizə fayda gətirən işlə məşğul olmaq mənə sevinc verir»

 Tamvaxtlı xidmətdə keçirdiyim 70 ilə boylanıb baxanda Yehovanın mənə necə kömək etdiyi, necə gözəl nemətlər verdiyi yadıma düşür. Mən hələ də utancağam və gördüyüm bu işləri Yehovasız bacarmazdım. Bu illər ərzində çoxlu uzaq yerlərdə olmuşam, zəngin təcrübə qazanmışam və tanış olduğum insanlardan çox şey öyrənmişəm. Həyatımı yenidən yaşasaydım, onda heç nəyi dəyişməzdim.

a Pyero Qati qardaşın bioqrafiyası («Artıq ölümdən qorxmuram») «Gözətçi qülləsi» jurnalının 15 iyul 2011-ci il sayında dərc olunmuşdu.

b Bir neçə rayon bir vilayət təşkil edirdi. Vilayətə vilayət nəzarətçisi nəzarət edirdi.