Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Həyat yolunda övladınıza bələdçi olun

Həyat yolunda övladınıza bələdçi olun

 Nəyi bilməlisiniz?

 mədəniyyətlərdə uşaqların valideynlərilə münasibətləri sıx olur və uşaqlar həmişə məsləhət üçün valideynlərinə üz tuturlar. Digər mədəniyyətlərdə isə uşaqlar adətən öz yaşıdları ilə məsləhətləşirlər.

 Belə olan halda, valideynin səlahiyyəti qüvvədən düşür. Belə uşaqlar yeniyetməlik yaşına çatanda valideynin onlara gücü çatmır. Bu, təəccüblü deyil. Uşaqlar bütün gününü bir yerdə olanda, sanki onları böyüdən valideynləri olmur, uşaqlar özləri bir-birini böyüdürlər.

 Nəyə görə uşaqlar belə asanlıqla yaşıdlarına bağlanır, valideynlərindən isə uzaqlaşırlar? Bunun bir neçə səbəbi var.

  •   Məktəb. Uşaqlar vaxtlarının çoxunu başqa uşaqlarla keçirəndə onlara bağlanırlar və valideynlərindən çox, yaşıdlarının rəğbətini qazanmaq istəyirlər. Yeniyetməlik dövrünə qədəm qoyanda isə bu istək daha da güclənir.

    Uşaqlar məktəb yoldaşlarından çox, valideynlərini razı salmağa çalışmalıdırlar

  •   Valideynlə az vaxt keçirmək. Bir çox ailələrdə uşaqlar məktəbdən evə qayıdanda evdə heç kim olmur. Çünki valideynləri işdə olur.

  •   Yeniyetməlik. Uşaqlar yeniyetməlik yaşına çatanda yeniyetməliyin özünəməxsus qayda-qanunlarına, o cümlədən geyim, danışıq və davranış tərzinə uyğunlaşmağa çalışırlar. Yaşıdlarının onlar barədə fikirləri valideynlərinin fikrindən daha vacib olur.

  •   Marketinq. Biznes aləmi bir çox məhsullarını və əyləncə növlərini sırf gənclər üçün istehsal edir. Beləliklə də, valideynlərlə övladlar arasındakı uçurum daha da böyüyür. Doktor Robert Epştayn yazır: «Yeniyetməlik dəbi yox olsaydı, milyonlarla dollarlıq sənayelərin çoxu dərhal iflasa uğrayardı» a.

 Siz nə edə bilərsiniz?

  •   Övladınızla münasibətlərinizi sıx saxlayın.

     Müqəddəs Kitabda deyilir: «Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, onları övladına aşıla, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış» (Qanunun təkrarı 6:6, 7).

     Yaşıdlardan dost olar, amma onlar heç vaxt valideynin yerini tutmamalıdır. Sizə bir şad xəbər var: mütəxəssislər deyir ki, uşaqların və yeniyetmələrin əksəriyyəti valideynlərinə hörmət edir və onları razı salmaq istəyir. Əgər övladlarınızla münasibətlərinizi sıx saxlasanız, onlara yaşıdlarından çox təsir göstərə biləcəksiniz.

     «Övladlarınızla vaxt keçirməlisiniz. Gündəlik işləri, məsələn, xörək bişirməyi, ev yığışdırmağı, hətta dərslərini onlarla birlikdə edin. Bir yerdə əylənin, oyunlar oynayın, filmə və televizora baxın. Düşünməyin ki, sadəcə bir-iki saat birlikdə dolğun vaxt keçirmək kifayət edir. Uşaqlarla lazımi qədər vaxt keçirməsəniz, sıx münasibət yarada bilməyəcəksiniz!» (Loreyn).

  •   Qoy övladınız təkcə yaşıdları ilə dostluq etməsin.

     Müqəddəs Kitabda deyilir: «Axmaqlıq uşağın ürəyində kök salar» (Məsəllər 22:15).

     Bəzi valideynlər görəndə ki, uşaqlarının çoxlu dostu var, rahat olurlar. Amma diqqətli olun. İlk baxışdan elə gələ bilər ki, uşaq yaşıdları ilə dostluq edirsə, deməli, başqaları ilə yaxşı yola getməyi bacarır. Amma yetkin olmaq üçün uşaq müxtəlif yaşlı insanlarla dostluq etməlidir. Yaşıdlar uşağa lazımi məsləhəti, öyüd-nəsihəti verə bilməzlər. Bunu yalnız valideyn edə bilər.

     «Düzdür, uşağın yaşıdları müəyyən şeyləri yaxşı bilir. Amma onların təcrübəsi, bilik və bacarığı yoxdur ki, başqa gənclərə düzgün qərarlar verməyə kömək etsinlər. Gənclər valideynlərinin məsləhəti ilə oturub-duranda öz yaşlarına müvafiq olaraq böyüyüb, yetkinləşirlər» (Nadia).

  •   Örnək olun.

     Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

     Övladlarınız böyüsələr də, sizinlə vaxt keçirməyin onlara böyük xeyri var. Onlar üçün yaxşı nümunə olun.

     «Uşaqlar üçün ən vacib nümunə valideyndir. Uşaqlara valideynlərini sevməyi, onlara hörmət etməyi öyrədəndə böyüyəndə valideynləri kimi olmaq istəyəcəklər» (Ketrin).

a «Teen 2.0—Saving Our Children and Families From the Torment of Adolescence» adlı kitabdan.