Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Elektron cihazlar. Nikah üçün təhlükədir?

Elektron cihazlar. Nikah üçün təhlükədir?

 Elektron cihazlar nikahınıza ya xeyir verə bilər, ya da xələl gətirə bilər. Bəs sizin nikahınıza necə təsir edir?

 Nəyi bilməlisiniz?

  •   Düzgün istifadə edildikdə elektron cihazlar ər-arvad münasibətini möhkəmləndirə bilər. Məsələn, ərlə arvad gün ərzində başqa-başqa yerlərdə olanda bir-biriylə telefonla əlaqə saxlaya bilər.

     «“Səni sevirəm”, “sənin üçün darıxıram” kimi mesajlar sadə olduğu qədər də, güclü təsirə malikdir» (Conatan).

  •   Düzgün istifadə edilmədikdə isə elektron cihazlar ərlə arvadın münasibətini soyuda bilər. Məsələn, bəzi adamların əlindən telefon, planşet düşmür. Buna görə də həyat yoldaşlarına lazımi qədər vaxt və diqqət ayıra bilmirlər.

     «Əminəm ki, bəzi hallarda başım telefona qarışmasaydı, ərim mənimlə söhbət etməyə daha çox meyilli olardı» (Culisa).

  •   Bəzi insanlar deyirlər ki, eyni zamanda həm həyat yoldaşları ilə dolğun söhbət edə bilir, həm də elektron cihazdan istifadə edə bilir. Şeri Törkl adlı sosioloqun sözlərinə görə bu mümkün deyil. Əslində, eyni zamanda bir neçə iş görmək heç yaxşı da deyil. Onun sözlərinə görə insanın fikri nə qədər çox işə haçalanırsa, işlərin keyfiyyəti bir o qədər aşağı düşür a.

     «Ərimlə söhbət etmək çox xoşuma gəlir. Ancaq başı qarışıq olanda yox. Bu zaman məndə elə hiss yaranır ki, onu əlindəki cihazla baş-başa buraxsam, çox sevinər» (Sara).

 Nəticə: Elektron cihazlardan necə istifadə etməyiniz həyat yoldaşınızla münasibətlərinizi ya möhkəmləndirə bilər, ya da soyuda bilər.

 Nə edə bilərsiniz?

 Nəyin önəmli olduğunu müəyyən edin. Müqəddəs Kitabda deyilir: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10). Özünüzdən soruşun: «Həyat yoldaşım və mən bir-birimizə ayırmalı olduğumuz vaxtı və diqqəti cihazlara sərf etmirik ki?»

 «Restoranda kişi ilə qadının nahar edərkən telefonda qurdalandığını görmək çox kədərli mənzərədir. Biz elektron cihazların qulu olmaq, ən vacib şeyin bir-birimizlə münasibətimiz olduğunu unutmaq istəmirik» (Metyu).

 Hədd qoyun. Müqəddəs Kitabda deyilir: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16). Özünüzdən soruşun: «Bütün mesajları dərhal oxumaqdansa, təcili olmayan mesajları cavablandırmaq üçün konkret bir vaxt təyin edə bilərəm?»

 «Fikir verirəm ki, telefonumu səssiz rejimə qoymaq, mesajlara rahat bir vaxtda cavab vermək daha yaxşı olur. Çox nadir hallarda hansısa zəngə, mesaja, yaxud e-maila təcili cavab vermək lazım gəlir» (Conatan).

 Qoyun iş işdə qalsın. Müqəddəs Kitabda deyilir: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1). Özünüzə bu sualları verin: «İş telefon vasitəsilə mənim evimə yol tapır? Əgər belədirsə, bu, nikahıma necə təsir edir? Həyat yoldaşım bu suala necə cavab verərdi?»

 «Elektron cihazların sayəsində istənilən vaxt işini görə bilirsən. Mən yoldaşımla bir yerdə olanda bir əlim telefonda olurdu, işlə bağlı məsələləri həll edirdim. Bunu tərgitmək üçün özümlə xüsusi mübarizə apardım» (Metyu).

 Elektron cihazlardan istifadə məsələsini yoldaşınızla müzakirə edin. Müqəddəs Kitabda deyilir: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24). Yoldaşınızla hər ikinizin cihazlardan necə istifadə etdiyi və nəyi dəyişməli olduğunuz barədə söhbət edin. Bunun üçün bu məqalədə gətirilən söhbət planından istifadə edə bilərsiniz.

 «Yoldaşımla mən bir-birimizə qarşı dürüstük. Hiss edəndə ki, hansımızsa telefondan, yaxud planşetdən çox istifadə edirik, bir-birimizə deyirik. İkimiz də başa düşürük ki, bu, problem yarada bilər. Buna görə də bir-birimizin fikrini nəzərə alırıq» (Danielle).

 Nəticə: Qoyun elektron cihazlar sizin ağanız yox, qulunuz olsun.

a «Reclaiming Conversation—The Power of Talk in a Digital Age» adlı kitabdan.