Kontentə keç

Mündəricatı göstər

MİLTYADİS STAVRU | BİOQRAFİYA

«Yehova həyat yolunda bizə bələdçilik etdi və qayğımıza qaldı»

«Yehova həyat yolunda bizə bələdçilik etdi və qayğımıza qaldı»

Mən Livanın Tripoli şəhərində yaşayırdım. Təxminən 13 yaşım olanda, əksər həmyaşıdlarım kimi, küçədə oturub tək-tük halda yoldan keçən maşınlara baxmağı sevirdim. Amma bir maşından xüsusilə gözlərimi çəkə bilmirdim: bu, suriyalı kişiyə məxsus Amerika istehsalı olan qırmızı rəngli gözəl maşın idi. Bu maşının sahibi Yehovanın Şahidi idi. Yerli pravoslav kilsəmizin keşişi bizə onun maşınını daşqalaq etməyi deyəndə çox təəccübləndim!

 Keşişə dedik ki, sürücüyə xətər dəyə bilər. O isə cavab verdi: «Öldürün onu. Əllərinizə batan qanı mənim əbamla silərsiniz!» O vaxt pravoslav xristianı olmağımla fəxr etməyimə baxmayaraq, keşişin nifrət dolu bu sözlərinə görə sonradan kilsədən çıxdım. Geriyə baxanda anlayıram ki, bu vəziyyət məni Yehova haqqında həqiqəti axtarmağa təşviq etdi.

Yehova haqqında həqiqəti tapıram

 Uşaqlıq illərimdə liman şəhəri Tripoli beynəlmiləl şəhər idi. Ora müxtəlif dillərdə danışan və müxtəlif dinlərə sitayiş edən insanlarla dolu idi. Hər ailə öz kökləri ilə qürur duyurdu. Biz də istisna deyildik. Böyük qardaşlarımla birgə Yehovanın Şahidləri ilə mübarizə aparan «İman əsgərləri» a qrupuna qoşulmuşduq. Biz bir nəfər də olsun Yehovanın Şahidinə rast gəlməmişdik. Amma keşişimiz bizi öyrədirdi ki, onlar Yunan Pravoslav Kilsəsinə qarşı çıxan cinayətkar dəstədir və onların başçısı Yehovadır. Keşiş hər dəfə deyirdi ki, Yehovanın Şahidlərinə rast gələndə onlara hücum etməliyik.

 Sən demə, üç qardaşım Yehovanın Şahidlərinə rast gəlmişdi, ancaq mənim bundan xəbərim yox idi. Qardaşlarım onlara hücum çəkmədi, əksinə, bu adamların yanıldığını sübut etmək üçün onlarla Müqəddəs Kitabı öyrənməyə başladılar. Bir gün axşam evə gələndə gördüm ki, qonaq otağı Yehovanın Şahidləri ilə doludur və onlar ailəmlə və bir neçə qonşu ilə oturub Müqəddəs Kitabı müzakirə edirlər. Çox pis oldum! Qardaşlarımın pravoslav dininə dönük çıxdıqlarına inana bilmirdim. Üzümü çevirdim ki gedəm, birdən tanınmış diş həkimi və Yehovanın Şahidi olan qonşumuz mənə oturub qulaq asmağı dedi. Bu vaxt ailəmizin dostu olan bir nəfər mənim Müqəddəs Kitabımdan Zəbur 83:18 ayəsini ucadan oxudu. O an dərk etdim ki, keşiş bizi aldadırdı. Yehova cinayətkar dəstə başçısı deyil, yeganə həqiqi Allahdır!

Mən vəftizdən bir qədər sonra

 Məndə Yehova haqda daha çox öyrənmək həvəsi yarandı. Ona görə evimizdə keçirilən Müqəddəs Kitab dərslərində iştirak etməyə başladım. Dərsləri Mişel Əbüd adlı qardaş aparırdı. Bir gün dərslərə qatılmış bir dostum məni uşaqlıqdan narahat edən sualı verdi: «Allahı kim yaradıb?» Mişel qardaş divanda uzanmış pişiyi göstərib dedi ki, pişiklər insanların dediklərini və düşüncə tərzini başa düşə bilmədiyi kimi, biz insanlar da Allah barədə bir çox şeyləri başa düşmürük. Bu sadə nümunədən sonra Yehova barədə müəyyən şeyləri nəyə görə başa düşə bilmədiyimi anladım. Çox keçməmiş həyatımı Yehova Allaha həsr edib 1946-cı ildə 15 yaşında vəftiz olundum.

