AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU
Boşanmanın uşaqlara təsiri
Bəzən bir-birilə yola gedə bilməyən valideynlər çıxış yolunu boşanmaqda görür və düşünürlər ki, uşaqların dava-dalaş içində böyüməyindənsə, belə daha yaxşı olar. Bəs reallıq nəyi göstərir?
Valideynlərin boşanması uşaqlarına necə təsir edir?
Araşdırmalar göstərir ki, boşanma uşaqların həyatını alt-üst edir. Valideynləri boşanmış uşaqlar...
qəzəb, narahatlıq və depressiyaya meyilli olur
davranışlarında pozuntular müşahidə olunur
dərslərini oxuya bilmirlər və ya məktəbə getmirlər
tez-tez xəstələnirlər
Üstəlik, uşaqların çoxu boşanmaya səbəb olduqlarını və ya buna mane ola bilmədiklərini düşünərək özlərini günahlandırırlar.
Valideynləri boşanmış uşaqlar böyüyəndə də çətinliklərlə üzləşir. Onlar dəyərsizlik hissindən əziyyət çəkir və insanlara etibar edə bilmirlər. Həmçinin onlar da öz ailələrində problem yarananda boşanmağa meyilli olurlar.
Nəticə: Bəzi insanlar boşanmağın uşaqları üçün daha yaxşı olacağını hesab etsə də, araşdırmalar bunun tam əksini göstərir. «Boşanma uşaqların könül dünyasını dağıdır», deyə uşaqların müdafiəsi üzrə ekspert Penelopa Liç yazır a.
Müqəddəs Kitab məsləhəti: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).
Bəlkə boşansam, uşağım üçün daha yaxşı olar?
Bəziləri belə fikirləşir. Ancaq unutmayın ki, valideynlərlə övladların tələbatı fərqli olur. Boşanmaq barədə düşünən adam yeni həyat arzulayır. Uşaqlar isə atalı-analı həyat istəyirlər.
Minlərlə boşanmanı təhlil edəndən sonra bir müəllif öz kitabında yazmışdı: «Bir şey aydındır: uşaqlar xoşbəxt olduqlarını demirlər. Əksinə, belə deyirlər: “Valideynlərimin boşandığı gün mənim uşaqlığıma son qoyuldu”». Kitabda həmçinin deyilir ki, belə uşaqların gözündə dünya «etibarsız, təhlükəli bir yerə çevrilir, çünki onların həyatında olan ən yaxın insanların münasibəti artıq dağılıb» («The Unexpected Legacy of Divorce»).
Nəticə: Valideynlərin boşanması uşaqlara xoşbəxtlik gətirmir.
Müqəddəs Kitab məsləhəti: «Sınıq qəlb canı üzər» (Məsəllər 17:22).
Boşanmadan sonrakı valideynlik öhdəçiliyi barədə nəyi bilməliyəm?
Bəzi boşanmış valideynlər valideynlik borcunu əvvəlki kimi icra etməyə çalışırlar. Ancaq bu çox çətindir. Araşdırmalar göstərir ki, boşanmış valideynlər...
övladları ilə az vaxt keçirir
övladlarına bir-birinə zidd qaydalar öyrədir
yorğunluqdan və ya vicdan əzabı çəkdiklərindən övladlarına çox güzəştə gedirlər
Valideynləri boşanmış uşaqlar çox vaxt valideynlərinin sözünü saymır. Axı valideynləri sədaqət, etibar, əhdə vəfa kimi dəyərlərə bağlı qalmayıblar. «Niyə onlara qulaq asmalıyam ki?» deyə uşaq düşünə bilər.
Nəticə: Boşanmadan sonra valideynlik məsuliyyətini icra etmək çətin olur. Amma uşaqlar üçün bu vəziyyət daha çətindir.
Müqəddəs Kitab məsləhəti: «Uşaqlarınızı qəzəbləndirməyin, yoxsa onlar ruhdan düşərlər» (Koloslulara 3:21).
Bəlkə daha yaxşı çıxış yolu var?
Boşanandan sonra yeni həyata başlamaq üçün çox güc sərf etmək lazım gəlir. Bundansa ərlə arvad bütün güclərini nikahlarını qorumağa sərf etsələr, daha yaxşı olar. Bir kitabda deyilir: «Əgər nikahda problem varsa, bu o demək deyil ki, belə nikah həmişəlik uğursuzluğa məhkum olunub. Hətta ən bədbəxt ər-arvadlar da, ayrılmayanda zaman keçdikcə münasibətləri yaxşılaşır» («The Case for Marriage»). Ümumi götürdükdə, valideynlərin bir yerdə olması uşaqların həyatına daha müsbət təsir göstərir.
Bu o demək deyil ki, boşanmaq haqqında heç vaxt düşünmək olmaz. Müqəddəs Kitab zinaya görə boşanmağa icazə verir (Mətta 19:9). Bununla belə, Müqəddəs Kitabda həm də deyilir ki, «uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Problemli nikahda ər və arvad bütün amilləri, eləcə də boşanmanın uşaqlara necə təsir edəcəyini nəzərə almalıdır.
Əlbəttə, sadəcə boşanmamaqla iş bitmir. Ərlə arvad nikahlarını xoşbəxt etmək üçün lazımi keyfiyyətlərə sahib olmalıdır. Müqəddəs Kitabda bununla bağlı çoxlu məsləhətlər var. Bu, heç də təəccüblü deyil, çünki Müqəddəs Kitabın müəllifi nikah quruluşunun banisi olan Yehova Allahdır (Mətta 19:4—6).
Müqəddəs Kitab məsləhəti: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm» (Əşiya 48:17).
a «Your Growing Child—From Babyhood Through Adolescence» adlı kitabdan.