Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK

Fikirayrılığı yarananda

Fikirayrılığı yarananda

 Bəzi ər-arvadlar fərqli maraq dairələrinə, vərdişlərə və xüsusiyyətlərə sahibdir. Bunun öhdəsindən gəlmək onlar arasında kifayət qədər çətinlik yaradır. Amma bundan da ciddi məsələlər var, məsələn:

  •   Qohumlarla nə qədər vaxt keçirmək

  •   Pulu necə xərcləmək

  •   Uşaq sahibi olub-olmamaq

 Əgər həyat yoldaşınızla aranızda fikirayrılığı yaranıbsa, nə edə bilərsiniz?

 Nəyi bilməlisiniz?

 Uyğunluq eynilik demək deyil. Bir-birinə ən çox uyğun gələn ər-arvad belə həmişə eyni fikirdə olmayacaq, hətta ən ciddi məsələlərdə də.

 «Mən birlikdə çoxlu vaxt keçirməyi sevən bir ailədə böyümüşəm. Biz həftəsonları nənə-baba və digər qohumlarla birgə çoxlu vaxt keçirərdik. Həyat yoldaşımın ailəsi isə çox az birlikdə vaxt keçirirdi. Ona görə də ailə ilə birlikdə olmağa və ya uzaqda yaşayan qohumlarla ünsiyyət etməyə nə qədər vaxt ayırmaq məsələsində fikrimiz üst-üstə düşmür» (Tamara).

 «Arvadımla mən fərqli baxışlara sahib ailələrdə böyüdüyümüz üçün pul xərcləmək sahəsində fikirlərimiz fərqlənir. Evliliyimizin ilk aylarında bu barədə bir neçə dəfə sözümüz düşüb. Bu problemi həll etmək üçün dəfələrlə müzakirə etmişik» (Taylar).

İki insan eyni mənzərəyə baxa bilər, amma fərqli tərəflərdən. Bu, eynilə hansısa məsələdə razılığa gələ bilməyən ər-arvad arasında da baş verə bilər

 Bəzi problemlər təkcə güzəştə getməklə həll olunmur. Məsələn, yaxın qohumlardan kimsə xəstələnib və qayğıya ehtiyac duyursa, yaxud tərəflərdən biri uşaq sahibi olmaq istəyir, digəri istəmirsə, nə etmək olar? a

 «Arvadımla uşaq sahibi olmaq barədə bir neçə dəfə uzun-uzadı söhbətlər etmişik. O, bu haqda həddindən artıq çox düşünür və bizim fikirlərimiz getdikcə daha çox fərqlənir. Güzəştə gediləsi heç nə görmürəm» (Aleks).

 Fikirayrılığı yaranıbsa, bu, nikahın uğursuz olduğunu göstərmir. Bəzi mütəxəssislər deyir ki, əgər həyat yoldaşınızla ciddi məsələlərdə razılığa gələ bilmirsinizsə, istədiyinizi əldə etmək üçün istənilən hər şeyi etməlisiniz, hətta lazım gəlsə, nikahınızı belə sonlandırmalısınız. Amma bu «həll yolu» göstərir ki, siz hisslərinizə daha çox önəm verirsiniz, nəinki Allah qarşında bağladığınız əhdə. Halbuki, siz həyat yoldaşınızla bir-birinizə söz vermişdiniz ki, nə olursa olsun ayrılmayacaqsınız.

 Nə edə bilərsiniz?

 Nikah əhdinizə sadiq qalmağa qətiyyətli olun. Belə etsəniz, məsələyə ayrı-ayrı yox, bir komanda kimi yanaşmaq sizdə daha yaxşı alınacaq.

 Müqəddəs Kitab prinsipi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6).

 Məsrəfləri hesablayın. Məsələn, düşünün ki, tərəflərdən biri övlad sahibi olmaq istəyir, digəri isə yox. Onda aşağıda gətirilən bir neçə amili nəzərdən keçirmək olar.

  •   Münasibətlərinizin möhkəmliyi.

     Nikahınız uşaq böyütmək kimi əlavə stressə tab gətirə bilər?

  •   Valideyn məsuliyyətləri.

     Bu, uşağı qida, paltar və sığınacaqla təmin etməkdən daha çox şeyi özünə ehtiva edir.

  •   Maddi vəziyyətiniz.

     İşə, ailəyə və digər öhdəliklərə tarazlı yanaşa biləcəksiniz?

 Müqəddəs Kitab prinsipi: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər... əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28).

 Məsələni hərtərəfli gözdən keçirin. Bəzi məsələlərdə razılığa gələ bilərsiniz. Misal üçün, uşaq sahibi olub-olmamaq məsələsində istəksiz tərəf özündən soruşa bilər:

  •   «Övlad sahibi olmaq istəmədiyimi dilə gətirəndə nəyi nəzərdə tuturam? Həmişəlik istəmirəm, yoxsa sadəcə indi

  •   «Yaxşı valideyn olacağıma şübhə etdiyim üçün tərəddüd edirəm?»

  •   «Həyat yoldaşımın mənə diqqət göstərməyəcəyindən qorxuram?»

 Həmçinin uşaq sahibi olmaq istəyən tərəf aşağıda gətirilən və bu kimi digər sualları nəzərdən keçirə bilər:

  •   «Biz valideyn məsuliyyətlərinə hazırıq?»

  •   «Maddi vəziyyətimiz uşaq böyütməyə yetirmi?»

 Müqəddəs Kitab prinsipi: «Yuxarıdan nazil olan hikmət» mülayimdir (Yaqub 3:17).

 Həyat yoldaşınızın fikirlərinin üstün cəhətlərini tanıyın. İki insan eyni mənzərəyə baxa bilər, amma fərqli tərəflərdən. Eynilə, həm ər, həm arvad hər hansı bir məsələyə baxa bilər, amma onların hər birinin bu məsələyə dair öz baxışı var. Misal üçün, pulu necə xərcləmək məsələsi. Çox fərqli fikirlərin olduğu hər hansı bir məsələni müzakirə etmək üçün ortaq bir fikirdən başlayın.

  •   Ortaq məqsədiniz nədir?

  •   Hər iki tərəfin fikrinin üstün cəhəti nədir?

  •   Nikahınızı qorumaq üçün biriniz və ya hər ikiniz fikirlərinizdə digərinə uyğunlaşa bilər?

 Müqəddəs Kitab prinsipi: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

a Ciddi məsələlər nikahdan əvvəl müzakirə olunmalıdır. Düzdür, gözlənilməz vəziyyətlər yarana bilər, yaxud zaman keçdikcə tərəflərdən birinin hissləri dəyişə bilər (Vaiz 9:11).