Öncüllük həyatıma istiqamət verir

 1948-ci ildə qardaşım Hənnənin fotoatelyesində işləməyə başladım. Onun fotoatelyesi Nəcib Salem b adlı bir qardaşın boyama sexinin yanında yerləşirdi. Nəcib 100 il yaşadı və ömrünün sonuna kimi cəsur müjdəçi kimi tanındı. Onunla kəndlərdə təbliğ edəndə təqiblər qarşısında necə cəsarətli olduğunu görürdüm. Dinindən asılı olmayaraq, Nəcib, demək olar, hər kəslə Müqəddəs Kitab mövzusunda söhbətə başlaya bilirdi. Onun xidmətə bu cür can yandırması mənə də sirayət etdi.

Nəcib Salemin (arxa cərgədə sağda) mənə təsiri böyük olub

 Bir gün işdə olarkən bizə ABŞ-da yaşayan Meri Şaayah adlı livanlı bir bacı qonaq gəldi. Uşaqlı olmasına baxmayaraq, o, öncül kimi xidmət edirdi. Onun gəlişindən sonra həyatım tamamilə dəyişdi. İki saat ərzində Meri xidmətdə baş verən maraqlı hadisələri danışdı. Getməzdən əvvəl, bacı mənə baxıb dedi: «Milto, sən subaysan. Bəs niyə öncül deyilsən?» Cavabımda: «Dolanmaq üçün işləməliyəm», — dedim. Onda bacı məndən soruşdu: «Neçə saatdır burda durub sizinlə söhbət edirəm?» «Təxminən iki saat», — deyə cavab verdim. Meri dedi: «Bu vaxt ərzində nəsə görmədim ki, işin çox olsun. Hər gün təxminən bu qədər təbliğ etsən, öncüllüyü çatdıra bilərsən. Bir il belə xidmət et, gör sənlikdir, yoxsa yox».

 Kişilərin qadının verdiyi məsləhəti götürməsi bizim mədəniyyətə xas deyil. Amma bacının sözü mənə ağlabatan gəldi. İki aydan sonra, 1952-ci ilin yanvar ayında, mən öncüllüyə başladım. Bir il yarımdan sonra isə məni Gilad məktəbinin 22-ci sinfinə dəvət etdilər.

Ailə üzvlərim və dostlarım məni Gilad məktəbinə yola salırlar (1953-cü il)

 Məni Yaxın Şərqə təyin etdilər. Təxminən bir ildən sonra Doris Vudla evləndim. İngiltərədən olan bu şən bacı da xüsusi təyinatlı müjdəçi idi və mənim kimi, Yaxın Şərqdə xidmət edirdi.

Həqiqəti Suriyada təbliğ edirik

 Toydan qısa müddət sonra Dorislə məni Suriyanın Hələb şəhərinə təyin etdilər. Bu ölkədə təbliğ işi qadağan idi, ona görə də Müqəddəs Kitab dərsləri keçdiyimiz insanları, əsas etibarilə, dost-tanışlar vasitəsilə tapırdıq.

 Bir gün Müqəddəs Kitaba maraq göstərən bir qadını ziyarət edirdik. Qorxudan əsə-əsə qadın qapını açıb dedi: «Ehtiyatlı olun! İndicə polis gəlmişdi. Onlar harada yaşadığınızı bilmək istəyirdilər». Bizə aydın oldu ki, gizli polis harada dərs keçdiyimizi bilir. Vaxt itirmədən Yaxın Şərqdə təbliğ işinə nəzarət edən qardaşlarla əlaqə saxladıq. Onlar mümkün qədər tez ölkəni tərk etməyi məsləhət gördülər. Dərs keçdiyimiz adamları qoyub getmək çox ağır idi, amma hiss edirdik ki, məhəbbətli Atamız Yehova bu yolla bizi müdafiə edir.

Yehova İraqda bizə bələdçilik edir

 1955-ci ildə bizi İraqın Bağdad şəhərinə təyin etdilər. Ehtiyatlı olmaq şərtilə, burada hamıya təbliğ edə bilərdik, amma diqqətimizi xristian mənşəli insanlara cəmlədik.

Xüsusi təyinatlı müjdəçilərlə İraqda

 Çalışırdıq bazarda və küçələrdə müsəlmanlarla da mehribancasına söhbət edək. Doris söhbətə başlamaq üçün insana maraqlı olacaq bir fikir söyləyirdi. Misal üçün, o deyirdi: «Atam deyərdi ki, hamımız Yaradanımızın hüzuruna çıxacağıq» (Romalılara 14:12). Sonra əlavə edirdi: «Bu sözləri qulağımda sırğa etmişəm. Bəs siz bu barədə nə fikirləşirsiniz?»

 Bağdadda sevinclə xidmət etdiyimiz üç il ərzində qardaşlara təbliğ işini ehtiyatla təşkil etməyə kömək etdik. Xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə ərəb dilində ibadət görüşləri keçirirdik. İbadət görüşlərinə səmimi-qəlbli assuriyalıların gəldiyini görmək çox xoş idi. Assuriyalılar, əsas etibarilə, xristian dininə etiqad edən etnik qrupdur. Yığıncaqlarımızdakı məhəbbət və birliyi görən bu adamlar başa düşürdülər ki, biz İsanın əsl şagirdləriyik (Yəhya 13:35).

Bağdadda xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə ibadət görüşləri keçirirdik

 Sülh müjdəsini eşidən kimi ona hay verənlərdən biri erməni və Assuriya mənşəli Nikolas Əziz adlı təvazökar bir kişi idi. Nikolas və həyat yoldaşı Helen, Müqəddəs Kitabın öyrətdiyi kimi, İsa ilə Yehovanın fərqli varlıqlar olduğunu tez qəbul etdilər (1 Korinflilərə 8:5, 6). Nikolas və digər 20 nəfərin Fərat çayında vəftiz olunduğu gün indiyə qədər yadımdadır.

İranda Yehovanın köməyini hiss edirik

1958-ci il, İranda

 İraqda baş verən çevriliş nəticəsində 14 iyul 1958-ci il tarixində kral II Feysəl qətlə yetirildi. Bundan bir müddət sonra biz İrana köçməli olduq. Orada ehtiyatla altı ay ərzində əcnəbilərə təbliğ etdik.

 İranın paytaxtı Tehranı tərk etməzdən əvvəl, məni polis şöbəsinə aparıb sorğu-sual etdilər. Onda başa düşdüm ki, polis daima bizi güdürdü. Oradan çıxıb Dorislə əlaqə saxladım və polisin bizi izlədiyini dedim. Qərar verdik ki, təhlükəsizlik naminə evə qayıtmayım və ölkədən çıxana qədər görüşməyək və ayrı-ayrı yerlərdə qalaq.

 Hava limanında görüşənə qədər Doris təhlükəsiz yerdə qaldı. Bəs o, polisin xəbəri olmadan özünü hava limanına necə çatdıracaqdı? Doris bu barədə Yehovaya dua etdi.

 Qəfildən leysan yağdı. Hamı, o cümlədən polislər gizlənməyə yer axtarmağa başladı. Küçədə heç kim qalmadı və Doris maneəsiz hava limanına gəlib çatdı. O deyir: «Leysan əsl möcüzə idi!»

 İrandan sonra bizi başqa əraziyə təyin etdilər. Orada müxtəlif etnik qruplardan və dinlərdən olan insanlara təbliğ edirdik. 1961-ci ildə səyyar xidmətə başladıq. Biz Yaxın Şərqin müxtəlif bölgələrində yaşayan dindaşlarımızı ziyarət edirdik.

Yehovanın müqəddəs ruhunun gücünü görürük

 Yaxın Şərqdə xidmət edərkən dəfələrlə Allahın müqəddəs ruhunun insanları necə birləşdirdiyinin şahidi olmuşuq. Nikolas və Eddi adında iki fələstinli kişiyə Müqəddəs Kitab dərsləri keçərkən etdiyimiz xoş söhbətlərimiz bu gün də yadımdadır. Hər ikisi ibadət görüşlərimizdə iştirak edirdi, amma çox keçməmiş dərin kök salmış siyasi əqidələrinə görə Müqəddəs Kitab dərslərini dayandırdılar. Yehovadan duada onların ürəyini açmağı xahiş edirdim. Sonradan onlar başa düşdülər ki, Allah təkcə fələstinlilərin deyil, bütün bəşəriyyətin problemlərini həll edəcək və yenidən Müqəddəs Kitabı öyrənməyə başladılar (Əşiya 2:4). Bu kişilər milli iftixar hissindən azad olub vəftiz olundular. Nikolas sonradan xidmətə can yandıran rayon nəzarətçisi oldu.

 Getdiyimiz hər ölkədə bizi ən çox heyran edən dindaşlarımızın istənilən çətin vəziyyətdə Yehovaya sadiq qalmaları idi. Onlar çoxlu sınaqla üzləşirdilər, ona görə də qarşıma məqsəd qoydum ki, yığıncaqları ziyarət edəndə onları ruhlandırım (Romalılara 1:11, 12). Bu məqsədə çatmaq üçün daima özümə xatırladırdım ki, mən heç nədə onlardan üstün deyiləm (1 Korinflilərə 9:22). Dəstəyə ehtiyacı olan bacı-qardaşlara ürək-dirək vermək mənə çox xoş idi.

 Müqəddəs Kitab dərsi keçdiyimiz bir çox insanların indiyədək Yehovaya sədaqətlə xidmət etdiyini görmək çox sevindiricidir. Bəziləri öz ölkələrində baş vermiş silahlı iğtişaşlardan həyatlarını qurtarmaq üçün ailəlikcə xaricə köçməli olmuşdular. Bu bacı-qardaşlar Avstraliya, Kanada, Avropa və Birləşmiş Ştatlarda yaşayır və xidmətləri ilə ərəbdilli yığıncaqlara böyük töhfə verirlər. Belə ailələrdə böyümüş uşaqlar son illərdə Yaxın Şərqə qayıdaraq cəsarətli təbliğçilərə tələbat olan yerlərdə xidmət edirlər. Çoxlu ruhani övlad və nəvə sahibi olmaq Dorislə mənim üçün böyük sevincdir!

Amalımız Yehovaya əbədiyyət boyu güvənməkdir

 Həyatımız boyu Yehovanın bizə bələdçilik etdiyini və qayğımıza qaldığını hiss edirik. Cavanlıq illərimdə ürəyimdə kök salmış qərəz və milli iftixar hissindən azad olmağa kömək etdiyinə görə Yehovaya çox minnətdaram. Cəsarətli və qərəzsiz dindaşlarımdan öyrəndiklərim məni Müqəddəs Kitab həqiqətini müxtəlif mənşəli insanlarla bölüşməyə hazırladı. Müxtəlif ölkələrdə xidmət edərkən Dorislə mən çoxlu çətinliklərlə üzləşirdik və bəzən başımıza nə gələcəyini bilmirdik. Belə vəziyyətlərdə özümüzə yox, bütünlüklə Yehovaya güvənməyi öyrəndik (Zəbur 16:8).

 Yehovaya xidmətdə keçirdiyim uzun illərə nəzər salanda başa düşürəm ki, həyatımda olan bütün yaxşı şeylərə görə səmavi Atama borcluyam. Doris tez-tez deyir ki, hətta ölüm qorxusu belə Yehovaya tam sədaqət göstərmək əzmimizi sındırmamalıdır! Əziz həyat yoldaşımın sözləri ilə tamamilə razıyam. Bizi sülh xəbərini Yaxın Şərqdə təbliğ etmək şərəfinə layiq gördüyünə görə Yehovaya çox minnətdarıq (Zəbur 46:8, 9). Dorislə mən gələcəyə əminliklə baxırıq, çünki bilirik ki, Yehova bundan sonra da Ona bel bağlayanlara həyat yolunda bələdçilik edəcək (Əşiya 26:3).

a Bu qrup barədə əlavə məlumat üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti—1980» (səhifə 186—188, ing.) kitabına baxın.

b Nəcib Salemin həyat hekayəsi «Gözətçi qülləsi»nin 1 sentyabr 2001-ci il (səhifə 22—26, türk.) sayında dərc edilmişdi .